Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-467/2024 16.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi Mahmudov Ruslan Elxan oğlunun katibliyi ilə, Tələbkar İddiaçı X2 və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil, Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin “icra sənədinin qaytarılması haqqında” xx.xx.2024-cü il tarixli qərarının ləğvi və Suraxanı rayon İcra şöbəsinin “icra məmurunun hərəkət (hərəkətsizliyinin) qanunsuz hesab olunması” barədə şikayətə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin e-2(010)-3524/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə iddia qismən təmin edilərək iddiaçı X3 məxsus olan və cavabdehin yaşadığı Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən əmlaklar - 2 ədəd yun salınma döşək və 2 ədəd yun salınma yorğan, 2 ədəd sintifon yorğan, 1 ədəd uşaq yorğanı, pərdələr, 1 ədəd ədyal, 1 ədəd çörək bişirən maşın, 1 ədəd sokçəkən maşın, 1 ədəd kuvşin servis dəsti, 1ədəd xrustal tort qabı, 1 ədəd Karaca firmasından çaydan dəsti, 1 ədəd Karaca firmasından çemodan qaşıq dəsti, 1 ədəd 6 ədədli qazan dəsti, 1 ədəd ütü (Almaniya), 4 ədəd xrustal konfet qabı, 2 ədəd xrustal mürəbbə qabı, 6 ədəd Nahar servisi dəsti, 1 ədəd ağ naxışlı pled, 6 ədəd Duru firmasının çay dəsmalı, Süfrə, Versace qara süfrə, 6-7 ədəd Paçka Dəsmal, Pled adyal, 1 ədəd qalın dörd mövsümü pled, 10 ədəd paçka əl-üz dəsmalı, 8 ədəd böyük dəsmal, 20-30 ədəd Tac firmasından Pastel, 10-15 paçka çay dəsmalı, 6-7 ədəd tək nəfərlik Tac firmasının pastelləri, 1 ədəd Tefal keks qabının, 1 ədəd Tefal qazan dəsti, 1 ədəd ətçəkən maşın, 1 ədəd emallı qazan, 12 ədəd kompot stəkanı, 2 ədəd meyvə qabı, 6 ədəd salat qabı, 1 ədəd toster, 1 ədəd Xrustal şamdan, 1 ədəd bıçaq dəsti, 3 ədəd (dəst) sini, 1 ədəd Ardo sokçəkən maşın, 1 ədəd meyvə sokçəkəni, 2 ədəd tefal tort bişirən qab, 4-5 ədəd duxovka üçün şüşə qab, 4 ədəd aşsüzən ləyən, 1 ədəd armudu stəkan dəsti, 1 ədəd şüşə ləb-ləbi qabı dəsti, 1 ədəd böyük meyvə qabı, 1 ədəd qara-qırmızı stəkan dəsti, 1 ədəd duzqabı dəsti, 1 ədəd süvenir heykəl, 1 ədəd çaydan, 1 ədəd Karaca firmasından Şüşə çaynik, 1 ədəd qranit qırmızı qazan, 1 ədəd aliminium qazan, 1 ədəd saxlama şüşə qabı, mətbəx üçün xırdavatlar, 1 ədəd salatdoğrayan dəsti, 12 ədəd kasa-boşqab və 12 ədəd balaca kasaboşqab, 1 ədəd merinos xalça, 3 ədəd sini, 2 ədəd çaynik, 2 ədəd böyük ədyal, xrustal dəsti (meyvə, mürəbbə və konfet qabı) və 5 qutuda yerləşən qablar cavabdeh Borclu alınaraq iddiaçı X3 təhvil verilməsi, birgə nikah dövründə alınmış (əldə edilmiş) mebel yataq dəstinə, sandıq mebelinə və künc formasında olan divana ½ hissədə iddiaçı X2 və ½ hissədə cavabdeh Borclu mülkiyyət hüquqları tanınması və cavabdeh Borclu məxsus “Azərbaycan Beynəlxalq Bankı “ASC-nin bank hesabı üzrə yerləşdirilmiş 35000 (otuz beş min) manat pul vəsaitinin ½ hissəsinə, yəni 17500 manat məbləğinə iddiaçı X2 mülkiyyət hüquqları tanınsın və 17500 (on yeddi min beş yüz) manat məbləğində pul vəsaiti cavabdeh Borclu alınaraq iddiaçı X2 xeyrinə ödənilməsi və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 305 (üç yüz beş) manat dövlət rüsumu cavabdeh Borclu alınaraq iddiaçı X2 xeyrinə ödənilməsi qət edilmiş və qətnamə icraya yönəldilmişdir. Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin nümayəndəsi X1 xx.xx.2024-cü il tarixli icra sənədinin qaytarılması haqqında qərarı ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin e-2(010)-3524/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi geri qaytarılmışdır. X5 Tahirovna şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin e-2(010)-3524/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin qaytarılması haqqında qərarın ləğv edilməsini və icra məmurunun hərəkət (hərəkətsizliyinin) qanunsuz hesab olunmasını xahiş etmişdir. X5 Tahirovna izahat verərək bildirmişdir ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin e-2(010)-3524/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin nümayəndəsi X4 tərəfindən bu günədək icra olunmamışdır. Dəfələrlə həmin icra sənədinin icra olunması tələb olunsa da, icra məmuru borclunun izahatını almamış, icra sənədini onun əmək haqqına yönəltməmiş, əsasız olaraq icra sənədini icra etməkdən yayınmış və icra sənədini əsassız olaraq məhkəməyə qaytarmışdır. Buna görə də Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin e-2(010)- 3524/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin qaytarılması haqqında qərarın ləğv edilməsini və icra sənədinin yenidən icraya göndərilməsini xahiş etmişdir. Tələbkar iddiaçı X2 etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil eyni məzmunlu izahat verərək bildirmişdir ki, məhkəmənin qətnaməsinə əsasən əmlaklardan əlavə cavabdeh Borclu məxsus “Azərbaycan Beynəlxalq Bankı “ASC-nin bank hesabı üzrə yerləşdirilmiş 35000 (otuz beş min) manat pul vəsaitinin ½ hissəsinə, yəni 17500 manat məbləğinə iddiaçı X2 mülkiyyət hüquqları tanınsın və 17500 (on yeddi min beş yüz) manat məbləğində pul vəsaiti cavabdeh Borclu alınaraq iddiaçı X2 xeyrinə ödənilməsi qət edilmişdir. Həmin məbləğin bankda mövcud olmaması artıq məhkəmə iclasının gedişində tərəflərə bəlli idi. Lakin icra məmuru borclunun bankda pul vəsaitlərinin olmamasını bəhanə edərək icra sənədini icra etməmiş və icra sənədini əsassız olaraq geri qaytarmışdır. Hesab edir ki, Ali Məhkəməsinin müvafiq qərarına əsasən qüvvədə saxlanılmış məhkəmə qərarının icra olunmaması tələbkarın hüquqlarını pozduğundan icra məmurunun hərəkət (hərəkətsizliyi) qanunsuz hesab olunmalı və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin e-2(010)-3524/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin qaytarılması haqqında qərarı ləğv edilməli və icra sənədi yenidən icraya yönəldilməlidir. Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin nümayəndəsi X4 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin e-2(010)-3524/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi onun icraatına xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Bununla bağlı olaraq “Azərbaycan Beynəlxalq Bankı “ASC-yə sorğu göndərilmiş və “Azərbaycan Beynəlxalq Bankı “ASC tərəfindən verilmiş məktuba əsasən Borclu məxsus hesablarda pul vəsaiti mövcud olmadığından icra sənədi geri qaytarılmışdır. Qeyd olunanlara əsasən ərizənin rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmiş borclu məhkəmə iclasında iştirak etməmiş və nümayəndənin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən ərizəyə borclunun iştirakı olmadan baxılmasını mümkün saymışdır. İcra haqqında Azərbaycan Respublikasının Qanunu 70.4.-cü maddəsinə əsasən icra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması haqqında qərar qəbul edir. İcra məmurunun bu qərarı icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, onun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Hüquqi cəhətdən dəyərləndirilməsi vacib olan məsələlərdən biri də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra olunmamasıdır. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası «məhkəmə baxışının tərkib hissəsi» kimi qiymətləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Homsbi Yunanıstana qarşı” işdə (19 mart 1997-ci il) qeyd etmişdir ki, iştirakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasını və beləliklə tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan "məhkəmə baxışına hüquq" xəyali xarakter alacaqdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Burdov Rusiyaya qarşı» işdə (7 may 2002-ci il) eyni xarakterli məsələlərə bir daha toxunaraq qeyd etmişdir ki, məhkəmə qərarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1-ci bəndində ifadəsini tapmış müddəanın faydalılıq qüvvəsindən məhrum etmiş olur. Məhkəmə həmin fikirlərini "xxxx" MMC Rusiya Federasiyasına qarşı» işdə (14 iyun 2005-ci il) də təkrarlamış, cavabdehin dövlətin məhkəmə qətnaməsinin icra olunmamasında vəsait çatışmazlığına istinad etməsini əsaslı hesab etməmişdir. "Roseltrans» ASC Rusiya Federasiyasına qarşı" (21 iyul 2005-ci il) işdə məhkəmə belə nəticəyə gəlmişdir ki, ağlabatan müddətdə ədalətli, açıq məhkəmə baxışının keçirilməsini nəzərdə tutan Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin məhkəmə qətnaməsinin icrasına təminat verməməsini təsəvvür etmək çətindir. Məhkəmə şikayətdə qeyd olunan dəlilləri araşdırıb belə qənaətə gəlir ki, məhkəmənin qətnaməsinə əsasən təmin olunmuş bir sıra tələblərdən əlavə cavabdeh Borclu məxsus “Azərbaycan Beynəlxalq Bankı “ASC-nin bank hesabı üzrə yerləşdirilmiş 35000 (otuz beş min) manat pul vəsaitinin ½ hissəsinə, yəni 17500 manat məbləğinə iddiaçı X2 mülkiyyət hüquqları tanınmış və 17500 (on yeddi min beş yüz) manat məbləğində pul vəsaitinin cavabdeh Borclu alınaraq iddiaçı X2 xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə hesab edir ki, bank hesabı üzrə əvvəllər yerləşdirilmiş pul vəsaitinin halhazırda borclunun bank hesabında mövcud olmaması, bu və ya digər formada bank hesabından çıxarılması həmin icra sənədinin icra olunmaması üçün əsas deyildir. Belə ki, məhkəmə tərəfindən qəbul edilmiş qətnamədə cavabdehə məxsus olan bank hesabı üzrə yerləşdirilmiş pul vəsaitinin ½ hissəsinə iddiaçının mülkiyyət hüquqları tanınmış və həmin pul vəsaitin cavabdehdən tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, Bakı şəhəri Suraxanı Rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli icra sənədinin qaytarılması haqqında qərarı ləğv edilərək icra sənədi yenidən icraya yönəldilməli və Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru X1 hərəkət (hərəkətsizliyi) qanunsuz hesab olunmalıdır. Şərh olunanlara əsaslanaraq və “İcra haqqında” Azərbaycan Respublikasının qanununun 23-cü maddəsini, Mülki Prosessual Məcəlləsinin 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şikayət təmin olunsun. Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru X1 hərəkət (hərəkətsizliyi) qanunsuz hesab olunsun. Bakı şəhəri Suraxanı Rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli “icra sənədinin qaytarılması haqqında” qərarı ləğv edilsin. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin e-2(010)-3524/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsi yenidən icra olunması üçün Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsinə göndərilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Talıbova
Məhkəmə qərarları › İş №8(010)-467/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-467/2024
16.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver