Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-31/2025 06.02.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi ilə, Ərizəçi (tələbkar) X4 tərəfindən icra məmurunun qanunsuz hərəkətlərindən (hərəkətsizliyindən) verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (tələbkar) X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsinin icraatında olan Suraxanı Rayon Məhkəməsinin e-2(010)- 3012/2023 №li, xx.xx.2023-cü il tarixli qətnaməsinin icrası üzrə icra məmuru X2 qanunsuz hərəkətlərinə (hərəkətsizliyinə) son qoyulması və məcburi icra tədbirlərinin həyata keçirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, e-2(010)-3012/2023 №li, xx.xx.2023-cü il tarixli qətnamənin icrası üçün Bakı şəhəri, Suraxanı Rayon İcra şöbəsinə icra vərəqəsi göndərilmişdir. İcra sənədi əsasında, borclu X1 1180 manat məbləğində pul və 31.8 manat məbləğində dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. Lakin artıq iki ilə yaxındır ki, icra işi icra olunmadan qalır. Qeyd edilən vəziyyətlə əlaqədar dəfələrlə icra məmuruna çoxsaylı müraciətlər etmişdir. Lakin hər biri nəticəsiz qalmışdır. İndiyə qədər ödənilmiş məbləğ borcun çox cüzi qismidir. Belə ki, göstərilən müddət ərzində borclu tərəfindən sadəcə 100 manat miqdarında pul məbləği ödənilmişdir ki, bu borc məbləğinin yarısının belə ödənilmədiyini göstərir. İcra məmurunun səriştəsizliyi və hərəkətsizliyi işin yubadılmasına səbəb olur. Ona görə ki, icra məmuru borclunun xeyrinə işi bacardığı qədər ləngitmək istəyir və buna nail olur. İşin neçə illərdir ki, icra edilməməsi icra məmurunun niyyətinə açıq nümunədir. Bu səbəblə xx.xx.2024-cü il tarixində Suraxanı Rayon İcra Şöbəsinə icra məmurunun dəyişdirilməsi ilə əlaqədar olaraq etiraz ünvanlamışdır. Lakin məktub nəzərə alınmamış və cavablandırılmamışdır. Prosesin ləngidilməsi onun maddi çətinlik çəkməyinə səbəb olmuşdur. Bildirilir ki, göstərilənlər icra məmuru X3 tərəfindən konstitusion hüquq normalarının kobud şəkildə pozulduğunu göstərir. Məhz iş üzrə qeyd edilən məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini pozduğundan onu səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edir. Diqqətə çatdırılır ki, icra məmuru X3 faktiki olaraq vəzifə səlahiyyətlərinin icrasından yayınır. Bu hallar faktiki olaraq icra məmuru X2 özbaşınalığından xəbər verir. İcra məmuru şəxsi maraqlarını qanunun tələblərindən üstün tutur. Sözügedən işdə borclu olan şəxsin kifayət qədər maddi imkanı vardır. Lakin buna baxmayaraq qəsdən borcu ödəməkdən yayınaraq məhkəmə qətnaməsini icra etmir. İcra məmuru isə qanunla ona verilən səlahiyyətlərindən istifadə etmir, məcburi icra tədbirləri həyata keçirmir və keçirmək də istəmir. Bu özünün ən bariz nümunəsini “İcra haqqında” qanunun 12.1-ci maddəsinə görə, icra məmurunun icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətləri həyata keçirməli olması, 44.1-ci maddəsinə əsasən, məcburi icra tədbirlərinin tətbiqi əsasları sırasında icra sənədinin könüllü icrası üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi halının göstərilməsi, 82.1-ci maddəyə istinadən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edərək onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərməsində, 84-1-maddədə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması və bir sıra digər normalarda icra məmuruna verilmiş geniş səlahiyyətlərin istifadə edilməməsində göstərir. Odur ki, bu məsələnin həlli məqsədi ilə “İcra haqqında” qanunun 26-cı maddəsini əsas götürərək icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarəti təmin etmək məqsədi ilə icra qurumunun rəhbərinə, o cümlədən Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respiblikasının Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə, Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsinə və digər dövlət orqanlarına müraciətlər etmişdir. Sonda isə heç bir nəticəyə nail olmamışdır. İcra şöbəsi də daxil olmaqla, dövlət orqanları ərizəsinə cavab verməmiş, heç bir köməklik göstərməmişlər. Hal-hazırda qeyd edilənlərə uyğun olaraq pozulmuş hüquqların bərpası məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmədən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra edilməsini və icra məmuru X2 icranı qəsdən ləngitməsi səbəbi ilə onun barəsində zəruri tədbirlər görülməsini xahiş edir. Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru, tələbkar və borclu şikayətə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin icra məmuru və borclu məhkəmə iclasına gəlməmişdirlər. Tələbkarın nümayəndəsinin, Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmurunun və borclunun gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan, təmin edilməməlidir. İş materiallarında olan ərizədən görünür ki, (tələbkar) X4 Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsinə etiraz ərizəsi ilə müraciət edərək, onun tələbkar olduğu icraatla əlaqədar icra işinin icra məmuru X2 icraatından alınıb başqa icra məmuruna həvalə olunmasına və icra işinin qısa zamanda icra olunmasına dair köməklik göstərilməsini xahiş etmişdir. İş materiallarında olan ərizədən görünür ki, (tələbkar) X4 Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respiblikasının Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə, Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsinə şikayət ərizəsi ilə müraciət edərək, xx.xx.2023-cü il tarixli, 2(010)-3012/2023 №li iş üzrə Suraxanı rayon Məhkəməsinin qətnaməsinin icrasının təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan ərizədən görünür ki, (tələbkar) X4 Bakı şəhəri Suraxanı Rayon İcra və Probasiya Şöbəsinə ərizə ilə müraciət edərək, borclu - X6 haqqında məcburi icra tədbirləri həyata keçirərək, e30985/2023-18-21 №li icra vərəqinə uyğun olaraq borcludan alınmalı məbləğin ona ödənilməsi üçün icrasının təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan ərizədən görünür ki, (tələbkar) X4 Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respiblikasının Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə, Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsinə şikayət ərizəsi ilə müraciət edərək, borclu - X6 haqqında məcburi icra tədbirləri həyata keçirərək, e30985/2023-18-21 №li icra vərəqinə uyğun olaraq borcludan alınmalı məbləğin ona ödənilməsi üçün icrasının təmin edilməsini xahiş etmişdir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən, tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: tələbkarın ərizəsi əsasında; borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə; tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü və 43.1-ci maddələrinə əsasən, məcburi icra tədbirləri aşağıdakılardır: borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü və 44.1-ci maddələrinə əsasən, məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. Bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaiti olmadıqda bu Qanunun 43.1.1–43.1.5-ci maddələrində nəzərdə tutulan məcburi icra tədbirlərinin hər hansı birinin tətbiqi digərlərinin tətbiqini istisna etmir. Tələbin icra məmurunun qanunsuz hərəkətlərinə (hərəkətsizliyinə) son qoyulması hissəsində məhkəmə qeyd edir ki, ərizədə icra məmurunun hansı hərəkətlərinin qanunsuz olduğu və qanunsuzluğunun nə ilə sübut olunduğu iş materialları ilə müəyyən edilmir. Tələbin məcburi icra tədbirlərinin həyata keçirilməsi barədə qərardad qəbul edilməsini hissəsində məhkəmə qeyd edir ki, məcburi icra tədbirlərinin, yəni borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsinin icra edilməməsi barədə iş materiallarında sübut yoxdur. Hazırki iş materiallarında və məhkəmədə olan e-2(010)-3012/2023 saylı əsas iş materiallarında icra məmuru tərəfindən icra sənədinin qaytarılmasını sübut edən “icra sənədinin qaytarılması haqqında” qərar mövcud deyildir. Belə olan halda, məhkəmə hesab edir ki, şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi (tələbkar) X4 tərəfindən icra məmurunun qanunsuz hərəkətlərindən (hərəkətsizliyindən) verilmiş şikayət təmin edilməsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Firuzə Mirzəyeva
Məhkəmə qərarları › İş №8(010)-31/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-31/2025
06.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver