Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-125/2024 27.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, X6 iclas katibliyi, X2 iştirakı ilə X1 qətnamənin hissə-hissə icra edilməsinə dair ərizəsinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X3 məhkəməyə ərizə ilə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)-4400/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnamənin hissə-hissə ayda 500 manat civarında ödəməklə icra edilməsi ilə bağlı qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)-4400/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən ondan ümumilikdə 26168 (iyirmi altı min yüz altmış səkkiz) manat məbləğində pul vəsaiti iddiaçı X7 xeyrinə tutularaq ödənilməlidir. Məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra vərəqəsi icraya yönəldilmiş və qətnamə icra olunması üçün Suraxanı rayon İcra şöbəsinə göndərilmişdir. Qeyd edir ki, hal-hazırda aptekdə əczaçı işləyir. Rəsmi əmək haqqı 320 AZN-dir. Ailədə ondan başqa həyat yoldaşı işləyir və onun da rəsmi əmək haqqısı 700 AZN civarındadır. Rəsmi nikahdan iki övladı var. Övladları azyaşlılardır. Himayəsində yaşlı anası və qaynanası var. Heç bir yerdə işləmirlər. Ailəni dolandırmağa çətinlik çəkir. İcra şöbəsi tərəfindən ona qətnamənin icrası ilə bağlı 10 gün könüllü müddət verilmişdir. Hazırkı vəziyyətdə heç cür təyin olunmuş borcu tam olaraq bağlaya bilmir. Bu səbəbdən yuxarıda qeyd-etdiyi kimi ailə və sosial vəziyyətini nəzərə alıb qətnamənin icrası ilə əlaqədar ona hər ay 500 manat civarında X7 xeyrinə ödəniş etməyi ilə əlaqədar qərar qəbul edilməsini xahiş edir. Ərizəçiyə (borcluya) və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tələbkar X10 hazırki ərizə ilə razı olmadığını bildirdi və ərizənin təmin edilməməsini xahiş etdi. Məhkəmə tələbkarı dinləyib, ərizənin dəlillərini araşdırıb, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmamalıdır. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin e-2(010)-4400/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, X4 26000 (iyirmi altı min) manat pul və iş üzrə ödənilmiş dövlət rüsumunun 168 manat hissəsi tutularaq X9 ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsinin tələbinə görə, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələbinə görə tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Ərizəçinin əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Qeyd edilməlidir ki, borcun ərizədə qeyd etdiyi qaydada – hər ay 500 manat civarında olaraq ödənilməklə tələbkarın mənafeyi baxımından yolverilməzdir. Çünki, tutulmalı olan borc məbləği – 26000 (iyirmi altı min) manat təklif edilən hissə-hissə ödəniş məbləğinə mütənasib deyildir. Ərizəçinın təklif etdiyi şəkildə borcun ödənilməsi qətnamənin icrasını müəyyən dövr üçün mümkünsüz etməklə yanaşı, həm də tələbkarın hüquq və mənafelərinin əsassız olaraq pozulmasına gətirib çıxaracaqdır. Eyni zamanda tələbkar özü də borclu tərəfindən mövcud borc məbləğinin hissə-hissə olaraq ödənilməsinə razı olmadığını bildirmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Əfəndiyeva Azərbaycana qarşı”, “Tarıverdiyev Azərbaycana qarşı”, “Cəfərov Azərbaycana qarşı” və s. qərarlarında qeyd etmişdir ki, məhkəmə qərarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Məhkəmənin mövqeyi belə olmuşdur ki, dövlətin daxili hüquq sistemi qüvvəyə minmiş və hüquqi cəhətdən məcburi olan məhkəmə qərarlarının tərəflərdən birinin ziyanına icra olunmamış qalmasına imkan verirsə, o halda ədalətli məhkəmə araşdırması hüququ yalnız kağız üzərində qalır”. Baxılan məsələ ilə bağlı İnsan hüquqları üzrə Avropa məhkəməsinin təcrübəsi də maraq doğurur. Bu məhkəmə Xornsbin Yunanıstana qarşı iş üzrə qəbul etdiyi 1997-ci il 19 mart tarixli qərarında qeyd edir ki, iştrakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasına və beləliklə tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan <<məhkəmə baxışına hüquq>> xəyal xarakterli olacaqdır...Hər hansı bir məhkəmə tərəfindən çıxarılmış qərarın icrası həmin maddədə nəzərdə tutulmuş <<məhkəmə icraatı>> anlayışının ayrılmaz tərkib hissəsidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin qeyd edilən maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X1 qətnamənin hissə-hissə icra edilməsinə dair ərizəsi təmin edilməsin. Qərardaddan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №8(010)-125/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-125/2024
27.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver