Məhkəmə qərarları › İş №8(010)-506/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-506/2025

04.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-506/2025 04.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X2 iclas katibliyi, icra sənədi üzrə Tələbkar, icra sənədi üzrə Borclu iştirakları ilə İcra sənədi üzrə Tələbkar tərəfindən verilmiş aliment məbləğinin indeksasiyasına dair ərizəyə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Ərizənin məzmunu İcra sənədi üzrə Tələbkar aliment məbləğinin indeksasiyasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 1072/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən barışıq sazişinin tələblərinə əməl etmədiyindən birgə nikahdan doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X1 üçün 150 manat aliment miqdarının 2025-ci il üçün müəyyən edilmiş 246 manat minimum əmək haqqına uyğun indeksasiya olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar İcra sənədi üzrə tələbkar ərizəni onunla əsaslandırmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1072/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən, iddia ərizəsi təmin edilərək cavabdeh Borclu ilə nikahları pozulmuşdur. Mediasiyada barışıq sazişi ilə tərəflər razılığa gəldilər ki, birgə nikahdan xx.xx.2020-ci il təvəllüdlü X5 ana X4 yanında saxlanılsın. Tərəflər razılığa gəldilər ki, birgə nikahdan doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X1 üçün 150 manat alimentin və əlavə xərclərin ödənilməsini öz üzərinə götürmüşdür. Cavabdeh barışıq sazişinin tələblərinə əməl etmir. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən icra sənədi üzrə Tələbkar ərizənin məzmununa uyğun izahat verərək, məhkəmədən ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən icra sənədi üzrə Borclu məhkəmədən ərizənin təmin edilməməsini xahiş etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İV seriyalı, 429219 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X5 (atası Borclu, anası X7) xx.xx.2020-ci il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 2381 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)-1072/2024 nömrəli qətnaməsindən müəyyən olunur ki, iddiaçı X4 cavabdeh Borclu qarşı nikahın pozulmasına dair iddia tələbi təmin edilmiş, tərəflər arasında xx.xx.2019-cu il tarixdə Abşeron rayon qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 09 nömrə ilə qeyd edilmiş nikahın pozulması qət edilmişdir. X7 və Borclu arasında Mediasiya Şurasının Bakı 12 saylı Mediasiya Təşkilatında xx.xx.2023-cü il tarixli, MŞB/12/2023/00865 nömrəli aşağıdakı şərtlərlə barışıq sazişi bağlanmışdır: “1. Tərəflər razılığa gəlirlər ki, aralarında xx.xx.2019-cu il tarixdə bağlanmış nikaha məhkəmə qaydasında xitam verilməsinə etiraz etmirlər.

2. Tərəflər razılığa gəlirlər ki, birgə nikahdan olan övladları xx.xx.2020-ci il təvəllüdlü X5 anası X4 himayəsində qalır.

3. İkinci tərəf (Borclu) uşağın saxlanılması üçün sabit pul məbləğində 150 manat alimentin, imkan daxilində əlavə xərclərinin X6 ödənilməsini də öz öhdəsinə götürür.

4. Birinci tərəf (X7) ikinci tərəfə (Borclu) uşaqlarla maneəsiz ünsiyyətdə olmağa şərait yaradacağını öz öhdəsinə götürür”.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 97. Aliment ödənilməsi barədə saziş üzrə ödənilən alimentin miqdarı və indeksasiyası. 97.1. Aliment ödənilməsi barədə saziş üzrə ödənilən alimentin miqdarı bu sazişin tərəflərinin razılığı ilə müəyyən olunur. 97.2. Aliment ödənilməsi barədə saziş üzrə yetkinlik yaşına çatmayanlar üçün ödənilən alimentin miqdarı məhkəmə qaydasında onlar üçün müəyyən edilə bilən alimentin miqdarından az olmamalıdır. 97.3. Aliment ödənilməsi barədə saziş üzrə alimentin miqdarının indeksasiyası həmin sazişə uyğun aparılır. Sazişdə alimentin miqdarının indeksasiyası qaydası nəzərdə tutulmayıbsa, indeksasiya bu Məcəllənin 110-cu maddəsinə əsasən aparılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər.

Məhkəmənin mövqeyi Məhkəmə aliment məbləğinin indeksasiyasına dair ərizəni iş materialları ilə əlaqəli şəkildə nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)-1072/2024 nömrəli qətnaməsi ilə X4 Borclu qarşı nikahın pozulmasına dair iddia tələbi təmin edilmiş, tərəflər arasında xx.xx.2019-cu il tarixdə bağlanmış nikahın pozulması qət edilmişdir. Uşağın kimin yanında qalması, alimentin tutulması və ünsiyyət qaydası ilə bağlı tərəflər xx.xx.2023-cü il tarixdə mediasiya prosesi nəticəsində barışıq sazişi bağlamışlar. Belə ki, həmin barışıq sazişi ilə Borclu uşağın saxlanılması üçün sabit pul məbləğində 150 manat alimentin, imkan daxilində əlavə xərclərinin X6 ödənilməsini öz öhdəsinə götürmüşdür. Hazırda aliment məbləğinin indeksasiyasına dair ərizə ilə məhkəməyə müraciət edən tələbkar barışıq sazişi ilə tutulan alimentin 246 manat minimum əmək haqqı məbləğinə uyğun indeksasiya edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, aliment məbləğinin indeksasiyasına dair ərizənin xahiş edirəm hissəsində ərizəçinin çatmaq istədiyi hüquqi nəticə qeyri-müəyyən olsa da, məsələyə formal yanaşılmamalı və ərizə aliment məbləğinin indeksasiyasına dair ərizə kimi qəbul edilərək müvafiq hüquqi qiymət verilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarının 8.4-2-ci bəndinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrindən fərqli olaraq, alimentin ödənilməsinə dair tərəflər arasında bağlanmış barışıq sazişində nəzərdə tutulan aliment məbləğinin sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqına uyğun məbləğdə indeksasiyası imkanı istisna edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının rayon (şəhər) və apellyasiya məhkəmələrinə ünvanlanmış xx.xx.2025-ci il tarixli icmal məktubundan aydın olur ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişində sabit pul məbləğində alimentin tutulması ilə bağlı şərt tərəflərin razılığından asılı olaraq konkret rəqəmlə və ya minimum əmək haqqının müəyyən misli ilə ifadə edilə bilər. Tərəflər sazişdə tutulan alimentin məbləğini konkret rəqəmlə ifadə etdikləri və bu məbləğin sonrakı indeksasiyasını nəzərdə tutmadıqları halda, məhkəmə tərəfindən bu sazişin təsdiqi zamanı həmin məbləğin minimum əmək haqqının mislinə çevrilməsi tərəflərin iradə ifadəsinə zidd olduğundan yolverilməzdir. Eyni mövqe, iddia icraatının gedişatında analoji barışıq sazişlərinin təsdiqi zamanı da nəzərə alınmalıdır. Bununla yanaşı, konkret rəqəmlə ifadə olunan alimentin tutulmasına dair qanuni qüvvəsini almış məhkəmə qətnamələrindən fərqli olaraq, bu məzmunda mediasiya sazişi daxil olmaqla, barışıq sazişlərinin təsdiq edilməsi barədə məhkəmə aktları (qətnamə, qərardad) üzrə müəyyən edilmiş alimentin indeksasiyası da buna dair barışıq sazişində müvafiq bəndin olmadığı halda istisna edilir. Bu zaman, tərəflərə Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş əsasların olduğu halda, alimentin miqdarının dəyişdirilməsinə dair yeni iddia tələbi ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. Tərəflər belə bir tələblə məhkəməyə müraciət etdikləri halda isə, qəbul olunacaq qətnamədə müəyyən edilən alimentin məbləği minimum əmək haqqının misli ilə göstərilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişində aliment məbləğinin indeksasiyasına dair hər hansı şərt olmadığından ərizə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsində (məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə) nəzərdə tutulmuş aliment məbləğinin dəyişdirilməsi ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsində (ödənilməli pul məbləğlərinin indeksasiyası) nəzərdə tutulmuş pul məbləğlərinin indeksasiyası tamamilə fərqli hüquqi anlayışlar olmaqla, fərqli hüquqi nəticələrə səbəb olur. Belə ki, məhkəmənin müəyyən etdiyi aliment məbləğinin dəyişdirilməsi (artırılması və ya azaldılması), eləcə də aliment ödəməkdən azad edilmə üçün bir neçə şərtin vəhdəti təmin olunmalı (məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmasını) və həmin şərtlərin mövcudluğu halında bu barədə irəli sürülmüş iddia tələblərinin təmin olunması barədə qətnamə qəbul edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, icra sənədi üzrə Tələbkar tərəfindən verilmiş aliment məbləğinin indeksasiyasına dair ərizə təmin edilməməli, ərizəçiyə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsinin tələbləri baxımından aliment məbləğinin dəyişdirilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir.

Məhkəmənin gəldiyi nəticə Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, icra sənədi üzrə Tələbkar tərəfindən verilmiş aliment məbləğinin indeksasiyasına dair ərizə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İcra sənədi üzrə Tələbkar tərəfindən verilmiş aliment məbləğinin indeksasiyasına dair ərizəsi təmin edilməsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar