Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-284/2024 18.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi, icra sənədi üzrə Tələbkar, icra sənədi üzrə borclu X4 və icra məmuru X7 iştirakları ilə Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru X7 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4478/2021-011 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə hərəkətlərinin qanunsuz sayılması və xx.xx.2024-cü il tarixli borclunun məcburi gətirilməsinə dair qərarından icra sənədi üzrə borclu X4 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Şikayətin məzmunu İcra sənədi üzrə borclu X4 Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru X7 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4478/2021-011 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə hərəkətlərinin qanunsuz sayılması və Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli borclunun məcburi gətirilməsinə dair qərarından şikayətlə məhkəməyə müraciət edərək, məhkəmədən Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru Vüsal Əliyevin Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4478/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə hərəkətlərinin qanunsuz sayılması, onun məcburi gətirilməsi barədə qanunsuz və əsassız olan xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İcra sənədi üzrə borclu şikayəti onunla əsaslandırmışdır ki, icra məmurunun xx.xx.2024-cü il tarixli borclunun məcburi gətirilməsi haqqında qərarında göstərilir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4478/2021-011 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi “D” y/s 28 saylı evin 49 saylı mənzilinə Tələbkar tərəfindən istifadə edilməsinə borclu X4 tərəfindən yaradılmış maneələr aradan qaldırılmalıdır. İcra məmuru qərarında göstərir ki, bu günədək onun tərəfindən icra sənədi üzrə tələb təmin edilməmiş, çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmış və bu səbəbdən də “borclunun məcburi gətirilməsi haqqında” qərar qəbul etmiş, həmin qərarı poçt vasitəsilə xx.xx.2024cü il tarixdə qəbul etmişdir. Belə ki, icra məmuru icra sənədi üzrə icra hərəkətləri barədə tam obyektiv və hərtərəfli məlumatları nə qərarında, nə də sənədlər əsasında məhkəməyə təqdim etmir. Hətta bu günədək icra şöbəsinə o və nümayəndəsi tərəfindən təqdim olunmuş yazılı müraciətlər belə icra sənədinə əlavə olunaraq məhkəməyə təqdim edilmir. Birincisi, hazırkı icra sənədi ilkin olaraq icra məmuru Nicat Vəlizadənin icraatında olmuşdur. Bir ildən artıq icra sənədi Nicat Vəlizadənin icraatında qalmış və onun tərəfindən davamlı olaraq icra hərəkətləri davam etdirilmişdir. Nicat Vəlizadə icra məmuru olaraq icra şöbəsində dəfələrlə olmasına baxmayaraq barəsində məcburi gətirilmə qərarının çıxarılması üçün məhkəməyə müraciət etmiş və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən icra məmurunun qərarı əsassız olduğundan ləğv edilmişdir. Həmçinin icra məmuru Nicat Vəlizadə tərəfindən izahatı alınaraq barəsində protokol tərtib olunmuş və həmin protokola da əsassız olduğundan məhkəmə tərəfindən xitam verilmişdir. Bundan sonra hazırkı icra sənədi Ruslan adlı icra məmurunun icraatına verilmiş və 8 aydan artıq müddətdə də həmin icra məmuru icra hərəkətlərini davam etdirmiş, ondan təkrar izahat alınmışdır. Hər iki icra məmurunun dönəmində dəfələrlə icra şöbəsində olmuş, izahatlar vermiş, mütəmadi yazılı ərizələrini icra şöbəsinin ümumi şöbəsinə təqdim etmişdir. Bundan sonra icra sənədi icra məmuru Vüsal Əliyevin icraatına verilmiş, Vüsal Əliyev tərəfindən icra hərəkətləri davam etdirilmiş, onun tərəfindən mütəmadi əsaslandırılmış yazılı müraciətlər təkrar-təkrar icra şöbəsinin ümumi şöbəsinə təqdim edilmişdir. Buna baxmayaraq Vüsal Əliyev icra işini təyin etmiş, onun yaşamadığı, qızının ailəsi ilə birlikdə yaşadığı, qızına atası tərəfindən hədiyyə olunmuş, sözügedən 49 saylı mənzilə gəlmiş, icra sənədini icra etmiş və müvafiq akt tərtib edəndən sonra onu dəvət etmiş, akta imza etdirmişdir. Həmin aktı bu günədək icra məmurundan tələb etsə də, icra məmuru həmin aktı təqdim etməkdən yayınmışdır. İcra məmuru icra sənədinin icra edildiyi barədə akt tərtib etdikdən 2 ay sonra yenidən ona zəng vurmuş və icra sənədini təkrar icra edəcəyini bildirmişdir. Həmçinin onun ünvanına icra işinin təyin edilməsi barədə bildiriş göndərilmişdir. Onun tərəfindən təkrar olaraq əsaslandırılmış yazılı müraciətlər icra şöbəsinin ümumi şöbəsinə təqdim olunmuşdur. Belə ki, icra məmuru 49 saylı mənzildə icra sənədinin icra edildiyi barədə akt tərtib etdikdən sonra 3 gün müddətində icra işinə xitam verməli olduğu halda məqsədyönlü şəkildə qanunun tələblərini pozaraq bunu etməmiş, 2 aydan sonra yenidən icra hərəkətlərini davam etdirmişdir. Sözügedən 49 saylı mənzildə o yaşamır, qızı azyaşlı uşaqları və əri ilə birlikdə yaşayır. İcra məmuru icra sənədini icra edərək akt tərtib etdikdən 3 gün sonra Tələbkar mental dəyərlərlə zidd olaraq tanımadığı bir qadınla qapıya getmiş və mənzildə hüquqlu olaraq ailəsi ilə birlikdə yaşayan qızı isə qapını açmamışdır. Onu da qeyd etmək lazımdır ki, üç yetkinlik yaşına çatan övladlarının adı icra sənədində yoxdur və icra məmuru onların üzərinə vəzifə qoya bilməz. Eyni zamanda hər üç övladının həm 49 saylı mənzilə, həm də digər 2 əmlaka qanuni hüquqları vardır. Bu baxımdan da icra məmuru qanunsuz olaraq ona aidiyyəti olmadığı halda ona qarşı qanunsuz icra hərəkətlərini davam etdirməklə və hazırkı qaydada qərarlar qəbul etməklə onun vasitəsilə uşaqlarına təsir göstərmək istəyir. Halbuki, o, yetkinlik yaşına çatmış uşaqlara təsir etmək imkanında deyildir. Dəfələrlə bu barədə icra məmuruna həm şifahi, həm də yazılı qaydada məlumat vermiş, lakin icra məmuru ona qarşı təkrar olaraq qanunsuz icra hərəkətlərini davam etdirməkdədir. Bu yaxınlarda da, Vüsal Əliyevin eyni əsaslarla onun məcburi gətirilməsi barədə məhkəməyə təqdimat verilmiş və təqdimat əsassız olduğundan təmin edilməmişdir. İcra məmuru təqdimatın təmin edilməməsi barədə məhkəmə qərarının çıxarıldığı gün qərəzli olaraq ona sms bildirişi göndərmiş və növbəti gün icra şöbəsinə gəlməsi tələb edilmişdir. Xəstəliyi ilə əlaqədar şəxsən gedə bilməsə də, nümayəndəsi getmiş və eyni zamanda rəsmi ərizə təqdim etmişdir. Lakin icra məmuru ərizənin təqdim olunmasına baxmayaraq, təkrar sms bildirişi göndərməklə icra şöbəsinə gəlməsini tələb etmişdir. Məcbur qalaraq xəstə vəziyyətdə yaxınlıqda yerləşən poçt şöbəsinə getmiş və ağır xəstəliyi ilə əlaqədar gələ bilməməsinə dair teleqram göndərmişdir. Ondan sonra icra məmuru xx.xx.2024-cü il tarixli qərar qəbul edərək ünvanına göndərmişdir. İcra məmuru Vüsal Əliyevin hərəkətlərində qərəzin olmasını işin halları və təqdim edilmiş sübutlar özlüyündə təsdiq edilir. İcra sənədinin əvvəllər Nicat və Ruslan adlı icra məmurlarında olması, onlara təqdim edilmiş yazılı müraciətlər və izahatlar gizlədilir. Vüsal Əliyev yalnız özünün icraatı ilə bağlı məlumatları çox qısa şəkildə təqdimatda və qərarında göstərir. Əlavə etdiyi sənədlərin siyahısı isə yalnız qərar, bildiriş və 2 sms bildirişindən ibarət olur. Vüsal Əliyev 49 saylı mənzilə gedərək icra sənədini icra etmiş və akt tərtib etmişdir. 3 gün müddətində xitam verilməli olduğu halda bunu etməmiş, 2 ay gözlədikdən sonra icra hərəkətlərini davam etdirmişdir. 49 saylı mənzildə onun yaşamadığını, daha doğrusu qızının ailə üzvləri ilə birlikdə yaşadığını icra məmuru müəyyən edərək bilmiş, icra sənədi icra edildikdən sonra maneənin onun tərəfindən yaradılmadığını bildiyi halda qanunsuz olaraq yenidən ona qarşı tədbirləri davam etdirmişdir. İcra məmurunun məcburi gətirilmə haqqında təqdimatı məhkəmə qərarı ilə təmin edilmədiyi halda dərhal yenidən eyni qanunsuz hərəkətlər davam etdirilir və icra məmuru ona təsir göstərmək üçün bütün qanunsuz vasitələrdən istifadə edir. İcra məmurunun icra hərəkətlərinin qanunsuz olması, ona qarşı qərəzli mövqe nümayiş etdirməsi işin halları ilə tam təsdiq olunur. İcra sənədi maneələrinin aradan qaldırılmasından ibarət olmasına baxmayaraq, icra məmuru faktiki olaraq məhkəmə qətnaməsinin təmin olunmayan köçürülmə hissəsini 49 saylı mənzildə icra etmişdir. Yəni, icra məmuru maneənin aradan qaldırılmasını tələbkarın mənzilə köçürülməsi şəklində icra edərək akt tərtib etmişdir. İcra zamanı Vüsal Əliyev müəyyən etmişdir ki, o, 49 saylı mənzildə yaşamır, mənzildə yaşayanlar icra sənədində adı keçməyən şəxslərdir. İcra məmuru bu işdə qərəzlidir, qərəzli olduğu üçün də qanunvericiliyin tələblərini gözləmir, ardıcıl olaraq qanun normalarını kobud şəkildə pozur, təqdim edilmiş rəsmi ərizələri, izahatları, digər icra məmurlarının icra hərəkətlərinə dair icra işində olan sənədləri gizlədir, kobud davranır, davranış qaydalarına riayət etmir, rəsmi ərizələrinə qətiyyən bu günədək cavab vermir, etirazlarına da münasibət bildirmir və bununla da icra sənədi üzrə tərəf olaraq onun qanunla qorunan hüquqlarını pozmaqda davam edir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)-2154/2024 saylı qətnaməsi ilə də iddiaçının özünün etirafı ilə müəyyən edilmişdir ki, 49 saylı mənzildə o deyil, qızı Nərmin Ağayeva ailəsi ilə birlikdə yaşayır və onun icra məmurunun bildiriş-qərarında göstərilən tələbi icra etməsi onun imkanı xaricindədir. Həmçinin, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)-2154/2024 saylı qətnaməsi ilə də sübut olunur ki, 49 saylı mənzildə yaranan maneə onunla bağlı deyildir və tələbkar da həmin qətnamədəki etirafı ilə bunu bilavasitə təsdiq edir. Eyni zamanda hesab edir ki, icra məmurunun hazırkı qərarı qanunsuzdur, heç bir fakt və sübuta əsaslanmır, ona görə də icra məmurunun hərəkətləri qanunsuz sayılması və qərar ləğv edilməlidir. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən icra sənədi üzrə borclu X4 şikayəti müdafiə edərək bildirdi ki, icra məmurunun çağırışı ilə həmin mənzilə getmişdir. O, özü həmin evdə yaşamır. Həmin evdə qızı öz ailəsi ilə birlikdə yaşayır. Həmin evi iki qızının atası onlara bağışlayıb. Ev qızlarının atasının olub. O, hazırda İcra Hakimiyyətində şöbə müdiri işləyir. Məhkəmə necə olubsa, həmin evi paylı mülkiyyət hesab edərək paylara bölüb. O, yenə də borclu olaraq tələbkarın həmin evə köçürülməsinə etiraz etmir, lakin 49 saylı mənzildə onun qızı öz əri və iki uşağı ilə birlikdə yaşayır və tələbkarın həmin mənzilə köçürülməsi üçün hesab edir ki, onların da razılığı olmalıdır. O özü oğlu ilə birlikdə mənzil 6-da yaşayır. Onların arasında dəfələrlə mübahisələr olmuş və hazırda polis bölməsində münaqişəli ailə kimi nəzarətdədirlər. Hətta icra sənədində qeyd olunan 3 evin heç biri tələbkarın deyil, onun həmin evlərə bir qəpik də olsun xərci çıxmayıb. Sadəcə məhkəmə belə qərara gəlib ki, həmin mülklər birgə mülkiyyətdir. Tələbkar icra vaxtı mənzilə daxil olmuş və o, tələbkardan sonra oradan getmişdir. 3 gün sonra isə tələbkar əxlaqsız qadınla qızının qapısına gəlmiş və həmin qadın orada qızına qarşı nalayiq ifadələr işlədib, mübahisə etmişdir. Sonra həmin yerə polis çağırılmış və gəlib araşdırma aparılmışdır. Polis müəyyən etmişdir ki, onların heç bir günahları yoxdur. O, bu işlə bağlı dəfələrlə Vidadi müəllimin qəbulunda olmuş və faktlarla onun verdiyi sualları cavablandırmışdır. Bu iş hazırda nəzarətdədir. Onun icra məmuru Vüsal müəlimə böyük hörməti vardır. Belə ki, həmin işlə bağlı müəyyən qədər sakitçilik çökmüş, iki aydan sonra icra məmuru ona bildirmişdir ki, işi icra etsinlər. Bu düzgün deyildi. Ona akt verilməli olduğu halda verilməmişdir. Onsuzda tələbkar onun işini hazırda hərraca verib, heç burda bu barədə danışmağın mənası yoxdur. Həmin iş məhkəmədədir, deməli bu iş dayandırılmalıdır. Əvvəlki icra məmuru Ruslan Əsgərovda icra işi olan vaxt o, xəstəliyi ilə bağlı sənədləri təqdim etmişdir. Hər gün, günaşırı ayaqlarında sudurğa olur, sonra buraxır. O, hər gün buna görə 2 dərman içir, digər tərəfdən insulta görə də dərman içir. O, məhkəmə qətnaməsinə hörmətlə yanaşır. Borclu olduğunu qəbul edir, əvvəlki icra məmurlarına da hər dəfə nə lazımdırsa yazmışdır. Bu gün səhər İcra Şöbəsinə gedə bilməmişdir. Çünki, onu sudurğa tutmuşdur. Onda arada belə hallar baş verir. İndi isə biraz düzəlmiş və məhkəməyə gəlmişdir. Heç nədən boyun qaçırmır. Onun şikayəti məcburi gətirilmə qərarındandır, icra məmurunun hərəkətindəndir. Odur ki, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən icra sənədi üzrə Tələbkar izahatında bildirdi ki, icra sənədi Masallı rayonunda icra edilməsinə baxmayaraq, borclu icra sənədinin Suraxanı rayonunda icra olunmasına imkan vermir. Borclu onun həmin mənzildə yaşamağına imkan verməməklə yanaşı, həm də başqa yerdə kirayə haqqı ödəməklə yaşaması üçün ona kompensasiya ödənilməsindən yayınır. Odur ki, məhkəmədən şikayətin rədd edilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən icra məmuru X9 izahatında bildirdi ki, borclunun məcburi gətirilməsinə dair qəbul edilmiş qərar tam əsaslıdır. Belə ki, borclu sözügedən icra sənədinin icrasının yayınır, icra şöbəsinə gəlməsi ilə bağlı çağırışlara məhəl qoymayaraq icra şöbəsinə gəlmir. İcra sənədi əvvəllər başqa icra məmurunun icraatında olmuş, həmin dövrdə də borclu çağırış üzrə gəlmədiyi üçün axtarış verilərək gətirilmiş və barəsində protokol tərtib edilmişdir. Protokola məhkəmə tərəfindən xitam verildikdən sonra 2 dəfə tələbkarın həmin mənzilə köçürülərək icra sənədinin icra edilməsinə borclu tərəfindən maneə yaradılmışdır. Tələbkarın mübahisə predmeti olan mənzildən istifadəsinə yaradılmış maneələrin aradan qaldırılması üçün tələbkarın həmin mənzildən istifadəsi təmin edilmiş və bu barədə müvafiq akt tərtib edilmişdir. Lakin, tələbkar mənzildən çıxdıqdan sonra mənzilin açarları dəyişdirilmiş və tələbkarın həmin mənzildən istifadəsinə yenidən maneələr yaradılmışdır. Borclu barəsində hazırkı təqdimatdan əvvəl bir dəfə də eyni məzmunlu təqdimatla məhkəməyə müraciət edilmiş, lakin məhkəmə tərəfindən təqdimat təmin edilməmişdir. O, bu günlə birlikdə borclunu cəmi 3-cü dəfədir ki, görür. Halbuki bu icra işi bir ilə yaxındır ki, onun icraatındadır. Onu 1-ci dəfə icra mərhələsində mənzil 49-a tələbkarın köçürülməsi vaxtı görmüşdür. Onda borclunu çağırmış və borclu da ora gəlmişdir. Tələbkar mənzilə köçürülmüş, akt tərtib edilmiş və hamı tərəfindən akt imzalanmışdır. Həmin vaxt borcluya bildirmişdir ki, şöbəyə yaxınlaşıb aktın surətini götürə bilər. Ondan sonra borclunu ikinci dəfə hakim Tural Məmmədovun icraatında işə baxılarkən məhkəmə zalında görmüşdür. Üçüncü dəfə də indi hazırkı prosesdə görür. Borclunu dəfələrlə şöbəyə dəvət etmiş, lakin o, heç vaxt şöbəyə gəlməmişdir. Axırıncı dəfə bir teleqram göndərmişdir ki, guya xəstədir və şöbəyə gələ bilmir. Lakin xəstəliyini təsdiq edən hər hansı bir sübut təqdim etməmişdir. 4 dəfə mübahisəli mənzilin qapısında olmuş, bir dəfə qapı açılmış və bildirilmişdir ki, evdə təkdir və birazdan gələcəkdir. Lakin borclu sonradan nə qapını açmamış, nə də ki, telefonlara cavab verməmişdir. Borclu icradan qərəzli yayınır. Borclu bildirir ki, dəfələrlə Ədliyyə Nazirliyində rəisin qəbulunda olub. Bəli, onlar da bununla bağlı arayış vermişlər ki, borclu qərəzli olaraq icra işinin icrasından yayıyır, icraya maneəçilik törədir. Onlar bir dəfə icra təyin etmişlər və həmin vaxt borclunun Nigar adlı qızı öz ailəsi ilə birlikdə mənzil 49-da yaşayırdı. Tələbkarı həmin gün mənzilə köçürmüş və aktlaşdırmışlar. Lakin sonradan borclunun qızıgil mənzilin açarını dəyişmiş və tələbkarı yenə mənzilə buraxmamışlar. Ondan sonra isə borcluya dəfələrlə sms bildirişi göndərilmiş, lakin icra şöbəsinə gəlməmişdir. Odur ki, məhkəmədən şikayətin rədd edilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. İşin faktiki halları Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)-4478/2021 nömrəli icra vərəqəsindən müəyyən olunur ki, iddia qismən təmin edilərək, Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi “D” y/s 28 saylı evin 49 saylı mənzil, Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi “D” y/s 28 saylı evin 6 saylı mənzil və Masallı rayonu İsi kəndində 0.03 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 4 otaqlı, 82.99 kv.m yaşayış sahəsi, 45.68 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evindən iddiaçı Tələbkar tərəfindən istifadə edilməsinə cavabdeh X4 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-3956/2022 nömrəli qərardadından müəyyən olunur ki, cavabdeh X4 tərəfindən verilmiş şikayət təmin edilməmiş və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4478/2021 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadının cavabdehin şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru Əsgərov Ruslan tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edilmiş borclunun axtarılması haqqında qərardan müəyyən olunur ki, xx.xx.1963-cü ildə anadan olmuş ünvan 1 ünvanında qeydiyyatda olan borclu X3 barəsində axtarış elan edilməsi və borclunun axtarılmasının Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(010)-2807/2024 nömrəli qərarından müəyyən olunur ki, əməlində inzibati xəta tərkibi olmadığına görə X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməsi qərara alınmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(010)-193/2024 nömrəli qərardadından müəyyən olunur ki, borclu X1 Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə məcburi qaydada gətirilməsinə dair Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru Vüsal Əliyevin təqdimatının təmin edilməməsi qərara alınmışdır. İcra sənədi üzrə borclu X4 tərəfindən Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru Vüsal Əliyevə ünvanlanmış xx.xx.2024-cü il tarixli teleqramdan müəyyən olunur ki, borclu tərəfindən ağır xəstəliyi ilə əlaqədar icra şöbəsinə gəlməyin mümkünsüzlüyü bildirilmişdir. xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli elektron sms bildirişlərindən müəyyən olunur ki, icra işi üzrə borclu X4 icra sənədi ilə bağlı Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə çağırılmışdır. xx.xx.2024-cü il tarixli elektron sms bildirişindən müəyyən olunur ki, icra işi üzrə borclu X2 barəsində olan icra işi üzrə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-cü maddəsinin tələblərinə əsasən Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə icra məmurunun çağırışı ilə gəlməkdən yayındığı üçün məcburi gətirilmə barədə qərar qəbul edildiyi bildirilmiş və 10 (on) gün müddətində icra qurumuna gəlmədiyi təqdirdə məcburi gətirilmə barədə təqdimatla məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru X9 tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmiş borclunun məcburi gətirilməsi haqqında qərarın surətindən müəyyən olunur ki, ünvan 3 ünvanında yaşayan X1 məcburi qaydada Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə gətirilməsi qərara alınmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 129. Məhkəmə qərarları və onların icrası. İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Maddə 15.3. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 3.1. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Maddə 8.1. İcra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. Maddə 26. İcra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Maddə 29.1. Tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Maddə 84.2. İcra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Məhkəmənin mövqeyi Məhkəmə şikayətin dəlillərini icra işinin materialları ilə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, icraata başlamaq haqqında qərardan görünür ki, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2(010)- 4478/2021 saylı icra vərəqəsi üzrə icraata başlanılmış və tələbin könüllü icrası barədə bildiriş borclunun icra vərəqəsində qeyd olunan ünvanına göndərilmişdir. Daha sonra qeyd olunan icra sənədinin icrası istiqamətində icra məmuru Vəlizadə Nicat tərəfindən müvafiq icra hərəkətləri həyata keçirilmiş, borcludan müxtəlif vaxtlarda izahatlar alınmış və borclu icra sənədinin icrasından yayındığı üçün xx.xx.2023-cü il tarixdə ona xəbərdarlıq edilmişdir. İcra məmuru tərəfindən göndərilmiş xəbərdarlığa məhəl qoymayan borclu icra sənədinin icrasını təmin etmədiyi üçün barəsində protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Lakin Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 3(010)- 2807/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə əməlində inzibati xəta tərkibi olmadığına görə X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilmişdir. Daha sonra müvafiq icra işi digər icra məmuru Əliyev Vüsalın icraatına verilmiş və həmin icra məmuru tərəfindən də icra sənədinin icrası istiqamətində icra tədbirləri davam etdirilmişdir. Belə ki, icra məmuru tərəfindən məcburi icra hərəkətlərinin həyata keçirilməsi müxtəlif vaxtlara (xx.xx.2023-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il) təyin edilmiş və xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(010)-4478/2021 saylı icra sənədinin icrası barədə akt tərtib edilmişdir. Həmin aktdan görünür ki, Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi “D” yaşayış sahəsi 28 saylı evin 49 saylı mənzilinin qapısının açarları borcluya və tələbkara təhvil verilmişdir. Məhkəmə iclasında iştirak edən icra sənədi üzrə Tələbkar və icra məmuru izahatında mənzilinin açarlarının ona təqdim edildikdən sonra yenidən dəyişdirildiyini və onun həmin mənzildən istifadəsinə maneələrin aradan qaldırılmadığını bildirmişdir. (xx.xx.2024-cü il tarixdə tərtib edilmiş aktda da qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixdə borclu və onun qızı yenidən tələbkarın qeyd edilən mənzilə istifadəsinə maneə yaratmışlar). Borclu icra sənədinin icrasından yayındığı üçün icra məmuru tərəfindən həmin icra sənədi üzrə növbəti məcburi icra hərəkətlərinin həyata keçirilməsi xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərinə təyin edilmiş, lakin tələbkar ərizə ilə icra şöbəsinə müraciət edərək səhhəti ilə bağlı iştirak edə bilməyəcəyini bildirmiş və məcburi icra hərəkətlərinin təxirə salınmasını xahiş etmişdir. Bu səbəbdən məcburi icra hərəkətlərinin həyata keçirilməsi xx.xx.2024-cü il tarixə təxirə salınmış və həmin tarixdə akt tərtib edilmişdir. Həmin aktdan görünür ki, məcburi icra tədbirləri barədə borclu və digər şəxslərə qabaqcadan məlumat verilsə də, borclu icra sənədinin icrasından imtina etmişdir. Belə ki, mənzildə olan X6 qapını açmaqdan imtina etmiş və tələbkarı mənzilə buraxmayacağını bildirmişdir. Bununla əlaqədar borclu ilə telefon vasitəsilə əlaqə saxlanılaraq icra hərəkətlərinin həyata keçirildiyi ünvanda olmamasının səbəbi sorulmuş, borclu öz növbəsində həmin ünvana gəlməyəcəyini, mənzilin tələbkara məxsus olmadığını, icraya dair şikayətinin olduğunu bildirmişdir. Daha sonra borclunun məcburi gətirilməsi haqqında təqdimatla məhkəməyə müraciət edilmiş, lakin Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(010)-193/2024 nömrəli qərardadı ilə təqdimat təmin edilməmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, “icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edildikdən sonra müvafiq icra hərəkətləri həyata keçirilmiş, 2022-ci il tarixində borclunun icra şöbəsinə dəvət olunması barədə sms bildirişlər göndərilmiş və barəsində axtarış elan edilməsi haqqında qərar qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli izahatdan göründüyü kimi isə borclu icra şöbəsində olmuş və icra məmuru tərəfindən izahatı alınmışdır. Göründüyü kimi borclu icra məmurunun çağırış üzrə icra şöbəsində olmuş və onun çağırışından boyun qaçırmamışdır. Eyni zamanda, hazırkı məhkəmə iclasında da məhkəmənin çağırışı üzrə gəlməklə iştirak etmişdir. Hazırkı vəziyyətdə araşdırılan iş materialları ilə borclunun icra məmurunun çağırışı üzrə icra şöbəsinə gəlməkdən boyun qaçırması halı müəyyən edilmir”. Bundan sonra icra tədbirlərinin davam etdirilməsi üçün borcluya xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində elektron sms bildirişləri göndərilmiş və icra sənədi ilə bağlı Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə çağırılmışdır. Borclu icra məmurunun çağırışlarına gəlmədiyi üçün xx.xx.2024-cü il tarixdə yenidən elektron sms bildirişi göndərilmiş və icra işi üzrə borclu X2 barəsində olan icra işi üzrə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-cü maddəsinin tələblərinə əsasən Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə icra məmurunun çağırışı ilə gəlməkdən yayındığı üçün məcburi gətirilmə barədə qərar qəbul edildiyi bildirilmiş və 10 (on) gün müddətində icra qurumuna gəlmədiyi təqdirdə məcburi gətirilmə barədə təqdimatla məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. İcra sənədi üzrə borclu icra məmurunun çağırışlarına gəlməkdən üzrsüz səbəbdən yayındığı üçün xx.xx.2024-cü il tarixdə barəsində məcburi gətirilmə barədə qərar qəbul edilmiş və təqdimatla məhkəməyə müraciət edilmişdir. Hazırkı iş üzrə müəyyən olunmuş hallardan göründüyü kimi icra sənədinin icrası məqsədilə icra məmuru tərəfindən edilən hərəkətlərin qanunsuz hesab edilməsinə əsas verən hallar mövcud deyildir. Nəticədə icra məmuru tərəfindən qəbul edilən qərarların və edilən hərəkətlərin qanuniliyi, icra sənədinin icrasının təmin edilməsi zamanı icra orqanı tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) yol verilməməsi, bu istiqamətdə zəruri və mümkün olan tədbirlərin görülməsi halları müəyyən edilir. İcra sənədinin icra olunmasının təmin edilməsinə yönəlmiş fəaliyyət - icra məmuru tərəfindən qəbul edilən qərarlar və edilən hərəkətlərdən ibarətdir, həmin fəaliyyətin, yəni icra məmurunun hərəkətlərinin (hərəkətsizliyinin) qanuniliyinin və əsaslılığının qiymətləndirilməsi icra sənədinin icrasının təmin edilməsi baxımından zəruri olubolmaması meyarı üzrə yoxlanılır. Məhkəmə şikayətin məcburi gətirilmə haqqında qərarın ləğv edilməsinə dair hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Belə ki, icra işindən müəyyən olunur ki, icra sənədinin icrası ilə əlaqədar borclu müxtəlif vaxtlarda sms bildiriş vasitəsilə icra şöbəsinə dəvət olunmuş, lakin borclu icra şöbəsinə gəlməmişdir. Onun gəlməməsinin üzrlü səbəbləri barədə icra işinin materiallarında hər hansı sübut və ya izahat aşkar olunmur. Belə olan halda məhkəmə hesab edir ki, borclunun məcburi gəritilməsi haqqında icra məmuru tərəfindən qəbul edilən qərar əsaslıdır və ləğv olunması üçün hər hansı səbəb yoxdur. Məhkəmə məcburi gətiriməyə dair təqdimatı təmin etmiş və daha sonra borclu tərəfindən verilən şikayəti əsasında məcburi gətirilməyə dair xx.xx.2024-cü il tarixli, 8(010)-297/2024 nömrəli qərardadını ləğv etmiş və tərəflərin iştirakı ilə təqdimatda qeyd edilənlərin yenidən araşdırılması üçün məhkəmə iclasını xx.xx.2024-cü il tarixə təyin etmişdir. Məhkəmə iclası tərəflərin iştirakı ilə keçirilərək borcluya icra şöbəsinə getmək və izahat verilməsinə şərait yaradılması üçün tərəflərin razılığı ilə məhkəmə iclası təxirə salınmışdır. Lakin borclu yenə də icra şöbəsinə getməmiş və bunu xəstəliyinin olması ilə əlaqələndirmişdir. Bununla əlaqədar isə hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, hazırda borclunun məhkəmənin çağırışına gələrək məhkəmə prosesində iştirak etməsi onun icra şöbəsinə də çağırış əsasında könüllü olaraq gedəcəyi mənasına gəlmir. Məhkəmənin gəldiyi nəticə Məhkəmə bilavasitə məhkəmə iclasında şikayəti icra işinin materialları ilə birlikdə araşdıraraq, tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru X7 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4478/2021-011 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə hərəkətlərinin qanunsuz sayılması və xx.xx.2024-cü il tarixli borclunun məcburi gətirilməsinə dair qərarından icra sənədi üzrə borclu X4 tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru X7 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4478/2021-011 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə hərəkətlərinin qanunsuz sayılması və xx.xx.2024-cü il tarixli borclunun məcburi gətirilməsinə dair qərarından icra sənədi üzrə borclu X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Fəridə Rzayeva
Məhkəmə qərarları › İş №8(010)-284/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-284/2024
18.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver