Məhkəmə qərarları › İş №8(010)-416/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-416/2025

27.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-416/2025 27.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi ilə, X1, Tələbkar və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-266/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə X9 hər ay qazancının və (və ya başqa) gəlirlərinin ¼ hissəsi miqdarında tutulan alimentin 50%-nin bank hesabına köçürülməsi barədə X1 ərizəsinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i : Ərizənin məzmunu X4 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-266/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə X9 04 fevral 2022-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında tutulan alimentin 50%-nin Bank hesabına köçürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-266/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə 04 fevral 2022-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin dördə bir hissəsi miqdarında alimentin X9 Tələbkar xeyrinə tutulması qət edilmişdir. O, halhazırda X6 Nəqliyyat İdarsində çalışır və onun aylıq əmək haqqı 3000 manat təşkil edir. Uşağın mənafeyinin nəzərə alınmasını, gələcək təminatının yaxşı olmasının nəzərə alınmasını və hər ay tutulan alimentin 50%-nin Bank hesabına köçürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları X4 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Tələbkar ilə nikahları Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-266/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə pozulmuş, azyaşlı uşağın anasının himayəsində saxlanılması və 04 fevral 2022-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin dördə bir hissəsi miqdarında alimentin ondan tutulması qət edilmişdir. O, hal-hazırda X7 işləyir və ayın 15-18 gününü dənizdə olur. Onun aylıq əmək haqqı məbləği zəruri xərclər də nəzərə alınmaqla 2800-3500 manat təşkil edir. O, hesab edir ki, hər ay qazancının və başqa gəlirlərinin dördə bir hissəsi miqdarında alimentin məbləği çox olur və uşağın gələcəyi üçün ödədiyi aylıq aliment məbləğinin 50%-ni uşağın bank hesabına yığılmasını məqsədəuyğun hesab edir. Belə olan halda uşağın 18 yaşına çatana qədər əlli-altmış min məbləğində pul yığılacaqdır. O, uşaqla cəmi bir ay müddətində birlikdə yaşadığını, hal-hazırda uşaqla bağlı bütün xərcləri ödədiyini, ortopedik ayaqqabı, paltar aldığını və uşaq olmazdan əvvəl belə öz ailəsini yüksək səviyyədə saxladığını bildirmişdir. Tələbkar ərizəni qəbul etməyərək bildirmişdir ki, ailəni X13 dağıtmışdır. O, 8 il ərzində iki dəfə borclu ilə nikaha daxil olub, daha sonra ayrılmışdır. Mütəmadi olaraq döyülməsi, təhqir edilməsi, ailə münasibətlərinin pozulmasına gətirib çıxartmışdır. X3 süni mayalanma ilə dünyaya gəlmişdir. Belə ki, uşağın xəstəxana xərcləri X13 tərəfindən ödənilmiş, qalan digər xərclər isə onun ailəsi tərəfindən ödənilmişdir. Təyin olunmuş aylıq aliment miqdarının 50% bank hesabına ödənildikdən sonra qalan 250 manat aliment məbləği ilə uşağın saxlanması və onun tələbatının ödənilməsi mümkün deyildir. Bank hesabında yığılan vəsait, qızları yetkinlik yaşına çatdıqda faktiki olaraq əhəmiyyətli dərəcədə az məbləğ olacaq, uşaq üçün heç bir əhəmiyyət kəsb etməyəcəkdir. Lakin halhazırda uşağın tələbatları ödənilməlidir. Belə ki, X10 aylıq qazanc məbləği 3000 manat, onun qazancı isə 800 manat təşkil edır. Uşaq hal-hazırda özəl bağçaya gedir və aylıq 250 manat ödəniş olunur. Ona maddi dəstək yalnız ailəsi tərəfindən olunur. X14 ilə atası X10 görüşünü isə hər zaman təşkil etmiş, lakin ata əsəbi olduğundan uşağı ondan qorumağa çalışır. Qeyd olunanlara əssaən ərizənin rədd olunmasını xahiş etmişdir. Tələbkar etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil ərizəyə etiraz edərək bildirmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-266/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə X9 04 fevral 2022-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. Qarşı tərəf verdiyi ərizəsini onunla əsaslandırmışdır ki, o, ARDNŞ-nin Nəqliyyat İdarəsində çalışır və aylıq əmək haqqı 3 000 manat təşkil edir. Uşağının mənafeyini nəzərə alaraq, onun gələcəkdə təminatının yaxşı olması üçün əmək haqqından tutulan alimentin 50% faizinin bank hesabına köçürülməsini məqsədə uyğun hesab edir. İlk növbədə nəzərə almaq lazımdır ki, qarşı tərəf hər ay 3000 manat əmək haqqı alsa da, faktiki olaraq 450-500 manat civarında aylıq ailment ödəyir. Ödənilən alimentin 250 manatı uşaq baxçasına xərclənir, yerdə qalan 200-250 manat isə uşağın digər tələbatını ödəməyə kifayət etmir. Tələbkar yaranan digər xərcləri isə yaxın qohumlarının köməkliyi ilə özü qarşılamağa çalışır. Məlum olduğu kimi uşaq surətlə böyüyür, ona alınan geyimlər həm uşağın tez böyüməsi ilə, həmçinin uşaq olduğu üçün geyimlərini qoruyub saxlamadığı üçün, həmçinin mövsüm dəyişikliyi ilə əlaqədar olaraq mütəmadi olaraq hər ay uşaq geyimləri alınır və buna da kifayət qədər vəsait yəni təxminən hər ay 150-200 manat pul xərclənir. Bununla yanaşı nəzərə almaq lazımdır ki, uşaq bağçaya getdiyi üçün bağça tərəfindən keçirilən bayram tədbirləri və digər tədbirlərdə uşaq üçün xüsusi geyimlər alınır və buna da kifayət qədər vəsait, təxminən hər ay 50-60 manat xərclənir. Bundan başqa nəzərə almaq lazmıdır ki, uşağın gündəlik meyvə, sok, şokolad, dondurma, meyvə şirəsi, bal, tort, süd, yoqurt və digər istəklərinin təmin edilməsi məqsədi ilə gündəlik orta hesabla 10-15 manat, aylıq isə 300- 400 manat əlavə vəsait xərclənir. Bununla yanaşı uşağın mütəmadi olaraq normal qidalanması üçün mal, quzu, toyuq və digər quş ətləri, dəniz məhsulları, balıq, kərə yağı, kənd yumurtası və.s, eləcə də tərəvəzlərin alınması üçün isə aylıq təqribən 300 manat civarında vəsait xərclənir. Uşağın sağlam böyüməsi üçün mütəmadi olaraq vitaminlər və omega 3, eləcə də, həkim tövsiyyəsinə əsasən zəruri dərman və qida əlavələrinin alınması üçün hər ay təxminən 100-150 manat pul xərclənir. Bundan başqa uşağın hər ay həkim müayinələrindən keçirilməsi zəruri olur ki, buna da, kifayət qədər tələbkar tərəfindən xərc çəkilir. Həmçinin nəzərə almaq lazımdır ki, uşağın sağlamlıq, qida, təhsil, sosial və.s kimi tələbatının ödənilməsi üçün mütəmadi olaraq taksi fəaliyyətindən istifadə edilir, bu xərclərin qarşılanması da, tələbkarın üzərinə düşür. Bununla yanaşı uşaq evdə olduğu üçün mütəmadi olaraq mənzilin yayda soyudulması, qışda isə isidilməsi üçün kifayət qədər kommunal xidmət xərcləri xərclənir. Digər tərəfdən nəzərə almaq lazımdır ki, qanunvericiliyin tələblərinə görə alimentin təyin edilməsi ilə bağlı məhkəmə tərəfindən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İşin mübahisəsiz tərəfi ondan ibarətdir ki, qarşı tərəf aylıq 3000 manat əmək haqqı alır və əvvəllər də eyni məbləğdə əmək haqqı alıb, maddi təminatı yüksək səviyyədədir. Tərəflərin ailəlik müddətində qarşı tərəf ailəsinə maddi baxımdan yaxşı baxıb, ailə üçün yüksək keyfiyyətli qida və geyim malları ilə təmin etmiş, demək olar ki, qazancının hamısını ailənin dolandırılması üçün xərcləyib. Lakin mütəmadi olaraq tələbkarı döyməsi, təhqir etməsi, ailə münasibətlərinin pozulmasına gətirib çıxartmışdır. Bununla yanaşı nəzərə almaq lazımdır ki, qarşı tərəf məhz uşağın saxlanılması üçün aylıq 1000 manat vəsait xərcləmişdir. Belə olan halda hazırda ödənilən 500 manat alimentin yarı faizinin bank hesabına köçürülməsi barədə verilmiş ərizə, uşağın əvvəlki yaşayış səviyyəsinin təmin edilməməsi ilə nəticələnə biləcəyi üçün təmin edilməməlidir. Bununla yanaşı nəzərə almaq lazımdır ki, tərəflər arasında nikahın pozulmasına dair məhkəmə aktı xx.xx.2023-cü il tarixdən çıxarılsa da, tərəflər faktiki olaraq 2022-ci ildən iddia tələbinin verildiyi vaxtdan yəni, birgə təsərüfat aparmırlar və boşanmaya dair iddia tələbi məhz 2022-ci ildən verilmiş, alimentin tutulması isə 2022-ci ildən hesablanmışdır. Göründüyü kimi ödənilən aliment uşağın saxlanması və tələbatının ödənilməsi üçün kifayət qədər deyil. Bundan başqa nəzərə almaq lazımdır ki, uşağın hər iki ayaqları yastıpəncədir. Gələcəkdə uşağın skolioz xəstəsi olmaması üçün onun mütəmadi olaraq üzgüçülüyə getməsi, ortopedik ayaqqabılardan istifadə etməsi, həmçinin bununla bağlı masaja getməsi həkim tərəfindən tövsiyyə olunmuşdur. Faktiki olaraq hər 3-4 aydan bir 80 manat dəyərində olan ortopedik ayaqqabı uşaq üçün alınır. Göründyü kimi uşağın aliment xərcləri ilə yanaşı digər xərcləri də, mövcuddur. Bütün bunlar qarşı tərəfə bəllidir. Belə olan halda nəinki alimentin 50 faizinin bank hesabına köçürülməsi, əksinə ailmentin artırılması zəruridir. Bununla yanaşı nəzərə almaq lazımdır ki, X2 qədər böyük məbləğdə əmək haqqı almasını iddia edir. Hər ay aldığı 3000 manat əmək haqqından orta hesabla 500 manat aliment verdiyi halda əlində 2500 manat vəsait qalır və həmin əlində qalan vəsaitdən uşağın bank hesabına köçürmək hüququ var. Lakin alimentin 50 faizinin uşağın bank hesabına köçürülməsi uşağın tələbatının ödənilməməsinə gətirib çıxara bilər. Buna görə də, X10 hazırda verdiyi ərizə uşağın mənafeyinə xidmət etmədiyi üçün təmin edilməməlidir. Bununla yanaşı nəzərə almaq lazımdır ki, ailment tələbi 2022-ci il tarixdən tutulduğundan və həmin vaxtdan və hal-hazıradək yəni 2022-2025-ci illərdə ölkədə infilyasiya dərəcəsi 27.9 faiz təşkil etdiyindən X13 tərəfindən verilmiş ərizə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasında 2022-2025-ci illər arasında inflyasiya göstəriciləri aşağıdakı kimi olub: - 2022-ci il - 13.2% - 2023-cü il - 8.8% - 2024-cü il - 2.1% - 2025-ci il - 3.8% Bu illər üzrə yəni, 2022-2025-ci illər üzrə ümumi inflyasiya cəmi: 13.2% + 8.8% + 2.1% + 3.8% = 27.9% infilyasiya təşkil edir. Bu göstəricilər Dövlət Statistika Komitəsi və Mərkəzi Bank tərəfindən açıqlanmış məlumatlara əsaslanır. İnfilyasiyanın azalması sərt pul- kredit siyasəti və qlobal iqtisadi dəyişikliklərlə əlaqələndirilir. Göründüyü kimi alimentin tutulduğu vaxtdan ölkə üzrə 27.9% infilyasiya təşkil etdiyindən, ərzaq, məhsul və xidmət sahəsi üzrə bu qədər qiymət artımı olduğu təqdirdə alimentin 50 fazinin uşağın bank hesabına köçürülməsi kimi deyil, əksinə alimentin məbləğinin artırılması akual olmalıdır. Həmçinin nəzərə almaq lazımdır ki, hazırda ödənilən aliment uşağın mənafeyi üçün xərcləndiyi təqdirdə, sürətlə infilyasiya getməsini nəzərə alsaq, uşaq 18 yaşına çatanda onun bank hesabına köçürülmüş vəsait kifayət qədər dəyərdən düşmüş məbləğ kimi formalaşması ehtimalı yüksəkdir. Belə ki, 2022-2025-ci illərdə yəni, 4 il ərzində 27.9 faiz infilyasiya getməsi gələcəkdə hər 1 ilə münasibətdə orta hesabla (27.9:4=6.975) 6.975 faiz infilyasiya olarsa alimentin gələcəkdə ödənilməsi üzrə qarşıda olan 14 il müddətində 14x6.975=97.65 faiz infilyasiya kimi hesablanır. Bu isə gələcəkdə həmin vəsaitin faktiki olaraq əhəmiyyətli dərəcədə az məbləğ olmasına gətirib çıxaracağına, uşaq üçün əhəmiyyət kəsb etməyəcəyinə dəlalət edir. Bununla yanaşı nəzərə almaq lazımdır ki, əmək haqqının 1/4 hissəsində ailmentlə yanaşı borcludan hər ay uşaq saxlanılması üçün 60 manat maddi yardım şəklində vəsait tutulub tələbkara verilsə də, artıq xx.xx.2025-ci il tarixdən etibarən həmin 60 manatda borcludan tutulmur. Borclu aliment ödənişi ilə yanaşı həmin 60 manatı da ödəmək ixtidarında olub. Belə olan halda alimentlə yanaşı 60 manat uşağa baxması üçün atadan tutularaq anaya ödənilən həmin maddi yardımı əgər uşağın mənafeyini həqiqətən ata düşünürsə öz istəyi ilə uşağın bank hesabına köçürə bilər. Lakin hazırki verilmiş ərizə uşağın mənafeyinə xidmət etmir, buna baxmayaraq tələbkarın onunla boşandığı üçün uşağı saxlamasının çətinləşdirilməsi məqsədi ilə verilmişdir. Bu isə heç bir halda uşağın mənafeyinə xidmət edə bilməz. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-266/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edimiş, X13 ilə Tələbkar arasında 26 fevral 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsində 20 nömrə ilə qeydə alınmış nikahın pozulması, X13 ilə Tələbkar birgə nikahlarından doğulmuş 04 fevral 2022-ci il təvəllüdlü X14 boşanmadan sonra anası Tələbkar yanında qalması, X9 04 fevral 2022-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin dördə bir hissəsi miqdarında aliment, habelə uşağın üç yaşına çatanadək saxlanılması üçün hər ay 60 manat maddi yardım tutularaq Tələbkar ödəniməsi, aliementin tutulması müddəti 03 oktyabr 2022-ci il tarixdən, maddi yardımın tutulması müddəti 06 oktyabr 2022-ci il tarixdən müəyyən edilməsi qətnamənin aliment və maddi yardım hissələrində dərhal icra olunması qət olunmuşdur. xx.xx.2025-ci il tarixli Arayışdan müəyyən olunur ki, X10 2022-ci il üzrə üçün hesablanmış əmək haqqı 2382,05 manat, ödənilmiş aliment 1011,96 manat, 2023-cü il üçün hesablanmış əmək haqqı 26240,41 manat, ödənilmiş aliment 7091,68 manat, 2024cü il üçün hesablanmış əmək haqqı 28235,69 manat, ödənilmiş aliment 7641,61 manat və 2025-ci il üçün hesablanmış əmək haqqı 9919,81 manat, ödənilmiş aliment 2202,56 manat təşkil edir. xx.xx.2025-ci il tarixli Maliyyə Arayışından müəyyən olunur ki, 3 saylı xx.xx.2025-ci il tarixli müqavilə üzrə aylıq 250 manat ödənişlər Tələbkar tərəfindən tam şəkildə ödənilmişdir, hal-hazırda borcu yoxdur. 19 mart 2025/2026 il tarixli Müqavilədən görünür ki, bu müqavilə, Nizamnamə əsasında fəaliyyət göstərən “OR Kids Tədris mərkəzinin müdiri X8, bir tərəfdən (bu müqavilədə “Tədris mərkəzi” adlandırılacaq) və digər tərəfdən isə Tələbkar şəxsində valideyn və ya qanuni nümayəndə (bu müqavilədə “Valideyn” adlandırılacaq) arasında bağlanır. “Tədris mərkəzi” valideynin övladına (və ya nümayəndəçilik etdiyi uşağa) Ayla Tağıyeva məktəbəqədər təlim, tərbiyə xidmətləri göstərir, valideyn bu xidmətlərin əvəzini pulla ödəyir. Məktəbəqədər təlim-tərbiyə xidmətləri təqvim ili boyu həyata keçirilir. 3 saylı Razılşamaya əsasən Tədris mərkəzində göstərilən xidmətlərə görə ödəniş 250 manat təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 17. Ailə, uşaqlar və dövlət İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 20 noyabr 1989-cu il tarixli “Uşaq hüquqları haqqında” BMT Konvensiyası Maddə 3. Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan bütün şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Maddə 18.1. İştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Maddə 27. Hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin ediliməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 3. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosail, hüquqi və digər tədbirləri görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği. 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilsin. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 55. Uşağın əmlak hüquqları 55.1. Uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən bu Məcəllənin beşinci bölməsində müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir. 55.2. Aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. 55.3. Məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmənin mövqeyi Məhkəmə tutulan alimentin 50%-nin bank hesabına köçürülməsi barədə ərizəni iş materialları ilə əlaqəli şəkildə nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Məhkəmə qeyd edir ki, mübahisə edilən hüquq münasibəti barədə qanuni, əsaslı və ədalətli nəticəyə gəlmək üçün ilk növbədə uşağın üstün maraqları rəhbər tutulmalıdır. Uşağın “üstün maraqları” konsepsiyası – 20 noyabr 1959-cu il tarixli “Uşaq hüquqları Bəyannaməsi” nin 2-ci maddəsində nəzərdə tutulmuşdur. Bu termindən ilk dəfə 1989-cu ildə BMT-nin “Uşaq Hüquqları Konvensiyası”nın 3-cü maddəsinin 1-ci bəndində istifadə edilmişdir. Uşağın üstün maraqları məsələsi Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər beynəlxalq sənədlərdə, dövlətdaxili qanunvericilikdə, o cümlədən Avropa İnsan hüquqları Məhkəməsinin presedentlərində (Pençevi Bolqarıstana qarşı, Şvitsgebel İsveçrəyə qarşı və s.) təsbit edilmişdir. Mahiyyət etibarı ilə valideynlərlə uşaqların münasibətlərində aliment institutunun mövcudluğunun qanunverici tərəfindən tanınması uşaqların üstün mənafelərinin qorunmasına yönəldilmişdir. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də hüquqi vəzifəsidir. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Məhkəmə ilk növbədə qeyd edir, təqdim olunmuş maliyyə arayışına əsasən il ərzində tutulan alimentin məbləği 12-yə bölünərkən orta hesabla aylıq məbləği 600 manata yaxın və bəzi aylarda ondan çox təşkil edir. Hazırda borclu uşağın mənafeyinin nəzərə alınmasını, onun üstün maraqlarının rəhbər tutulmasını, ödənilən aliment məbləğinin yarısının gələcəkdə onun tərəfindən istifadə olunması üçün onun xeyrinə bank kartına köçürülməsini xahiş edir. Tələbkar tərəf isə uşağın ödənişli əsaslarla baxçada tərbiyə almasını və gələcəkdə həmin pul vəsaitinin inflasiyaya uğramasını əsas gətirərək həmin məbləğin hal-hazırda uşağın mənafeyi üçün xərclənməsini daha məqsədə müvafiq hesab edir. Məhkəmə hesab edir ki, hazırda azyaşlı uşaq ödənişli əsaslarla baxçada tərbiyə alsa da, həmin baxçanın ödənişli olması ilə bağlı seçim hüququ tələbkara məxsusdur. Hazırda tələbkar uşağın ödənişli əsaslarla baxçada tərbiyə almasını öz seçiminə uyğun etmiş, lakin bununla bağlı olaraq borclunun razılığını almamışdır. Tələbkar özü işləyir və zəruri vəsaitə malik olmasına baxmayaraq, baxçaya xidmət haqqı kimi ödənilən məbləği aldığı aliment məbləğindən ödəyərək bunun uşağın üstün mənafeyi üçün zəruri olduğunu qeyd edir. Bundan əlavə məhkəmə hesab edir ki, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2025-ci il üçün əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi borcludan tutulan hər ay qazancının və (və ya başqa) gəlirlərinin ¼ hissəsi miqdarında tutulan alimentin miqdarı aylıq 590-630 manat aralığında təşkil edir ki, həmin məbləğin bir hissəsinin uşağın maddi cəhətdən saxlanılmasına xərclənməsi ilə yanaşı, digər hissəsi azyaşlı uşağın ödənişli əsaslarla baxçada tərbiyə olunmasına (xidmət haqqı) xərclənir. Belə olan halda, azyaşlı uşağın mənafeyini, onun üstün maraqlarını, uşağın əvvəlki təminat səviyyəsinin maksimal saxlanılması, həmçinin tərəflərin mənafeləri arasında ədalətli tarazlıq yaradılmasına nail olmaq üçün ödənilən aliment məbləğinin 50%nin uşağın adına açılmış bank hesabına köçürülməli olması qənaətinə gəlir. Məhkəmənin gəldiyi nəticə Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-266/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə X9 xx.xx.2022-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında tutulan alimentin 50% X11 adına açılmış bank hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı : Ərizə təmin edilsin. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-266/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə X9 xx.xx.2022-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və(və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında tutulan alimentin 50%-i uşaq X11 adına açılmış bank hesabına köçürülsün. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar