Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-499/2024 16.12.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi ilə, Tələbkar, X1 etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Tələbkar cavabeh X5 qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə X1 qətnamənin hissə-hissə icra olunmasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-68/2024 saylı, xx.xx.2024-ci il tarixli qətnaməsinə əssaən iddia qismən təmin edilərək cavabdeh X3 1597 (bir min beş yüz doxsan yeddi) manat məbləğində pul və 35,97 (otuz beş manat, doxsan yeddi qəpik) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. X2 ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-68/2024 saylı, xx.xx.2024-ci il tarixli qətnaməsi ilə ondan tutulmalı olan məbləğin hissə-hissə ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. X2 ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-68/2024 saylı, xx.xx.2024-ci il tarixli qətnaməsi ilə cavabdeh X3 1597 manat məbləğində pul və 35,97 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı Tələbkar xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmışdır. Lakin hazırki maddi vəziyyəti ilə əlaqədar olaraq qətnamə üzrə qət olunmuş məbləğin bir dəfəyə ödənilməsinin onun imkanı xaricində olduğunu və həmin məbləği 8 ay ərzində hissə-hissə ödədiyini bildirmişdir. X1 etibarnamə üzrə nümayəndəsi Nümayəndə ərizədə qeyd olunanlara uyğun izahat verərək bildirmişdir ki, qətnamə üzrə qət olunmuş məbləğin bir dəfəyə ödənilməsi borclunun imkanı xaricindədir. Belə ki, X2 evdar qadındır, o özü isə təqaüdçüdür. Qeyd olunanlara əsasən ərizənin təmin olunmasını xahiş etmişdir. Tələbkar ərizəni qəbul etməyərək bildirmişdir ki, borcun hissə-hissə ödənilməsinə etiraz edir. Belə ki, borclu dəfələrlə məhkəmə iclasına gəlməmiş və məhkəmə qətnaməsi üzrə qət olunmuş həmin borcu ödəməkdən müxtəlif bəhanələrlə yayınmışdır. Qeyd olunanlara əsasən ərizənin rədd olunmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon İcra şöbəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Bakı şəhəri Suraxanı Rayon İcra şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib və ərizəni araşdırıb hesab edir ki, ərizə rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafıəsi haqqında” Avropa konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, onun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Hüquqi cəhətdən dəyərləndirilməsi vacib olan məsələlərdən biri də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra olunmamasıdır. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası «məhkəmə baxışının tərkib hissəsi» kimi qiymətləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Homsbi Yunanıstana qarşı” işdə (19 mart 1997-ci il) qeyd etmişdir ki, iştirakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasını və beləliklə tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan "məhkəmə baxışına hüquq" xəyali xarakter alacaqdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Burdov Rusiyaya qarşı» işdə (7 may 2002-ci il) eyni xarakterli məsələlərə bir daha toxunaraq qeyd etmişdir ki, məhkəmə qərarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1-ci bəndində ifadəsini tapmış müddəanın faydalılıq qüvvəsindən məhrum etmiş olur. Məhkəmə həmin fikirlərini "xxxx" MMC Rusiya Federasiyasına qarşı» işdə (14 iyun 2005-ci il) də təkrarlamış, cavabdehin dövlətin məhkəmə qətnaməsinin icra olunmamasında vəsait çatışmazlığına istinad etməsini əsaslı hesab etməmişdir. "Roseltrans” ASC Rusiya Federasiyasına qarşı" (21 iyul 2005-ci il) işdə məhkəmə belə nəticəyə gəlmişdir ki, ağlabatan müddətdə ədalətli, açıq məhkəmə baxışının keçirilməsini nəzərdə tutan Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin məhkəmə qətnaməsinin icrasına təminat verməməsini təsəvvür etmək çətindir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında da qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrası xüsusilə vurğulanmışdır. Həmin qərarda qeyd olunur ki, “məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Məhkəmə hesab edir ki, qeyd olunan qanunvericiliyin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyinə görə heç bir yerdə işləməmək, az gəlir etmək, yaxud hər hansı digər əsaslar borclunun iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra etmək vəzifəsindən azad etmir. Borclu ondan tutulmuş pulu ödəməyə maddi imkanının olmadığını göstərsə də, bunun təsdiqi olaraq borcun ödənilməsi ilə bağlı yaranmış hər hansı əlverişsiz hal barəsində heç bir sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, iş üzrə qətnamə xx.xx.2024-ci il tarixdə qəbul olunduğundan və hal-hazıra kimi borclu tərəfindən icra olunmadığından, bundan əlavə tələbkarın borcun hissə-hissə ödənilməsinə etirazı olduğundan X4 ondan tutulmuş məbləğin hissə-hissə icra olunması barədə ərizəsi təmin oluna bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : X1 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-68/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin hissə-hissə icra olunmasına dair ərizəsi təmin edilməsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Talıbova
Məhkəmə qərarları › İş №8(010)-499/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-499/2024
16.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver