Məhkəmə qərarları › İş №8(010)-32/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-32/2023

27.01.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-32/2023 27.01.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən Suraxanı Rayon Məhkəməsinin hakimi Məmmədov Tural Nurulla oğlu, X1 icra məmurunun və icra işi üzrə borclunun qanunsuz və özbaşına hərəkətlərinə dair şikayət ərizəsini və ərizəyə əlavə olunmuş sənədlərə baxaraq, Müəyyən etdim: X2 icra məmurunun və icra işi üzrə borclunun qanunsuz və özbaşına hərəkətlərinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-10051/2021 saylı İcra vərəqəsi və Suraxanı Rayon İcra Şöbəsinin e- 151196/2022-18-10 nömrəli icra sənədi üzrə borclu X3 bilərəkdən, ona qarşı süründürməçilik edərək, qərəzli şəkildə AR İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün Suraxanı Rayon İcra şöbəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilməsi və bu barədə ciddi şəkildə məcburi icra tədbirlərinin görülməsini xahiş etmişdir. Hesab edirəm ki, hazırki ərizənin icraata qəbul edilməsindən imtina edilməli və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanuni qüvvəsini almış və icraya yönəldilmiş məhkəmə qətnaməsinin icrasının təmin edilməsini icra məmuru həyata keçirir. Hazırkı iş üzrə ərizəçi icraya yönəldilmiş məhkəmə qətnaməsinin borclu tərəfindən icra olunmadığı üçün onun barəsində ciddi şəkildə məcburi icra tədbirlərinin icrası ilə bağlı icra məmuruna müraciət etməmiş və birbaşa hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, ərizəçi hazırkı xahiş ilə ilk növbədə icra icraatını aparan icra məmuruna müraciət etməli, müraciəti təmin edilmədiyi və ya hərəkətsiz buraxıldığı halda isə icra məmurunun hərəkət və ya hərəkətsizliyindən məhkəməyə şikayət verə bilər. Hazırkı işdə isə ərizəçinin icra məmuruna qətnamənin icrası ilə bağlı müraciət etməsi və nəticə olaraq da müraciətinin təmin edilməməsi və ya münasibət bildirilməməsi müəyyən edilmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in qeyd edilən maddələrini rəhbər tutaraq, Qərara aldım: X1 icra məmurunun və icra işi üzrə borclunun qanunsuz və özbaşına hərəkətlərinə dair şikayət ərizəsinin icraata qəbul olunmasından imtina edilsin və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə qaytarılsın. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar