Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-239/2023 05.12.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Fəridə İslam qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi, X1 iştirakı ilə, Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli icra sənədinin qaytarılması barədə qərarından X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Şikayətin məzmunu X2 şikayətlə məhkəməyə müraciət edərək, Suraxanı rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli “icra sənədinin qaytarılması haqqında” qərarın ləğv edilməsi və Suraxanı rayon Məhkəməsinin 2(010)-118/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinin icra olunması üçün yenidən Suraxanı rayon İcra şöbəsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)-118/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasının təmini məqsədi ilə ayrı-ayrı vaxlarda altı dəfə uşaqla ünsiyyət baş tutması üçün görüşlər keçirilmiş, lakin həmin görüşlər zamanı azyaşlılar anaları ilə görüşməkdən imtina etdikləri səbəbdən görüş və ünsiyyətdə olmaq baş tutmamışdır. Görüşlərin heç birində müsbət irəliləyiş müşahidə olunmamışdır. İcra şöbəsində görüşlərin müsbət irəliləməməsinin səbəbi birbaşa borclu X9 olmuşdur. Belə ki, məhkəmə qətnaməsi ilə ona uşaqlarla görüş hüququnun atanın iştirakı olmadan tanınmasına baxmayaraq, borclu X9 da həmin görüşlərdə iştirak etmiş və uşaqlarının onunla görüşunə mane olmuşdur. İcra məmuru tərəfindən onun bu qanunsuz hərəkətləri barəsində heç bir tədbir görülmür. Bəllidir ki, uşaqlar onunla görüşməmələri üçün ataları tərəfindən öyrədilir. Tərtib olunmuş aktlarda qeyd olunduğu kimim uşaqlarla heç bir profilaktik söhbətlər aparılmamışdır. İcra hakimiyyətinin Qəyyumluq və himayəçilik komissiyasının nümaytəndəsi də ona yaxınlaşaraq uşaqlara düzgün tərbiyə verilmədiyini, Nəriman Vəliyevin uşaqlarla görüşə maneçilik törətdiyini bildirsə də, heç bir aktda bu qeyd edilməmişdir. Açıq-aydın görünür ki, uşaqlar ona yaxınlaşmamaları üçün öyrədilir. Uşaqları ilə heç bir profilaktik söhbət aparılmamışdır. Suraxanı RİH-nin qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsi gəlib kənardan izləyib getmişdir. Cəmi 2 dəfə görüş keçirilmişdir, bu görüşlərdə də uşaqlar atanın təsiri altında olmuşdur. Borclu uşaqları görüşə gətirdikdən sonra 5 dəqiqə ərzində maşına yerləşdirərək İcra Şöbəsindən uzaqlaşdırılmışdır. Bütün bu qeyd edilənlər onu sübut edir ki, onun bir valideyn kimi hüquqları kobudcasına pozulur. İcra məmuru tərəfindən isə borclunun özbaşınalığı barədə heç bir tədbir görülmür. Tərəflərin izahatları Məhkəmə iclasında X2 şikayət ərizəsini müdafiə edərək, şikayətdə göstərilənlərə uyğun izahat verərək bildirmişdir ki, 2017-ci ildən bəri borclu ilə məhkəmə çəkişmələrinin davam edir, 2018-ci ildə borclu uşaqları gəzmək adı ilə apararaq bir daha qaytarmamış və ona göstərməmişdir. O gündən etibarən məhkəmələrin, icra hakimiyyətinin və icra və probasiya şöbələrinin yollarında qalmışdır. Hazırda da bir neçə məhkəmə prosesləri davam edir. Qarşı tərəf ondan qisas almaq məqsədi ilə uşaqlardan istifadə edir. İstər nikahın pozulması ilə bağlı, istərsə də, uşaqla ünsiyyətlə bağlı məhkəməyə müraciət edərkən, hər birində uşaqların ona göstərilməsində problem yaradaraq maneçilik törətmişdir. Borclu özü Bakı şəhərində yaşamır. Amerika vətəndaşıdır və Amerikada yaşayır. Övladları da Amerikada dünyaya gəlib. Əvvəl orada yaşamışlar və daha sonra məhkəmə prosesləri ilə əlaqədar olaraq Bakı şəhərinə qayıtmışlar. Artıq 5 ildir ki, uşaqlar atanın himayəsindədirlər, onun uşaqla ünsiyyət hüququ təmin olunsa da icra olunmamışdır. İcra məmuru tərəfindən də borclunun bu hərəkətləri ilə bağlı heç bir tədbir görülmür. Əksinə icra məmurları ona qarşı qərəzli mövqedədirlər. Daha əvvəl 2 dəfə məhkəmə icra sənədini yenidən icra olunması üçün icra şöbəsinə qaytarıb. Axrıncı dəfə isə 2 görüş zamanı uşaqlar təzyiq və təsir altında olmuşdurlar.Tələbkarın atanın iştirakı olmadan görüş hüququ təmin olunsa da, bütün görüşlər atanın iştirakı ilə keçirilir. Uşaqlarla cəmi 2 dəfə görüş keçirilib. İki görüş ümumilikdə 5 dəqiqə olmayıb. Bundan başqa tələbkar 4 ildir ki, uşaqlar atanın himayəsində qaldıqlarına görə aliment ödəyir. Uşaqlarla görüş zamanı ailə qadın və uşaq komissiyasının nümayəndəsi iştirak etmişdir. Nümayəndə tərəfindən verilmiş rəydə görüşün atanın iştirakı olmadan keçirildiyi təqdirdə, uşaqların ana ilə görüşə razı olacaqları qeyd olunmuşdur. Bütün qeyd olunanları nəzərə alaraq, tələbkar icra sənədinin ləğv olunmasını və icra vərəqəsinin yenidən icraya göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon İcra şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Nicat Vəli-zadə və borclu X9 məhkəmə icasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə tələbkar və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(010)-118/2022 saylı qətnaməsinə əsasən iddiaçı X4 valideynlik hüquq və vəzifələrini həyata keçirmək üçün xx.xx.2014-cü il təvəllüdlü X11, xx.xx.2015-ci il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X10 ilə hər həftənin bazar günləri saat 1200-dan saat 1600-dək və hər il Ramazan, Qurban, Novruz (21 Martda) və Yeni il (2 Yanvarda) bayramlarının ikinci günləri saat 1200-dan saat 1600-dək sərbəst şəkildə görüş və ünsiyyətdə olmaq vaxtının müəyyən edilməsi qət edilmiş və icra sənədi xx.xx.2023-cü il tarixdə Suraxanı rayon İcra şöbəsinin icraatına daxil olmuşdur. Suraxanı rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-118/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək mümkün olmadığından “İcra haqqında” Qanunun 70.4-cü maddəsi rəhbər tutularaq icra sənədi Suraxanı Rayon Məhkəməsinə geri qaytarılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 129. Məhkəmə qərarları və onların icrası I. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 15. Məhkəmə aktlarının məcburiliyi 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 15.3. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 20. İcraata xitam verilməsinin əsasları və qaydası 20.1. İcra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir: 20.1.5. icra sənədi tam icra olunduqda Maddə 23. İcra sənədinin qaytarılması 23.3. İcra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir Məhkəmənin mövqeyi Məhkəmə şikayətin dəlillərini və icra işininin materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət əsaslıdır və təmin edilməlidir. Belə ki, Suraxanı rayon İcra şöbəsi tərəfindən qəbul edilən qərar onunla əsaslandırılmışdır ki, Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)-118/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasının təmini məqsədi ilə ayrı-ayrı vaxlarda altı dəfə uşaqla ünsiyyət baş tutması üçün görüşlər keçirilmiş, lakin həmin görüşlər zamanı azyaşlılar anaları ilə görüşməkdən imtina etdikləri səbəbdən görüş və ünsiyyətdə olmaq baş tutmamışdır. Görüşlərin heç birində müsbət irəliləyiş müşahidə olunmamışdır. Eyni zamanda təqdim olunmuş Məhkəmə Ekspertiza Mərkəzinin 11/575 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyindən məlum olmuşdur ki, azyaşlıların ataları X7 bağlılıqları aşkar olunmuş, lakin anaları X4 bağlılıqları müəyyən olunmamışdır. Bu səbəbdən icra sənədinin icrasını təmin etmək mümkün olmamışdır. Belə olan halda icra sənədi onu verən məhkəməyə qaytarılmalıdır. Məhkəmə hesab edir ki, icra sənədinin bu əsasla icra edilmədən geri qaytarılması əsassızdır. Uşaqla ünsiyyətlə bağlı münasibətlər davam edən xarakter daşıdığı üçün halhazırda uşaqların ünsiyyətdən imtina etməsi onların birdəfəlik imtina etməsi mənasına gəlmir, belə ki onlar müəyyən müddət sonra ana ilə ünsiyyətə razı ola bilərlər. Valideyn ilə uşaqlar arasında ünsiyyətin bərpa edilməsinə yönələn tədbirlərin icrasının davam etdirilməməsi onların bağlarının tamamilə qopması ilə nəticənə bilər ki, bu da Avropa Konvensiyasının 8-ci maddəsi ilə qorunan ailə həyatına hörmət hüququnun pozulmasına səbəb ola bilər. Həmçinin məhkəmə icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 70.4-cü maddəsinin rəhbər tutularaq icra sənədinin geri qaytarılmasını da əsassız hesab edir. Belə ki, həmin əsas yalnız borclunun müəyyən hərəkətləri etməyə və ya etməkdən çəkinməyə məcbur edən icra sənədlərinin icrası ilə əlaqədar tətbiq edilə bilər. Lakin hazırda icra sənədinin icra edilməməsinin səbəbi borclu ilə əlaqədar deyildir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Pençevi Bolqarıstana qarşı iş” üzrə 10 may 2015-ci il tarixli qərarında xatırlatmışdır ki, uşağın və valideynlərin birgə vaxt keçirməkdən müsbət təəssüratlar almaları ailə həyatının əsas elementini təşkil edir və Konvensiyanın 8-ci maddəsi ilə qorunur. Məhkəmənin formalaşdırdığı presedent hüququna əsasən, birgə vaxt keçirməkdən müsbət təəssüratlar almağa daxili tədbirlərlə mane olunması ailə həyatına hörmət hüququna müdaxiləni təşkil edir. Hər hansı müdaxilə “qanunla nəzərdə tutulmuş qaydada” olmazsa, bu Konvensiyanın 8-ci maddəsinin pozuntusunu təşkil edəcəkdir. “Qanunla nəzərdə tutulmuş qaydada” ifadəsi sadəcə daxili qanunvericiliyə istinad edilməsi ilə məhdudlaşmır, Qanun həmçinin, aydın, çatımlı və öngörülən olması keyfiyyətlərini özündə ehtiva etməlidir. Bundan başqa, müdaxilə Konvensiyanın 8-ci maddəsinin 2-ci bəndində sadalanan məqsədlərə nail olmaq üçün qanuni olmalı və “demokratik cəmiyyətdə zəruri” qəbul edilməlidir. Zərurət, müdaxilənin təzyiqli ictimai ehtiyaca yönəlmiş olmasını və xüsusilə, qanuni məqsədə mütənasib olmasını nəzərdə tutur. Bu da öz növbəsində müdaxiləyə haqq qazandırmaq üçün “müvafiq” və “yetərli” səbəblərin hakimiyyət orqanları tərəfindən irəli sürülməsini tələb edir. Belə ki, Məhkəmə, bu kateqoriya işlərdə qiymətləndirmə apararaq qeyd edir ki, uşağın və valideynlərin hər ikisinin maraqları arasında ədalətli tarazlıq gözlənilməlidir. Şübhəsiz ki, uşağın üstün maraqlarının nəzərə alınması mühüm əhəmiyyət kəsb edir. Beynəlxalq hüquq da daxil olmaqla, dünyada uşaqla bağlı bütün qərarlarda uşağın üstün maraqlarının ən əhəmiyyətli hesab edilməsi ideyası ilə bağlı geniş konsensus vardır. "Krasitskiy Polşaya qarşı" iş üzrə 15 aprel 2014-cü il tarixli qərarında isə Məhkəmə qeyd etmişdir ki, uşağın valideynlə (qohumlarla) ünsiyyətini təmin edərkən dövlət orqanları yekun nəticəyə deyil, uşağın mənafelərinə və uşağın ünsiyyəti üçün düzgün tədbirlərin seçilməsinə səy göstərməlidirlər. Valideynin uşaqla ünsiyyət hüququ uşağa qarşı hər hansı məcburi tədbirlərin görülməsinə və uşağın buna məcbur edilməsinə əsas deyildir. Bu tip işlərdə məhkəmə dövlət orqanları tərəfindən uşağın valdeyni ilə könüllü ünsiyyəti üçün bütün zəruri addımların atılıb atılmadığını müəyyən etməlidir. İcra işinin materiallarından görünür ki, qeyd olunan icra vərəqəsinin icrası ilə əlaqədar icra məmuru tərəfindən müxtəlif vaxtlarda 4 dəfə görüş təşkil olunmuşdur. xx.xx.2023-cü il tarixli görüş borclu Nəriman Vəliyevin üç uşağı ilə birlikdə Xaçmaz rayonu Nabran qəsəbəsində olmaqları səbəbindən, xx.xx.2023-cü il tarixə təyin olunmuş görüş isə borclunun telefonuna zəng çatmaması səbəbindən baş tutmamışdır. xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərinə təyin olunmuş görüş tərəflərin iştirakı ilə keçirilsə də, uşaqlar analarını görməkdən imtina etmələri səbəbindən görüş və ünsiyyətdə olma baş tutmamışdır. Məhkəmə hesab edir ki, icra sənədinin icrası üçün bütün zəruri tədbirlər görülməmiş, ana ilə uşaqların sərbəst görüşünün təmin edilməsi üçün icra tədbirləri davam etdirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan Hüquqlarının və X5 Haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun (Avropa Məhkəməsinin Burdov Rusiyaya qarşı, Tarverdiyev Azərbaycana qarşı iş üzrə qərarları və sair qərarlar). Məhkəmənin gəldiyi nəticə Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, şikayət təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-118/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinin qaytarılması haqqında Bakı şəhəri Suraxanı rayon icra şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-118/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədi yenidən icraya yönəldilməlidir. Şərh olunanlara əsasən, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23-cü maddəsini və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-118/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinin qaytarılması haqqında Bakı şəhəri Suraxanı rayon icra şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-118/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədi yenidən icraya yönəldilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fəridə Rzayeva
Məhkəmə qərarları › İş №8(010)-239/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-239/2023
05.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver