Məhkəmə qərarları › İş №8(010)-433/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-433/2025

29.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-433/2025 29.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi ilə, Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra sənədinin qaytarılması barədə xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsi barədə "xxxx" ASC tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" ASC şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Suraxanı rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli “icra sənədinin qaytarılması haqqında" qərarının ləğv edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Suraxanı rayon məhkəməsinin 2(010)-3793/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə Borclu "xxxx" ASC-nin xeyrinə, cəmi 340,32 manat məbləğində kredit borcun və 20 manat dövlət rüsumunun tutulması qərar verilmişdir və icra sənədi icra olunması üçün Suraxanı rayon İcra şöbəsinə göndərilmişdir. İcra sənədinin qəbul edilməsindən uzun müddət keçməsinə baxmayaraq Borclu həmin icra sənədini icra etməmişdir. Suraxanı rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən Suraxanı rayon məhkəməsinin 2(010)-3793/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 23.1.3-cü maddəsinə əsasən geri qaytarılmışdır. Suraxanı rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli qərarında icra sənədinin icrası istiqamətində bütün qanunamüvafiq tədbirlərin görülməsi, eyni zamanda borclunun yaşadığı ünvanda olması barədə qeydlər edilmişdir, lakin faktiki olaraq borclunun yaşadığı ünvanda olmamışlar və yaşayış yerinə baxış keçirməmişlər. Bununla yanaşı, tələbkar "xxxx" ASC görülmüş qanunamüvafiq tədbirlər barədə məlumatlandırılmamışdır və borclunun yaşadığı mənzilə baxış barədə heç bir rəsmi bildiriş verilməmişdir. Bununla yanaşı icra məmuru tərəfindən borclunun bank hesablarını müəyyən etmək üçün banklara sorğu göndərilməmişdir. Bildirilir ki, icra sənədi üzrə Borclu hazırda işləyir və əmək haqqı alır. Tələbkarın nümayəndəsi, Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru və borclu şikayətə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin onlar məhkəmə iclasına gəlməmişdirlər. Tələbkarın nümayəndəsi, Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmurunun və borclunun gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsaslıdır. Buna görə də, şikayət təmin edilməlidir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3793/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Bakı şəhəri Suraxanı Rayon icra şöbəsinin icra məmuru X1 tərəfindən xx.xx.2025-ci il tarixdə icra sənədinin qaytarılması haqqında qərar qəbul edilmişdir. Suraxanı Rayon Məhkəməsinin 2(010)-3793/2018 saylı, xx.xx.2018-ci il tarixli məhkəmə əmrinə əsasən, Borclu kreditor "xxxx" ASC-nin xeyrinə 143.23 manat əsas, 197.09 manat faiz, cəmi 340.32 manat borc və dövlət rüsumu olaraq ödənilmiş 20 manat pulun tutulması əmr edilmişdir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən, tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: tələbkarın ərizəsi əsasında; borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə; tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda. Məhkəmə qeyd edir ki, iş materiallarından da göründüyü kimi icra sənədinin qaytarılması haqqında qərar “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinə istinad edilməklə və borcun ödənilməsi istiqamətində həyata keçirilən icra tədbirləri zamanı borclunun adına tələbin yönələ biləcəyi hər hansı əmlakın aşkar olunmadığı səbəbi ilə əsaslandırılmışdır. Halbuki, icra şöbəsi tərəfindən həmin hərəkətlərin icra edilməsinə dair heç bir sübut təqdim edilməmişdir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinə istinad edilmiş olsa da, maddənin tələbində göstərilənləri tam şəkildə yerinə yetirilməmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, icra sənədinin tam və düzgün şəkildə icra edilməsi barədə məlumat olmadığından, icra məmurunun qərarı ləğv edilərək, icra sənədi icra tədbirlərinin davam etdirilməsi üçün Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmurunun Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3793/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə “İcra sənədinin qaytarılması haqqında” xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3793/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi icra icraatının davam etdirilməsi üçün Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar