Məhkəmə qərarları › İş №8(010)-413/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-413/2025

15.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-413/2025 15.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi, icra sənədi üzrə borclu X3 iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(010)- 1613/2025 nömrəli qətnaməsinin hissə-hissə icra edilməsi barədə icra sənədi üzrə borclu X4 tərəfindən verilmiş ərizəyə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizənin məzmunu İcra sənədi üzrə borclu X4 qətnamənin hissə-hissə icra edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(010)-1613/2025 nömrəli qətnaməsi ilə müəyyən olunmuş 1473.2 manat məbləğində borcun hissə-hissə, hər ay 100 manat məbləğində olmaqla Tələbkarnə ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İcra sənədi üzrə borclu ərizəni onunla əsaslandırmışdır ki, iddiaçı Tələbkar (bundan sonra – Tələbkar MMC) ona qarşı iddia ərizəsi əsasında alğı-satqı mübahisəsi üzrə mülki işə baxılaraq, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən xx.xx.2025-ci il tarixli, e- 2(010)-1613/2025 nömrəli məhkəmə qətnaməsi çıxarılmışdır. Həmin məhkəmə qətnaməsini o almamışdır. Lakin, bir neçə gün bundan əvvəl Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə dəvət olunduqdan sonra icra sənədinə əsasən məlum olmuşdur ki, məhkəmə qətnaməsi ilə iddiaçı Tələbkar MMC-yə 1433.2 manat əsas borc və 40 manat cərimə məbləği, cəmi 1473.2 manat məbləğində borcun olması müəyyən edilmişdir. Hazırda məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədi Bakı şəhəri Suraxanı rayon İcra şöbəsində icra məmuru X1 icraatındadır. İddiaçı cəmiyyətlə aralarında bağlanmış alğısatqı müqaviləsi üzrə ilk vaxtlar ödənişləri həyata keçirsə də, sonradan işdən çıxdığına görə ödəniş edə bilməmişdir. Hal-hazırda isə işə düzəlmişdir, adında heç bir əmlak yoxdur. Məhkəmə qətnaməsində qeyd olunan 1473.2 manat borcu birdəfəlik ödəmək onun imkanı xaricindədir. Ona görə də, məhkəmə qətnaməsi ilə müəyyən edilən borcu hissə-hissə ödəmək məcburiyyətində qalmışdır. Hazırda şirkətlə müqavilə əsasında taksi kimi fəaliyyət göstərir və işlədiyi yerdən aldığı əmək haqqından hər ay 100 manat ödəyə bilər. Tərəflərin izahatları İcra sənədi üzrə tələbkarın nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılması və ərizənin rədd edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən icra sənədi üzrə borclu X4 ərizənin məzmununa uyğun izahat verərək, məhkəmədən ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş icra məmuru məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikası MPM-nin 231.2-ci madəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. İşin faktiki halları Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(010)- 1613/2025 nömrəli qətnaməsindən müəyyən olunur ki, iddia qismən təmin edilmiş, X2 xx.xx.2024-cü il tarixli, ********* saylı müqavilə üzrə 1433.2 manat ödənilməmiş məbləğ, 40 manat cərimə məbləği, cəmi 1473.2 manat və 34.73 manat dövlət rüsumunun tutularaq Tələbkar MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Borclu maddi vəziyyətini əsas gətirərək həmin qətnamənin hissə-hissə icra edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmiş, iş üzrə tələbkar isə ərizənin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 231. Qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması. 231.1. İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. 231.2. Həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. 231.3-1. Məhkəmə borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimata onun daxil olduğu vaxtdan 5 iş günü müddətində, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında ərizələrə və icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara onların daxil olduğu vaxtdan 10 iş günü müddətində baxır. 231.4. Qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması barədə məhkəmə qərardadından şikayət verilə bilər. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 15. Məhkəmə və digər orqanların qərarlarının icrasına möhlət verilməsi və ya onların hissə-hissə icrası. Tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli, 04 nömrəli qərarı

12. Məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər.

13. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar.

Məhkəmənin mövqeyi və gəldiyi nəticə Məhkəmə borclunun izahatını, ərizəni və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, icra qeydinin hissə-hissə icra edilməsi müstəsna hal olub, borclunun ağır əmlak vəziyyəti və yaxud qətnamənin icrası üçün çətinlik törədən, borclu tərəfindən icra qeydinin icrasına mane olan əlverişsiz hallar yarandıqda tətbiq oluna bilər. Bu halda qanunvericiliyinə əsasən borclunun əmlak vəziyyətinin və digər halların borcun birdəfəlik ödənilməsinə imkan verməməsini sübut etmək vəzifəsi belə ərizə ilə məhkəməyə müraciət etmiş borclunun üzərinə düşür. Lakin borclununu ərizədə göstərdiyi dəlillər yalnız yazılı mülahizələrdən ibarət olmaqla, sübutetmə yükünun onun üzərində olmasına baxmayaraq, zəruri sübutları ərizəyə əlavə etməmişdir. Məhkəmə iclasında borclunun izahatı əsasında müəyyən edilmişdir ki, o, icra sənədində göstərilən məbləği aylıq 100 manat ödəməklə icra sənədinin icrasını təmin edə bilər. Məhkəmə hesab edir ki, borclunun təklif etdiyi həmin ödəniş qaydası və məbləği tələbkarın mənafeyinə ziddir, eyni zamanda, icra sənədinin icrasından yayınmaq və icra sənədinin icrası müddətinin uzadılması məqsədini daşımaqdadır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 12-ci bəndində qeyd olunmuşdur ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Bu hissədə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, ərizənin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Göründüyü kimi, qətnamənin hissə-hissə icra edilməsi ilə bağlı tələbkarın mövqeyi qətidir və birmənalı xarakter daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 22 may 2015-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, qətnamənin icra qaydasının dəyişdirilməsi işdə iştirak edən şəxslərin məhkəmə müdafiəsi hüququnun səmərəliliyini təmin edən vasitə kimi qiymətləndirilir və belə yanaşma Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin tələblərinə cavab verir. Burada bir daha nəzərə almaq lazımdır ki, möhlət verilməsi nəticəsində qanuni qüvvəyə minmiş qətnamə üzrə icra hərəkətlərinin uzun müddət ərzində başlaya bilməməsi məhkəməyə müraciət etmək hüququnun, habelə məhkəmə müdafiəsi təminatının ağlabatan müddətdə həyata keçirilməsi tələbinin pozulmasına gətirib çıxara bilər. Belə ki, artıq qeyd edildiyi kimi, məhkəməyə müraciət etmək hüququ, həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Yuxarıda göstərilən səbəbdən icra üzrə icraatın uzun müddət ərzində başlanmaması məhkəməyə müraciət etmək hüququnu əhəmiyyətsiz edə bilər. Məhkəmə qeyd edir ki, məhkəmə qətnaməsinin icra edilməsi tələbkarın “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması hüququnun tərkib hissəsini təşkil edir. Ədalət mühakiməsi isə cəmiyyətin fundamental dəyərlərinin qorunub saxlanması və bərpa olunmasına, insan toplumunun hüquq və azadlıqlardan yararlanmasına xidmət edən əhəmiyyətli bir mexanizmdir. Ədalət mühakiməsi dövlət adından çıxarılan konkret qərarlarda öz əksini tapır. Məhkəmə qərarlarının icra olunmaması isə ədalət mühakiməsinin nüfuzuna zərbə vurmaqla, onun insan hüquq və azadlıqlarının qorunması və bərpa olunmasında yerinə yetirdiyi etibarlı mexanizm rolunu aşağı salır və nəticədə insanların bu mexanizmdən yararlanmasının real mahiyyəti heçə enir. Bu nüfuzun bərpa olunması isə insan hüquq və azadlıqlarının deklarativ deyil, real mahiyyət kəsb etməsi üçün son dərəcə vacibdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Avropa Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar, §40). Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir (Burdov Rusiyaya qarşı iş üzrə 7 may 2002-ci il tarixli Qərar, §35). Konvensiyanın 6-ci maddəsində ifadəsini tapan “ədalətli məhkəmə baxışına olan hüquq” qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin dövlət tərəfindən icra edilməsi vəzifəsini özündə ehtiva edir. Bu hüququn pozulması icranın tam yerinə yetirilməməsində, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin gecikdiriməsində də təzahür edə bilər. Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsinin məzmunundan, həmçinin yuxarıda qeyd olunan hüquq normalarından və həmin hüquq normalarının şərhi və tətbiqi praktikasından görünür ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası və icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında məsələ həll edilərkən, ilk növbədə tərəflərin əmlak vəziyyəti, borclu üçün əlverişli olmayan və qətnamənin icrası üçün çətinlik yaradan müxtəlif hallar, xüsusilə də borclunun əmlak vəziyyətinin ağırlığı nəzərə alınmalı, həmçinin bu zaman tələbkarın da mənafeyi nəzərə alınmalı və onun qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş hüquqlarının pozulmasına yol verilməməlidir. Qeyd olunanlara əsasən belə nəticəyə gəlmək olar ki, qətnamənin hissə-hissə icra edilməsi məhkəmə uduşundan və bununla da mülkiyyət sayılan icra sənədində göstərilən məbləğdən yararlanmaqla ədalətli məhkəmə araşdırması hüququ və mülkiyyət hüquqlarının təmin olunmasında ifadə olunan tələbkarın marağını əhəmiyyətli dərəcədə pozacaq, tələbkarın mənafeyi ilə borclunun mənafeyi arasında ədalətli tarazlıq prinsipi pozulmuş olacaqdır. Məhkəmə aktının hissə-hissə icra edilməsinə icazə verilməsi bunu xahiş edən şəxsin əmlak vəziyyətinin həmin aktın icrasına maneə törədəcək şəkildə aşağı olmasının müəyyən edilməsindən asılı olduğu qədər, həm də onun təklif etdiyi icra qaydası tələbkarın da hüquqlarını pozmamalı və məhkəmə aktının real icrasını təmin etməli, tələbkarın həmin aktın icrasının qısa müddət ərzində təmin olunmasına dair qanuni mənafeyi mütləq nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, icra sənədi üzrə borclu X4 tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi üzrə hissə-hissə, yəni aylıq 100 manat məbləğində ödəniş edilməklə qətnamənin icrasının həddindən artıq uzun müddət davam edəcəyini, bununla da tələbkarın dövlət tərəfindən təminat verilən ədalətli məhkəmə baxışına olan hüququnun pozulacağını, yəni qətnamənin hissə-hissə icra edilməsi ilə bağlı ərizənin təmin edilməsinin tələbkarın mənafeyinə uyğun olmadığını nəzərə alaraq, ərizə əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 231, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(010)- 1613/2025 nömrəli qətnaməsinin hissə-hissə icra edilməsinə dair icra sənədi üzrə borclu X4 tərəfindən verilmiş ərizə təmin edilməsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar