Məhkəmə qərarları › İş №8(010)-338/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-338/2025

18.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-338/2025 18.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Tələbkar, Borclu və onun etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)-3005/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmurunun təqdimatına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)-3005/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən Tələbkar xx.xx.2015-ci il təvəllüdlü X1 ilə hər həftənin şənbə günü saat 12:00-dan 19:00-dək ünsiyyətdə olmaq hüququ müəyyən edilmişdir. Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)-3005/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən Tələbkar xx.xx.2015-ci il təvəllüdlü X1 ilə hər həftənin şənbə günü saat 12:00-dan 19:00-dək ünsiyyətdə olmaq hüququ müəyyən edilməlidir. Sözügedən icra sənədi xx.xx.2025-ci il tarixində Bakı şəhəri Suraxanı rayon icra şöbəsinin icraatına daxil olmuşdur. Elə həmin tarixdə müvafiq qaydada icraata qəbul edilərək tərəflərə məlumat üçün göndərilmişdir. Borclu xx.xx.2025-ci il tarixdə şöbəyə dəvət olunmuş, elə həmin tarixdə Borclu icra sənədinin icrası ilə əlaqədar izahatı alınmış və barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq Suraxanı Rayon məhkəməsinə müraciət olunmuşdur. Məhkəmə prosesi zamanı Borclu Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(010)- 947/2025 saylı qərarı ilə AR İXM-nin 528.1-ci maddəsi ilə 500 manat miqdarında inzibati cərimə olunmuşdur. İş üzrə Tələbkar xx.xx.2025-ci il tarixdə şöbəyə ərizə ilə müraciət edərək Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını xahiş etmişdir. Tələbkar məhkəmə iclasında izahat verərək bildirmişdir ki, uşaq dörd ay ərzində borclunun yanında qalmasına baxmayaraq borclu uşağı ona göstərməmiş və saxta sənədlər təqdim etməklə ana uşağı Türkiyəyə aparmaq istəmişdir. Borclu barəsində axtarış verilmiş, polis vasitəsi ilə iş yerindən götürülərək icra şöbəsinə gətirilmişdir və barəsində 500 manat cərimə tətbiq olunmuşdur. Bununla bağlı borclu tərəfindən apellyasiya şikayəti verilmiş lakin şikayət təmin olunmamışdır. Daha sonra yenidən onun barəsində məcburi gətirilmə tətbiq olunmuşdur. Ata ilə görüş barəsində məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasına baxmayaraq o, uşağı ata ilə görüşdən yayındırmışdır. X1 278 saylı məktəbdə təhsil alır lakin, borclu Abşeron rayon ərazisində yaşaması haqqında Suraxanı rayon İcra Şöbəsinə sənəd təqdim etmişdir. Uşaq atasına çox bağlıdır və anası ilə qalmaq istəmir ana isə uşağı ona göstərmək istəmir. Qeyd olunanlara əsasən təqdimatın təmin olunmasını xahiş etmişdir. Borclu təqdimatın əsasız olduğunu qeyd edərək təmin olunmamasını xahiş etmişdir. Borclu etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Bakı şəhəri Suraxanı rayon İcra şöbəsi tərəfindən qeyd olunan məsələ ilə bağlı təqdim edilmiş təqdimat borclunun Konstitusion hüquqlarının pozulması ilə bağlıdır. Belə ki, ananın ölkədən çıxış hüququnun məhdudlaşdırılmasının mövcüd məhkəmə qətnaməsi ilə heç bir əlaqəsi yoxdur. Uşaq yetkinlik yaşına çatmadığından onun ölkədən çıxarılması atanın razılığı və ya məhkəmə qərarı əsasında mümkündür. Tələbkar, borclu barəsində cinayət işinin başlanması haqqında heç bir əsası olmayan fikirlər bildirir, bundan əlavə icra məmurunu belə bir təqdimatla məhkəməyə müraciət etməyə məcbur etmişdir. Borclu dövlət xəstəxanasında həkim işləyir, onun daimi iş yeri vardır. Qeyd olunanlara əsasən təqdimatın rədd olunmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakları olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını və icra işində olan sənədləri araşdırıb hesab edir ki, təqdimat əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası Konstitusiyası Maddə 28. Azadlıq hüququ İ. Hər kəsin azadlıq hüququ vardır. İİ. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. İİİ. Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. İV. Azərbaycan Respublikası vətəndaşlarının hər zaman maneəsiz öz ölkəsinə qayıtmaq hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 231.Qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması 231.1. İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. 231.2. Həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. 231.3. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması), borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələləri icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələlərinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti, borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. 231.4. Qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması barədə məhkəmə qərardadından şikayət verilə bilər. İcra Haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 84-1. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması 84-1.1. Məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. İcra haqqında qanunun tələbinə əsasən icra sənədi borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədiyi halda borclunun ölkədən getmək hüququ məhkəmə tərəfindən qərar qəbul edilməklə müvəqqəti məhdudlaşdırıla bilər. Həmin qərarla məhdudlaşdırılmanın məqsədi ondan ibarət olur ki, borclu tərəf icra sənədi üzrə qəbul edilmiş qərarı icra etməkdə maraqlı olsun və həmin qərar qısa müddətdə icra olunsun. Hazırkı halda isə icra sənədinin məzmununu Tələbkar xx.xx.2015-ci il təvəllüdlü X1 ilə hər həftənin şənbə günü saat 12:00-dan 19:00-dək ünsiyyətdə olmaq hüququ təşkil edir və icra sənədi üzrə tərəflərin hüquq və vəzifələri azyaşlı uşağın 18 yaşına çatanadək qüvvədə olacaqdır. İş materiallarından müəyyən olunur ki, borclu Azərbaycan Respublikasının ərazisində daimi olaraq əmək müqaviləsi əsasında işləyir, icra sənədi üzrə tələb isə pulun və yaxud hər hansı əşyanın qaytarılması ilə bağlı deyil, yalnız azyaşlı uşağın atası ilə görüşünün təmin olunmasından ibarətdir. Hazırkı halda borclunun xx.xx.2023-cü ildən sonra xarici ölkəyə səfər etməsi iş materiallarından müəyyən olunmur və borclunun uşağın 18 yaşına çatanadək ölkədən getmək hüququnun məhdudlaşdırılması vətəndaşın konstition hüququnun pozulmasıdır. Məhkəmə hesab edir ki, icra sənədi borclu tərəfindən icra edilmədiyi halda icra məmuru tərəfindən başqa məcburi icra tədbirləri həyata keçirilməlidir. Məhkəmə hesab edir ki, ölkədən getmək və ölkəyə gəlmək hər bir vətəndaşın konstition hüququdur və bu konstition hüquqların məhdudlaşdırılması yalnız müstəsna hallarda mümkündür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqdimat təmin oluna bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin təqdimatı təmin edilməsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar