Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-144/2024 03.06.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X1 qızının katibliyi, Tələbkar oglunun, Borclu iştirakları ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)-464/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə “borclunun əmlakı üzərinə həbs qoyulması” barədə Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru Teymur Bayramovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təqdimatın məzmunu
1. Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru Teymur Bayramov təqdimatla məhkəməyə müraciət edərək, icra sənədinin icrasını təmin etmək məqsədi ilə, Borclu adına qeydiyyatdan keçən “TOYOTA COROLLA” minik markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasını xahiş etmişdir.
Təqdimatın dəlilləri
2. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-464/2024-011 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu 187000 manat məbləğində pul vəsaiti və 477 manat dövlət rüsumu tutularaq Tələbkar oglunun xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan “Toyota Corolla” minik markalı. **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır.
Tərəflərin izahatları
3. Suraxanı rayon icra şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən, təqdimata icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab edir.
4. Məhkəmə iclasında Tələbkar oglu izahat verərək bildirdi ki, borclu tərəfindən borc məbləği icra edilmir və icra məmuru bu səbəbdən onun əmlakı üzərinə həbsin qoyulması barədə təqdimat verib. O, icra məmurunun tədbirlərinə qarışmadığını, yalnız borclu tərəfindən borc məbləğinin ödənilməsini tələb etdiyini bildirdi.
5. Məhkəmə iclasında Borclu təqdimata münasibət bildirirək qeyd etdi ki, o, borc məbləğini bu ay ödəyəcək, ona qardaşı da köməklik edəcək və tələbkara olan borc məbləğini birlikdə ödəyəcəklər. Bu səbəbdən təqdimatın təmin edilməməsini, avtomobilin üstünə həbs qoyulmamasını məhkəmədən xahiş etdi.
Tətbiq edilən hüquq
6. Azərbaycan Respublikası Konstitusiyası
Maddə 129. Məhkəmə qərarları və onların icrası İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
7. “İcra haqqında” Azərbaycan Respublikası Qanunu
Maddə 43. Məcburi icra tədbirləri 43.1. Məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi Maddə 44. Məcburi icra tədbirlərinin tətbiqinin əsasları 44.1. Məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: 44.1.1. bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; 44.1.2. icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; 44.1.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. Maddə 45. Tələbin borclunun pul vəsaitlərinə və başqa əmlakına yönəldilməsi qaydası 45.1. Tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. 45.6. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Maddə 50. Borclunun əmlakı üzərinə həbs qoyulması 50.2. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir.
Məhkəmənin mövqeyi
8. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdə keçirərək, hesab edir ki, təqdimat təmin edilməlidir.
9. Təqdimatdan və icra işi materiallarından məlum oldu ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)-464/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə xx.xx.2024-cü il tarixdə icraata başlama haqqında qərar qəbul edilmiş və xx.xx.2024-cü il tarixdə qərar və könüllü icra barədə bildiriş borclu tərəfindən rəsmi şəkildə qəbul edilmişdir. Bundan sonra, icra vərəqəsi üzrə tələbin icrasını təmin etmək üçün borclunun əmlakının axtarılması barədə qərar qəbul edilmiş və borclunun mülkiyyətində “TOYOTA COROLLA” markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin olması müəyyən olunmuşdur. Göstərilənlərə əsasən və qanunvericiliyin qeyd olunan tələblərini nəzərə alaraq borclu tərəfindən icra sənədinin icrası təmin olunmadığı üçün məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, Borclu mülkiyyətində olan “TOYOTA COROLLA” markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmalıdır.
10. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)-464/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə “borclunun əmlakı üzərinə həbs qoyulması” barədə Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru Teymur Bayramovun təqdimatı təmin edilsin. Borclu mülkiyyətində olan “TOYOTA COROLLA” markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulsun. Qərardadın icrası Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər.