Məhkəmə qərarları › İş №8(010)-453/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-453/2025

10.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-453/2025 10.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X1 iclas katibliyi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, e-2(010)- 5394/2018 nömrəli icra sənədinin qaytarılması barədə Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli qərarından icra sənədi üzrə tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Şikayətin məzmunu İcra sənədi üzrə tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra "xxxx" ASC) icra sənədinin qaytarılması barədə Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin qərarından şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin xx.xx.2018-ci il tarixli, e-2(010)-5394/2018 nömrəli icra sənədinin xx.xx.2025-ci il tarixdə geri qaytarılması barədə qərarının ləğv edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, e-2(010)-5394/2018 nömrəli icra sənədi üzrə Borclu "xxxx" ASC-nin xeyrinə cəmi 292.64 manat məbləğində kredit borcunun və 20 manat dövlət rüsumunun tutulması qərarı verilmiş və icra sənədi icra edilməsi üçün Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə göndərilmişdir. İcra sənədinin qəbul edilməsindən uzun müddət keçməsinə baxmayaraq, Borclu həmin icra sənədini icra etməmişdir. Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, e-2(010)-5394/2018 nömrəli icra sənədi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinə əsasən geri qaytarılmışdır. Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli qərarında icra sənədinin icrası istiqamətində bütün qanunamüvafiq tədbirlərin görülməsi qeyd edilsə də, tələbkar "xxxx" ASC görülmüş qanunamüvafiq tədbirlər barədə məlumatlandırılmamış və borclunun yaşadığı mənzilə baxış barədə heç bir rəsmi bildiriş verilməmişdir. Bununla yanaşı, icra məmuru tərəfindən borclunun bank hesablarını müəyyən etmək üçün banklara sorğu göndərilməmişdir. İcra sənədi üzrə Borclu hazırda işləyir və əmək haqqı alır. Tərəflərin izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru, tələbkar və borclu məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən, işə icra məmuru, tələbkar və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İşin faktiki halları Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, e- 2(010)-5394/2018 nömrəli icra vərəqəsindən müəyyən olunur ki, Borclu xx.xx.2014-cü il tarixli, **********1944114 nömrəli kredit müqaviləsinə əsasən 292.64 manat məbləğində borc və 20 manat dövlət rüsumu tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. xx.xx.2025-ci il tarixli qərarın surətindən müəyyən olunur ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, e-2(010)-5394/2018 nömrəli icra sənədinin Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Tətbiq edilən hüquq “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 23. İcra sənədinin qaytarılması 23.1. Tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: 23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; 23.2. Tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. 23.3. İcra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. 23.7. İcra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Məhkəmənin mövqeyi Məhkəmə şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə nəzərdən keçirərək hesab edir ki, şikayət əsaslıdır və təmin edilməlidir. Mübahisələndirilən qərarda icra qeydinin qaytarılmasının səbəbi kimi borclunun mülkiyyətində heç bir əmlakın aşkar edilməməsi göstərilmişdir. Məhkəmə icra şöbəsindən hansı icra tədbirlərinin həyata keçirilməsini müəyyənləşdirmək üçün işə baxılması ilə əlaqədar icra işinin materialları tələb etmiş, lakin icra işinin materialları məhkəməyə təqdim edilməmişdir. İşdə olan mövcud materiallarla isə bütün zəruri icra tədbirlərinin həyata keçirilməsi aşkar edilmir. İcra sənədinin geri qaytarılmasına əsas olmuş “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 23.1.3-cü maddəsinin məzmunundan göründüyü kimi, icra sənədinin qaytarılmasına əsas kimi borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlərin olmaması müddəası ilə yanaşı, eyni zamanda borclunun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlərin nəticə verməməsi tələbi də nəzərdə tutulmuşdur. Digər tərəfdən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinin tələblərinə əsasən, tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. Göründüyü kimi, icra sənədi icra məmurunun istinad etdiyi əsasla (borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə) geri qaytarıldıqda icra məmuru tərəfindən bu barədə müvafiq akt tərtib edilməli və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunmalıdır. İcra məmuru bununla da kifayətlənməməli və tələbkara da bu barədə məlumat verməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinə istinad edilməklə qəbul edilmiş icra sənədinin geri qaytarılmasına dair qərarın qanuniliyinin yoxlanılması, yəni icraya nəzarət çərçivəsində məhkəmənin hərəkətləri borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlərin olmaması və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlərin nəticə verməməsinə dair icra məmuru tərəfindən tərtib edilmiş, icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq edilmiş aktın mövcudluğu və bu barədə tələbkara məlumat verilməsi kimi iki mümkün halın eyni vaxtda aydınlaşdırılmasından ibarətdir. Lakin, iş materiallarının araşdırılması zamanı belə bir aktın mövcudluğu və bu barədə tələbkarın məlumatlandırılması faktı müəyyən edilməmişdir. Beləliklə də qeyd olunan halların, yəni icra məmurunun tərəfindən icra bütün icra tədbirlərinin görülməsi halı hazırkı iş üzrə müəyyən edilmir. Məhkəmə qənaətə gəlir ki, icra məmuru icra sənədinin icrasına yönələn tədbirləri həyata keçirməməklə formal olaraq icra sənədini geri qaytarmışdır. Halbuki, icra məmurunun icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görmək kimi qanunvericiliklə müəyyənləşdirilmiş vəzifəsi vardır. Məhkəmənin gəldiyi nəticə Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, şikayət təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, e-2(010)- 5394/2018 nömrəli icra sənədinin qaytarılması haqqında Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli qərarı ləğv edilməlidir. Şərh olunanlara əsasən, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23-cü maddəsini və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, e-2(010)- 5394/2018 nömrəli icra sənədinin qaytarılması haqqında Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar