Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-485/2025 13.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Rzayeva Fəridə İslam qızı Qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinə dair icra sənədi üzrə borclu X4 tərəfindən verilmiş ərizənin məhkəmə icraatına götürülməsinin mümkünlüyünə baxaraq, müəyyən etdi. Ərizənin məzmunu İcra sənədi üzrə borclu X4 qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X3 uşaqla ünsiyyət hüququnun təmin edilməsi üçün övladı X5 şənbə günləri saat 15:00-da görüşə gətirməsinə icazə verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İcra sənədi üzrə borclu ərizəni onunla əsaslandırmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3005/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə X6 övladı X8 ilə hər həftənin şənbə günü saat 12:00-dan 19:00-dək ünsiyyətdə olmaq hüququnun müəyyən edilməsi qət edilmişdir. X1 görüşə o aparıb təqdim edir. Lakin, şənbə günü qeyd edilən saatda işləyir. Buna görə də, uşağı həmin saatda görüşə gətirə bilmir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 13. Mülki işlərin həllində məhkəmənin tətbiq etdiyi hüquqi aktlar. 13.4. Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Maddə 149. İddia ərizəsinin forması və məzmunu. 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 149.2.5. ərizəyə əlavə edilən sənədlərin siyahısı. Maddə 150. İddia ərizəsinə əlavə edilən sənədlər. 150.1.1. cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla); 150.1.5. iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri; Maddə 151. İddia ərizəsinin mümkünlüyü. 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 152. İddia ərizəsinin qaytarılması. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Maddə 231. Qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması. 231.1. İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Məhkəmənin mövqeyi və gəldiyi nəticə Məhkəmə qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinə dair icra sənədi üzrə borclu tərəfindən verilmiş ərizəni nəzərdən keçirərək hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi – müstəsna hal olub, iş üzrə tərəflərdən hər hansı birinin əmlak vəziyyəti və ya digər halların mövcudluğu zamanı qanuni qüvvəyə minmiş yekun məhkəmə aktının (qətnamənin) icrası ilə bağlı müəyyən edilmiş üsul və qaydaların dəyişdirilməsinə yönələn məhkəmənin müəyyən etdiyi prosessual tədbirdir. Bu prosessual tədbirin məhkəmə qaydasında həyata keçirilməsi üçün mülki prosessual qanunvericiliklə müəyyən edilmiş tələblərə riayət edilməli, ilk növbədə qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsindən ibarət prosessual tərəfin xahişini özündə ehtiva edən ərizə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəməyə təqdim edilməlidir. Məhkəmə qətnamələrinin (qərarlarının) icrası qaydasında məhkəməyə təqdim edilən ərizələrin mülki prosessual qanunvericiliyin tələblərinin pozulmasına görə geri qaytarılması əsasları qanunda konkret olaraq göstərilməsə də, ərizənin mümkünlüyü məsələsi analoji hüquq normalarının (iddia ərizəsinin geri qaytarılması ilə bağlı prosessual qaydaları özündə əks etdirən və qanunda nəzərdə tutulan prosessual hüquq normaları) tələbləri rəhbər tutulmaqla həll edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hazırkı ərizədə icra sənədi üzrə borclu tərəfindən iş üzrə digər tərəf olan icra sənədi üzrə tələbkar – X6 dair sonuncunun şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar (yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi və s.) göstərilməmiş, ərizəyə ərizəçinin xahişinin əsası kimi istinad edilən fakt və halları təsdiq edən sübutlar (icra üsulu və qaydası dəyişdirilməsi xahiş edilən məhkəmə qətnaməsi, iş saatların həqiqətən qətnamənin icrasına çətinlik törətməsini təsdiq edən arayış və s.) və sübutların siyahısı əlavə edilməmiş, bununla da borclu tərəfindən ərizənin tərtibində qeyri-müəyyənliyə yol verilmişdir. Yəni, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinə dair ərizə vahid şəkildə (heç bir sənəd əlavə edilmədən) və prosessual pozuntulara yol verilməklə məhkəməyə təqdim edilmişdir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinə dair icra sənədi üzrə borclu X4 tərəfindən verilmiş ərizə geri qaytarılmalı, icra sənədi üzrə borcluya ərizənin geri qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinə dair icra sənədi üzrə borclu X4 tərəfindən verilmiş ərizə ərizəçiyə geri qaytarılsın. İcra sənədi üzrə borclu X2 izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fəridə Rzayeva
Məhkəmə qərarları › İş №8(010)-485/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-485/2025
13.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver