Məhkəmə qərarları › İş №8(010)-339/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-339/2025

15.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-339/2025 15.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Allahyarlı Eltac Rauf oğlunun katibliyi ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-2804/2020 nömrəli qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyasına dair icra sənədi üzrə Tələbkar tərəfindən verilmiş ərizəyə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-2804/2020 nömrəli (hakim N.Rzayeva) qətnaməsi ilə iddiaçı Tələbkar cavabdeh Borclu qarşı nikahın pozulması və aliment tələbinə dair iddiası təmin edilmiş, Tələbkar ilə Borclu arasında 17 oktyabr 2014-cü il tarixdə 2 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsində 2981 sayla qeyd edilmiş nikah akt qeydi pozulmuş, xx.xx.2015-ci il təvəllüdlü X2 anası Tələbkar yanında qalması müəyyən edilmiş, Borclu xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 09 iyun 2020-ci il tarixdən hesablanaraq hər ay 200 (iki yüz) manat aliment tutularaq iddiaçının xeyrinə ödənilməsi, alimentin tutulması iddiaçının ilkin müraciət etdiyi vaxtdan 09 iyun 2020-ci ildən hesablanması, qətnamə aliment hissəsində dərhal icra edilməsi və cavabdeh Borclu 30 (otuz) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə verilməsi qət edilmişdir. Hazırda müvafiq qətnamə əsasında verilmiş icra sənədi üzrə Tələbkar məhkəməyə ərizə ilə müraciət edərək, həmin qətnamə əsasında təyin edilmiş aliment məbləğinin minimum əmək haqqının müvafiq misli miqdarında indeksasiya edilməsini xahiş etmişdir. Tələbkar ərizəsini belə əsaslandırmışdır ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 05.11,2020-ci il tarixli 2(010)-2804/2020 saylı qətnaməsi ilə onunla Borclu arasında xx.xx.2014-cü il tarixdə 2 saylı Bakı Asan xidmət mərkəzinin qeydiyyat şöbəsində 2981 sayla qeyd edilmiş nikah akt qeydinin pozulması, xx.xx.2015-ci il təvəllüdlü qızı X1 iddiaçının yanında qalmasının müəyyən edilməsi, Borclu xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2020-ci il tarixdən hesablanaraq, hər ay 200 manat aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Övladı xx.xx.2015-ci il təvəllüdlü X1 ehtiyaclarının (tibbi, təhsil, geyim, qida, və s.) ödənilməsinə ayda xeyli pul lazımdır. Məhkəmə tərəfindən uşağın saxlanılması üçün təyin edilmiş alimentin məbləği uşağın hazırki ehtiyaclarını ödəmir və o, buna görə çox maddi sıxıntı keçirir. Həyat səviyyəsinin dəyişməsi ilə əlaqədar qiymətlər də artdığı üçün qətnamə üzrə müəyyən edilmiş aliment uşağın saxlanılması üçün kifayət etmir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 05.11,2020-ci il tarixli 2(010)-2804/2020 saylı qətnaməsinin qəbul edildiyi vaxtdan 5 ilə yaxın müddət keçir. Bu illərdə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu da dövləti tərəfindən dəfələrlə artırılmışdır. Həmin bu illərdə borclunun da gəlirlərində dəyişiklik olmuş, artmışdır. Ona görə də məhkəmənin müəyyən etdiyi alimentin məbləği dəyişdirilərək, məbləğin artırılması zərurəti yaranmışdır. Ərizəyə baxılması üzrə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə ərizəyə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232.2-ci maddəsinə əsasən, ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə ərizəni iş materialları ilə əlaqəli şəkildə nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, ərizəyə əlavə edilmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli, 2(010)-2804/2020 nömrəli qətnaməsindən görünür ki, tərəflərin birgə nikahından doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 200 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən, alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarında (xx.xx.2024-cü il tarixli qərarla edilmiş dəyişikliklərdən sonra) qeyd edildiyi kimi, istinad edilən maddənin tələbindən görünür ki, məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əməkhaqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Ali Məhkəmə Plenumunun əlaqəli qərarında, həmçinin qeyd edilir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əməkhaqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, sabit pul məbləğində alimentin tutulmasına dair qətnamə 2020-ci ildə qəbul edildiyindən və həmin il ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı 190 manat məbləğində təşkil etdiyindən qətnamə üzrə tutulan 200 manat sabit pul məbləğində aliment ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 1,05 (200/190) misli həddində indeksasiya olunmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulduğundan bu qərardadla indeksasiya olunmuş alimentin tutulmasının əvvəli müvafiq ərizənin məhkəmənin icraatına daxil olduğu xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 232. Ödənilməli pul məbləğlərinin indeksasiyası. 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 232.2. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. 232.3. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)- 2804/2020 nömrəli qətnaməsi ilə sabit pul məbləğində tutulan aliment ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,05 misli həddində indeksasiya edilməli, xx.xx.2025-ci il tarixindən hesablanmaqla, xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu Tələbkar xeyrinə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,05 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)- 2804/2020 nömrəli qətnaməsi ilə sabit pul məbləğində tutulan aliment ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,05 misli həddində indeksasiya edilsin. xx.xx.2025-ci il tarixindən hesablanmaqla, xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu Tələbkar xeyrinə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,05 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar