Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-41/2025 27.01.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas kаtibliyi ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)-67/2024 nömrəli qətnaməsinin icra qaydasının dəyişdirilməsi ilə bağlı iş üzrə cavabdehlər X5 və X7 tərəfindən verilmiş ərizəyə və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)-67/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı X2 icarəsində olan Abşeron rayonu, Abşeron quşçuluq sovxozu ərazisində yerləşən 0.048 ha torpaq sahəsinin 0.0103 ha (103 m2) hissəsində özbaşına tikilmiş tikililərin (fərdi yaşayış evləri) cavabdehlər X5 və X7 tərəfindən sökülməsi və cavabdehlərin həmin torpaq sahəsindən çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi, cavabdehlər X5 və X3 müştərək qaydada 10 manat məbləğində dövlət rüsumu və 311 manat məbləğində mütəxəssis xidməti haqqının tutularaq iddiaçı X4 ödənilməsi, cavabdehlər X5 və X3 50 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Hazırda iş üzrə cavabdehlər Rövşən Məmmədov və Orxan Babayev məhkəməyə ərizə ilə müraciət edərək, qətnamənin icra üsulunun dəyişdirilməsini, iddiaçı Zeynəb İbişovanın icarəsində olan Abşeron rayonu, Abşeron quşçuluq sovxozu ərazisində yerləşən 0.048 ha torpaq sahəsinin 0.0103 ha (103 m2) hissəsinin bazar qiyməti ilə ədalətli dəyərinin ödənilməsinin onların üzərinə qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi ilə sökülməsi qət edilən tikililər onlara məxsusdur. Bu tikililərin bir hissəsi tələbkar Zeynəb İbişovanın icarəsində olan 103 m2 torpaq sahəsinin üzərində, digər hissəsi isə onların özlərinə məxsus torpaq sahəsinin üzərində yerləşir. Yəni məhkəmə qətnaməsinə əsasən, onların hər ikisinə məxsus evin bir hissəsi sökülməli, onların tikilmiş, hazır olan və içərisində yaşadıqları evlərinin bir hissəsi sökülərək, tələbkarın icarə hüququ bərpa edilməli, torpaq sahəsinin 103 m2 hissəsi tələbkara qaytarılmalıdır. Bu qətnamənin icra edilməsi ilə onlara dəyən zərər tələbkarın bərpa edilməli olan hüququndan qat-qat yüksək olacaq, söküntü ilə tələbkara məxsus hüququn bərpa edilməsi arasında olan mütənasiblik ədalətsizliyə gətirib çıxaracaqdır ki, bu da “ədalətli balans” prinsipinin pozulmasına səbəb olacaqdır. Belə ki, tələbkara qaytarılmalı olan ona məxsus 103 m2 torpaq sahəsinin ən yüksək dəyəri 3500 manat təşkil edir ki, onlar da həmin məbləği kompensasiya qismində tələbkara ödəməyi təklif edirlər. Lakin 103 m2 torpaq sahəsində tikilən iki evin bir hissəsinin sökülməsi həmin iki evi yararsız vəziyyətə salacaqdır ki, bununla da hər birinə 60000 manat məbləğində zərər dəyəcəkdir. Halbuki onlar ümumilikdə dəyəcək 120000 manat məbləğində zərərin qarşılığında cavabdehə məxsus torpaq sahəsi üzərində olan icarə hüququnun dəyərinin ödənilməsini daha məqsədəmüvafiq hesab edirlər və belə hesab edirlər ki, bununla da ədalətli balans prinsipi qorunub saxlanacaqdır. Bu baxımdan belə hesab edirlər ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-67/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin icra üsulu dəyişdirilməli, tələbkara qaytarılmalı olan torpaq sahəsinin naturada deyil, həmin sahənin pul ilə ifadə edilmiş məbləği ona ödənilməlidir. Belə ki, həmin qətnamədə X2 icarəsində olan Abşeron rayonu, Abşeron quşçuluq sovxozu ərazisində yerləşən 0.048 ha torpaq sahəsinin 0.0103 ha (103 m2) hissəsində özbaşına tikilmiş tikililərin onlar tərəfindən sökülməsinin və onların həmin torpaq sahəsindən çıxarılmasının göstərilməsi həmin torpaq sahəsinin naturada tələbkara təhvil verilməsi kimi başa düşülür. Lakin naturada verilməli olan hər bir əmlakın dəyəri olduğu kimi hazırkı icra vərəqəsinin predmeti olan torpaq sahəsinin də pulla ifadə olunan dəyəri var və onlar da həmin torpaq sahəsinin dəyərinin tələbkara ödənilməsinə razıdırlar. Nə qədər ki, tələbkara məxsus olan torpaq sahəsinin dəyəri onlara məxsus olan və sökülməsi nəzərdə tutulan evlərin dəyərindən 40 dəfə azdır, onlar bu torpağın dəyərini ödəməklə ədalətli balansı təmin etmək istəyirlər. Ərizəyə baxılması ilə əlaqədar təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə həm icra sənədi üzrə borclulara (ərizəçilərə), həm tələbkara, həm də icra hərəkətlərini həyata keçirən icra orqanına lazımi qaydada məlumat verilmiş, lakin tərəflərdən heç biri məhkəmə iclasında iştirak etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə ərizəyə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən, həmin ərizələrə (qətnamənin icrasına möhlət vermək və ya qətnaməni hissə-hissə icra etdirmək, habelə onun icra üsulunu və qaydasını dəyişdirmək barədə) məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə ərizəni ona əlavə edilmiş sənədlərlə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmişdir ki, iş üzrə cavabdehlər Rövşən Məmmədov və Orxan Babayev iddiaçı Zeynəb İbişovanın icarəsində olan torpaq sahəsinin bir hissəsini – 0.0103 ha (103 m2) - zəbt edərək orada özbaşına tikililər tikmişlər. Məhkəmənin iş üzrə aparılmış məhkəmə araşdırmasının yekununda gəldiyi qənaət o olmuşdur ki, bu tikililər cavabdehlər tərəfindən sökülməli və cavabdehlər həmin torpaq sahəsindən çıxarılmalıdırlar. Bir ilə yaxın müddət əvvəl qəbul edilmiş qətnamədən tərəflərdən heç biri apellyasiya şikayəti verməmiş, qətnamə icraya yönəldilmişdir. Hazırda icra sənədi üzrə borclu olan iş üzrə cavabdehlər tərəfindən məhkəməyə təqdim edilmiş ərizənin məzmunu ondan ibarətdir ki, məhkəmə qətnaməsi ilə iddiaçı Zeynəb İbişovaya təhvil verilməsi qət edilən torpaq sahəsinin dəyəri bir hissəsi həmin sahə üzərində tikilmiş tikililərin dəyərindən dəfələrlə azdır. Ərizəçilərin fikrincə, bu, qətnamənin icra üsulunun dəyişdirilməsini, yəni iddiaçıya təhvil verilməli olan torpaq sahəsinin əvəzinə həmin sahənin dəyərinin ona verilməsi ilə qətnamənin icra edilməsini zəruri edir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, ərizədə hər nə qədər qətnamənin icra üsulunun dəyişdirilməsindən söhbət getsə də ərizənin yuxarıda qeyd edilmiş məzmunundan görünür ki, məsələ qətnamənin icra qaydasının dəyişdirilməsi ilə bağlıdır. Belə ki, ərizəçilər mahiyyət etibarilə qətnamə əsasında həyata keçirilməli olan icra hərəkətlərinin məzmununun (həyata keçirilməsi şərtlərinin) dəyişdirilməsini xahiş etmişlər. Nəzərə alınmalıdır ki, məhkəmə qətnaməsinin icra üsulları iş üzrə tərəflərdən birinin pozulmuş hüquqlarının bərpasına yönəlmiş hərəkətlər sistemini nəzərdə tutur. Məhkəmə qətnaməsinin icra qaydası isə müvafiq məhkəmə aktının icra üsullarının məzmununu təşkil edən, müəyyən ardıcıllıqla və müvafiq qaydalara riayət etməklə yerinə yetirilən hərəkətlərin məcmusudur. Qətnamənin icra qaydasının dəyişdirilməsi məhkəmə tərəfindən icra hərəkətlərinin yerinə yetirilməsi ardıcıllığının (növbəliliyinin), yaxud göstərilən hərəkətlərin məzmununun (həyata keçirilməsi şərtlərinin) dəyişdirilməsində ifadə olunur (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2015-ci il tarixli qərarı). Məhkəmə hesab edir ki, hazırkı işdə qətnamənin icrası qaydasının dəyişdirilməsini zəruri edən hallar müəyyən edilmir. Nəzərə alınmalıdır ki, iddiaçı Zeynəb İbişova icarəsində olan torpaq sahəsinin bir hissəsinin cavabdehlər tərəfindən zəbt edilməsi ilə bağlı hüquqlarının müdafiəsi üçün məhkəməyə məhz torpaq sahəsinin boşaldılaraq (üzərindəki tikililərin sökülərək) ona təhvil verilməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəmə qətnaməsi də məhz bu istiqamətdə çıxarılmışdır. Dolayısı ilə hazırda yalnız cavabdehlərin xahişi əsasında iddiaçıya təhvil verilməli olan torpaq sahəsinin cavabdehlər tərəfindən ona ödənilməli olan müəyyən kompensasiya məbləği ilə əvəzləşdirilməsi son nəticədə iddiaçının məhkəməyə müraciət etmək hüququnun pozulmasına gətirib çıxara bilər. Belə ki, məhkəməyə müraciət etmək hüququ, həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Digər tərəfdən, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları bütün şəxslər üçün məcburidir və Azərbaycan Respublikası ərazisində hökmən icra olunmalıdır. Məhkəmə qeyd edir ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar (“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2005-ci il tarixli qərarı). Bu baxımdan məhkəmə hesab edir ki, qətnamənin icra qaydasının ərizəçilərin xahiş etdiyi məzmunda dəyişdirilməsi son nəticədə iş üzrə iddiaçının müvafiq məhkəmə qətnaməsi ilə nail olduğu pozulmuş hüquqlarının müdafiəsi üsuluna zidd olmaqla, onun mənafelərini pozur. Belə ki, hazırkı ərizənin təmin edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında zəbt edildiyi müəyyən edilən torpaq sahəsi üzərində hüquqlarının real olaraq bərpa edilməsi hüququndan (torpaq sahəsinə naturada sahiblik etmək, ondan istifadə etmək) iddiaçını məhrum edir. Bu səbəbdən məhkəmə hesab edir ki, ərizə təmin edilməməlidir. Bununla belə məhkəmə qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikasının qanununun 20-ci maddəsində nəzərdə tutulan icra sənədi üzrə icraata xitam verilməsinin əsaslarından biri də məhkəmənin tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etməsidir. Bu baxımdan hazırkı iş üzrə ərizəçilər – borclular icra sənədi üzrə tələbkara müvafiq barışıq sazişinin bağlanması təklifi ilə müraciət edə, icra sənədinə əsasən onlar tərəfindən sökülərək tələbkara təhvil verilməsi müəyyən edilən torpaq sahəsini tələbkara onunla qarşılıqlı razılığa uyğun müəyyən edilmiş kompensasiya məbləğinin ödənilməsi ilə əvəzləşdirə, müvafiq barışıq sazişinin təsdiq edilməsi ilə bağlı məhkəməyə müraciət edə bilərlər. Lakin artıq yuxarıda əsaslandırıldığı kimi, tələbkarın razılığı olmadan belə bir “əvəzləşdirmənin” aparılması iddiaçının məhkəməyə müraciət etmək hüququnu pozur və bu səbəbdən hazırkı ərizə təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 231. Qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması. 231.1. İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. 231.2. Həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. 231.4. Qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, ərizə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 231, 263-264, 266-269 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)-67/2024 nömrəli qətnaməsinin icra qaydasının dəyişdirilməsi ilə bağlı iş üzrə cavabdehlər X5 və X7 tərəfindən verilmiş ərizə təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №8(010)-41/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-41/2025
27.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver