Məhkəmə qərarları › İş №8(010)-209/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-209/2024

26.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-209/2024 26.08.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi X4 iclas katibliyi, X2 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)- 2768/2023 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-2768/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh X5 xx.xx.2022-ci il tarixli, 3651nkSLYb/22 №-li kredit müqaviləsinə əsasən 4714.6 manat əsas, 1004.44 manat faiz, 50.12 manat cərimə borcu olmaqla, cəmi 5768.16 manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" X12 Səhmdar Cəmiyyətinə ödənilməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 77.69 manat məbləğində pulun cavabdeh X5 iddiaçı "xxxx" X12 Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. X3 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, xx.xx.2023cü il tarixli icra vərəqəsinin 50-100 manat civarında ödəməklə icra olunması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra vərəqəsi icraya yönəldilmiş və qətnamə icra olunması üçün Suraxanı rayon icra şöbəsinə göndərilmişdir. Hal-hazırda rəsmi Sabirabad rayon İcra hakimiyyətində işləyir. Əmək haqqı 1000 manat civarındadır. Himayəsində üç övladı, həyat yoldaşı və yaşlı şəkər xəstəsi olan anası var. Ailədə işləyən tək odur. Maddi durumları həddindən çox ağırdır. Ailəni maddi cəhətdən o təmin edir. Ailəni dolandırmaqda çətinlik çəkir. İcra şöbəsi tərəfindən qətnamənin icrası ilə bağlı 10 gün könüllü müddət verilmişdir. Hazırkı vəziyyətdə heç cür təyin olunmuş borcu tam olaraq bağlaya bilmir. Məhkəmə iclasının vaxtı və yeri barədə borcluya, tələbkara və icra orqanına müvafiq qaydada məlumat verilmişdir. Buna baxmayaraq tərəflərin heç biri məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən ərizəyə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, həmin maddəyə əsasən həmin (qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi) ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə, ərizəni ona əlavə edilmiş sənədlərlə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, qanunvericilik məhkəmə icraatı tərəflərinin hüquqlarını və qanuni maraqlarını nəzərə alaraq, məhkəmə aktlarının icrasının hissə-hissə həyata keçirilməsi, həmçinin onların icrasına möhlət verilməsi institutlarını nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları bütün şəxslər üçün məcburidir və Azərbaycan Respublikası ərazisində hökmən icra olunmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında göstərildiyi kimi, “Konstitusiyanın 60-cı maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququ məhkəmə tərəfindən yalnız qanuni və əsaslandırılmış qərarın qəbul edilməsini deyil, həmçinin onun vaxtında icra edilməsini nəzərdə tutur. Qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir.” Həmin Qərarda daha sonra qeyd edilmişdir ki, “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir.” “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” işdə bu prinsipi belə vurğulamışdır: “....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı”. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 12-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr qətnamənin hissə-hissə icra edilməsi məsələsini həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Məhkəmə ilk növbədə qeyd edir ki, X3 məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə qətnaməsinin hissə-hissə ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etsə də borclu qətnaməni icra edə bilməməsinin səbəbləri, əmlak vəziyyəti barədə, bir sözlə borcunu bir dəfəyə ödəmək imkanının olmamasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə əldə edilmiş məlumatdan isə görünür ki, borclu X1 rayon İcra Hakimiyyətində böyük məsləhətçi işləyir və aylıq əmək haqqı 1292 manat məbləğindədir. Bu vəziyyətdə borclunun borcunu ödəməsinin qeyri-mümkün olması nəticəsinə gəlmək mümkün deyil. Həmçinin məhkəmə hesab edir ki, qətnamənin ərizədə qeyd edildiyi kimi hər ay 50- 100 manat hissələrlə icra edilməsi onun icrasının qeyri-müəyyən müddətə uzanmasına gətirib çıxaracaqdır ki, bu hal tələbkarın mənafeyinə uyğun deyil. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 231, 263-264, 266-269 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X2 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)- 2768/2023 saylı qətnaməsinin hissə-hissə icra edilməsinə dair ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar