Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-191/2024 19.07.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi Mahmudov Ruslan Elxan oğlunun katibliyi ilə, Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin “icraata xitam verilməsi” barədə xx.xx.2023-cü il tarixli qərarın ləğvinə dair şikayətə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin e-2(010)-279/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən X2 ilə “Bank Respublika" ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 1060***-*******02L saylı kredit limiti müqaviləsi ləğv edilməli, cavabdeh X11060***-*******02L saylı, xx.xx.2021-ci il tarixli kredit limiti müqaviləsi üzrə əsas borca görə 5043,9 (beş min qırx üç manat, doxsan qəpik) manat, faiz borcuna görə 273,02 (iki yüz yetmiş üç manat, iki qəpik) manat və cərimə borcuna görə 87,76 (səksən yeddi manat, yetmiş altı qəpik) manat olmaqla, cəmi 5404,68 (beş min dörd yüz dörd manat, altmış səkkiz qəpik) manat və ödəniimiş dövlət rüsumuna görə 74,05 (yetmiş dörd manat, beş qəpik) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin böyük icra məmuru Nicat Vəlizadənin xx.xx.2023-cü il tarixli icraata xitam verilməsi qərarı ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin e-2(010)-279/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə xitam verilmişdir. Qeyd olunan qərar ilə razı olmayan "xxxx" ASC-nin nümayəndəsi xx.xx.2024-cü il tarixdə qərardan şikayəti vermişdir. Tələbkar ərizəni onunla əsaslandırmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-279/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən cavabdeh X1, cəmi 5404,68 manat məbləğində pul vəsaiti, o cümlədən ödənilmiş 74,05 manat məbləğində dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Suraxanı Rayon Məhkəməsinin e-2(010)-279/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsi icra edilməsi üçün Bakı şəhəri Suraxanı Rayon İcra şöbəsinə göndərilmişdir. Bir müddət əvvəl qeyd olunan şöbə ilə əlaqə saxlanılaraq icra vərəqəsinin icra vəziyyəti sorğulanan zaman şöbədən bildirilmişdir ki, icra məmuru Nicat Vəli zadənin xx.xx.2023-cü il tarixli qərarı ilə həmin icra sənədi üzrə icraata xitam verilərək aidiyyəti sənədlər Suraxanı Rayon Məhkəməsinə qaytarılmışdır. Məlumat üçün onuda qeyd edir ki, icra məmuru Nicat Vəli zadənin “icra sənədi üzrə icraata xitam verilməsi barədə” xx.xx.2023-cü il tarixli qərarı “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 20.2-ci maddəsinin tələblərinə zidd olaraq tələbkar "xxxx" ASC-nə göndərilməmiş, eyni zamanda bu barədə heç bir məlumat verilməmişdir. Edilmiş rəsmi müraciətə əsasən Suraxanı Rayon İcra şöbəsinin icra məmuru Nicat Vəli zadənin xx.xx.2023-cü il tarixli qərarının surəti 01 iyul 2024-cü il tarixdə tələbkar "xxxx" ASC-nə təqdim edilmişdir. Hesab edir ki, icra məmuru Nicat Vəli zadənin “icra sənədi üzrə icraata xitam verilməsi barədə” xx.xx.2023-cü il tarixli qərarı qanunsuz və əsassız olduğundan, o cümlədən “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri kobud pozulmaqla qəbul edildiyindən həmin qərar ləğv edilməli və Suraxanı Rayon Məhkəməsinin e-2(010)-279/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsi icra olunması üçün yenidən Suraxanı Rayon İcra şöbəsinə qaytarılmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmiş borclu, tələbkarın nümayəndəsi və Bakı şəhər Suraxanı Rayon İcra Şöbəsinin icra məmuru məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə şikayətə borclunun, tələbkarın nümayəndəsinin və Suraxanı Rayon İcra Şöbəsinin icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətdə qeyd olunan dəlilləri araşdırıb, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, icra sənədi tam olaraq icra olunmamışdır. İcra haqqında Azərbaycan Respublikasının Qanununun 20.1.-ci maddəsinə əsasən icra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir: 20.1.1. məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə; 20.1.2. məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə; 20.1.3. tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə; 20.1.4. icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı və yaxud qanuna görə icra sənədi sayılan sənəd ləğv edildikdə; 20.1.4-1. qanun əsasında borclunun dövlətə olan borcu silindikdə; 20.1.4-2. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə;20.1.5. icra sənədi tam icra olunduqda. Həmin qanunun 20.2.-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Bu qanunun 20.4.-ci maddəsinə əsasən icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə həmin qərarı ləğv edir. Həmin qanunun 20.5.-ci maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. Bu qanunun 20.6.-ci maddəsinə əsasən icraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. İcra Haqqında qanunun 17.1.1.-ci maddəsinə əsasən məhkəmənin müəyyənləşdirdiyi hüquq münasibəti vərəsəliyə və ya hüquq varisliyinə yol verirsə, borclu öldükdə, ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildikdə, habelə borclunun iflası barədə məhkəmə icraatına başlandıqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. İş materiallarından müəyyən olunur ki, borclu X2 xx.xx.2021-ci ildə ölmüş, lakin xx.xx.2022-ci il tarixdə onun adına 6 saylı Bakı Asan Xidmət Mərkəzi Notariat ofisi tərəfindən vərəsəlik işi açılmışdır. Vərəsəlik işinin açılmasına baxmayaraq, icra məmuru tərəfindən icra sənədi üzrə icraata xitam verilmişdir. Məhkəmə hesab edir ki, icra məmuru tərəfindən icra sənədi üzrə icraata xitam verilərkən vərəsəlik işinin açılıb-açılmaması məsələsi araşdırılmadığından şikayət təmin olunmalı və Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsinin icra sənədi üzrə icraata xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin e-2(010)-279/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə icra tədbirləri davam etdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şikayət təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsinin icra sənədi üzrə icraata xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin e-2(010)-279/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə icra tədbirləri davam etdirilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Talıbova
Məhkəmə qərarları › İş №8(010)-191/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-191/2024
19.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver