Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-194/2024 29.07.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi Mahmudov Ruslan Elxan oğlunun katibliyi ilə Bakı şəhəri Suraxanı rayon icra şöbəsinin borclunun əmlakı üzərinə həbs qoyulmasına dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Suraxanı rayon icra şöbəsinin icra məmuru Nisə İsmayılova Borclu məxsus «Volkswagen Passat» minik markalı, ** DR *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılır ki, xx.xx.2021-ci il tarixdə Suraxanı rayon icra şöbəsinin icraatına daxil olmuş Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(010)- 973/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 250 manat pul vəsaiti tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədləri üzrə icraata başlanılmış, icraata başlamaq haqqında qərar və bildiriş borclunun qeydiyyatda olduğu ünvana göndərilmişdir. Borclu icra sənədi üzrə tələbi könüllü olaraq təmin etməsi üçün 10 gün müddət verilmişdir. Borclu tərəfindən könüllü icra müddəti ərzində icra sənədində göstərilmiş tələb yerinə yetirilmədiyinə görə tələbin yönələ biləcəyi əmlakların aşkar olunması məqsədilə müvafiq icra tədbirləri görülmüş, nəticədə Borclu məxsus «Volkswagen Passat» minik markalı, ** DR *** dövlət qeydiyyat nişanlı avtomobil aşkar edilmişdir. Borclu dəfələrlə edilən xəbərdarlıq və tələblərə baxmayaraq borcun ödənilməsi onun tərəfindən bu günədək təmin edilməmişdir. Göstərilənləri nəzərə alaraq icra sənədi üzrə borc tələbinin borclunun əmlakına yönəldilməsi məqsədilə Borclu məxsus «Volkswagen Passat» minik markalı, ** DR *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair qərar qəbul edilməsi xahiş olunmuşdur. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə müvafiq olaraq həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə təqdimatı və iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin olunmamalıdır. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 45.2-ci maddəsinə əsasən, icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Həmin Qanunun 45.3-cü maddəsinə əsasən, borclunun banklarda və digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda pul vəsaitlərini və başqa sərvətlərinin olması barədə məlumat olduqda, onların üzərinə həbs qoyulur. Həmin Qanunun 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Məhkəmə hesab edir ki, icra haqqında qanunun tələbinə görə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilməlidir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülməlidir. Lakin icra şöbəsi tərəfindən borclunun nağd pul vəsaitlərinin olması məsələsi araşdırılmamış və borclunun ödəməli olduğu borca nisbətdə dəfələrlə çox olan əmlak üzərinə həbsin qoyulması xahiş olunmuşdur. Məhkəmə hesab edir ki, icra haqqında qanunvericiliyin tələbinə görə təqdimatı əsaslandırmaq məhkəmənin deyil, icra məmurunun vəzifəsi olduğundan məhkəmə təqdimatın təmin edilməməsi qənaətinə gəlir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin Borclu məxsus «Volkswagen Passat» minik markalı, ** DR *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair təqdimatı təmin edilməsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Talıbova
Məhkəmə qərarları › İş №8(010)-194/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-194/2024
29.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver