Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-229/2023 30.11.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Atayeva Nərgiz Etibar qızının katibliyi, X1 nümayəndəsi və vəkili Vəkil1, Tələbkar və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə X1 qətnamənin hissə-hissə icra edilməsinə dair ərizəsinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X2 məhkəməyə ərizə ilə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-270/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən cavabdeh-borclu X3 tutulmalı olan pulun hər ay 200 manat olmaqla hissə-hissə icra edilməsi ilə bağlı qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-270/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh X3 iddia tələbi üzrə 35000 (otuz beş min) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat olmaqla, cəmi 35030 (otuz beş min otuz) manat məbləğində pul vəsaitinin alınaraq, iddiaçı Tələbkar verilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmiş və müvafiq icra vərəqəsi verilmişdir. Qətnamə icraya yönələndən bəri tələbkara dəfələrlə borcun hissə-hissə verilməsi ilə bağlı təklif edilmiş, lakin tələbkar borclunun təklifi ilə razılaşmamış, ödənilməli pul məbləğini birdəfəyə ödəməsini tələb etmişdir. Qeyd edir ki, cinayət işi üzrə icraat zamanı tələbkara 6000 manat ödəniş edilmişdir və həmin ödənişə dair qəbzlər də var. O cümlədən borclu icra məmurunun çağırışı üzrə tələbkara ödənilməsi üçün ayrı-ayrı vaxtlarda 1000, 1500, 500 və 2000 manat olmaqla cəmi 5500 manat məbləğində pul vermiş, lakin icra məmuru həmin pulu iddiaçı-tələbkara təqdim etməmişdir. Borclu tərəfindən tələbkara ödənilməsi üçün icra məmuruna pul verilməsinə dair cavabdehin əlində sübutlar-səs yazıları mövcuddur. Bundan başqa qeyd edir ki, borclu borcunu ödəməkdən boyun qaçırmır, lakin maddi vəziyyəti aşağı olduğundan borc məbləğini birdəfəyə ödəmək iqtiradında deyil. Belə ki, borclu özü ürək xəstəsidir, mütəmadi müayinə və müalicələrə ehtiyacı var. Həmçinin səhhətində olan ciddi problemlərə baxmayaraq, “Avtotəmir” obyektində xadimə kimi çalışır və 380 manat əmək haqqı alır. O cümlədən borclunun yetkinlik yaşma çatmayan bir övladı var və həyat yoldaşı X6 xərçəng xəstəsidir, onun müalicələrinə də xeyli vəsait sərf olunduğundan ailənin maddi vəziyyəti ümumilikdə çox aşağıdir. Ona görə də borclunun məhkəmə qətnaməsi üzrə tutulmalı məbləği birdəfəyə ödəməsi mümkün olmadığından hesab edirik ki, məhkəmə tərəfindən icra sənədinin hissə-hissə icra edilməsi üçün qərardad qəbul edilə bilər. Məhkəmə iclasında X1 nümayəndəsi və vəkili Vəkil1 ərizədə qeyd olunanlara uyğun izahat verərək, borc məbləğinin hissə-hissə icra olunması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Tələbkar hazırki ərizəsinin təmin edilməməsini xahiş etdi və əlavə olaraq qeyd etdi ki, borc məbləğinin hissə-hissə icra olunması ilə razı deyildir. Məhkəmə iclasında Tələbkar nümayəndəsi və vəkili Vəkil2 tələbkarla eyniməzmunlu izahat verərək, ərizənin əsassız olduğunu bildirdi və ərizənin təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, ərizənin dəlillərini araşdırıb, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmamalıdır. Tələb edilən icra işi materiallarında olan: - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-270/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, cavabdeh X3 iddia tələbi üzrə 35000 (otuz beş min) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat olmaqla, cəmi 35030 (otuz beş min otuz) manat məbləğində pul vəsaitinin alınaraq iddiaçı Tələbkar verilməsi qət edilmişdir. - icra məmuru tərəfindən xx.xx.2021-ci il tarixdə təqdim edilmiş icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası ilə bağlı borclunun ünvanına bildiriş göndərilmişdir. Qeyd edilən icra vərəqəsi üzrə açılmış icra icraatı çərçivəsində müvafiq icra hərəkətləri aparılsa da, borclu tərəfindən borc məbləğinin əhəmiyyətli hissəsinin ödənilməsi halı müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsinin tələbinə görə, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələbinə görə tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Ərizəçinin əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Qeyd edilməlidir ki, borcun ərizədə qeyd etdiyi qaydada – hər ay 200 manat olaraq ödənilməklə tələbkarın mənafeyi baxımından yolverilməzdir. Çünki, tutulmalı olan borc məbləği təklif edilən hissə-hissə ödəniş məbləğinə mütənasib deyildir. Ərizəçinın təklif etdiyi şəkildə borcun ödənilməsi qətnamənin icrasını uzun illər mümkünsüz etməklə yanaşı, həm də tələbkarın hüquq və mənafelərinin əsassız olaraq pozulmasına gətirib çıxaracaqdır. Əlavə olaraq qeyd edilməlidir ki, tələb olunan icra işi materiallarından da göründüyü kimi, məhkəməsinin qətnaməsi ilə qət edilmiş borc vəsaitinin tələbkara qaytarılmasının təmini məqsədilə müvafiq icra hərəkətləri aparılmış, lakin hazırda borc məbləği ödənilməmiş qalır. Bu hal isə, həm ədalət mühakiməsinin məqsədlərinə cavab vermir, həm də tələbkarın əmlak mənafelərinə zidd olar. Bu baxımdan məhkəmə borclunun hissə-hissə icra barədə ərizəsini əsassız hesab etmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Əfəndiyeva Azərbaycana qarşı”, “Tarıverdiyev Azərbaycana qarşı”, “Cəfərov Azərbaycana qarşı” və s. qərarlarında qeyd etmişdir ki, məhkəmə qərarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Məhkəmənin mövqeyi belə olmuşdur ki, dövlətin daxili hüquq sistemi qüvvəyə minmiş və hüquqi cəhətdən məcburi olan məhkəmə qərarlarının tərəflərdən birinin ziyanına icra olunmamış qalmasına imkan verirsə, o halda ədalətli məhkəmə araşdırması hüququ yalnız kağız üzərində qalır”. Baxılan məsələ ilə bağlı İnsan hüquqları üzrə Avropa məhkəməsinin təcrübəsi də maraq doğurur. Bu məhkəmə Xornsbin Yunanıstana qarşı iş üzrə qəbul etdiyi 1997-ci il 19 mart tarixli qərarında qeyd edir ki, iştrakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasına və beləliklə tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan <<məhkəmə baxışına hüquq>> xəyal xarakterli olacaqdır...Hər hansı bir məhkəmə tərəfindən çıxarılmış qərarın icrası həmin maddədə nəzərdə tutulmuş <<məhkəmə icraatı>> anlayışının ayrılmaz tərkib hissəsidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin qeyd edilən maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X1 qətnamənin hissə-hissə icra edilməsinə dair ərizəsi təmin edilməsin. Qərardaddan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №8(010)-229/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-229/2023
30.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver