Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-498/2025 04.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi, icra sənədi üzrə borclu X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)- 5128/2024 nömrəli qətnaməsinin hissə-hissə icra edilməsi barədə icra sənədi üzrə borclu X4 tərəfindən verilmiş ərizəyə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizənin məzmunu İcra sənədi üzrə borclu X4 qətnamənin hissə-hissə icra edilməsi və qətnamənin icrasına möhlət verilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-5128/2024 nömrəli qətnaməsinə əsasən aylıq alimentlə yanaşı bu günədək hesablanaraq yığılmış 8402 manat qalan borcun hər ay 250 manat olmaqla, hissə-hissə icra olunması, ödənilməsinə möhlət verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar İcra sənədi üzrə borclu ərizəni onunla əsaslandırmışdır ki, iddiaçı Tələbkar cavabdeh X3 qarşı iddia ərizəsi və əlavə ərizələr ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında torpaq sahəsində yerləşən 3 otaqlı həyət evinin, Abşeron rayonu, X5 Kombinatı ərazisində birgə nikah dövründə aldıqları 0.06 ha torpaq sahəsinin, “Opel Astra” minik markalı, 2007-ci il, boz metallik rəngli, Ban nömrəsi WOLOAHL********** olan avtomobilin üzərində 2/3 hissədə iddiaçının, 1/3 hissədə cavabdehin pay hüquqlarının (iddiaçının himayəsində tərəflərin birgə nikahından doğulmuş 3 oğlan uşağının olduğunun nəzərə alınmasını), həmin əmlakların ümumi bazar qiyməti (özünün hesablamalarına əsasən) olan 118000 manat məbləğdən 2/3 hissənin, yəni 78000 manat məbləğinin, həmçinin mediasiyaya və məhkəməyə ödənilmiş dövlət rüsumunun 267 manatın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(010)-110/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, tərəflərin birgə nikah dövründə əldə etdiyi ünvan 1 ünvanında yerləşən, 3 otaqlı fərdi yaşayış evinin dəyəri olan 18529 manat pul vəsaitinin ½ hissəsi, yəni 9264.5 manat pul vəsaiti, 2007-ci il buraxılışlı, “Opel Astra” minik markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri olan 11000 manat pul vəsaitinin ½ hissəsi, yəni 5500 manat pul vəsaiti, Abşeron rayonu, X5 Kombinatı ərazisində yerləşən 0.06 ha torpaq sahəsinin icarə hüquqlarının dəyəri olan 10800 manat pul vəsaitinin ½ hissəsinin, yəni 5400 manat pul vəsaiti üzrə ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmiş, ümumilikdə 20164.5 manat pul vəsaitinə uyğun olaraq 150.49 manat hissəsi və ödənilmiş 60 manat mediasiya xərcinin cavabdehdən tutularaq AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. O, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(010)-110/2024 nömrəli qətnaməsi ilə razılaşmayaraq həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Bununla əlaqədar olaraq, o, apellyasiya şikayəti verərək qətnamənin – qismən, yəni tərəflərin birgə nikahı dövründə əldə etdiyi ünvan 1 nömrəli evin 1 nömrəli mənzilinin həyətində yerləşən 3 otaqlı özbaşına mübahisəli fərdi yaşayış evinin dəyəri olan 18529 manat pul vəsaitinin ½ hissəsi, yəni 9264.5 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində ləğv edilməsi, həmin özbaşına tikilinin kimin vəsaiti hesabına tikilməsi müəyyən edilərək həmin şəxslərin payına uyğun bölünməsi, avtomobilin dəyəri olan 11000 manat pul vəsaitinin ½ hissəsi, yəni 5500 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində avtomobilin alınması üçün birgə nikah dövründə götürülmüş kredit birgə qaytarılmadığına görə bu hissədə ləğv edilməsi, iddia tələbinin həmin hissədə rədd edilməsi, tərəflərin birgə nikah dövründə əldə etdiyi Abşeron rayonu, X5 Kombinatı ərazisində yerləşən 0.06 ha torpaq sahəsinin icarə hüququnun dəyəri olan 10800 manat pul vəsaitinin ½ hissəsinin, yəni 5400 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində dəyişdirilməsi və 0.06 ha torpaq sahəsinə icarə hüququnun ½ hissəsinə istifadə hüququnun müəyyən edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, avtomobili qardaşından almışdır. Avtomobilin dəyərini, pulunu qardaşına "xxxx" ASC-nin Neftçilər fillialından xx.xx.2023-cü il tarixdə 106804-379495/3 nömrəli kredit müqaviləsi əsasında 9800 manat kredit götürərək ödəyib. Nikah pozulduqdan sonra avtomobilin alınması üçün götürdüyü bank kreditini təkbaşına xx.xx.2025-ci il tarixədək ödəməlidir. Məhkəmə necə ola bilər ki, birgə nikah dövründə qazanılmış əmlakı bölə bilir, lakin birgə nikah dövründə götürülmüş öhdəliklərdə birgə nikah dövründə götürüldüyünə görə hər iki tərəf də üzərinə düşən hissəni ödəməsini məhkəmə tərəflərin üzərinə qoymalı olduğu halda bunu nəzərə almır. Məhkəmə, bununla Ailə Məcəlləsinin 37.3-cü maddəsinin tələblərini pozmuşdur. Məhkəmə, işə baxarkən evin tikilməsində iştirak etmiş atasını və qardaşını məhkəmə iclasına cəlb etməmiş və onların iştirakını təmin etməmişdir. İddiaçı mübahisəli evi yalnız onunla birlikdə tikdiklərini təsdiq edən heç bir sübut təqdim etməmişdir. “Torpaq sahəsinin icarə hüququnun satılmasına dair” xx.xx.2014-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən, 0.06 ha torpaq sahəsinin icarə hüququ 10800 manata ona müddətli satılmış və həmin torpaq sahəsi xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında icarə hüququ ilə onun adına qeydiyyata alınmışdır. O da nəzərə alınmamışdır ki, həmin torpaq sahəsi təyinatına görə kənd təsərrüfatlıdır və orada ev tikməyə icazə verilmir, yalnız kənd təsərrüfatı məhsulları yetişdirmək nəzərdə tutulmuşdur. Buna görə də həmin vaxt ödənilmiş pulun 5400 manatın ondan alınaraq iddiaçıya ödənilməsini təmin edərkən heç bir maddi hüquq normasına uyğun əsaslandırmamışdır. Məhkəmə, qətnamə qəbul edərkən iddia tələbinin təmin edilməyən hissəsinin nədən ibarət olduğunu aydın göstərməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-5128/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi qismən – “Opel Astra” minik markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobilin və Abşeron rayonu, X5 Kombinatı ərazisində 0.06 ha torpaq sahəsi üzərindəki icarə hüququnun dəyərinin yarısının, yəni ½ hissəsinin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində ləğv edilməsi və həmin hissədə yeni qətnamə çıxarılması, iddia tələbi həmin hissədə qismən təmin olunması, mülkiyyət hüququ cavabdeh X2 adına rəsmiləşdirilmiş “Opel Astra” minik markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobil və Abşeron rayonu, X5 Kombinatı ərazisində 0.06 ha torpaq sahəsinə dair icarə hüququ üzərində ½ hissədə iddiaçı Tələbkar və ½ hissədə cavabdeh X2 paylarının müəyyən edilməsi, iddia tələbi həmin əmlakların, yəni “Opel Astra” minik markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobilin və Abşeron rayonu, X5 Kombinatı ərazisində 0.06 ha torpaq sahəsinə dair icarə hüququnun ümumi bazar qiymətinin 2/3 hissəsinin cavabdehdən alınıb iddiaçıya ödənilməsi hissəsində təmin edilməməsi, mübahisələndirilən qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-5128/2024 nömrəli iş üzrə icra vərəqəsinə əsasən, “tərəflərin birgə nikah dövründə əldə etdiyi ünvan 1 ünvanında yerləşən 3 otaqlı fərdi yaşayış evinin dəyəri olan 18529 manat pul vəsaitinin ½ hissəsi, yəni 9264.5 manat pul vəsaiti cavabdeh X1 tutularaq iddiaçı Tələbkar ödənilsin. Mülkiyyət hüququ cavabdeh X2 adına rəsmiləşdirilmiş “Opel Astra” minik markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobil və Abşeron rayonu, X5 Kombinatı ərazisində 0.06 ha torpaq sahəsinə dair icarə hüququ üzərində ½ hissədə iddiaçı Tələbkar və ½ hissədə cavabdeh X2 payları müəyyən edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaiti cavabdeh X1 tutularaq AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin”. Qeyd olunan məhkəmə qətnaməsi icraya yönəldilmişdir. Lakin, bu gün onun 9264.5 manat pulu birdən ödəməyə maddi imkanı yoxdur. Bu səbəbdən də, məhkəmə qətnaməsi ilə qət olunmuş məbləği bir dəfəyə ödəyə bilmir. Belə ki, əvvəllər işləsə də, hazırda pensiyaçıdır, 860 manat 78 qəpik pensiya alır, bundan başqa gəliri və qazancı yoxdur. Bir uşağa görə 246 manat aliment ödəyir, həmçinin də bu iş üzrə 431 manat iki ay olmaqla, 862 manat pensiyasından tutularaq Tələbkar ödənilmişdir ki, bu da onun aldığı 860 manat pensiyasından 677 manat çıxdıqda 183 manat ona qalmışdır. Bu isə onun pensiyasının 80%-nin tutulması ilə nəticələnmişdir. Yaranmış vəziyyət 2025-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun deyildir. Ərizənin dəqiqləşdirilməsi İcra sənədi üzrə borclu ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən məhkəmə qətnaməsi ilə ondan tutulan borcun hissə-hissə ödənilərək, hər ay 250 manat tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları İcra sənədi üzrə Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, qətnamənin hissə-hissə icra edilməsi barədə ərizə ilə qəti şəkildə razı deyil, 3 uşağına təkbaşına baxır və hər ay kirayə haqqı vermək məcburiyyətindədir. Qətnamə üzrə qət olunan məbləğ ona borclu tərəfindən bütövlükdə ödənilməlidir. Odur ki, ərizənin təmin olunmaması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən icra sənədi üzrə borclu X4 ərizənin məzmununa uyğun izahat verərək, məhkəmədən ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş icra məmuru məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikası MPM-nin 231.2-ci madəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. İşin faktiki halları Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(010)- 110/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, tərəflərin birgə nikah dövründə əldə etdiyi ünvan 1 ünvanında yerləşən, 3 otaqlı fərdi yaşayış evinin dəyəri olan 18529 manat pul vəsaitinin ½ hissəsi, yəni 9264.5 manat pul vəsaiti, 2007-ci il buraxılışlı, “Opel Astra” minik markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri olan 11000 manat pul vəsaitinin ½ hissəsi, yəni 5500 manat pul vəsaiti, Abşeron rayonu, X5 Kombinatı ərazisində yerləşən 0.06 ha torpaq sahəsinin icarə hüququnun dəyəri olan 10800 manat pul vəsaitinin ½ hissəsinin, yəni 5400 manat pul vəsaitinin, ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmiş, ümumilikdə 20164.5 manat pul vəsaitinə uyğun olaraq 150.49 manat hissəsi və ödənilmiş 60 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, ekspertiza tədqiqatının dəyər olan 100 manat pul vəsaitinin cavabdehdən tutularaq AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. Həmin qətnamədən cavabdeh X4 apellyasiya şikayəti vermiş və apellyasiya şikayəti qismən təmin olunaraq, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qətnaməsi qismən - “Opel Astra” minik markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobilin və Abşeron rayonu, X5 Kombinatı ərazisində 0.06 ha torpaq sahəsi üzərindəki icarə hüququnun dəyərinin yarısının, yəni ½ hissəsinin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə çıxarılmış, iddia tələbi həmin hissədə qismən təmin olunaraq, “Opel Astra” minik markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobil və Abşeron rayonu, X5 Kombinatı ərazisində 0.06 ha torpaq sahəsinə dair icarə hüququ üzərində ½ hissədə iddiaçı Tələbkar və ½ hissədə cavabdeh X2 payları müəyyən edilmış, iddia tələbi həmin əmlakların, yəni “Opel Astra” minik markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobilin və Abşeron rayonu, X5 Kombinatı ərazisində 0.06 ha torpaq sahəsinə dair icarə hüququnun ümumi bazar qiymətinin 2/3 hissəsinin cavabdehdən alınıb iddiaçıya ödənilməsi hissəsində təmin edilməmiş, mübahisələndirilən qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Hazırda borclu tərəflərin birgə nikah dövründə əldə etdiyi ünvan 1 ünvanında yerləşən 3 otaqlı fərdi yaşayış evinin dəyəri olan 18529 manat pul vəsaitinin ½ hissəsi, yəni 9264.5 manat pul vəsaitinin ondan tutularaq Tələbkar ödənilməsi hissəsində qətnamənin hissə-hissə icra olunmasına dair qərardad qəbul edilməsini məhkəmədən xahiş edir. Tələbkar məhkəməyə ünvanladığı ərizəsində qətnamənin hissə-hissə icrasına razı olmadığını bildirir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 231. Qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması. 231.1. İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. 231.2. Həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. 231.3-1. Məhkəmə borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimata onun daxil olduğu vaxtdan 5 iş günü müddətində, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında ərizələrə və icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara onların daxil olduğu vaxtdan 10 iş günü müddətində baxır. 231.4. Qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması barədə məhkəmə qərardadından şikayət verilə bilər. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 15. Məhkəmə və digər orqanların qərarlarının icrasına möhlət verilməsi və ya onların hissə-hissə icrası. Tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli, 04 nömrəli qərarı
12. Məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər.
13. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar.
Məhkəmənin mövqeyi və gəldiyi nəticə Məhkəmə borclunun izahatını, ərizəni və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, icra qeydinin hissə-hissə icra edilməsi müstəsna hal olub, borclunun ağır əmlak vəziyyəti və yaxud qətnamənin icrası üçün çətinlik törədən, borclu tərəfindən icra qeydinin icrasına mane olan əlverişsiz hallar yarandıqda tətbiq oluna bilər. Bu halda qanunvericiliyinə əsasən borclunun əmlak vəziyyətinin və digər halların borcun birdəfəlik ödənilməsinə imkan verməməsini sübut etmək vəzifəsi belə ərizə ilə məhkəməyə müraciət etmiş borclunun üzərinə düşür. Lakin borclununu ərizədə göstərdiyi dəlillər yalnız yazılı mülahizələrdən ibarət olmaqla, sübutetmə yükünun onun üzərində olmasına baxmayaraq, zəruri sübutları ərizəyə əlavə etməmişdir. Məhkəmə iclasında borclunun izahatı əsasında müəyyən edilmişdir ki, o, icra sənədində göstərilən məbləği aylıq 250 manat ödəməklə icra sənədinin icrasını təmin edə bilər. Məhkəmə hesab edir ki, borclunun təklif etdiyi həmin ödəniş qaydası və məbləği tələbkarın mənafeyinə ziddir, eyni zamanda, icra sənədinin icrasından yayınmaq və icra sənədinin icrası müddətinin uzadılması məqsədini daşımaqdadır. Tələbkar öz növbəsində ərizə ilə məhkəməyə müraciət edərək, qətnamənin hissə-hissə icrasına razı olmadığını bildirmiş ,ərizənin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Göründüyü kimi, qətnamənin hissə-hissə icra edilməsi ilə bağlı tələbkarın mövqeyi qətidir və birmənalı xarakter daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 22 may 2015-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, qətnamənin icra qaydasının dəyişdirilməsi işdə iştirak edən şəxslərin məhkəmə müdafiəsi hüququnun səmərəliliyini təmin edən vasitə kimi qiymətləndirilir və belə yanaşma Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin tələblərinə cavab verir. Burada bir daha nəzərə almaq lazımdır ki, möhlət verilməsi nəticəsində qanuni qüvvəyə minmiş qətnamə üzrə icra hərəkətlərinin uzun müddət ərzində başlaya bilməməsi məhkəməyə müraciət etmək hüququnun, habelə məhkəmə müdafiəsi təminatının ağlabatan müddətdə həyata keçirilməsi tələbinin pozulmasına gətirib çıxara bilər. Belə ki, artıq qeyd edildiyi kimi, məhkəməyə müraciət etmək hüququ, həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Yuxarıda göstərilən səbəbdən icra üzrə icraatın uzun müddət ərzində başlanmaması məhkəməyə müraciət etmək hüququnu əhəmiyyətsiz edə bilər. Məhkəmə qeyd edir ki, məhkəmə qətnaməsinin icra edilməsi tələbkarın “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması hüququnun tərkib hissəsini təşkil edir. Ədalət mühakiməsi isə cəmiyyətin fundamental dəyərlərinin qorunub saxlanması və bərpa olunmasına, insan toplumunun hüquq və azadlıqlardan yararlanmasına xidmət edən əhəmiyyətli bir mexanizmdir. Ədalət mühakiməsi dövlət adından çıxarılan konkret qərarlarda öz əksini tapır. Məhkəmə qərarlarının icra olunmaması isə ədalət mühakiməsinin nüfuzuna zərbə vurmaqla, onun insan hüquq və azadlıqlarının qorunması və bərpa olunmasında yerinə yetirdiyi etibarlı mexanizm rolunu aşağı salır və nəticədə insanların bu mexanizmdən yararlanmasının real mahiyyəti heçə enir. Bu nüfuzun bərpa olunması isə insan hüquq və azadlıqlarının deklarativ deyil, real mahiyyət kəsb etməsi üçün son dərəcə vacibdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Avropa Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar, §40). Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir (Burdov Rusiyaya qarşı iş üzrə 7 may 2002-ci il tarixli Qərar, §35). Konvensiyanın 6-ci maddəsində ifadəsini tapan “ədalətli məhkəmə baxışına olan hüquq” qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin dövlət tərəfindən icra edilməsi vəzifəsini özündə ehtiva edir. Bu hüququn pozulması icranın tam yerinə yetirilməməsində, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin gecikdiriməsində də təzahür edə bilər. Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsinin məzmunundan, həmçinin yuxarıda qeyd olunan hüquq normalarından və həmin hüquq normalarının şərhi və tətbiqi praktikasından görünür ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası və icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında məsələ həll edilərkən, ilk növbədə tərəflərin əmlak vəziyyəti, borclu üçün əlverişli olmayan və qətnamənin icrası üçün çətinlik yaradan müxtəlif hallar, xüsusilə də borclunun əmlak vəziyyətinin ağırlığı nəzərə alınmalı, həmçinin bu zaman tələbkarın da mənafeyi nəzərə alınmalı və onun qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş hüquqlarının pozulmasına yol verilməməlidir. Qeyd olunanlara əsasən belə nəticəyə gəlmək olar ki, qətnamənin hissə-hissə icra edilməsi məhkəmə uduşundan və bununla da mülkiyyət sayılan icra sənədində göstərilən məbləğdən yararlanmaqla ədalətli məhkəmə araşdırması hüququ və mülkiyyət hüquqlarının təmin olunmasında ifadə olunan tələbkarın marağını əhəmiyyətli dərəcədə pozacaq, tələbkarın mənafeyi ilə borclunun mənafeyi arasında ədalətli tarazlıq prinsipi pozulmuş olacaqdır. Məhkəmə aktının hissə-hissə icra edilməsinə icazə verilməsi bunu xahiş edən şəxsin əmlak vəziyyətinin həmin aktın icrasına maneə törədəcək şəkildə aşağı olmasının müəyyən edilməsindən asılı olduğu qədər, həm də onun təklif etdiyi icra qaydası tələbkarın da hüquqlarını pozmamalı və məhkəmə aktının real icrasını təmin etməli, tələbkarın həmin aktın icrasının qısa müddət ərzində təmin olunmasına dair qanuni mənafeyi mütləq nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, icra sənədi üzrə borclu X4 tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi üzrə hissə-hissə, yəni aylıq 250 manat məbləğində ödəniş edilməklə qətnamənin icrasının həddindən artıq uzun müddət davam edəcəyini, bununla da tələbkarın dövlət tərəfindən təminat verilən ədalətli məhkəmə baxışına olan hüququnun pozulacağını, yəni qətnamənin hissə-hissə icra edilməsi ilə bağlı ərizənin təmin edilməsinin tələbkarın mənafeyinə uyğun olmadığını nəzərə alaraq, ərizə əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 231, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-5128/2024 nömrəli qətnaməsinin hissə-hissə icra edilməsinə dair icra sənədi üzrə borclu X4 tərəfindən verilmiş ərizə təmin edilməsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən Fəridə Rzayeva