Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-180/2025 13.03.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X3 iclas katibliyi ilə İcra sənədi üzrə Tələbkar tərəfindən verilmiş aliment məbləğinin indeksasiyasına dair ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Ərizənin məzmunu İcra sənədi üzrə Tələbkar aliment məbləğinin indeksasiyasına dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-cü il təvəllüdlü X10 və xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-770/2022 nömrəli qətnaməsi ilə təyin edilmiş aliment məbləğinin sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının müəyyən mislinə uyğun sabit pul məbləğində indeksasiya edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəyə etiraz İcra sənədi üzrə borclu X11 aliment məbləğinin indeksasiyasına dair ərizəyə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, ərizənin təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, icra sənədi üzrə borclu aliment ödəməkdən imtina etmir, lakin Tələbkar onun uşaqları ilə görüşünə imkan vermir. Habelə, alimentin tutulduğu gündən bu günə qədər icra sənədi üzrə borclunun maddi durumunda heç bir yaxşılaşma olmamış, yəni gəliri, qazancı artmamışdır. Əksinə, icra sənədi üzrə borclunun hər iki valideyni hal-hazırda xəstədir və onlar borclunun öhdəsindədirlər. Ahıl yaşda və xəstə olduqları üçün valideynlərinə borclu baxır və onların xərclərini borclu çəkir. Borclunun anası X7 2025-ci ilin yanvar ayında cərrahiyyə əməliyyatı olunmuşdur və onun xərcləri, xəstəxanaya aparılıb-gətirilməsi, dərmanların alınması, pəhriz qidalanması kimi böyük məbləğ təşkil edən xərcləri borclunun üzərindədir. Habelə, borclunun atası Zeynalov Vaqif də ürək xəstəsidir, ürəyinə stend qoyulmalıdır və vəsait olmadığı üçün bunu edə bilməmişlər. Borclunun maddi vəziyyəti aliment təyin edilən vaxtdan sonra yaxşılaşmaq əvəzinə pisləşmişdir. Belə ki, əvvəla borclunun qazancı azalmışdır. Hazırda ərizə təmin olunarsa, borclunun özünün ehtiyaclarının təmin edilməsi üçün ümumiyyətlə vəsaiti qalmayacaq və eyni zamanda, borclunun gələcəkdə inzibati və cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb olacaqdır. Tərəflərin izahatları Məhkəmə baxış iclasında iştirak edən icra sənədi üzrə Tələbkar ərizənin məzmununa uyğun izahat verərək, məhkəmədən ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş icra sənədi üzrə borclu X11 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.2-ci maddəsinə əsasən, işə borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar 4 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı, 905879 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, X10 (atası X11, anası X4) xx.xx.2013-cü il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə 634 nömrə ilə qeyd edilmişdir. 4 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı, 940930 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, X8 (atası X11, anası X4) xx.xx.2017-ci il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə 2157 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-770/2022 nömrəli qətnaməsindən müəyyən olunur ki, iddia qismən təmin edilmiş, iddiaçı X4 ilə cavabdeh X11 arasında xx.xx.2014-cü il tarixdə bağlanmış 964 saylı nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X10 və xx.xx.2017-ci il təvəllüdlü X5 anaları, iddiaçı X1 yanında saxlanılmalarının müəyyən edilməsi, cavabdeh X6 xx.xx.2022-ci il tarixdən hesablanmaqla birgə nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X10 və xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat məbləğində alimentin tutularaq iddiaçı X2 ödənilməsi qət edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 17. Ailə, uşaqlar və dövlət İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 20 noyabr 1989-cu il tarixli “Uşaq hüquqları haqqında” BMT Konvensiyası Maddə 3. Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan bütün şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Maddə 18.1. İştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Maddə 27. Hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin ediliməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 3. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosail, hüquqi və digər tədbirləri görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Minimum aylıq əməkhaqqının məbləğinin artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli 1265 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli, 3051 nömrəli sərəncamı
1. Minimum aylıq əməkhaqqının məbləği 2022-ci il yanvarın 1-dən 300 manat müəyyən edilsin.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.
“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). 8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir).
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Maddə 232.2. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur.
Məhkəmənin mövqeyi Məhkəmə aliment məbləğinin indeksasiyasına dair ərizəni iş materialları ilə əlaqəli şəkildə nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Məhkəmə qeyd edir ki, mübahisə edilən hüquq münasibəti barədə qanuni, əsaslı və ədalətli nəticəyə gəlmək üçün ilk növbədə uşağın üstün maraqları rəhbər tutulmalıdır. Uşağın “üstün maraqları” konsepsiyası – 20 noyabr 1959-cu il tarixli “Uşaq hüquqları Bəyannaməsi” nin 2-ci maddəsində nəzərdə tutulmuşdur. Bu termindən ilk dəfə 1989-cu ildə BMT-nin “Uşaq Hüquqları Konvensiyası”nın 3-cü maddəsinin 1-ci bəndində istifadə edilmişdir. Uşağın üstün maraqları məsələsi Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər beynəlxalq sənədlərdə, dövlətdaxili qanunvericilikdə, o cümlədən Avropa İnsan hüquqları Məhkəməsinin presedentlərində (Pençevi Bolqarıstana qarşı, Şvitsgebel İsveçrəyə qarşı və s.) təsbit edilmişdir. Mahiyyət etibarı ilə valideynlərlə uşaqların münasibətlərində aliment institutunun mövcudluğunun qanunverici tərəfindən tanınması uşaqların üstün mənafelərinin qorunmasına yönəldilmişdir. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də hüquqi vəzifəsidir. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. İş materialları ilə müəyyən olunur ki, tərəflərin birgə nikahından xx.xx.2013-cü il təvəllüdlü X10 və xx.xx.2017-ci il təvəllüdlü X8 anadan olmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-770/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı X4 ilə cavabdeh X11 arasında xx.xx.2014-cü il tarixdə bağlanmış 964 saylı nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2013cü il təvəllüdlü X10 və xx.xx.2017-ci il təvəllüdlü X5 anaları, iddiaçı X1 yanında saxlanılmalarının müəyyən edilməsi, cavabdeh X6 xx.xx.2022-ci il tarixdən hesablanmaqla birgə nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X10 və xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat məbləğində alimentin tutularaq iddiaçı X2 ödənilməsi qət edilmişdir. Məhkəmə qeyd edir ki, tərəflərin birgə nikahından doğulmuş uşaqların saxlanılması üçün müvafiq məhkəmə qətnaməsi qət edilən zaman ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin cari il üzrə artımı alimentin miqdarının indeksasiyası üçün yeganə meyar kimi qəbul edilməlidir. Hazırkı şəraitdə ayda 193 manat təyin olunmuş alimentlə uşaqların artan tələbatını ödəmək və onların əvvəlki təminat səviyyəsini saxlamaq qeyri-mümkündür. Belə olan halda, uşaqların əvvəlki təminat səviyyəsinin maksimal saxlanılması, həmçinin tərəflərin mənafeləri arasında ədalətli tarazlıq yaradılmasına nail olmaq üçün aliment məbləği indeksasiya olunmalıdır. Aliment məbləğinin indeksasiyası zamanı qüvvədə olan müvafiq məhkəmə qətnaməsinin qəbul edildiyi vaxt (2022-ci il) tutulması qət olunan aliment məbləğinin həmin il ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinə nisbəti nəzərə alınmalı və qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 misli həddində (193:300=0,64) indeksasiya olunması şəklində qeyd olunmalıdır. Məhkəmə aliment məbləğinin indeksasiyasına dair ərizəyə icra sənədi üzrə borclu tərəfindən edilmiş etirazı iş materialları ilə əlaqəli şəkildə araşdıraraq qeyd edir ki, etiraz ərizəsinin mahiyyətindən görünür ki, borclu maddi vəziyyətində dəyişiklik (artım və ya azalma) olmamasına istinad etməklə aliment məbləğinin indeksasiya olunmamasını məhkəmədən xahiş etmişdir. Nəzərə alınmalıdır ki, aliment miqdarının artırılması ilə aliment məbləğinin indeksasiyası fərqli anlayışlar olmaqla, onlara tətbiq edilməli olan müvafiq normalar da oxşar olmamaqla bir-birindən fərqlənir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Yəni, məhkəmə tərəfindən uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay ödənilməli olan sabit pul məbləğində aliment təyin edildikdən sonra, tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsi tətbiq edilir və həmin maddədə nəzərdə tutulmuş klassik şərtlərin mövcudluğu nəzərə alınmaqla müvafiq qərar qəbul edilir. Həmçinin, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarının 8.4-3-cü maddəsinə əsasən, alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Aliment məbləğinin dəyişdirilməsindən fərqli olaraq, aliment məbləğinin AR MPMnin 232-ci maddəsinə uyğun indeksasiyasının əsasını isə yalnız ərizənin məhkəmənin icraatına daxil olduğu təqvim ilinə uyğun ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin cari il üzrə artımı təşkil edir və indeksasiya qüvvədə olan məhkəmə qətnaməsi ilə təyin edilmiş aliment məbləğinin həmin il üzrə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinə nisbəti nəzərə alınmaqla aparılır. Odur ki, etiraz ərizəsində qeyd edilən hallar nəzərə alınmaqla müstəqil iddia şəklində aliment miqdarının dəyişdirilməsi (azaldılması) tələbi ilə ümumi qaydada məhkəməyə müraciət edilə bilər.
Məhkəmənin gəldiyi nəticə Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, xx.xx.2013-cü il təvəllüdlü X10 və xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-770/2022 nömrəli qətnaməsi əsasında tutulan aliment məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.64 misli həddində (193:300=0,64) sabit pul məbləğində indeksasiya edilməklə X6 tutularaq Tələbkar ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
Ərizə təmin edilsin. xx.xx.2013-cü il təvəllüdlü X10 və xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-770/2022 nömrəli qətnaməsi əsasında tutulan aliment məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 misli həddində sabit pul məbləğində indeksasiya edilməklə X6 tutularaq Tələbkar ödənilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən Fəridə Rzayeva