Məhkəmə qərarları › İş №8(010)-167/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-167/2024

28.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-167/2024 28.06.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X1 qızının katibliyi, Borclu iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3806/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə “borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru Rüfət Maqsudovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təqdimatın məzmunu

1. Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru Rüfət Maqsudov təqdimatla məhkəməyə müraciət edərək, icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

2. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli qərarla icraata başlanılmış Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(010)- 3806/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən xx.xx.1967-ci ildə anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu 1044,30 manat məbləğində pul vəsaiti və 31,40 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" BTB ASCnin xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2023-cü il tarixində Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır.

Tərəflərin izahatları

3. Suraxanı rayon icra şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də icra məmuru məhkəmə iclasına gəlməmişdir. Tələbkar Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti elektron sistem vasitəsi ilə ərizə göndərərək təqdimatın təmin edilməsinə və borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən, təqdimata tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir.

4. Məhkəmə iclasında Borclu izahat verərək bildirdi ki, o, 2014-cü ildə bankdan 9000 dollar məbləğində kredit götürmüşdür. Həmin vaxt dolların məzənnəsi 0,78 manat ilə hesablanmış, ona 6300 manat məbləğində pul verilmişdir. Həmin vaxtdan 1 il müddətinə mütəmadi ödənişlər etmiş, 1 ildən sonra isə ona pul verilməsi üçün banka çağırılmış, bankda isə sənədlərə imza çəkdirilmiş, lakin pul verilməmişdir. Yenə də imkanı olduqca 30 manat məbləğində ödənişlər etmiş, bu vaxtadək cəmi 12000 manat pul ödəmişdir. Hazırda da 30 manat məbləğində ödəniş edir, yalnız may ayında ödəniş etməmişdir. O, yaşlı olduğunu, ölkə xaricinə çıxmadığını, borc məbləğini də 20-30 manat olmaqla ödədiyini, qeyd etdiklərinin nəzərə alınaraq qərar verilməsini məhkəmədən xahiş etdi. Tətbiq edilən hüquq

5. Azərbaycan Respublikasının Konstitusiyası

Maddə 129. Məhkəmə qərarları və onların icrası İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 231. Qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması 231.1. İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. 231.2. Həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. 231.3. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması), borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələləri icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələlərinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti, borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır

7. “İcra haqqında” Azərbaycan Respublikası Qanunu

Maddə 84-1. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması 84-1.1. Məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. 84-1.2. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir.

Məhkəmənin mövqeyi

8. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdə keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir.

9. Belə ki, təqdimatdan və məhkəmə tərəfindən sorğu edilərək əldə edilmiş 267492/2023 №-li icra işindən görünür ki, borc könüllü qaydada ödənilmədiyi üçün icra məmuru tərəfindən borcluya məxsus mülkiyyət növlərinin, nəqliyyat vasitəsilərinin, onun sığorta olunan, əmək pensiyaçısı kimi qeydiyyatda olub-olmaması və digər müavinətlər alıb-almaması, adına əmanətlərin, hesablarında pul vəsaitlərinin olub-olmaması barədə məlumat əldə etmək məqsədilə “Elektron məhkəmə” informasiya sisteminə elektron sorğular göndərilmiş, lakin borcun yönəldilə biləcəyi hər hansı əmlak və ya gəlir aşkar edilməmişdir. Göründüyü kimi icra məmuru tərəfindən bütün zəruri icra hərəkətləri yerinə yetirildiyi üçün haqlı olaraq icra sənədi üzrə tələb icra olunanadək borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etmişdir.

Məhkəmənin gəldiyi nəticə

10. Beləliklə, məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3806/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə tələb icra olunanadək Borclu Azərbaycan Respublikasından getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır.

11. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

Təqdimat təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3806/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə tələb icra olunanadək Borclu Azərbaycan Respublikasından getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə tapşırılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar