Məhkəmə qərarları › İş №8(010)-325/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-325/2025

08.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-325/2025 08.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Allahyarlı Eltac Rauf oğlunun katibliyi ilə, X1 və Tələbkar iştirakları ilə, X1 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-262/2024 saylı xx.xx.2024cü il tarixli qətnaməsinin hissə-hissə icra olunmasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: X2 məhkəməyə ərizə ilə müraciət edərək, səhhətində olan ciddi problemi nəzərə alaraq, qətnamənin hissə-hissə icra edilməsi və 50-70 (əlli -yetmiş manat arası) manat pulun ondan tutularaq Tələbkar ödənilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilən X2 ərizəsini müdafiə edərək izahatında göstərdi ki, iddiaçı Tələbkar cavabdeh X5 qarşı “mənzilə dəymiş zərərin əvəzinin ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən mənzilinə dəymiş zərərin (təmir xərci) əvəzi olaraq 2777,0 (iki min yeddi yüz yetmiş yeddi) manat, ekspertizanın keçirilməsi üçün ödədiyi 100 (bir yüz) manat və iddia qaldırmaq üçün ödədiyi dövlət rüsumu əvəzi olaraq 70 (yetmiş) manat məbləğində, mənəvi zərərə görə isə 2000,0 (iki min) manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-262/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Təranə Mahmudova) iddia qismən təmin olunaraq, cavabdeh X3 2777 (iki min yeddi yüz yetmiş yeddi) manat məbləğində pulun iddiaçı Tələbkar xeyrinə tutulması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Hal-hazırda məhkəmə qətnaməsinə əsasən ödənilməsi qət edilmiş pul məbləğini tam şəkildə ödəyə bilmir. Belə ki, yaşlı olduğundan və səhhətində ciddi problem olduğundan yeriməkdə əziyyət çəkir. Səhhətində olan problem səbəbindən müvafinətini itirmiş və qolu zədələnmişdir. Nəticədə qoluna gips qoyulmuşdur. Eyni zamanda ayağı cərrahiyyə əməliyyatı olunmalı və dizinə implant qoyulmalıdır. Məqsədi tələbkar qarşısında öhdəliklərdən yayınmaq deyil. Anlayır ki, qeyd edilən pul məbləğini ödəməlidir. Lakin maddi vəziyyətinin pis olması və tələbkara ödəməli olduğu pulu ödəmək üçün kifayət qədər maddi vəziyyətimin olmaması, hal-hazırda səhhətində ciddi problemin olması məhkəmə tərəfindən xüsusi nəzərə alınmalıdır. Hər ay tələbkara borclu olduğu məbləğdən hər ay 50-70 manat ödənilməsi maddi imkanların daxilindədir. Hesab edir ki, hər ay borclu olduğu pul məbləğindən 50-70 manat ödənilməsi üçün imkan yaradılsa o, borclu olduğu məbləği daha qısa müddət ərzində də ödəyib tam şəkildə bitirə bilər. Hesab edir ki, yuxarıda qeyd edilən hallar nəzərə alınmalı və məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsi barədə qərardad çıxarılmalıdır. Odur ki, səhhətində olan ciddi problemi nəzərə alaraq, qətnamənin hissə-hissə icra edilməsi və 50-70 (əlli - yetmiş manat arası) manat pulun ondan tutularaq Tələbkar ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilən Tələbkar ərizəni qəbul etməyərək izahatında göstərdi ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-262/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Təranə Mahmudova) onun iddiası qismən təmin olunaraq, cavabdeh X3 2777 (iki min yeddi yüz yetmiş yeddi) manat məbləğində pulun onun xeyrinə tutulması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Məhkəmə qətnaməsinə əsasən ödənilməsi qət edilmiş pul məbləğini borclu tam şəkildə ödəmək istəmir. Borclu əsas olaraq «yaşlı olduğunu və səhhətində ciddi problem olduğunu, qoluna gips qoyulduğunu, eyni zamanda ayağına cərrahiyyə əməliyyatı olunaraq dizinə implant qoyulmalı olduğunu» göstərmişdir. Borclunun bildirdiyi əsasları qəbul etmir. Özü ilə birlikdə yaşayan anası da birinci qrup gözdən əlildir və özü anasına patranaj təyin olunmuşdur. özü işdə olduğu zaman anasına görə narahat olur, belə ki, hər an onun yaşadığı evin həm yuxarı, həm də aşağı mərtəbələrində yaşayan mənzildən su axıdılır. Onun anası da şəkər xəstəsidir. Borclunun ərizəsində göstərdiyi əsaslar məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin hissə-hissə icrası üçün əsas deyil. Odur ki, borclunun ərizəsinin rədd edilməməsini və borclu tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin tam olaraq tutulmalı olan məbləği ödəməklə icra edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə icra məmuru məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə ərizəyə icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Məhkəmə vurğulayır ki, borclu məhkəməyə onun borcunun hissə-hissə ödənilməsinə dair ərizəsinə əsas olaraq onu göstərmişdir ki, o, əlindən zədə almış, əli sarğıdadır, həmçinin ayağına da implant qoyulmalıdır. Məhkəmə müəyyən edir ki, həqiqətən də ərizəçini əlində bu günkü gündə zədə ilə bağlı gips var. Lakin ərizəçi məhkəməyə əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı hər hansı bir müvafiq arayış təqdim etməmişdir. Dizinə implant qoyulması və bu tibbi xidmətin icbari tibbi sığorta xidməti ilə həll edilməsinin mümkün olmayacağına dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Hazırda borclunun borcunun icrasına möhlət verilərək, hissə-hissə ödənilməsinə əsas verən hallar məhkəmədə müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Odur ki, məhkəmə hesab edir ki, X1 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-262/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinin hissə-hissə icra olunmasına dair ərizəsi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-262/2024 saylı xx.xx.2024cü il tarixli qətnaməsinin hissə-hissə icra olunmasına dair ərizəsi təmin edilməsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar