Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-471/2024 22.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, X15 oğlunun katibliyi, Ərizəçinin etibarnamə üzrə nümayəndəsi X7, Ərizəçinin etibarnamə üzrə nümayəndəsi və vəkili X6, Suraxanı rayon İcra şöbəsinin icra məmuru X4 iştirakı ilə Bakı şəhəri Suraxanı Məhkəməsinin 2(010)-881/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin icrası ilə bağlı Suraxanı rayon İcra şöbəsinin icra məmurunun hərəkətsizliyindən verilmiş şikayətə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X1 məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 01 may 2023-cü il tarixli, 2(010)-881/2023 saylı qətnaməsinin hal-hazıradək icra edilməməsi barədə Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin hərəkətsizliyinin qanunsuz hesab edilməsi və ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 3-cü giriş, 2-ci mərtəbəsində yerləşən 94.5 kv.metr olan iki otaqdan ibarət 156 saylı mənzildə yaşayan şəxslərin çıxardılması öhdəliyinin Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin üzərinə qoyulmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 01 may 2023-cü il tarixli, 2(010)-681/2023 saylı qətnaməsinə əsasən "xxxx" MTK ilə X13 arasında bağlanımış xx.xx.2022-ci il tarixli, 24 nömrəli müqavilə etibarsız hesab edilmiş, ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 3-cü giriş, 2-ci mərtəbəsində yerləşən 94.5 kv.metr olan iki otaqdan ibarət 156 saylı mənzildən X8 ona məxsus əşyalarla birlikdə çıxarılması, onun ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 3-cü giriş, 2-ci mərtəbəsində yerləşən 94.5 kv.metr olan iki otaqdan ibarət 156 saylı mənzilə köçürülməyi və həmin mənzilin ona təhvil verilməsi qət edilmişdir. Həmin qətnamədən apellyasiya və kassasiya şikayətləri verilmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra həmin qətnamə qanuni qüvvəsini alaraq, icraya yönəldilmiş, lakin Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 01 may 2023-cü il tarixli qətnaməsi 6 aydan artıq bir müddətdə Suraxanı rayon icra şöbəsinin icraatında olsa da, icra şöbəsi tərəfindən heç bir əsas göstərilmədən həmin qətnamə icra edilməmişdir. Qeyd edir ki, sözügedən qətnamənin nəticə hissəsi üç hissədən ibarətdir. Birinci hissə ilə mənzilə dair "xxxx" MTK ilə X13 arasında bağlanımış xx.xx.2022-ci il tarixli, 24 nömrəli müqavilə etibarsız hesab edilməsi, İkinci hissə ilə mənzildə yaşayan X8 mənzildən çıxarılması, üçüncü hissə ilə isə onun həmin mənzilə köçürülməyi və mənzilin ona təhvil verilməsi nəzərdə tutulmuşdur. Həmin icra sənədi üzrə iki borclu - "Badu- Kubə” MTK və X13 olmuşdur. Əgər borclu X13 ölmüşdürsə, bu o deməkdir ki, icra sənədinin ikinci hissəsinin, yəni X8 həmin mənzildən çıxarılması barədə hissənin icra edilməsinə ehtiyac qalmamışdır, lakin onun əmlakları həmin mənzildən çıxarılmalı, o, həmin mənzilə köçürülməli və mənzil ona təhvil verilməlidir. Həmçinin həmin mənzilin təhvil verilməsi məsələsi borclu "Badu- Kubə” MTK tərəfindən icra edilməlidir. Göründüyü kimi mənzilin ona təhvil verilməsi dedikdə, mənzilin boşaldılaraq ona təhvil verilməsi nəzərdə tutulmuşdur. Yəni bu zaman icra məmuru mənzildə yaşayan şəxslərə icra sənədinin icra edilməsi üçün bildiriş verməli, onlara mənzili təhvil vermək üçün müddət təyin etməli, bu müddət ərzində mənzili boşaldıb təhvil vermədikdə isə, icra sənədini icrasına maneçilik törətdiklərinə görə barələrində icra tədbiri görməli Lakin icra məmuru mənzildə yaşayan şəxslər barəsində hər hansı bir icra tədbiri görməmiş, mənzildə yaşayan şəxslərə icra sənədinin könüllü icra etmələri üçün vaxt verməmiş, icra sənədini icrasına maneçilik törətmələri barədə onlar barəsində hər hansı bir tədbir görməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq borclu məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə borclunun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında ərizəçinin etibarnamə üzrə nümayəndəsi və vəkili X11 ərizədə qeyd olunanlara uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında ərizəçinin etibarnamə üzrə nümayəndəsi X14 məhkəmədən ərizənin təmin edilməs barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Suraxanı rayon İcra şöbəsinin icra məmuru X9 bildirdi ki, borclu Həmidov Aydın vəfat etsə də, ailə üzvləri həmin mənzildə yaşayır və bu səbəbdən onların həmin mənzildən çıxarılaraq tələbkarın həmin mənzilə köçürülməsi baş tutmamışdır. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayəti və iş materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan: - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 01 may 2023-cü il tarixli, 2(010)- 881/2023 saylı qətnaməsindən görünür ki, ilkin iddia üzrə iddiaçı "xxxx" MTK-nın cavabdeh X3 qarşı müqavilənin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməmiş, qarşılıqlı iddia üzrə iddiaçı X2 cavabdehlər "xxxx" MTK-nə və X10 qarşı müqavilənin etibarsız hesab edilməsi, mənzilin boşaldılması və mənzilin təhvil verilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, "xxxx" MTK ilə X13 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 24 nömrəli müqavilənin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 3-cü giriş, 2-ci mərtəbəsində yerləşən 94.5 kv.metr olan iki otaqdan ibarət 156 saylı mənzildən X13 ona məxsus əşyalarla birlikdə çıxarılması, X2 ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 3-cü giriş, 2-ci mərtəbəsində yerləşən 94.5 kv.metr olan iki otaqdan ibarət 156 saylı mənzilə köçürülməsi və həmin mənzilin ona təhvil verilməsi və qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qeyd olunan qətnamədən apellyasiya qaydasında şikayət verilmiş, lakin qətnamə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Eyni zamanda, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə müvafiq məhkəmə qətnaməsindən də kassasiya qaydasında şikayət verilmiş, lakin apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 01 may 2023-cü il tarixli, 2(010)- 881/2023 saylı qətnaməsi üzrə xx.xx.2024-cü ildə icra vərəqəsi verilmiş və qətnamə icraya yönəldilmişdir. Tələb edilən icra işinin materallarından görünür ki, - Həmin icra sənədi üzrə xx.xx.2024-cü ildə Suraxanı rayon İcra şöbəsi tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, həmin tarixdə iş üzrə tərəflərə icra sənədinin icraatına başlanması haqqında məlumat və eyni tarixdə borclulara tələbin könüllü icra edilməsi ilə bağlı bildiriş göndərilmişdir. Ərizəçinin hazırkı şikayəti ondan ibarətdir ki, icra sənədi üzrə ona təhvil verilməli olan mənzildən vəfat etmiş mərhum borclunun - X8 ailə üzvləri mənzildən əşyaları ilə birlikdə çıxarılaraq ona təhvil verilməlidir. AZ-İİ 312981 № li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2022-ci ildə vəfat etmişdir. Reyestr nömrəsi 2V-922 olan Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2022-ci ildə vəfat etmiş X8 vərəsələri Ukrayna ünvanında qeydiyyatda olan Hamidova Tetianadır və o miras əmlakdan pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Badu-Kubə Mənzil Tikinti Kooperativinin 11 iyul 2023-cü il tarixli, 64 nömrəli arayışına əsasən Badu-Kubə Mənzil Tikinti Kooperativi təsisçilərinin 19 iyul 2022-ci il tarixli ümumi yığıncağının protokoluna əsasən X13, 100 faiz olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi 13M ünvanında yerləşən 3 giriş, 2-ci mərtəbə, ümumi sahəsi 94,9 kv\m olan 156 nömrəli mənzilə “payçı” olması hüququ təsdiq edilmişdir. İcra haqqında Qanunun 8.2-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 8.3-cü maddəsinə görə icraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunan icra sənədindən göründüyü kimi, ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 3-cü giriş, 2-ci mərtəbəsində yerləşən 94.5 kv.metr olan iki otaqdan ibarət 156 saylı mənzildən X13 ona məxsus əşyalarla birlikdə çıxarılması, X2 ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 3-cü giriş, 2-ci mərtəbəsində yerləşən 94.5 kv.metr olan iki otaqdan ibarət 156 saylı mənzilə köçürülməsi və həmin mənzilin ona təhvil verilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda müəyyən edilir ki, icra sənədi üzrə borclu X13 vəfat etmiş və hazırda həmin mənzildə onun ailə üzvləri yaşayır. Məhkəmə qeyd edir ki, icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və icra icraatı çərçivəsində bir sıra icra hərəkətlərinin həyata keçirilməsinə baxmayaraq, icra sənədi icra edilməmişdir. Belə ki, bu halı ərizəçi öz ərizəsində qeyd etməklə yanaşı, icra sənədi üzrə icraatı aparan icra məmuru da öz izahatında bildirir ki, hazırki mənzildə vəfat etmiş borclunun ailə üzvləri yaşadığından onların oradan çıxarılması mümkün olmamışdır. Beləliklə, müəyyən edilir ki, icra prosesinə həmin mənzildə mərhumun ailə üzvlərinin olması mane olur. İcra məmuru hərəkətsizliklə bağlı ona əsaslanır ki, həmin şəxslərin mənzildən çıxarılması qətnamədə qeyd edilməmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Əfəndiyeva Azərbaycana qarşı”, “Tarıverdiyev Azərbaycana qarşı”, “Cəfərov Azərbaycana qarşı” və s. qərarlarında qeyd etmişdir ki, məhkəmə qərarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Məhkəmənin mövqeyi belə olmuşdur ki, dövlətin daxili hüquq sistemi qüvvəyə minmiş və hüquqi cəhətdən məcburi olan məhkəmə qərarlarının tərəflərdən birinin ziyanına icra olunmamış qalmasına imkan verirsə, o halda ədalətli məhkəmə araşdırması hüququ yalnız kağız üzərində qalır”. Məhkəmə qətnamələri ilə son nəticə olaraq mübahisəli mənzilin X3 məxsus olması müəyyən edilmişdir. Qəndab Babayevanın həmin mənzilə əşya hüququ təkcə mərhum X10 münasibətdə yox, eyni zamanda digər istənilən üçüncü şəxslərə münasibətdə də tanınmışdır. Başqa sözlə, əyər məhkəmə aktlarına əsasən mübahisəli mənzil cavabdeh tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməlidirsə, belə olan halda mübahisəli mənzil istənilən şəxsə münasibətdə boşaldılmalıdır. Əks yanaşma qanuni qüvvəsini almış qətnamənin sonsuzadək icrasız vəziyyətdə qalmasına gətirib çıxara bilər. Qeyd edilməlidir ki, daşınmaz əmlaka mülkiyyət hüququ əldə edilməsinin əsaslarından biri də məhkəmə aktı əsasında hüqunun tanınması əsasıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, icra məmurunun həmin icra sənədini hərəkətsiz saxlaması, yəni tələb olunan icra hərəkətini həyata keçirməməsi qanuni və əsaslı hesab edilə bilməz. Bu baxımdan məhkəmə hesab edir ki, icra sənədi üzrə icra məmurunun hərəkətsizliyi qanunsuz hesab edilməli və həmin icra sənədi üzrə müvafiq icra hərəkətləri həyata keçirilməlidir. Baxılan məsələ ilə bağlı İnsan hüquqları üzrə Avropa məhkəməsinin təcrübəsi də maraq doğurur. Bu məhkəmə Xornsbin Yunanıstana qarşı iş üzrə qəbul etdiyi 1997-ci il 19 mart tarixli qərarında qeyd edir ki, iştrakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasına və beləliklə tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan <<məhkəmə baxışına hüquq>> xəyal xarakterli olacaqdır...Hər hansı bir məhkəmə tərəfindən çıxarılmış qərarın icrası həmin maddədə nəzərdə tutulmuş <<məhkəmə icraatı>> anlayışının ayrılmaz tərkib hissəsidir. Yuxarıda göstərilənlərə əsasən və İcra haqqında Azərbaycan Respublikasının Qanununun maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Suraxanı Məhkəməsinin 2(010)-881/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Suraxanı rayon İcra şöbəsinin icra məmurunun hərəkətsizliyi qanunsuz hesab edilsin və həmin icra sənədinin icrası ilə bağlı müvafiq icra tədbirləri həyata keçirilsin. Qərardaddan, onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №8(010)-471/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-471/2024
22.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver