Məhkəmə qərarları › İş №8(010)-249/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-249/2024

06.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-249/2024 06.08.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 oğlunun katibliyi, Borclu iştirakı ilə Ərizəçi "xxxx" ASC-nin “Suraxanı rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi” barədə ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək, Suraxanı rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli “icra sənədinin qaytarılması haqqında” qərarın ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Suraxanı rayon məhkəməsinin 2(010)-4110/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu "xxxx" ASC-nin xeyrinə, cəmi 1776.31 manat məbləğində kredit borcun və 37.76 manat dövlət rüsumunun tutulması qərar verilmişdir və icra sənədi icra olunması üçün Suraxanı rayon İcra şöbəsinə göndərilmişdir. İcra sənədinin qəbul edilməsindən uzun müddət keçməsinə baxmayaraq, Borclu həmin icra sənədini icra etməmişdir. Suraxanı rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən Suraxanı rayon məhkəməsinin 2(010)-4110/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 23.1.3-cü maddəsinə əsasən geri qaytarılmışdır. Suraxanı rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli qərannda icra sənədinin icrası istiqamətində bütün qanunamüvafıq tədbirlərin görülməsi qeyd edilsə də, tələbkar "xxxx" ASC görülmüş qanunamüvafıq tədbirlər barədə məlumatlandırılmamışdır. Borclunun bank hesablarını müəyyən etmək üçün banklara sorğu göndərilməmişdir. İcra sənədi üzrə Borclu hazırda işləyir və əmək haqqı alır. Ərizəçi "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə icra məmuruna lazımi qaydada məlumat verilməsinə baxmayaraq, icra məmuru məhkəmə iclasına gəlməmiş və gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə ərizəyə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında Borclu bildirdi ki, hazırda işləyir və 550 manat əmək haqqı alır, çətinlikləri olduğu üçün ödəyə bilmir. İmkan olan kimi borcunu ödəyəcəkdir. Məhkəmə borclunu dinləyib, ərizəni və iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Suraxanı rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli “icra sənədinin qaytarılması barədə qərar”ından görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-4110/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi geri qaytarılmışdır və qərar onunla əsaslandırılmışdır ki, icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu icra sənədində göstərilən ünvanına baxış keçirilmiş, borclunun adına mülkün, bağ sahəsinin, torpaq sahəsinin, avtomobilin, VÖEN-nin, qiymətli kağızın, əmanətin olub-olmaması və təqaüd alıb-almaması barədə aidiyyatı orqan və təşklatlara sorğular göndərilmiş və borclunun mülkiyyətində heç bir əmlak aşkar edilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.-ci maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. 23.1.1. tələbkarın ərizəsi əsasında; 23.1.2. borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; 23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; 23.1.4. tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə; 23.1.5. tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda. 23.2. Tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. 23.3. İcra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. 23.4. İcra sənədi bu Qanunun 23.1.1-ci maddəsində göstərilən əsasa görə qaytarıldıqda, bu Qanunun 80-ci maddəsində nəzərdə tutulmuş avans ödəməsi tələbkara qaytarılır. 23.5. İcra sənədi bu Qanunun 23.1.2‒23.1.5-ci maddələrində göstərilən əsaslara görə qaytarıldıqda, avans ödəməsindən icra hərəkətlərinin həyata keçirilməsinə çəkilən xərclər çıxıldıqdan sonra onun qalan hissəsi tələbkara qaytarılır. AR İcra haqqında qanunun 70.4-cü maddəsinin tələbinə görə, icra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması haqqında qərar qəbul edir. İcra məmurunun bu qərarı icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinin tələbindən aydın olur ki, borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə, tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Maddənin qeyd olunan bəndinin məzmunundan göründüyü kimi, icra sənədinin qaytarılmasına əsas kimi borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlərin olmaması müddəası ilə yanaşı, eyni zamanda borclunun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlərin nəticə verməməsi tələbi də nəzərdə tutulmuşdur. Mübahisələndirilən qərarda icra sənədinin qaytarılmasının səbəbi kimi borclunun mülkiyyətində heç bir əmlakın aşkar edilməməsi göstərilmişdir. Halbuki, icra sənədinin qaytarılması hallarını tənzimləyən yuxarıda qeyd edilmiş normalarda yalnız bu hala görə icra sənədinin onu verən məhkəməyə qaytarılması nəzərdə tutulmamışdır. Eyni zamanda hazırki məhkəmə iclasında Borclu borc məbləğini də ödəyəcəyini bildirmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Əfəndiyeva Azərbaycana qarşı”, “Tarıverdiyev Azərbaycana qarşı”, “Cəfərov Azərbaycana qarşı” və s. qərarlarında qeyd etmişdir ki, məhkəmə qərarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Məhkəmənin mövqeyi belə olmuşdur ki, dövlətin daxili hüquq sistemi qüvvəyə minmiş və hüquqi cəhətdən məcburi olan məhkəmə qərarlarının tərəflərdən birinin ziyanına icra olunmamış qalmasına imkan verirsə, o halda ədalətli məhkəmə araşdırması hüququ yalnız kağız üzərində qalır”. Ona görə də, məhkəmə hesab edir ki, Suraxanı rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli icra sənədinin qaytarılması qərarı ləğv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Ərizəçi "xxxx" ASC-nin ərizəsi təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon İcra şöbəsinin icra məmuru Rüfət Maqsudovun xx.xx.2023-cü il tarixli “icra sənədinin qaytarılması haqqında” qərarı ləğv edilsin. Qərardaddan, onun surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar