Məhkəmə qərarları › İş №8(010)-306/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-306/2025

16.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-306/2025 16.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Allahyarlı Eltac Rauf oğlunun katibliyi ilə, X1 iştirakı ilə, X1 “icra məmurunun hərəkətlərinin (qərarının) qanunsuz hesab edilməsinə dair” şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-16(010)-177/2024 nömrəli icra sənədinin icrası ilə əlaqədar Suraxanı rayon İcra şöbəsinin icra məmuru X11 hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. X4 şikayətini belə əsaslandırmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(010)-3360/2024 nömrəli qətnaməsi ilə (hakim Leyla Talıbova) iddianın təmin edilməsi, cavabdeh X5 xx.xx.2023-cü il tarixli razılaşmaya əsasən 9404,40 manat əsas borc, 342,99 manat faiz borcu, 8,65 manat cərimə borcu olmaqla, cəmi 9756,04 (doqquz min yeddi yüz əlli altı manat, dörd qəpik) manat məbləğində borc və 117,57 (bir yüz on yeddi manat, əlli yeddi qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı Tələbkar ASC- yə ödənilməsi qət edilmiş və həmin qətnamə əsasında verilmiş icra vərəqəsi xx.xx.2024-cü il tarixində icra olunması üçün Suraxanı rayon İcra şöbəsinə göndərilmişdir. Bundan sonra ərizəçi Tələbkar ASC müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X6 adına rəsmi olaraq qeydiyyatda olan “BMW 5281” markalı, ** KD *** dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsinin qadağan olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-16(010)- 177/2024 nömrəli qərardadı ilə (hakim Leyla Talıbova) ərizənin təmin edilməsi, X6 mülkiyyətində olan “BMW 5281” markalı, ** KD *** dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsinin qadağan olunması, qərardadın dərhal icra edilməsi, qərardadın icrasının Bakı şəhər Suraxanı rayon İcra şöbəsinə və Azərbaycan Respublikası DİN-nin BDYPİ-nə həvalə edilməsi qərara alınmışdır. Bundan sonra Suraxanı rayon İcra şöbəsinin icra məmuru X15 tərəfindən xx.xx.2025-ci il tarixində borclunun əmlakının axtarılması haqqında Qərar qəbul edilmişdir. Borclu mülkiyyətində olan “BMW 5281” markalı, ** KD *** dövlət qeydiyyat nişanlı avtomobili 2023-cü ildə baş etibarnamə əsasında X3. X12 tərəfindən avtomobil idarə olunarkən Bərdə DPX-nin stosianar postu tərəfindən saxlanılaraq əlindən alınmışdır. Hal-hazırda avtomobilin harada olması barədə heç bir məlumatı yoxdur. Məhkəmə tərəfindən “BMW 5281” markalı, ** KD *** dövlət qeydiyyat nişanlı ipoteka predmeti olmayan avtomobilin özgəninkiləşdirilməsinə qadağa qoyulduğu halda icra məmurunun qanunsuz hərəkətləri nəticəsində avtomobil istifadəsində olan X9 əlindən alınmışdır. O, "xxxx" Şirkətində işləyirəm və 1100 manat əmək haqqı alıram. Hər ay aldığım əmək haqqının 50%-i bankdan götürdüyüm borcuma ödənilir. İcra məmuru banka pul ödənildiyi halda ipoteka predmeti olmayan, digər şəxsin istifadəsində olan avtomobilin barəsində hansı əsasla axtarış elan edə bilər. X4 məhkəmə iclasında verdiyi izahatında ərizəsini müdafiə etdiyini bildirdi. Şikayətə baxılması ilə əlaqədar təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş icra sənədi üzrə tələbkarın nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmədən işə iştirakları olmadan baxılaraq, şikayətin rədd edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, icra şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə şikayətə tələbkarın və icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Şikayətə əlavə olunmuş Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-16(010)-177/2024 saylı qəraradadından görünür ki, X6 mülkiyyətində olan BMW 5281 markalı 77KD316 dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsi qadağan edilmişdir. Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(010)- 3360/2024 saylı qətnaməsindən görünür ki, cavabdeh X5 xx.xx.2023-cü il tarixli razılaşmaya əsasən 9404.40 manat əsas borc, 342,99 manat faiz borcu, 8.65 manat cərimə borcu olmaqla, cəmi 9756,04 manat məbləğində borc və 117,57 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı Bank Respublika ASC-yə ödənilməsi qət edilmişdir. ƏN-İX №488995 saylı etibarnamənin surətindən görünür ki, X8 BMW 5281 markalı 77KD316 dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək, bağışlamaq, ipotekaya qoymaq, sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq hüquqları barədə X10 etibarnamə vermişdir. xx.xx.2025-ci il tarixli icra məmurunun “borclunun əmlakının axtarılması” barədə qərarından görünür ki, X6 mülkiyyətində olan BMW 5281 markalı 77KD316 dövlət qeydiyyat nişanlı avtomobilin barəsində axtarış elan edilmiş və Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinə təhvil verilməsi barədə qərar qəbul edilmişdir. Ərizəçi ərizəsini belə əsaslandırır ki, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(010)-3360/2024 saylı qətnaməsinin icrası ilə bağlı borclunun əmək haqqının 50%-i tutulur. X1 əmlakının axtarılması haqqında icra məmurunun hərəkətlərindən şikayət verərək, bildirmişdir ki, qətnamənin icrası ilə bağlı əmək haqqından tutulmalar həyata keçirildiyi halda hər ay borcunu ödədiyi halda nə səbəbə onun mülkiyyətində olan etibarnamə əsasında avtomobili idarə edən X9 əlindən alınaraq duracağa yerləşdirilmişdir. Məhkəmə qeyd edir ki, icra məmuru tərəfindən tələbin borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsinə vaxtaşırı ödəmələrin tutulması haqqında icra sənədləri icra edildikdə yol verilir. Borclu tərəfindən tələbkara olan borc tam şəkildə könüllü olaraq ödənilmədikdə və tələbkar tərəfindən borcun ödənilməsi israr edildikdə icra məmuru tərəfindən digər məcburi icra tədbirləri həyata keçirilə bilər. Bu məcburi icra tədbirləri arasında borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönədilməsi də mövcuddur. Ona görə də, Suraxanı rayon İcra şöbəsinin icra məmurunun Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(010)-3360/2024 saylı qətnaməsi əsasında verilmiş icra sənədinin icrası ilə əlaqədar tətbiq etmiş olduğu borclunun əmlakının axtarılması ilə bağlı məcburi icra tədbiri qanunidir. Belə olan halda məhkəmə hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu. 8.2. İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. 27.2. Borclunun əmlakının və ya uşağının axtarılması barədə də icra məmuru qərar qəbul edir. 27.3. Axtarış icra sənədinin icra olunduğu yer və ya borclunun məlum olan son yaşayış yeri (olduğu yer) üzrə yaxud onun əmlakının olduğu yer üzrə, habelə tələbkarın yaşayış yeri (olduğu yer) üzrə elan edilir. 43.1. Məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; Maddə 44. Məcburi icra tədbirlərinin tətbiqinin əsasları. 44.1. Məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: 44.1.1.bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; 44.1.2.icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; 44.1.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. 44.2. Bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. 63.1. Tələbin borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsinə aşağıdakı hallarda yol verilir: 63.1.1. vaxtaşırı ödəmələrin tutulması haqqında icra sənədləri icra edildikdə; 63.1.2. icra sənədində göstərilən tələb üzrə tutulmalı olan məbləğin həcmi bu Qanunun 65-ci maddəsində müəyyən edilmiş miqdardan artıq olmadıqda; 65.1. İcra sənədi icra edilərkən borclunun əmək haqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği 50 faizdən çox ola bilməz. 65.4. Tələbin borclunun təqaüdünə, pensiyasına, müəlliflik və əlaqəli hüquqlardan istifadəyə görə müəlliflik mükafatlarına yönəldildiyi hallarda da bu Qanunun 65-ci maddəsi ilə müəyyən edilmiş qaydalar tətbiq edilir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, X1 “icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsinə dair” şikayəti əsassızdır və təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264-cü 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 “icra məmurunun hərəkətlərinin (qərarının) qanunsuz hesab edilməsinə dair” şikayəti rədd edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar