Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-438/2025 02.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, Tələbkar iştirakı ilə, Tələbkar alimentin indeksasiyası barədə ərizəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tələbkar alimentin indeksasiyası barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-2828/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində tutulan 200 manat alimentin miqdarının 2025-ci il üçün müəyyən edilmiş 246 manat minimum əmək haqqına uyğun indeksasiyası olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)- 2828/2023 saylı xx.xx.2023-cu il tarixli qətnaməsinə əsasən iddia ərizəsi təmin edilərək cavabdeh Borclu iddiaçı Tələbkar xeyrinə xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 200 manat miqdarında alimentin tutulması qət edilmişdir. Məhkəmə iclasında Tələbkar ərizənin təmin edilməsini xahiş edərək bildirmişdir ki, aliment kəsilmişdi, 3000 manat borcu yığılıb, ödəmir. Alimentin indeksasiya olunmasını istəyir. Borclu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iş materiallarına nəzər salaraq, hesab edir ki, aliment məbləğinin indeksasiyası barədə ərizə qismən təmin edilməlidir. Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş, AZ-İ seriyalı, 478933 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Borclu və X3 arasında bağlanmış nikah xx.xx.2023-cü il tarixdə pozulmuş, bu barədə akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 577 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra qadına Musayeva soyadı verilmişdir. Gədəbəy rayonu Göyəlli kənd nümayəndəliyi tərəfindən verilmiş AZ-İV seriyalı, 235314 nömrəli, xx.xx.2019-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 (atası Borclu, anası X3) xx.xx.2019-cu ildə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 02 nömrə ilə qeyd edilmişdir. Suraxanı rayon Məhkəməsinin 2(010)-2828/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, ...xx.xx.2019-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Borclu xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay 200 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X2 ödənilməsi və.s qət edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.1 və 110.2-ci maddələrinə əsasən, məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232.1.-ci maddəsinə görə, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 5 yanvar 2023-cü il tarixli “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilmişdir. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Məhkəmə qeyd edir ki, tələb “alimentin artırılması” formasında deyil, “tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyası” formasında olmalıdır. Həmin tələb iddia icraatı qaydasında deyil, icra icraatı qaydasında icraya nəzarət edən məhkəmədə baxılmalıdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, alimetin tutulması ilə bağlı məhkəmənin qətnaməsi 2023-cü ildə qüvvəyə minmişdir. Həmin qətnamə ilə uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 200 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Həmin il Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə müəyyən edilmiş minimum aylıq əməkhaqqının məbləği 345 manat idi. Belə ki, mislini hesabladıqda – təyin olunmuş alimentin məbləği (200 manat) minimum əmək haqqına (345 manat) bölünməlidir (200/345=0.58). Beləliklə, məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, Suraxanı rayon Məhkəməsinin 2(010)-2828/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləği indeksasiya edilərək, aliment tutularkən hesablaşma qaydası – hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının müvafiq misli həddində olmaqla aparılmalıdır. Eyni zamanda, ərizəçi tərəfindən təqdim edilmiş ərizədə qeyd edilən alimentin hesablaşma qaydası düzgün göstərilməmişdir və məhkəmə tərəfindən aliment məbləğinin indeksasiyası qanunvericilikdə nəzərdə tutulmuş qaydada aparılmalıdır. Buna görə də, bu hissədə ərizə təmin edilə bilməz. Belə ki, xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Borclu sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.58 misli həddində sabit pul məbləğində aliment Tələbkar xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə qismən təmin edilsin. xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Borclu sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.58 misli həddində sabit pul məbləğində aliment Tələbkar xeyrinə tutulsun. Ərizə qalan hissədə təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Firuzə Mirzəyeva
Məhkəmə qərarları › İş №8(010)-438/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-438/2025
02.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver