Məhkəmə qərarları › İş №8(010)-382/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-382/2025

10.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-382/2025 10.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X1 iclas katibliyi, icra sənədi üzrə tələbkar X6, icra sənədi üzrə Borclu1 iştirakları ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-2121/2020 nömrəli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə icra sənədi üzrə tələbkar X10 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Şikayətin məzmunu İcra sənədi üzrə tələbkar X10 icra məmurunun hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru Rövşən Əliyevin Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e- 2(010)-2121/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsinin icra edilməsi istiqamətində hərəkətsizliyinin qanunsuz hesab edilərək barəsində xüsusi qərar qəbul edilməsi və qətnamənin icrası istiqamətində icra məmuru Rövşən Əliyevə konkret göstərişlər verilməsinin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e- 2(010)-2121/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə cavabdehlər Borclu3, Borclu1, Borclu4, X3 və Borclu5 iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması qət edilmiş və icra edilməsi üçün aidiyyəti üzrə Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə göndərilmişdir. Belə ki, həmin iş hal-hazırda Suraxanı rayon İcra şöbəsinin icra məmuru Rövşən Əliyevin icraatındadır. Qətnamənin qanuni qüvvəsini almasından uzun müddət keçməsinə baxmayaraq, Suraxanı rayon İcra şöbəsinin icra məmuru Rövşən Əliyevin məsuliyyətsizliyi, öz işinə laqeyd yanaşması və səhlənkarlığı nəticəsində bugünkü günədək qətnamə icra edilməmiş, borclu tərəf mənzildən çıxarılmamışdır. Hal-hazırda da icra məmuru tərəfindən qətnamənin icrası istiqamətində heç bir faktiki tədbir görülməməkdədir. Ümumiyyətlə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)- 2121/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsinin icraya göndərilməsindən bugünkü günədək icra məmuru qətnamənin icrası ilə maraqlanmamış, qətnamənin icrası istiqamətində hər hansı tədbir görməmişdir. Bu isə tələbkarın hüquqlarını kobud şəkildə pozmaqdadır. Qətnamənin icrası ilə bağlı icra məmuru ilə əlaqə saxlandıqda isə o, tələbkara qətnaməni icra edə bilməyəcəyini bildirmiş, səbəbini isə Ədliyyə Nazirliyinin buna icazə verməməsini göstərmişdir. Əgər icra məmurunun dediyi kimidirsə, maraqlı olan məsələ Ədliyyə Nazirliyinin məhkəmə qətnaməsinin icrasına niyə maneə olması, niyə buna icazə verməməsidir. Ümumiyyətlə, Ədliyyə Nazirliyinin buna səlahiyyəti vardırmı? Əgər bu Ədliyyə Nazirliyinin icazəsi ilə həll edilən bir məsələ idirsə, o zaman iddiaçı nəyə görə həm vaxtında ayırıb, həm də maddi xərc çəkib məhkəməyə müraciət edirdi? Elə bir başa Ədliyyə Nazirliyinə müraciət edərdi. Tələbkar hesab edir ki, icra məmurlarına öz peşə vəzifələri izah edilməli və məhkəmə qərarlarının Azərbaycan Respublikasının adından icra edilmək üçün çıxarıldığı nəzərlərində saxlanılmalıdır. Əks halda, tələbkar kimi minlərlə vətəndaş məhkəmə müstəvisində işlərinin uğurlu həllinə nail olsa da, icra prosesində çıxılmaz vəziyyətdə salınacaqdır. Suraxanı rayon İcra şöbəsinin icra məmuru Rövşən Əliyevin hərəkətlərindən belə başa düşülür ki, məhkəmə qərarları yalnızca arxivlərin tozlu rəflərində saralmaq üçün çıxarılır, həmin qərarların icrası isə taleyin və qismətin qollarına buraxılır. Tələbkarlara isə yalnızca məhkəmə qərarlarının icra edilməsi üçün dua etmək hüququ verilir. Belə ki, burada böyük sual yaranır. Əgər bu qərarlar icra olunmursa, məhkəmə qərarları kimə və nə üçün lazımdır? İcra məmurunun öz vəzifələrinə laqeyd və məsuliyyətsiz yanaşaraq, icra şöbəsinin nüfuzunu bu qədər aşağı salması tələbkar kimi vətəndaşlarda yalnız gülüş hissləri doğurur. Şikayətin dəqiqləşdirilməsi İcra sənədi üzrə tələbkar X10 şikayətin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e- 2(010)-2121/2020 nömrəli qətnaməsinin icrası istiqamətində icra məmuru Rövşən Əliyevin hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən icra sənədi üzrə tələbkar X10 şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən icra sənədi üzrə Borclu1 şikayəti qəbul etməyərək bildirdi ki, tələbkar tərəf hazırkı şikayətlə məhkəməyə müraciət etməkdə haqlı olsa da, onun müvəqqəti məskunlaşdığı mənzildən başqa yaşayış yeri yoxdur. Belə ki, o, ailə üzvləri ilə birlikdə zorakı yolla tələbkara məxsus mənzilə yerləşməmişdir. Bu yerləşmə dövlət tərəfindən həyata keçirilmişdir. Hazırda da dövlət tərəfindən yeni qərar qəbul edilməsini gözləyir. İşğaldan azad olunmuş ərazilərdə tikilən yeni yaşayış məntəqələrindən ona hər hansı mənzil təklif olunmamış və yeni mənzillə təmin edilməmişdir. Əgər, məhkəmənin qətnaməsi icra edilərsə, o, ailə üzvləri ilə birlikdə çöldə qalacaqdır. Düzdür, məsələlərin bu səviyyəyə gəlib çıxmasını istəməsə də, hazırkı vəziyyətdə heç bir şey edə bilmir və dövlət tərəfindən məcburi köçkün kimi yeni mənzillə təmin olunmağı gözləyir. Odur ki, şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş icra məmuru və icra sənədi üzrə digər borclular məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Həmin şəxslərin məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən, məhkəmə şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İşin faktiki halları Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2(010)- 2121/2020 nömrəli qətnaməsindən müəyyən olunur ki, iddiaçı X6 cavabdehlər Borclu3, Borclu1, Borclu4, X3 və Borclu5 qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi təmin edilmiş, cavabdehlərin iddiaçıya məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” yaşayış sahəsi, ev 5 ünvanında yerləşən 4 nömrəli mənzildən çıxarılması qət edilmişdir. İcra işinin materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərardan müəyyən olunur ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-2121/2020 nömrəli icra sənədi üzrə icraata başlanılmış və icra sənədi üzrə borcluların icra sənədində qeyd olunan ünvanlarına tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. İcra işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi tərəfindən Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli cavab məktubundan müəyyən olunur ki, vətəndaşlar – Borclu1, Borclu3, Borclu4, X3 və Borclu5 1992-ci ildən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” yaşayış sahəsi, ev 5 ünvanında yerləşən 4 nömrəli mənzildə qeydiyyatda olmaqla, həmin ünvanda faktiki olaraq məskunlaşmışlar və Komitə tərəfindən mənzillə təmin olunmamışlar. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş cavab məktubundan müəyyən olunur ki, Laçın şəhərinin Daşlı kəndindən məcburi köçkünlər – Borclu3 ailə üzvləri ilə birgə məcburi köçkün düşdükdən sonra sözügedən mənzildə müvəqqəti məskunlaşmış, məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış məntəqlərində özü və onun ailə üzvləri mənzillə təmin edilməmiş, onlara mənzil təklif olunmamışdır. X3 ailə həyatı qurmuşdur. Həmçinin, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramı”na uyğun olaraq Laçın rayonunun Daşlı kəndindən olan məcburi köçkün ailələrinin qeydiyyatda olduqları doğma yurduna köçürülməsi başlanan zaman sözügedən ünvanda məskunlaşan ailənin də köçürülməsinin nəzərə alınacağı qeyd edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 129. Məhkəmə qərarları və onların icrası. İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 5. Məhkəmələrin qərarları. Məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar (bundan sonra — qərarlar) çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1-1. İcra qanunvericiliyinin prinsipləri. İcra qanunvericiliyi qanunun aliliyinin təmin olunması və hamının qanun qarşısında bərabərliyi, obyektivlik, ədalətlilik prinsiplərinə əsaslanır. Maddə 2. Məcburi icra orqanları. 2.1. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Maddə 12. İcra hərəkətlərinin həyata keçirilməsi müddətləri. 12.1. Bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Maddə 26. İcra sənədlərinin icrasına nəzarət. İcra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Maddə 29. İcraatda tərəflərin hüquq və vəzifələri. 29.1. Tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Maddə 72. Borclunun yaşayış və ya qeyri-yaşayış sahəsindən çıxarılması haqqında icra sənədinin icrası. 72.1. İşə baxan məhkəmə işin hallarından asılı olaraq yaşayış və ya qeyri-yaşayış sahəsinin boşaldılması üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.6-cı maddəsinə uyğun olaraq müddət müəyyən edə bilər. 72.2. Bu Qanunun 72.1-ci maddəsində müəyyən edilmiş müddət başa çatdıqdan sonra borclu yaşayış və ya qeyri-yaşayış sahəsini boşaltmadıqda, onun yaşayış və ya qeyri-yaşayış sahəsindən çıxarılması haqqında icra sənədinə əsasən borclu icra məmuru tərəfindən yaşayış və ya qeyri-yaşayış sahəsindən məcburi qaydada çıxarılır. 72.4. İcra məmuru icra sənədində göstərilmiş sahədən borclunun (çıxarılanın), onun əmlakının, ev heyvanlarının çıxarılmasını təmin edir. Bundan əlavə, borcluya (çıxarılana) həmin sahədən istifadə etməsi qadağan olunur. İcra hərəkətləri həyata keçirilərkən müvafiq sahədə yaşamağa (olmağa) hüquqi əsasları olmayan digər şəxslər də tələbkarın tələbi ilə oradan çıxarılırlar. 72.5. Çıxarılma icra məmuru tərəfindən hal şahidlərinin iştirakı ilə və hökmən əmlak siyahıya alınmaqla həyata keçirilir. İcra məmuru çıxarılma zamanı, müvafiq icra hakimiyyəti və yerli özünüidarə orqanlarının əməkdaşlarını dəvət etmək hüququna malikdir. 72.7. Borclunun yaşayış və ya qeyri-yaşayış sahəsindən çıxarılması haqqında icra məmuru tərəfindən müvafiq akt tərtib olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 15. Məhkəmə aktlarının məcburiliyi. 15.1. Məhkəmə məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 15.3. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmənin mövqeyi və gəldiyi nəticə Məhkəmə tərəflərin izahatını dinləyib, şikayət və ona əlavə edilmiş sənədləri icra işinin materialları ilə əlaqəli şəkildə nəzərdən keçirərək hesab edir ki, şikayət əsaslıdır və təmin edilməlidir. Şikayətdə qeyd edilən halların tam, obyektiv və hərtərəfli şəkildə araşdırılması məqsədilə icra qurumundan icra işinin materialları təqdim edilmiş və icra işinin materialları məhkəməyə təqdim edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2(010)-2121/2020 nömrəli qətnaməsi ilə iddiaçı X6 cavabdehlər Borclu3, Borclu1, Borclu4, X3 və Borclu5 qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi təmin edilmiş, cavabdehlərin iddiaçıya məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” yaşayış sahəsi, ev 5 ünvanında yerləşən 4 nömrəli mənzildən çıxarılması qət edilmişdir. Müvafiq qətnamə xx.xx.2020-ci il tarixdə qanuni qüvvəsini almış və icra edilməsi üçün aiddiyəti üzrə Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə göndərilmişdir. Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru – X4 (hərəkətsizliyindən şikayət edilən şəxs) tərəfindən icra sənədi üzrə icraata xx.xx.2021-ci il tarixdə başlanmış və həmin tarixdə icra sənədi üzrə borclulara tələbin könüllü icra müddətində icra edilməsi, həmçinin icra sənədi üzrə tələbin könüllü qaydada icra edilmədiyi təqdirdə yaranacaq məsuliyyət barədə məlumatı əks etdirən bildiriş göndərilmişdir. İcra sənədi üzrə icraata xx.xx.2021-ci il tarixdə başlansa da, təxminən 3 il ərzində icra sənədi üzrə icra məmuru tərəfindən heç bir icra hərəkəti həyata keçirilməmiş, icra məmuru yalnız xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə sorğu ilə müraciət edilməsi ilə kifayətlənmişdir. İcra işinin materiallarının araşdırılması zamanı icra məmuru tərəfindən müvafiq icra sənədinin icrası istiqamətində bu və ya digər icra hərəkətinin həyata keçirilməsini təsdiq edən hər hansı sənəd aşkar edilməmişdir. Halbuki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən, bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Həmçinin, həmin icra hərəkətləri icra sənədinin effektiv və düzgün icrasına yönəlməklə “zərurilik” meyarı ilə əhatə olunmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı icra sənədi üzrə tələbin icra qaydası, yəni icra məmuru tərəfindən həyata keçirilməli olan icra hərəkətlərinin konkret siyahısı və ardıcıllığı “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 72-ci maddəsi ilə (borclunun yaşayış və ya qeyri-yaşayış sahəsindən çıxarılması haqqında icra sənədinin icrası) dəqiq tənzim edilmişdir. Belə ki, həmin qanunun 72.2-ci maddəsinə əsasən, icra sənədi üzrə tələb könüllü icra müddətində, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.6-cı maddəsində müəyyən edilmiş prosessual müddətdə (qətnamənin icra müddəti) təmin edilmədikdə, yaşayış və ya qeyri-yaşayış sahəsindən çıxarılma haqqında icra sənədinə əsasən borclu(lar) icra məmuru tərəfindən yaşayış və ya qeyriyaşayış sahəsindən məcburi qaydada çıxarılır. Lakin, icra işinin materiallarında icra haqqında qanunvericiliyin imperativ qaydada müəyyən edilmiş tələblərinə icra məmuru tərəfindən riayət edilməsini təsdiq edən heç bir sənəd aşkar edilməmişdir. Göründüyü kimi, icra məmuruna qanunvericiliklə hazırkı icra sənədinin xarakterik xüsusiyyətlərinə uyğun icra qaydasını nəzərdə tutan icra hərəkətlərinin həyata keçirilməsi imkanı verilmiş, icra sənədinin effektiv və hərtərəfli icra qaydası müəyyən edilmişdir. Lakin, icra məmuru tərəfindən bu imkandan istifadə edilməmiş, icra sənədi icrasız qalmışdır. İcra sənədinin icra olunmasının təmin edilməsinə yönəlmiş fəaliyyət - icra məmuru tərəfindən qəbul edilən qərarlar və edilən hərəkətlərdən ibarətdir, həmin fəaliyyətin, yəni icra məmurunun hərəkətlərinin (hərəkətsizliyinin) qanuniliyinin və əsaslılığının qiymətləndirilməsi icra sənədinin icrasının təmin edilməsi baxımından zəruri olubolmaması meyarı üzrə yoxlanılır. Məhkəmə onu da qeyd edir ki, məhkəmə qətnaməsinin icra edilməsi tələbkarın “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması hüququnun tərkib hissəsini təşkil edir. Ədalət mühakiməsi isə cəmiyyətin fundamental dəyərlərinin qorunub saxlanması və bərpa olunmasına, insan toplumunun hüquq və azadlıqlardan yararlanmasına xidmət edən əhəmiyyətli bir mexanizmdir. Ədalət mühakiməsi dövlət adından çıxarılan konkret qərarlarda öz əksini tapır. Məhkəmə qərarlarının icra olunmaması isə ədalət mühakiməsinin nüfuzuna zərbə vurmaqla, onun insan hüquq və azadlıqlarının qorunması və bərpa olunmasında yerinə yetirdiyi etibarlı mexanizm rolunu aşağı salır və nəticədə insanların bu mexanizmdən yararlanmasının real mahiyyəti heçə enir. Bu nüfuzun bərpa olunması isə insan hüquq və azadlıqlarının deklarativ deyil, real mahiyyət kəsb etməsi üçün son dərəcə vacibdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Avropa Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar, §40). Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir (Burdov Rusiyaya qarşı iş üzrə 7 may 2002-ci il tarixli Qərar, §35). Konvensiyanın 6-ci maddəsində ifadəsini tapan “ədalətli məhkəmə baxışına olan hüquq” qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin dövlət tərəfindən icra edilməsi vəzifəsini özündə ehtiva edir. Bu hüququn pozulması icranın tam yerinə yetirilməməsində, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin gecikdiriməsində də təzahür edə bilər. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-2121/2020 nömrəli icra sənədinin icrası ilə bağlı Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru X2 hərəkətsizliyi qanunsuz hesab edilməli və icra məmuru tərəfindən icra sənədinin icrası ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şikayət təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-2121/2020 nömrəli icra sənədinin icrası ilə bağlı Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru X2 hərəkətsizliyi qanunsuz hesab edilsin və icra məmuru tərəfindən icra sənədinin icrası ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülsün. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhər Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar