Məhkəmə qərarları › İş №8(010)-297/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-297/2024

18.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-297/2024 18.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi, icra sənədi üzrə Tələbkar, icra sənədi üzrə Borclu və icra məmuru X1 iştirakları ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)-4478/2021 nömrəli qətnaməsi əsasında verilən icra vərəqəsi üzrə Borclu məcburi gətirilməsi barədə Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru X2 tərəfindən verilmiş təqdimata məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında bаxаrаq, məhkəmə müəyyən etdi. Təqdimatın məzmunu Bakı şəhəri Suraxanı Rayon İcra şöbəsinin icra məmuru X2 məhkəməyə təqdimat verərək, məhkəmədən icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4478/2021-011 nömrəli, 01.09..2021-ci il tarixli icra sənədinə əsasən ünvan 1 ünvanında yerləşən mənzildən Tələbkar tərəfindən istifadə edilməsinə Borclu tərəfindən yaradılmış maneələr aradan qaldırılmalıdır. İcra sənədi xx.xx.2021-ci il tarixdə icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən Bakı şəhəri Suraxanı rayonu Günəşli qəsəbəsi “D” y/s, 28, 49 ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Lakin borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tətbiq olunur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.3-cü maddəsinə əsasən həmin qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Qeyd edilən qərar xx.xx.2024-cü il tarixdə qəbul edilərək Borclu ünvanına göndərilmiş və həmin qərardan şikayət verilməmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən icra sənədi üzrə Tələbkar izahatında bildirdi ki, icra sənədi üzrə borclu icra sənədinin icrasından qərəzli şəkildə yayındığı üçün təqdimat təmin edilməli və borclu Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə məcburi gətirilməlidir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru X2 təqdimatı müdafiə edərək bildirdi ki, icra sənədi üzrə borclu çağırışlara gəlmir, eyni zamanda məhkəmənin müvafiq qətnaməsi əsasında verilən icra sənədinin icrasından qərəzli şəkildə yayınır. İcra sənədi üzrə borcluya xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə icra qurumuna yaxınlaşmasına dair sms bildirişi göndərilmiş, xx.xx.2024-cü il tarixdə isə sms bildirişi formasında məcburi gətirilmə barədə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Lakin müvafiq icra sənədi icrasız qalmaqdadır. Məhz bu səbəbdən təqdimat təmin edilməlidir. Eyni zamanda, icra sənədi üzrə borclunun icra şöbəsinə yaxınlaşaraq izahat verməsi üçün məhkəmə iclası təxirə salınmış, lakin borclu yenə icra şöbəsinə gəlməmiş və icradan yayınmışdır. Odur ki, məhkəmədən təqdimatın təmin edilməsinə dair qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən icra sənədi üzrə Borclu təqdimatı qəbul etməyərək bildirdi ki, icra sənədinin icrasından yayınmır. Sudurğası olduğu üçün icra şöbəsinə icra məmurunun çağırışı üzrə gedə bilməmişdir. Buna dair hər hansı sübutu yoxdur, lakin onda bu xəstəlik uzun müddətdir ki, davam edir. Odur ki, məhkəmədən təqdimatın təmin edilməməsini xahiş etdi. İşin faktiki halları Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2(010)-4478/2021 nömrəli icra vərəqəsindən müəyyən olunur ki, iddia qismən təmin edilərək Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi “D” y/s 28 saylı evin 49 saylı mənzili, Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi “D” y/s 28 saylı evin 6 saylı mənzili və Masallı rayonu İsi kəndində 0.03 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 4 otaqlı 82.99 kv.m yaşayış sahəsi, 45.68 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evindən iddiaçı Tələbkar tərəfindən istifadə edilməsinə cavabdeh Borclu tərəfindən yaradılmış maneələrin aradan qaldırılması qət edilmişdir. xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərar və bildirişdən müəyyən olunur ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)-4478/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış və tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(010)-193/2024 nömrəli qərardadından müəyyən olunur ki, Borclu Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə məcburi qaydada gətirilməsinə dair Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru Vüsal Əliyevin təqdimatının təmin edilməməsi qərara alınmışdır. xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli elektron sms bildirişlərindən müəyyən olunur ki, icra işi üzrə Borclu icra sənədi ilə bağlı Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə çağırılmışdır. xx.xx.2024-cü il tarixli elektron sms bildirişindən müəyyən olunur ki, icra işi üzrə Borclu barəsində olan icra işi üzrə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-cü maddəsinin tələblərinə əsasən Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə icra məmurunun çağırışı ilə gəlməkdən yayındığı üçün məcburi gətirilmə barədə qərar qəbul edildiyi bildirilmiş və 10 (on) gün müddətində icra qurumuna gəlmədiyi təqdirdə məcburi gətirilmə barədə təqdimatla məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. xx.xx.2024-cü il tarixli borclunun məcburi gətirilməsi haqqında qərardan müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu Günəşli qəsəbəsi “D” y/s 28, 49 ünvanında yaşayan Borclu məcburi qaydada Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə gətirilməsi qərara alınmışdır. Tətbiq edilən hüquq “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu 84.2. İcra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Məhkəmənin mövqeyi Məhkəmə təqdimatı icra işinin materialları ilə əlaqəli şəkildə nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslıdır və təmin edilməlidir. Belə ki, icra sənədinin icrası ilə əlaqədar borclu müxtəlif vaxtlarda sms bildiriş vasitəsilə icra şöbəsinə dəvət olunmuş, lakin borclu icra şöbəsinə gəlməmişdir. Onun gəlməməsinin üzrlü səbəbləri barədə icra işinin materiallarında hər hansı sübut və ya izahat aşkar olunmur. Belə olan halda məhkəmə hesab edir ki, borclu icra sənədinin icrasından üzrsüz səbəbdən yayınır. Həmçinin borclunun şikayəti əsasında məhkəmə xx.xx.2024-cü il tarixli, 8(010)- 297/2024 nömrəli qərardadını ləğv etmiş və tərəflərin iştirakı ilə təqdimatda qeyd edilənlərin yenidən araşdırılması üçün məhkəmə iclasını xx.xx.2024-cü il tarixə təyin etmişdir. Məhkəmə iclası tərəflərin iştirakı ilə keçirilərək borcluya icra şöbəsinə getmək və izahat verilməsinə şərait yaradılması üçün tərəflərin razılığı ilə məhkəmə iclası təxirə salınmışdır. Lakin borclu yenə də icra şöbəsinə getməmiş və bunu xəstəliyinin olması ilə əlaqələndirmişdir. Bununla əlaqədar isə hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)-4478/2021 nömrəli icra sənədinin icrası ilə bağlı Borclu üzrlü səbəblər olmadan icra məmurunun çağırışı ilə gəlməkdən imtina etməsi təsdiq edildiyindən sonuncunun barəsində məcburi gətirilmə tədbiri tətbiq edilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, ədalət mühakiməsinin səmərəliliyinin və real olmasının vacib şərtlərindən biri məhkəmə aktlarının icrası ilə bağlıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” 2014-cü il 4 iyul və "İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarlar) Hazırda borclu tərəfindən edilən hərəkətsizlik məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin icra edilməsinə maneə yaradır və bu da nəticədə tələbkarın pozulmuş hüuquqlarının bərpasını çətinləşdirir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, icra sənədinin icrasının təmin edilməsi məqsədilə borclu barəsində məcburi gətirmə tədbiri tətbiq olunmalıdır. Məhkəmənin gəldiyi nəticə Məhkəmə bilavasitə məhkəmə iclasında icra işinin materiallarını tədqiq edərək, tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, təqdimat təmin edilməli, borclu – xx.xx.1963-cü il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 4 ünvanında qeydiyyatda olan Borclu Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə məcburi gətirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)-4478/2021 nömrəli qətnaməsi əsasında verilən icra vərəqəsinin icrası üzrə borclu xx.xx.1963-cü il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 4 ünvanında qeydiyyatda olan Borclu Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə məcburi gətirilsin. Qərardadın icrası Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə həvalə edilsin. Qərardadın icrasının təmin edilməsi üçün müvafiq tədbirlərin görülməsi Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə tapşırılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar