Məhkəmə qərarları › İş №8(010)-183/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-183/2023

29.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-183/2023 29.09.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi ilə, Tələbkar "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-201/2020 nömrəli icra sənədi üzrə Borclu əmlakı üzərinə həbs qoyulması barədə Suraxanı rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Teymur Bayramovun təqdimatına məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Suraxanı rayon İcra şöbəsinin böyük icra məmuru Teymur Bayramov təqdimatla məhkəməyə müraciət edərək, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)- 201/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə tələbin borcluya məxsus əmlaka yönəldilməsi məqsədilə Borclu məxsus Abşeron rayonu, Aşağı Gözdək qəsəbəsində 0,0986 ha həyatyanı torpaq sahəsi üzərinə həbsin qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Suraxanı rayon İcra şöbəsinin böyük icra məmuru Teymur Bayramov təqdimatı onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixdə Suraxanı rayon icra şöbəsinin icraatına daxil olmuş Suraxanı rayon Məhkəməsinin 2(010)-201/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən, Borclu cəmi 9200 manat məbləğində pul vəsaiti tələbkar "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. xx.xx.2020-cİ il tarixdə icra sənədi üzrə icraata başlanılmış, icraata başlamaq haqqında qərar və bildiriş borclunun qeydiyyatda olduğu ünvana göndərilmişdir. Borclu icra sənədi üzrə tələbi könüllü olaraq təmin etməsi üçün 10 gün müddət verilmişdir. Borclu tərəfindən könüllü icra müddəti ərzində icra sənədində göstərilmiş tələb yerinə yetirilmədiyinə görə tələbin yönələ biləcəyi əmlakların aşkar olunması məqsədilə müvafiq icra tədbirləri görülmüş, nəticədə Borclu məxsus Abşeron rayonu, Aşağı Gözdək qəsəbəsində 0,986 ha həyatyanı torpaq sahəsi aşkar edilmişdir. Borclu dəfələrlə edilən xəbərdarlıq və tələblərə baxmayaraq 9200 manat borcun ödənilməsi onun tərəfindən bu günədək təmin edilməmişdir. Məhkəmə iclasında tələbkar "xxxx" ASC-nin nümayəndəsi X2 öz izahatında bildirdi ki, uzun müddətdir ki, qətnamə icra edilməyib, 9200 manat borcdan bu günə qədər yalnız 125 manat ödənilib. Hazırda icra məmuru torpaq sahəsinin üzərinə həbs qoyulması barədə təqdimat vermişdir. Fikriləşirik ki, təqdimat əsaslıdır. Borclu kifayət qədər uzun müddətdir icra etmir. Bu səbəbdən təqdimatın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada borclu və icra məmuru xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, bu halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2ci maddəsinə əsaslanaraq təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tələbkarın nümayəndəsini dinləyib, təqdimatı və onunla əlaqədar icra işini nəzərdən keçirib hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)- 201/2020 nömrəli icra vərəqəsinə əsasən, Borclu zərərin əvəzi qismində 9200 manat pul vəsaiti və dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin və bank xərclərinin əvəzi qismində 14.40 manat dövlət rüsumu və 40 qəpik məbləğində pul "xxxx"Açıq Səhmdar Cəmiyyətinə, ekspertiza tədqiqatının dəyəri olan 120 manat məbləğində pul vəsaiti Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi müəyyən edilmişdir Təqdimata əlavə olunmuş sənədlərdən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-201/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən icra məmuru tərəfindən icraata başlamaq haqqında xx.xx.2020-ci il tarixli qərar qəbul edilmiş və icra sənədinin icrasını təmin etmək üçün borclunun qeydiyyatda olduğu ünvana bildirişlər göndərilmişdir. xx.xx.2020-ci il tarixli 18-6568/19-9 saylı bildirşi Borclu xx.xx.2021-ci ildə rəsmi qaydada özü götürmüşdür. xx.xx.2021-ci il tarixli izahahatdında qeyd edir ki, işlə bağlı Apellasiya məhkəməsinə şikayət vermişdır. Qərarı götürdüyü zaman Ali Məhkəməyə şikayət verəcəyini və ali Məhkəmənin qərarını təqdim edəcəyini bildirmişdir. BS-C-21/1425 saylı xx.xx.2021-ci il tarixində "xxxx" ASC tərəfindən Bakı şəhər Suraxanı rayon İcra şöbəsindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında görülmüş icra tədbirləri və qətnamənin icra edilməsinin səbəbləri barədə məlumat verilməsi xahiş edilmişdir. BS-S-22/3989 saylı xx.xx.2022-ci il tarixində "xxxx" ASC tərəfindən yenidən Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)201/2020 saylı qətnaməsinin qanuni qüvvəyə minməsindən 2 il müdət keçməsinə baxmayaraq hələ də icra sənədi tam icra edilmədən qalması barədə məlumat Suraxanı rayon İcra Şöbəsinə göndərilmişdir. Suraxanı rayon İcra şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixində sorğu verilərək tələb yerinə yetirilmədiyinə görə tələbin yönələ biləcəyi əmlakların aşkar olunması məqsədilə müvafiq icra tədbirləri görülmüş, nəticədə Borclu məxsus Abşeron rayonu, Aşağı Gözdək qəsəbəsində 0,986 ha həyatyanı torpaq sahəsi aşkar edilmişdir. Suraxanı Rayon Məhkəməsinin 2(010)-201/2020-ci il tarixli 27 avqust 2020-ci il tarixli qətnaməsindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Borclu qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması və dövlət rüsumunun əvəzinin ödənilməsi barədə iddiası qismən təmin edilmiş, zərərin əvəzi qismində 9200 manat məbləğində pul vəsaiti cavabdeh Borclu tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi və iddianın qalan hissədə təmin dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin və bank xərclərinin əvəzi qismində 14.40 manat dövlət rüsumu və 40 qəpik, məbləğində pul Borclu tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, Ekpertiza tədqiqatının dəyəri olan 120 manat məbləğində pul vəsaiti cavabdeh Borclu tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kolleqiyasının 2(103)-1713/2021 saylı xx.xx.2021ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin və cavabdeh Borclu apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-201/2020 saylı iş üzrə 27 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanması qət edilmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sitemindən görünür ki, Borclu mülkiyətində Abşeron rayonu, Aşağı Gözdək qəsəbəsində 0,986 ha həyatyanı torpaq sahəsi mövcuddur. Borlunun mülkiyyətində başqa torpaq sahələri də var. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.1-ci maddəsinə əsasən, icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. İcra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür (45.2). Borclunun banklarda və digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda pul vəsaitlərini və başqa sərvətlərinin olması barədə məlumat olduqda, onların üzərinə həbs qoyulur (45.3). Həmin Qanunun 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir (45.6). Borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsini icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur. Tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir (45.7). Həmçinin, həmin Qanunun 50.1-ci maddəsinə əsasən, icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur (50.1). Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir (50.2). Borclunun əmlakı üzərinə tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək üçün, borclunun əmlakının müsadirəsi haqqında məhkəmə qərarının icrasını təmin etmək üçün həbs qoyulur (50.4). Üzərinə həbs qoyulduğu vaxtdan beş gündən tez, lakin bir aydan gec olmayaraq, borclunun əmlakı icra məmuru tərəfindən satılmağa verilməsi üçün götürülür. Əmlak götürülənə qədər borclu, icra məmurunun nəzarəti altında onu sata bilər (50.5). Beləliklə, məhkəmə hesab edir ki, təqdimat əsaslıdır və təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Suraxanı Rayon Məhkəməsinin 2(010)-201/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu mülkiyyətində olan Abşeron rayonu, Aşağı Gözdək qəsəbəsində 0,986 ha həyatyanı torpaq sahəsi üzərinə həbs qoyulsun. Qərardaddan 10 gün müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar