Məhkəmə qərarları › İş №8(010)-191/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-191/2023

21.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-191/2023 21.11.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas kаtibliyi, X2 və vəkili Vəkil, Borclu2 və Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X4 iştirakları ilə, Bakı şəhəri Suraxanı İcra Şöbəsinin icra məmuru X4 hərəkətlərindən icra sənədi üzrə X2 tərəfindən verilmiş şikayətə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X10 cavabdeh Borclu2 qarşı “özbaşına tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhər ünvan 1 ünvanına aid tikililər istisna olmaqla, tikintiyə heç bir sənəd olmadan, qanunsuz dövlətin balansında olan torpaq sahəsini, həmçinin ümumi avtomobil yolunu zəbt edərək onun və ailəsinin həyətdən maşınla çıxmasına maneələr yaradan ümumi istifadədə olan torpaq və avtomobil yolunda Borclu2 evi 4.4 m, uzunluğu 6 m olan tikilisinin sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-3677/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı X7 məxsus Bakı şəhəri, ünvan 3 B; yeni qaydalarla Bakı şəhəri, ünvan 2 ünvanından, yəni həmin evin yerləşdiyi dalandan küçəyə giriş-çıxışa yaradılan qismən maneənin aradan qaldırılması üçün Bakı şəhəri, ünvan 3 ünvanına aid tikililər istisna olmaqla, cavabdeh Borclu2 tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Müstəqilliyin 20 illiyi küçəsində yerləşən 9 saylı evin qarşısında texniki pasportda nəzərdə tutulmayan 4.4 m enində, 6.0 m uzunluğunda apardığı özbaşına tikilinin həmin cavabdehin hesabına sökülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Hazırda icra sənədi üzrə X2 şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Teymur Bayramovun hərəkətsizliyinin (Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-3677/2019 saylı qətnaməsinin icrası üzrə) qanunsuz hesab edilməsi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-3677/2019 saylı qətnaməsi üzrə verilmiş icra vərəqi üzrə qeyd edilmiş edilmiş tələbin (Bakı şəhəri, ünvan 3 B; yeni qaydalarla Bakı şəhəri, ünvan 2 ünvanından, yəni həmin evin yerləşdiyi dalandan küçəyə giriş-çıxışa yaradılan qismən maneənin aradan qaldırılması üçün Bakı şəhəri, ünvan 3 ünvanına aid tikililər istisna olmaqla, cavabdeh Borclu2 tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Müstəqilliyin 20 illiyi küçəsində yerləşən 9 saylı evin qarşısında texniki pasportda nəzərdə tutulmayan 4.4 m enində, 6.0 m uzunluğunda apardığı özbaşına tikilinin həmin cavabdehin hesabına sökülməsi), habelə texniki pasportda nəzərdə tutulmayan və qətnamədə qeyd olunan ölçülərin (4.4 m enində, 6.0 m) içərisində olan özbaşına tikililərin ümumilikdə sökülməsinin icra məmuru Teymur Bayramov (yaxud Suraxanı rayon İcra Şöbəsinin icra məmurları) tərəfindən təmin olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki: “Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-3677/2019 saylı qətnaməsinə əsasən mənim (iddiaçı X5) cavabdeh Borclu2 qarşı olan iddia tələbim (mənə məxsus olan Bakı şəhəri, ünvan 3 B; yeni qaydalarla ünvan 4 ünvanından, yəni həmin evin yerləşdiyi dalandan küçəyə giriş-çıxışa yaradılan maneənin aradan qaldırılması barədə) qismən təmin olunaraq ünvan 5 ünvanına aid tikililər istisna olmaqla, cavabdeh Borclu2 Əbdulbağı oğlu tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Müstəqilliyin 20 illiyi küçəsində yerləşən 9 saylı evin qarşısında texniki pasportda nəzərdə tutulmayan 4.4 m enində, 6.0 m uzunluğunda apardığı özbaşına tikili cavabdehin hesabına sökülməsi qət olunmuşdur. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(010)-3677/2019 saylı qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icra olunması üçün Suraxanı rayon İcra Şöbəsinə göndərilmişdir. İcra işi həmin şöbənin icra məmuru Teymur Bayramova həvalə olunmuşdur. İcra məmuru tərəfindən xx.xx.2022ci il tarixdə icaata başlamaq haqqında qərar (4 bənddən ibarət) qəbul edilmişdir. Lakin çox təəssüf ki, icra məmuru Teymur Bayramov tərəfindən həmin qərar icra edilməmişdir. Belə ki, icra məmuru Teymur Bayramov qəbul edilən qətnamənin (2(010)-3677/2019) “Qət etdi” hissəsini cavabdeh tərəfin xeyrinə icra etmək istəyir. Halbuki qətnamədə açıq-aydın qeyd olunmuşdur ki, texniki pasportda nəzərdə tutulmayan 4.4 m enində, 6 m uzunluğunda apardığı özbaşına tikililər cavabdehin hesabına sökülsün. Eləcə də qətnamədə qeyd olunan 9 №-li evin qarşısında texniki pasportda nəzərdə tutulmayan tualet və hamam da mövcuddur ki, həmin bu özbaşına qanunsuz tikililər də məhz qətnamənin “Qət etdi” hissəsində qeyd olunan eni 4.4 m, uzunluğu 6 m olan ölçünün içərisindədir, yəni burada söhbət texniki pasportda nəzərdə tutulmayan, sahəsi 26,4 kv.m. özbaşına tikilidən gedir. İcra məmuru Teymur Bayramov eni 4.4 m, uzunluğu 6 m olan yalnız hasarın sökülməsini başa düşdüyünü deyir. Lakin bu hasar sözü qətnamədə yerini almamışdır. Məhkəməyə təqdim etdiyim 9 saylı evin texniki pasportunda boş torpaq sahəsi qeydiyyatdadır. Lakin həmin boş torpaqda Borclu2 ailəsi ilə yaşadığı özbaşına tikililər olan evləri mövcuddur. Ona görə də qətnamədə qeyd olunur ki, 9 saylı ünvanda olan tikililər (həmin özbaşına tikili olan evlərdən söhbət gedir) istisna olmaqla tikintiyə heç bir sənədi olmadan qanunsuz olaraq dövlətin balansında olan torpaq sahəsini, həmçinin ümumi avtomobil yolunu zəbt edərək Borclu2 texniki pasportda nəzərdə tutulmayan eni 4.4 m, uzunluğu 6 m olan qanunsuz tikilidən söhbət gedir. Əgər həmin qətnamədə hasarın sökülməsi nəzərdə tutulsaydı, həmin hasarın uzunluğunu 10.4 (4.4+6) m olması qeyd olunardı. Qətnamədə isə 9 saylı evin qarşısında texniki pasportda nəzərdə tutulmayan 4.4 m enində, 6 m uzunluğunda özbaşına tikilinin cavabdeh Borclu2 Əbdulbağı oğlunun hesabına sökülməsi qeyd olunmuşdur. Belə olan halda söhbət sahəsi 26.4 kv.m (4.4 m x 6 m) olan tikilidən gedir və həmin tikili tam sökülməlidir. Eləcə də xx.xx.2019-cu il tarixli, 2(010)-3677/2019 saylı qətnamədə Azərbaycan Respublikası Mülki Məcəllənin 151.1 və 180.1 maddələrinə əsasən həmin qətnamədə qeyd etmiş və özbaşına tikilinin sökülməsini qeyd etmişdir. Həmçinin qeyd etmək istəyirəm ki, cavabdeh Borclu2 qızı X6 2(010)-3677/2019 saylı qətnamə icraya yönəldikdən sonra 2022-ci ildə Suraxanı Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək eni 4.4 m, uzunu 6 m olan texniki pasportda nəzərdə tutulmayan özbaşına tikilinin içərisində ona aid olan tualet və hamamın mövcudluğunu qeyd etmiş və bu özbaşına tikililərin sökülməməsini xahiş etmişdir. Lakin Suraxanı Rayon Məhkəməsi onun ərizəsini rədd etmiş, Apellyasiya Məhkəməsi və Ali Məhkəmə X3 şikayətlərini təmin etməmişdir. Artıq 4 ilə yaxındır ki, icra məmuru icranı yerinə yetirmir və yaxud demək olar ki, qətnaməni cavabdehin xeyrinə dəyişərək yalnız hasarın sökülməsinə çalışır. Mənim yazılı, şifahi şikayətlərimə fikir vermir. xx.xx.2023-cü ildə 1-ci dəfə Suraxanı Rayon Məhkəməsinə ərizə yazaraq Borclu2 söküntünü aparmasına maneçilik etməsi haqqında müraciət etdi. Borclu2 təqsirli bilinərək inzibati qaydada 500 AZN cərimə olunmuşdur. 2023-cü ilin mart ayının 30-da Suraxanı İcra şöbəsinə ərizə ilə müraciət etmişəm və yalnız hasarın yuxarı hissəsindən 6-7 daş sökülməsinin şəklini çəkərək dəftərxanaya təqdim etmişəm. Hətta telefonla da xəbər verdim ki, söküntü getmir, buna baxmayaraq halhazıradək icra məmuru Teymur Bayramov tərəfindən heç bir hərəkət edilməmiş və adı çəkilən qətnamənin tam icrası üçün real tədbirlər görülməmişdir. Əlavə olaraq məhkəmənin nəzərinə çatdırıram ki, eyni məzmunlu iddia tələbi (“icra şöbəsinin hərəkətsizliyinə son qoyulması barədə”) ilə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinə qarşı Bakı İnzibati Məhkəməsinə müraciət etmişəm. Lakin Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-10026/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiam mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsinin adı çəkilən qərardadında qeyd olunmuşdur: “11. İddiaçı faktiki olaraq icra məmurunun hərəkətlərindən şikayət edərək Suraxanı Rayon Məhkəməsinin 2(010)-3677/2019 saylı iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən verilmiş icra sənədi üzrə icra məmurunun hərəkətlərini mübahisələndirir. Həmin icra sənədi icra olunması üçün aidiyyəti üzrə Suraxanı rayon İcra şöbəsinə göndərilmişdir. 12. İcra məmuru “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən icra sənədi üzrə icraatı zamanı məcburi hərəkəti etmədikdə və ya qanuna zidd hərəkətləri etdikdə, həmin hərəkətləri məhkəmə qərarının icrası ilə bağlı olduğundan məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamıdır. Odur ki, məhkəmə hesab edir ki, icra məmurunun şikayətə aidiyyəti üzrə icra sənədini vermiş məhkəmə, yəni Suraxanı Rayon Məhkəməsi tərəfindən baxılmalıdır. 15. İddiaçıya müvafiq şikayətlə səlahiyyətli məhkəməyə (Suraxanı Rayon Məhkəməsinə) müraciət etmək hüququ izah olunsun”. Məhkəmə iclasında X2 şikayəti müdafiə edərək bildirdi ki, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-3677/2019 saylı qətnaməsi icra məmuru tərəfindən düzgün icra olunmur. Belə ki, qətnamədə onun evinə gedən yola maneçilik törədən qanunsuz tikilinin tam sökülməsi nəzərdə tutulsa da, icra məmuru qətnaməni düzgün icra etmir. İcra məmuru belə hesab edir ki, həmin qanunsuz tikili tam yox, eni 4.4 m, uzunu 6 m olan hissədə sökülməlidir. Halbuki qətnamənin qət hissəsində eni 4.4 m, uzunu 6 m olan hissə dedikdə, həmin ölçüdə hasar deyil, bütün tikili nəzərdə tutulur. İcra məmuru artıq neçə ildir ki, qətnaməni icra etmir. Qətnamədə hasarın sökülməsindən söhbət getmir. Qətnamənin “qət etdi” hissəsində texniki pasportda nəzərdə tutulmayan qanunsuz tikili dedikdə, təkcə eni 4.4 m, uzunu 6 m hasar deyil, həmin hasarın içərisində yerləşən hamam və ayaqyolu da nəzərdə tutulur. İcra məmurunun təqdimatı əsasında borclu bir dəfə məhkəmə qərarı ilə inzibati qaydada 500 manat cərimə edilmişdir. Bundan sonra hasar 4.4 m eninə, 3 metr isə uzununa sökülmüşdür. Lakin hasarın üzərində çəkilmiş qaz boruları hələ də yerində durur. xx.xx.2023-cü il tarixdə icra məmuru tərəfindən Borclu2 barəsində protokol tərtib edilmişdir və onun inzibati məsuliyyətə cəlb edilməsi üçün Bakı şəhər Suraxanı Rayon Məhkəməsinə təqdim edilmişdir. Lakin Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə inzibati iş üzrə icraata xitam verilmişdir. Məhkəmə belə qərara gəlmişdir ki, borclu, icra sənədi üzrə tələbi 80 faiz icra etmişdir. O, həmin qərarla razı deyil, ona görə ki, borclu qətnamə üzrə icra edilməli olduğunun 20 fazini icra etmişdir. Ona görə də məhkəmənin bu qərarından da apellyasiya şikayəti verəcək. Son olaraq məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkarın vəkili Vəkil şikayəti müdafiə edərək bildirdi ki, məhkəmənin qətnaməsi icra məmuru tərəfindən düzgün icra olunmur. Belə ki, qətnamədə tələbkarın evinə gedən yola maneçilik törədən qanunsuz tikilinin tam sökülməsi nəzərdə tutulsa da, icra məmuru qətnaməni düzgün icra etmir. İcra məmuru hesab edir ki, həmin qanunsuz tikili tam yox, eni 4.4 m, uzunu 6 m olan hissədə sökülməlidir. Halbuki qətnamənin qət hissəsində eni 4.4 m, uzunu 6 m olan hissə dedikdə, həmin ölçüdə hasar deyil, bütün tikilinin sökülməsi nəzərdə tutulur. İcra məmuru artıq neçə ildir ki, qətnaməni icra etmir. Odur ki, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X8 şikayətdə göstərilənləri qəbul etməyərək bildirdi ki, icra sənədində özbaşına tikilinin qismən – texniki pasportda nəzərdə tutulmayan 4.4 m enində 6 m uzunluğunda olan hissənin sökülməsi göstərilmişdir. İş materiallarında olan ekspert rəyindən də görünür ki, iddiaçıya məxsus evin qarşısında aparılmış özbaşına tikinti işlərinin iddiaçıya məxsus dalandan küçəyə giriş-çıxışa qismən maneə yaratdığı göstərilmişdir. Məhkəmə qətnaməsi də bu rəyə uyğun olaraq tikilinin qismən sökülməsi şəklində qismən təmin edilmişdir. Lakin icra sənədi üzrə tələbkar olan Sevda Tairova sözügedən tikilinin bütövlükdə sökülməsini tələb edir. Halbuki icra sənədində tikilinin qismən sökülməsi nəzərdə tutulmuşdur. Qətnamədə, həmçinin qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi qət olunmuşdur. Məhkəmə qətnaməsi ilə tikilinin sökülməsi vəzifəsi icra məmururun üzərinə qoyulmamışdır. Onun tərəfindən məhkəməyə təqdim edilmiş protokol əsasında Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 3(010)-1291/2023 saylı, xx.xx.2023-ci il tarixli qərarı ilə Borclu2 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə görə - inzibati qaydada beş yüz manat məbləğində cərimə edilmişdir. Bundan sonra o, maddi imkanın olmaması səbəbindən tikilini özü sökməyə başlamış və həmin tikilinin üzərində işıq sayğacı və qaz borusu yerləşdiyi üçün borclu tikilini həmin hissədə söküb başa çatdıra bilməmişdir. Bununla bağlı o, müvafiq olaraq “Azəriqaz” İB-yə, “Azərsu” İB və "xxxx" ASC-yə yazılı müraciətlər edərək, tikilidə quraşdırılmış işıq və su sayğaclarının yerini dəyişdirmişdir. Məhkəmə də sübutların yerində müayinəsi zamanı tikilinin 4.4 m enidə, 3 m uzunluğunda sökülməsinin şahidi olmuşdur. Həmçinin həmin sökülən hasarın üzərindən keçən qaz borularının havada qaldığının və həmin qaz borularının yerini dəyişdirmək səlahiyyətinin “Azəriqaz” İB-yə aid olduğu, bunun üçün tələbkarın özünün həmin qaz borularının yerinin dəyişdirilməsi ilə bağlı həmin orqana müraciət etməsi ona izah olunmuşdur. xx.xx.2023-cü il tarixdə onun tərəfindən yenidən Borclu2 barəsində protokol tərtib edilmişdir və inzibati məsuliyyətə cəlb olunması üçün Bakı şəhər Suraxanı Rayon Məhkəməsinə təqdim olunmuşdur. Lakin Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə inzibati iş üzrə icraata xitam verilmişdir. Məhkəmə belə qərara gəlmişdir ki, borclu qətnaməni 80 faiz icra etmişdir. O, öz üzərinə düşən vəzifələri yerinə yetirmişdir. Borclu bundan sonra da icra sənədini icra etməsə, yenə də eyni qaydada onun barəsində tədbir görülməsi üçün məhkəməyə müraciət edəcək. Borclu da bu barədə xəbərdar olunmuşdur. Bu səbəblərdən hesab edir ki, şikayət əsassızdır. Odur ki, məhkəmədən şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında Borclu2 şikayəti qəbul etməyərək bildirdi ki, məhkəmə qətnaməsində iddia qismən təmin edilmiş, o da qətnaməni qismən icra etmişdir. Odur ki, məhkəmədən şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə, tərəfləri dinləyib, şikayəti iş materialları ilə əlaqəli şəkildə nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, şikayətçinin xahişinin birinci hissəsi Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Teymur Bayramovun hərəkətsizliyi, yəni icra məmurunun Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-3677/2019 saylı icra sənədinin icrası üzrə hərəkətlərinin qanunsuz hesab edilməsi ilə bağlıdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-3677/2019 saylı qətnaməsi üzrə icra sənədi tam icra olunmamışdır. Bununla belə icra sənədinin icra məmurunun hərəkətsizliyinə görə tam icra edilməməsi nəticəsinə gəlmək düzgün deyil. İlk növbədə ona görə ki, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, icra sənədinin icraya yönəldilməsindən keçən uzun müddət ərzində tam icra edilməməsinin əsas səbəbi icra sənədi üzrə borclu tərəfindən sökülməli olan tikilinin üzərində işıq və qaz sayğaclarının yerləşməsi, habelə həmin yerdən qaz borularının keçməsi olmuşdur. Hansı ki, icra məmurunun müvafiq idarələrə müraciətindən sonra sayğacların yeri dəyişdirilmiş və bundan sonra borclu tərəfindən yuxarıda qeyd olunan hissədə hasar sökülmüşdür. Bundan başqa, icra məmuru iki dəfə borclu Nizami İsmayılov barədə inzibati xəta haqqında protokol tərtib edərək məhkəməyə göndərmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(010)-1291/2023 saylı qərarı ilə birinci dəfə Borclu2 İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı (icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə görə) beş yüz manat məbləğində inzibati cərimə edilmişdir. Bu vəziyyətdə məhkəmə hesab edir ki, icra məmuru tərəfindən icra sənədindəki tələbin yerinə yetirilməsi istiqamətində zəruri icra hərəkətləri edilmişdir. Ona görə də şikayət birinci hissədə təmin edilə bilməz. Şikayətin ikinci hissəsi mübahisəli ərazidə yerləşən özbaşına tikililərin hamısının sökülməsinin icra məmuru tərəfindən təmin olunması ilə bağlıdır ki, məhkəmə şikayəti bu hissədə də əsassız hesab edir. Belə ki, şikayətin bu hissəsi onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsində texniki pasportda göstərilməyən və ünvanda yerləşən qanunsuz tikililərin hamısının sökülməsi nəzərdə tutulsa da, icra məmuru tərəfindən yalnız 4.4 m enində, 6.0 m uzunluğunda aparılmış özbaşına tikilinin bir hissəsinin - yalnız tələbkarın evinə giriş-çıxışa mane olan hissənin sökülməli olduğu bildirilir və qətnamənin icrası həmin istiqamətdə həyata keçirilir. Halbuki həmin 4.4 m enində, 6.0 m uzunluğunda aparılmış özbaşına tikilinin içərisində texniki pasportda nəzərdə tutulmayan tualet və hamam tikilisi də mövcuddur. Bununla bağlı məhkəmə qeyd edir ki, şikayətçi daha əvvəl də məhz yuxarıda qeyd edilmiş əsasla qətnaməyə izah verilməsi üçün məhkəməyə müraciət etmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli, 8(010)-389/2022 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Həmin qərardadla müvafiq qətnaməyə izah verilməkdən imtina edilərkən, qəradad onunla əsaslandırılmışdır ki: “İş materiallarında olan məhkəmə qətnaməsindən və müvafiq qətnamə qəbul edilərkən mötəbər sübut kimi nəzərə alınmış ekspert rəyindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Müstəqilliyin 20 illiyi küçəsində yerləşən 9 saylı evin qarşısında texniki pasportda nəzərdə tutulmayan 4.4 m enində, 6 m uzunluğunda hasar tikilisi inşa olunmuş, metaldan iki taylı darvaza quraşdırılmış, avtomobil yolu qismən daraldılmışdır. Bu tikinti işlərinin iddiaçıya məxsus evə gələn yola maneçilik törətmədiyi müəyyən edilmişdir. Hər bir halda bu tikinti işləri texniki pasportda öz əksini tapmadığından tikinti norma və qaydalarına uyğun deyildir. Bu tikinti işləri iddiaçıya məxsus dalandan küçəyə giriş-çıxışa qismən maneə yaradır. Buna uyğun olaraq qəbul edilmiş məhkəmə qətnaməsində də iddianın qismən təmin edilməsi, həmin ünvanda tikilmiş, texniki pasportda nəzərdə tutulmayan 4.4 m enində, 6 m uzunluğunda özbaşına tikilinin cavabdehin hesabına sökülməsi qət edilmişdir”. Ərizəçinin bu qərardaddan verdiyi şikayət Bakı Apellyasiya Məhkəməsi tərəfindən təmin edilməmiş, qərardad dəyişdirilmədən saxlanılmışdır. Hazırda isə tələbkar yenə eyni əsasla – icra sənədində sökülməsi nəzərdə tutulan özbaşına tikiliyə həmin ərazidəki hamam və tualetin da daxil olması – icra məmurunun hərəkətlərindən şikayət edir ki, məhkəmə, yuxarıda qeyd edilmiş və apellyasiya məhkəməsi tərəfindən də qüvvədə saxlanılmış qərardadında qeyd edilənlərə əsasən icra məmurunun hərəkətlərinin qanunsuz olması ilə bağlı şikayətin dəlilləri ilə razılaşmır. Sonda, şikayətdə icra sənədinin Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmurları tərəfindən icra olunması xahiş edilmişdir ki, bütün icra sənədlərinin icra olunması qanunun tələbi olduğundan bu barədə məhkəmə tərəfindən ayrıca qərardad qəbul edilməsinə zərurət yoxdur. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, icra sənədi üzrə X2 tərəfindən icra məmurunun hərəkətlərindən verilmiş şikayət təmin edilməməlidir. Göstərilənlərə əsаsən və MPM-in 263-264, 266-269-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRАRА АLDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-3677/2019 nömrəli icra sənədi üzrə X2 tərəfindən Bakı şəhəri Suraxanı İcra Şöbəsinin icra məmuru X4 hərəkətlərindən verilmiş şikayət təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar