Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-481/2024 07.11.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi ilə, Bakı şəhəri Suraxanı rayon icra şöbəsinin Borclu MMC-yə məxsus torpaq sahəsinin üzərinə həbs qoyulmasına dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Suraxanı rayon icra şöbəsinin böyük icra məmuru Teymur Bayramov Borclu MMC-yə məxsus Göyçay rayonu, Qarabaqqal kəndi, 0.2828 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4391/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, Borclu MMC-dən cəmi 134140 manat pul vəsaiti və dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə icraata daxil olmuş, icraata başlamaq haqqında qərar və bildiriş borclunun qeydiyyatda olduğu ünvana göndərilmişdir. Borclu "xxxx" MMC-yə icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün 10 gün müddətində vaxt verilmişdir. İcra sənədində göstərilən tələb könüllü icra üçün verilmiş müddətdə borclu tərəfindən yerinə yetirilmədiyinə görə tələbin yönələ biləcəyi əmlakların aşkar olunması məqsədilə müvafiq icra tədbirləri görülmüş, nəticədə "xxxx" MMC-nin mülkiyyətində olan Göyçay rayonu, Qarabaqqal kəndi, 0.2828 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi aşkar edilmişdir. Göstərilənləri nəzərə alaraq Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4391/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə tələbin borcluya məxsus Borclu MMC-nin mülkiyyətində olan Göyçay rayonu, Qarabaqqal kəndi, 0.2828 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmiş Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsi, tələbkar və borclu məhkəmə iclasında iştirak etməmiş və nümayəndəsinin iştirakını təmin etməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 231.Qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması 231.1. İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. 231.2. Həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. 231.3. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması), borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələləri icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələlərinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması , habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti, borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. 231.3-1. Məhkəmə borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimata onun daxil olduğu vaxtdan 5 iş günü müddətində, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında ərizələrə və icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara onların daxil olduğu vaxtdan 10 iş günü müddətində baxır. 231.4. Qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması barədə məhkəmə qərardadından şikayət verilə bilər. İcra Haqqında Azərbaycan Respublikasının Qanunu M a d d ə 4 3 . Məcburi icra tədbirləri 43.1. Məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; 43.1.3. tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; 43.1.4. icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; 43.1.5. bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. M a d d ə 5 0 . Borclunun əmlakı üzərinə həbs qoyulması 50.1. İcraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. 50.2. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. Məhkəmə təqdimatı, təqdimata əlavə olunan sənədləri araşdırıb hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 05 iyun tarixli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak” növlərinin dəqiq siyahısı”nda ev tikmək və ya almaq üçün kredit təşkilatı tərəfindən verilmiş kreditin tutulması halları, habelə girov və ipoteka ilə yüklü edilmiş əmlaklar istisna olmaqla, fiziki şəxsin yeganə yaşayış evinə tələbin yönəldilməsinə qadağa qoyulmuşdur. Lakin iş materiallarına əlavə olunmuş sənədlərdə həmin torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olduğu aşkar olunmuşdur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, onun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Hüquqi cəhətdən dəyərləndirilməsi vacib olan məsələlərdən biri də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra olunmamasıdır. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası «məhkəmə baxışının tərkib hissəsi» kimi qiymətləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Homsbi Yunanıstana qarşı” işdə (19 mart 1997-ci il) qeyd etmişdir ki, iştirakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasını və beləliklə tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan "məhkəmə baxışına hüquq" xəyali xarakter alacaqdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Burdov Rusiyaya qarşı» işdə (7 may 2002-ci il) eyni xarakterli məsələlərə bir daha toxunaraq qeyd etmişdir ki, məhkəmə qərarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1-ci bəndində ifadəsini tapmış müddəanın faydalılıq qüvvəsindən məhrum etmiş olur. Məhkəmə həmin fikirlərini "xxxx" MMC Rusiya Federasiyasına qarşı» işdə (14 iyun 2005-ci il) də təkrarlamış, cavabdehin dövlətin məhkəmə qətnaməsinin icra olunmamasında vəsait çatışmazlığına istinad etməsini əsaslı hesab etməmişdir. "Roseltrans» ASC Rusiya Federasiyasına qarşı" (21 iyul 2005-ci il) işdə məhkəmə belə nəticəyə gəlmişdir ki, ağlabatan müddətdə ədalətli, açıq məhkəmə baxışının keçirilməsini nəzərdə tutan Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin məhkəmə qətnaməsinin icrasına təminat verməməsini təsəvvür etmək çətindir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Borclu MMC qanuni qüvvəsini almış məhkəmə aktını könüllü qaydada icra etməmişdir. Məhkəmə qeyd edir ki, borclu tərəfindən icra sənədi könüllü icra edilmədiyi üçün təqdimat təmin edilməklə Borclu MMC-nın adına olan Göyçay rayonu, Qarabaqqal kəndi, 0.2828 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Borclu MMC-nin xüsusi mülkiyyətində olan Göyçay rayonu, Qarabaqqal kəndi, 0.2828 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulsun. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Talıbova
Məhkəmə qərarları › İş №8(010)-481/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-481/2024
07.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver