Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-501/2025 04.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi ilə, Tələbkar, X1 iştirakı ilə, İddiaçı Tələbkar cavabdeh X5 qarşı “borcun qaytarılması” tələbinə dair mülki iş üzrə X1 qətnamənin hissə-hissə icra olunmasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1553/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsinə əsasən iddia təmin edilərək cavabdeh X3 15000 manat məbləğində pul iddiaçı Tələbkar xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi, iddia qismən təmin edildiyi üçün iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsümunun əvəzi olaraq 112,5 manat məbləğində pul cavabdeh X3 iddiaçı Tələbkar xeyrinə tutulması, ödənilmiş dövlət rüsumunun qalan 37,50 manat hissəsi iddiaçının özünə aid edilməsi, cavabdeh X3 hüquqi yardım xərci olaraq 120 manat məbləğində pul iddiaçı Tələbkar xeyrinə tutulması qət edilmişdir. X2 ərizə ilə məhkəməyə müraciət edərək məsələnin obyektiv maliyyə vəziyyəti çərçivəsində həll edilməsini təmin etmək məqsədi ilə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(010)-1553/2024 saylı qərarı üzrə icra sənədinin müəyyən qrafik üzrə hissə-hissə ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. X2 ərizəsini onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(010)- 1553/2024 saylı qərarı ilə 15000 manat məbləğində vəsaitin ondan tutularaq Tələbkar ödənilməsi qət edilmiş və icraya yönəldilmişdir. Halhazırda heç bir iş yerində çalışmır, daimi gəlir mənbəyi yoxdur və dolanışığını təmin etmək üçün də kifayət qədər maddi imkanlara malik deyildir. Həmçinin, başqa heç bir yerdən maddi gəliri yoxdur. Bu səbəbdən, icra sənədində nəzərdə tutulan ödənişi həyata keçirmək fiziki olaraq mümkün deyil. Göstərilən məbləği ödəmək üçün hər hansı maddi gəlir mənbəyi, yaxud əmlak və sair maddi nemətlərə sahib deyildir. Buna baxmayaraq borcun yarandığı gündən iş axtararaq borcu ödəmək üçün gəlir qazanmağa çalışmış, lakin ali təhsilli deyil, həmçinin yaşı, səhhəti və sosial vəziyyəti ilə əlaqədar ona müraciət etdiyi heç bir müəssisə, yaxud şəxslər iş vermir. Əgər borcu ödəməkdən imtina etmək, yaxud boyun qaçırmaq niyyəti olsaydı sözügedən məhkəmə qərarını yuxan instansiyada mübahisələndirərdi. Onun borcu ödəməkdən boyun qaçırmaq niyyəti olmadığından, əksinə bu gün iş tapsa rəsmi gəlirini borca yönəltməyə hazır olduğundan həmin qərarı bu günə kimi mübahisələndirməmişdir. Yuxarıda qeyd olunanlardan da aydın olduğu kimi, borcu ödəmək öhdəliyini qəsdən yerinə yetirməkdən boyun qaçırmamışdır. İcra məmurunun bütün çağırışlarına könüllü gəlmiş, tərəflə danışıqlar aparmış, indiyə kimi ancaq məsələni müsbətə doğru həll etməyə çalışmışdır. Hazırkı halda hər hansı bir qəsd elementi mövcud deyil. Əksinə, vəziyyət onun maliyyə çətinliklərindən və maddi imkanlarının məhdudluğundan irəli gəlir. Hazırkı şəraitdə onun heç bir gəlir mənbəyi olmadığından, məhkəmə qərarının birdəfəyə icrası bu günkü tarixə qeyri-mümkündür. Sosial və iqtisadi çətinliklər onun real həyat vəziyyətindən asılıdır. Borcu ödəmək üçün işləməyə və ya hər hansı güzəştli ödəmə qrafikinin tətbiq edilməsinə hazırdır. Bu yanaşma, həm borc sahibinin hüquqlarını qoruyar, həm də onun ədalətsiz olaraq məsuliyyətə cəlb olunmasına səbəb olmaz. Qeyd olunanlara əsasən ərizənin təmin olunmasını xahiş etmişdir. X2 ərizəyə uyğun izahat verərək bildirmişdir ki, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə 15000 manat məbləğində vəsaitin ondan tutularaq Tələbkar ödənilməsi qət edilmişdir. Hal-hazırda heç bir yerdə işləmir və Tələbkar olan borcunu ödəyə bilmir. Özü ikinci qrup əlildir, həyat yoldaşı isə ürək xəstəsidir. Mövcud olan 15000 manat məbləğində borcu hər ay 100 manat olmaqla hissəhissə ödəmək niyyətindədir. Qeyd olunanlara əsasən ərizənin təmin olunmasını xahiş etmişdir. Tələbkar izahat verərək bildirmişdir ki, ərizəçinin mövcud borcu ödəməyə maddi imkanı vardır. Lakin bu məsələ onun tərəfindən əsassız olaraq uzadılmışdır. Belə ki, adında olan əmlakları da öz adından çıxarmışdır. Borclu iki il ərzində heç bir ödəniş etməmişdir. Borclu 15000 manat məbləğində mövcud borcu hər ay 100 manat ödəməklə neçə ilə bitirmək niyyətindədir. Qeyd olunanlara əsasən ərizənin rədd olunmasını xahiş etmişdir. Bakı şəhər Suraxanı rayon İcra Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə ərizəyə İcra Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatını dinləyib və ərizəni araşdırıb hesab edir ki, ərizə rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafıəsi haqqında” Avropa konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, onun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Hüquqi cəhətdən dəyərləndirilməsi vacib olan məsələlərdən biri də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra olunmamasıdır. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası «məhkəmə baxışının tərkib hissəsi» kimi qiymətləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Homsbi Yunanıstana qarşı” işdə (19 mart 1997-ci il) qeyd etmişdir ki, iştirakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasını və beləliklə tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan "məhkəmə baxışına hüquq" xəyali xarakter alacaqdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Burdov Rusiyaya qarşı» işdə (7 may 2002-ci il) eyni xarakterli məsələlərə bir daha toxunaraq qeyd etmişdir ki, məhkəmə qərarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1-ci bəndində ifadəsini tapmış müddəanın faydalılıq qüvvəsindən məhrum etmiş olur. Məhkəmə həmin fikirlərini "xxxx" MMC Rusiya Federasiyasına qarşı» işdə (14 iyun 2005-ci il) də təkrarlamış, cavabdehin dövlətin məhkəmə qətnaməsinin icra olunmamasında vəsait çatışmazlığına istinad etməsini əsaslı hesab etməmişdir. "Roseltrans” ASC Rusiya Federasiyasına qarşı" (21 iyul 2005-ci il) işdə məhkəmə belə nəticəyə gəlmişdir ki, ağlabatan müddətdə ədalətli, açıq məhkəmə baxışının keçirilməsini nəzərdə tutan Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin məhkəmə qətnaməsinin icrasına təminat verməməsini təsəvvür etmək çətindir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında da qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrası xüsusilə vurğulanmışdır. Həmin qərarda qeyd olunur ki, “məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Məhkəmə hesab edir ki, qeyd olunan qanunvericiliyin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyinə görə heç bir yerdə işləməmək, az gəlir etmək, yaxud hər hansı digər əsaslar borclunun iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra etmək vəzifəsindən azad etmir. Borclu ondan tutulmuş pulu ödəməyə maddi imkanının olmadığını göstərsə də, bunun təsdiqi olaraq borcun ödənilməsi ilə bağlı yaranmış hər hansı əlverişsiz hal barəsində heç bir sübut təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, iş üzrə qətnamə xx.xx.2024-cü il tarixdə qəbul olunmuş və hal-hazıra kimi borclu tərəfindən icra olunmamışdır. Bundan əlavə tələbkarın hal-hazırda borcun hər ay 100 manat olmaqla hissə-hissə ödənilməsinə etirazı vardır və həmçinin 15000 manat borcun hər ay 100 manat olmaqla ödənilməsini məhkəmə ağlabatan hesab etmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X4 ondan tutulmuş məbləğin hissə-hissə icra olunması barədə ərizəsi təmin oluna bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : X1 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1553/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin hissə-hissə icra olunmasına dair ərizəsi təmin edilməsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Talıbova
Məhkəmə qərarları › İş №8(010)-501/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-501/2025
04.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver