Məhkəmə qərarları › İş №8(010)-256/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-256/2024

13.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-256/2024 13.08.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi, icra sənədi üzrə Tələbkar və icra sənədi üzrə Borclu iştirakları ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1551/2024-008 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Bakı şəhər Suraxanı rayon İcra şöbəsinin icra məmuru X1 təqdimatına iş materialları ilə birlikdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təqdimatın məzmunu Bakı şəhəri Suraxanı Rayon İcra şöbəsinin icra məmuru X6 məhkəməyə təqdimat verərək, məhkəmədən 2(010)-1551/2024-008 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)-1551/2024-008 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.2010-cu il təvəllüdlü X3, xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 235 manat olmaqla, cəmi 705 manat sabit pul məbləğində aliment Borclu tutularaq Tələbkar ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2024-cü il tarixində Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə birlikdə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbin könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətinin yoxlanılması üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Borclunun adına hər hansı bir əmlak aşkar edilməmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən icra sənədi üzrə Tələbkar izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdən borclu ilə birgə yaşadıqları mənzildən çıxarılmışdır. Borclu ilə məhkəmə qaydasında boşanmışdır və bu ilin fevral ayından etibarən borcludan aliment tutulur. Borclu aliment borcundan cəmi 120 manat məbləğində ödəniş etmişdir. Hazırda təqdimatın təmin edilməsini istəyir, çünki uşaqların babası böyük oğluna dəfələrlə demişdir ki, ataları onlara aliment verməyəcək və xaricə gedəcək. Odur ki, məhkəmədən təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən icra sənədi üzrə Borclu izahatında bildirdi ki, qətnamənin aliment hissəsindən apellyasiya şikayəti vermişdir və işin nəticəsini gözləyir. Əgər şikayət təmin olunmazsa, aliment ödəyəcək. Hazırda isə alimenti aylıq əmək haqqına uyğun ödəyir. Təqdimatın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş icra məmuru məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İşin faktiki halları Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 2(010)-1551/2024 nömrəli icra vərəqəsindən müəyyən olunur ki, xx.xx.2010-cu il təvəllüdlü X3, xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 235 manat olmaqla, cəmi 705 manat sabit pul məbləğində alimentin Borclu tutularaq Tələbkar ödənilməsi, alimentin tutulmasının xx.xx.2024-cü il tarixdən hesablanması və qətnamənin alimentin ödənilməsinə dair hissədə dərhal icra edilməsi qət edilmişdir. Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru X6 tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmiş icraata başlamaq haqqında qərardan müəyyən olunur ki, xx.xx.2010-cu il təvəllüdlü X3, xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 235 manat olmaqla, cəmi 705 manat sabit pul məbləğində alimentin xx.xx.2024-cü il tarixdən hesablanmaqla Borclu tutularaq Tələbkar ödənilməsinə dair icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. Tələbkar tərəfindən Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədə qeyd edilmişdir ki, icra sənədi borclunun ona olan aliment borcu hazırda 2765 manat təşkil edir. Borclu borcundan cəmi 55 manat pul ödəmişdir. Qarşı tərəfin bildirdiyinə görə yaxın müddətdə ölkəni tərk etmək niyyətindədir. Odur ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1551/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün təqdimat verilməsi barədə göstəriş verilməsini xahiş etmişdir. “Elektron icra” informasiya sistemindən çıxarışdan müəyyən olunur ki, Borclu müxtəlif vaxtlarda sərhəddən keçmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 28. Azadlıq hüququ. I. Hər kəsin azadlıq hüququ vardır. II. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. Maddə 129. Məhkəmə qərarları və onların icrası I. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. II. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Maddə 15.3. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Maddə 231.1. İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Maddə 231.2. Həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Maddə 231.3. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra icra üzrə icraatın dayandırılması) məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması , habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsi Maddə 9.3.6. Vətəndaşın ölkədən getmək hüququ məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək məhdudlaşdırıla bilər. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 26. İcra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir Maddə 84-1.1. Məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmənin mövqeyi Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, təqdimatdan və icra işinin materiallarından görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2(010)-1551/2024 nömrəli icra vərəqəsi ilə xx.xx.2010-cu il təvəllüdlü X3, xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 235 manat olmaqla, cəmi 705 manat sabit pul məbləğində alimentin Borclu tutularaq Tələbkar ödənilməsi, alimentin tutulmasının xx.xx.2024-cü il tarixdən hesablanması və qətnamənin alimentin ödənilməsinə dair hissədə dərhal icra edilməsi qət edilmiş və icraya yönəldilmişdir. Azərbaycan Respublikası qanunvericiliyinin tərkib hissəsi olan İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyaya (Avropa Konvensiyası) dair 4 nömrəli protokolun 2-ci maddəsinin 2-ci və 3-cü bəndlərinə görə Dövlətin ərazisində qanuni yerləşən hər kəsin həmin ərazidə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ var. Hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın mühafizəsi üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyətlər qoyula bilməz. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi (bundan sonra Avropa Məhkəməsi) Xlyustov Rusiya Federasiyasına qarşı 11 iyul 2013-cü il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyanın 4 nömrəli Protokolunun 2-ci maddəsi istənilən ölkədən istənilən şəxsin seçimi ilə hər hansı ölkəyə getmək hüququ daxil olmaqla, həmin şəxsin sərbəst hərəkət etmək hüququna təminat verir (Avropa Məhkəməsinin “Bauman Fransaya qarşı” işi üzrə qərarı, şikayət No. 33592/96, §61, ECHR 2001-V). Bu hüququ məhdudlaşdıran istənilən tədbir qanunla nəzərdə tutulmalıdır, bu maddənin 3-cü bəndində göstərilən bir və ya bir neçə qanuni məqsədi olmalıdır, demokratik cəmiyyət üçün zəruri olmalıdır (Avropa Məhkəməsinin “Raymondo İtaliyaya qarşı” işi üzrə 22 fevral 1994-cü il tarixli qərarı, §39, Seriya A, No. 281-A və Böyük Palatanın “Labit İtaliyaya qarşı” işi üzrə qərarı, şikayət No. 26772/95, §§194 və 195, ECHR 2000-İV). Avropa Məhkəməsi sözügedən qərarında həmçinin göstərmişdir ki, ölkədən çıxış hüququnun məhdudlaşdırılması yalnız o zaman tətbiq olunur ki, həmin tədbirin həyata keçirilməsinin işin hallarına görə zəruri olması müəyyən olunsun və bu məhdudiyyətlər məhkəmə qərarı ilə müəyyən edilmiş borcun ödənilməməsi ilə bağlı avtomatik tətbiq oluna bilməz. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 22 aprel 2013-cü il tarixli 2- N nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatın 2.1, 2.2, 2.2.1-2.2.3-cü maddələrinə əsasən məhkəmə qərarı, əmri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: - könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Borclunun əvəzinə bildirişi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməlidir; - icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; - borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. X11 (X12) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 26 may 2017-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki, məhkəmələr borclunun ölkədən getmək hüququnun müəyyən müddət ərzində müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən verilmiş təqdimatda, bu cür tədbirin məhkəmə qərarının vaxtında və düzgün icra edilməsi məqsədinə xidmət edəcəyinin əsaslandırılmasına xüsusi diqqət yetirməlidir. Məhkəmələr belə təqdimata baxarkən işin bütün hallarını hərtərəfli, tam və obyektiv araşdırmalı, məhdudlaşdırmanın tətbiq edilməsinin zəruriliyini məhkəmə aktında əsaslandırmalıdır. Hazırki işdə icra məmuru borclunun ölkədən getmək hüququnun məhdudllaşdırılması əsası kimi onun məhkəmənin qərarını könüllü olaraq icra etməməsini göstərmiş, bu tədbirin həyata keçirilməsi üçün başqa əsaslara istinad etməmişdir. Bundan əlavə icra məmurları tərəfindən borclunun aylıq qazancının, milli və xarici valyutada olan pul vəsaitlərinin və tələb yönəldilə biləcək əmlakının olması, yəni borclunun icra sənədinin icrası üçün müvafiq vəsaitə və əmlaka sahib olması müəyyən edilməmişdir. Halbuki icra məmuru bu təqdimatla məhkəməyə müraiət etməzdən əvvəl borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirməli, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlamalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Borclu ölkədən getmək hüququnun məhdudlaşdırılması onun azadlıq hüququ və sərbəst hərəkət etmək azadlığının əsassız məhdudlaşdırılmasına gətirib çıxaracaqdır. Bu da qanuni məqsədə mütənasib və demokratik cəmiyyətdə zəruri müdaxilə deyildir. Ona görə də məhkəmə təqdimatın əsassız olması nəticəsinə gəlir. Məhkəmənin gəldiyi nəticə Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Suraxanı rayon İcra şöbəsinin Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Suraxanı rayon İcra şöbəsinin Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı təmin edilməsin. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar