Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-35/2023 27.02.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X2 iclas kаtibliyi, X3 və Borclu iştirakları ilə, Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin “icra sənədinin qaytarılması haqqında” xx.xx.2022-ci il tarixli qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-4873/2019 saylı icra sənədinə əsasən Borclu X3nun mülkiyyətində olan Bakı şəhəri, Yeni Suraxanı qəsəbəsinin cənub-qərb hissəsində yerləşən 0.025 ha torpaq sahəsindən çıxarılmalı və həmin torpaq sahəsi tələbkar X1 verilməlidir. Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli “icra sənədinin qaytarılması haqqında” qərarı ilə icra sənədi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 70.4-cü əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə qaytarılmışdır. Bundan sonra icra sənədi üzrə X3 həmin qərardan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verərək, məhkəmədən Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsini və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4873/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinin yenidən icraya göndərilməsini xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4873/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinin icrasının mümkünsüz hesab edilməsinə əsaslanılaraq Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. İcra sənədinin göstərişinin borclunun ailə üzvləri ilə birlikdə həmin torpaq sahəsinin üzərində tikilmiş fərdi yaşayış evindən çıxarılmalarını ehtiva edibetməməsi ilə bağlı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə izah verilməsi üçün ərizə ilə müraciət olunmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(010)-201/2022 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir və xx.xx.2022-ci il tarixli “icra sənədinin qaytarılması” haqqında qərar qəbul edilmişdir. Qeyd edilən qərar xx.xx.2023-cü il tarixdə ona təqdim edilmişdir. Qərardan şikayət vermə müddəti xx.xx.2023-cü il tarixinədəkdir. Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsi qeyd edilən qərarı qəbul edərkən ona əsaslanmışdır ki, icra sənədi üzrə icraat zamanı qeyd olunan torpaq sahəsinə baxış keçirilmiş, həmin torpaq sahəsində Borclu tərəfindən evin inşa edildiyi və borclunun ailə üzvləri ilə birlikdə həmin evdə yaşadığı müəyyən edilmişdir. Qeyd edilən səbəbi əsas götürərək qərarın icrasının mümkünsüz hesab edilməsi əsassızdır və belə olan halda onun hüquqları kobud şəkildə pozulur. Belə ki, icra məmuru torpaq sahəsinə baxış keçirərkən həmin torpaq sahəsinin üzərində ev inşa edildiyini əsas kimi gətirsə də, onun tələbi torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi ilə bağlı olmuş, məhkəmə ərizəsini təmin etmişdir. Hesab edir ki, həmin torpaq sahəsində fərdi yaşayış evinin olubolmamasından asılı olmayaraq borclu torpaq sahəsini boşaldıb təhvil verməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Belə ki, məhkəmə qətnaməsi kağız deyil, Respublika ərazisində yaşayan hər kəs üçün məcburidir. Ona görə də icra məmuru qətnaməni icra etməlidir. Qətnamənin icrasını mümkünsüz edən heç bir hal mövcud deyil. Məhkəmə iclasında X3 şikayətə uyğun izahat verərək əlavə olaraq qeyd etdi ki, o, həm torpaq sahəsi, həm də üzərində yerləşən ev və mağazanın pulunu ödəyərək almışdır. Lakin icra sənədi üzrə Borclu ondan evi boşaltmaq üçün vaxt istədiyindən və o, həmin vaxt Türkiyədə olduğundan borclunun evdə müvəqqəti qalmasına icazə vermişdir. Sonradan borcludan evdən çıxmasını tələb etsə də, o, bundan imtina etdiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmış, məhkəmədə iddiası təmin edilmişdir. Lakin icra məmuru tərəfindən həmin qətnamə əsasında verilmiş icra sənədi icra edilmir. İcra məmuru bunu onunla əsaslandırır ki, qətnamədə yalnız torpaq sahəsindən çıxarılma nəzərdə tutulmuşdur və həmin torpaq sahəsi üzərində ev də olduğundan borclunun oradan çıxarılması mümkün deyil. O, bununla razılaşmır. Belə ki, o, torpaq sahəsini üzərində olan əmlaklarla birlikdə almış, pulunu ödəmişdir. Bundan sonra onun borcluya qarşı qaldırdığı borclunun həmin sahədən çıxarılmasına dair iddiası təmin olunmuş, icraya yönəldilmişdir. Hesab edir ki, icra sənədi icra edilməlidir. Odur ki, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Borclu şikayəti qəbul etməyərək bildirdi ki, icra sənədi üzrə tələbkar Telman Nəcəfovla aralarında əldə edilmiş razılığa əsasən o, özünə məxsus torpaq sahəsi və üzərində olan əmlakları tələbkara satmalı idi. Bu razılığa uyğun olaraq tələbkar ona 5000 manat məbləğində beh vermiş, qalan pulu da hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Lakin torpaq sahəsi öz adına deyil, Qalib Əliyev adında başqa bir şəxsin adına olduğundan həmin şəxslə tələbkar Telman Nəcəfov birləşərək onu aldatmış, aralarında torpaq sahəsinin alqı-satqısına dair müqavilə bağlamışlar. Telman Nəcəfov bu müqaviləyə əsasən məhkəmədə iddia qaldırmış, onun iddiası təmin edilmiş və torpaq sahəsindən çıxarılması qət edilmişdir. Halbuki, həmin torpaq sahəsi üzərində ev və mağaza da var və tələbkar həmin obyektlərin pulunu ödəməmişdir. Buna baxmayaraq, onun torpaq sahəsindən çıxmasını tələb edir. Hazırda evin pulunun cavbadehlərdən tələb edilməsi ilə bağlı iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. Bu vəziyyətdə hesab edir ki, icra məmurunun icra sənədinin geri qaytarılması ilə bağlı qərarı əsaslı olmuşdur. Odur ki, məhkəmədən şikayətin təmin edilməməsini xahiş etdi. Şikayətə baxılması ilə əlaqədar təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə şikayətə icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə tərəfləri dinləyib, şikayəti iş materialları ilə əlaqəli şəkildə nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-4873/2019 saylı qətnaməsi ilə iddiaçı X4 iddiası təmin edilmiş, cavabdeh Borclu iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Yeni Suraxanı qəsəbəsinin cənub-qərb hissəsində yerləşən 0.025 ha torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsinin iddiaçının sahibliyinə verilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra qətnamə əsasında verilmiş icra vərəqəsi icra edilməsi üçün Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinə göndərilmişdir. Lakin Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Rövşən Əliyevin xx.xx.2022-ci il tarixli qərarı ilə icra sənədinin icra edilmədən geri qaytarılması qərara alınmışdır. Qərar onunla əsaslandırılmışdır ki, icra sənədi üzrə icraat zamanı qeyd olunan torpaq sahəsinə baxış keçirilmiş, həmin torpaq sahəsində Borclu tərəfindən evin inşa edildiyi və borclunun ailə üzvləri ilə birlikdə həmin evdə yaşadığı müəyyən edilmişdir. İcra sənədinin göstərişinin borclunun ailə üzvləri ilə birlikdə həmin torpaq sahəsinin üzərində tikilmiş fərdi yaşayış evindən çıxarılmalarını ehtiva edib-etməməsi ilə bağlı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə izah verilməsi üçün ərizə ilə müraciət olunmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsinin cənub-qərb hissəsində yerləşən 0.025 ha torpaq sahəsinin üzərində evin inşa edilməsini, icra vərəqəsində borclunun və onun ailə üzvlərinin evdən çıxarılmaları barədə göstərişin olmamasını nəzərə alaraq icra sənədini icra etmək mümkün olmamışdır. İcra məmuru “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 70.4-cü maddəsinə istinadla icra sənədinin geri qaytarılmalı olduğu nəticəsinə gəlmişdir. Məhkəmə isə bu nəticə ilə razılaşmır. Ona görə ki, qətnamə ilə borclunun torpaq sahəsindən çıxarılması qət edilmişdir. Həmin qətnaməyə nəzər yetirildikdə görünür ki, həm iddiaçı X6 iddia ərizəsini əsaslandırarkən, həm də cavabdeh Borclu məhkəmə iclasında izahat verərkən torpaq sahəsi üzərində olan fərdi yaşayış evindən bəhs etmiş, hətta cavabdeh iddianı qəbul etməməsini məhz həmin evlə (iddiaçının evə görə pul ödəməməsi ilə) əsaslandırmışdır. Buna baxmayaraq, məhkəmə iddianı təmin etmiş, cavabdeh Borclu torpaq sahəsindən çıxarılmalı olduğu nəticəsinə gəlmişdir. Yəni müvafiq qətnamə məhkəmə tərəfindən həmin fərdi yaşayış evi barədə məlumatlı olmadan, bu ev nəzərə alınmadan yox, həmin ev barədə məlumatlı olaraq, lakin ona baxmayaraq çıxarılmışdır. Bu baxımdan cavabdehin torpaq sahəsindən çıxarılmasının qət edilməsi ilə onun həmin torpaq sahəsinin hüdudları daxilində yerləşən bütün əmlaklardan çıxarılmasının qət edildiyi qəbul edilməlidir. Məhkəmə bu hissədə qeyd edir ki, Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru tərəfindən qətnaməyə bununla bağlı izah verilməsi üçün ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edilmiş, qətnamənin Borclu ailə üzvləri ilə birlikdə həmin torpaq sahəsinin üzərində tikilmiş fərdi yaşayış evindən çıxarılmasını da ehtiva edib-etməməsi barədə qətnaməyə izah verilməsi xahiş edilmişdir. Lakin məhkəmə tərəfindən qətnaməyə izah verilməsinə dair ərizənin təmin edilməməsi barədə qərardad qəbul edilmişdir. İcra sənədinin geri qaytarılması barədə icra məmuru tərəfindən qəbul edilmiş qərar həm də bu əsasla – izah barədə ərizənin təmin edilməməsi ilə əsaslandırılmışdır. Belə ki, icra məmuru qətnaməyə bununla bağlı izah verilməməsini icra vərəqəsində borclunun və onun ailə üzvlərinin evdən çıxarılmaları barədə göstərişin olmaması kimi qiymətləndirmişdir. Halbuki, məhkəmə icra məmuru tərəfindən verilmiş qətnaməyə izah verilməsinə dair ərizəni təmin etməzkən mövqeyini onunla əsaslandırmışdır ki, qətnamədə məhkəmənin gəldiyi nəticə tam aydın və dəqiq göstərilmiş, qəbul edilmiş qətnamədə anlaşılmayan, həmçinin izaha ehtiyacı olan hər hansı hal mövcud olmamışdır. Yəni məhkəmə qətnamənin cavabdehin fərdi yaşayış evindən çıxarılmasını nəzərdə tutmadığı nəticəsinə gəlməmiş, qətnaməyə belə bir izah verməmiş, əksinə qətnamənin məzmununun dəqiq və aydın olduğunu və izaha heç bir ehtiyac olmadığını hesab etmişdir. Bu baxımdan icra məmurunun icra sənədini icra etmədən geri qaytararkən həm də bu hala istinad etməsi əsassız olmuşdur. Bununla belə məhkəmə qəbul edir ki, torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi ilə bağlı tərəflər arasında mübahisə var. Belə ki, icra sənədi üzrə borclu tələbkarın yalnız torpaq sahəsinə görə beh ödədiyini, torpaq sahəsi üzərində yerləşən əmlaklar üçün isə heç bir pul ödəmədiyini iddia edir. Borclu tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsindən görünür ki, Borclu həmin evin pulunun tutulmasına dair iddia ərizəsi ilə hazırkı icra sənədi üzrə tələbkar və torpaq sahəsinin keçmiş mülkiyyətçisinə qarşı Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində iddia qaldırmışdır. “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə əldə edilmiş məlumatdan görünür ki, icra sənədi üzrə borclunun iddiaçı, tələbkarın isə cavabdeh olduğu mülki iş hazırda Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin icraatındadır. Nəzərə alınmalıdır ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.4cü maddəsinə əsasən icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə (“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən bu Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının məcburi olduğu hallarda icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırılır. Göründüyü kimi icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırılması icra sənədi üzrə icraatın dayandırılması üçün əsasdır. Bu baxımdan icra məmuru belə mübahisənin olmasına görə icra sənədi üzrə icranı dayandıra bilər. Lakin icra sənədinin icrasının mümkünsüz olmasına dair nəticəyə gəlmək üçün heç bir əsas yoxdur. Odur ki, bu əsasla icra sənədinin icra olunmadan geri qaytarılması əsassız olmuşdur və bu qərarın ləğvinə dair şikayət təmin edilməlidir. Belə ki, “İcrа hаqqındа” Аzərbаycаn Respublikаsı Qаnunu: Maddə 2. Məcburi icra orqanları. 2.1. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Maddə 12. İcra hərəkətlərinin həyata keçirilməsi müddətləri. 12.1. Bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. 12.1-ci maddəsinə əsasən, bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Maddə 70. Borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədlərinin icrasının ümumi şərtləri. 70.4. İcra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması haqqında qərar qəbul edir. İcra məmurunun bu qərarı icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli “icra sənədinin qaytarılması haqqında” qərarı ləğv edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)- 4873/2019 saylı icra sənədinin icra edilməsi üzrə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsi tərəfindən icra tədbirlərinin görülməsi təmin edilməlidir. Göstərilənlərə əsаsən və MPM-in 263-264, 266-269-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRАRА АLDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin xx.xx.2022-ci iltarixli “icra sənədinin qaytarılması haqqında” qərarı ləğv edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-4873/2019 saylı icra sənədinin icra edilməsi üzrə icra tədbirlərinin görülməsi Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsi tərəfindən təmin edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №8(010)-35/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-35/2023
27.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver