Məhkəmə qərarları › İş №8(010)-509/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-509/2025

02.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-509/2025 02.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X1 iclas katibliyi, icra sənədi üzrə Borclu iştirakı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(010)- 1811/2025 nömrəli icra sənədinin icrası ilə əlaqdar borclunun əmlakı üzərinə həbs qoyulması barədə Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru X2 tərəfindən verilmiş təqdimata məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təqdimatın məzmunu Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru X2 məhkəməyə təqdimatla müraciət edərək, icra sənədi üzrə Borclu məxsus nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e- 2(010)-1811/2025-017 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən, Borclu 950 manat və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu Tələbkar xeyrinə tutulmalıdır. İcra sənədi xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan “Range Rover” minik markalı, **-GZ-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə məcburi icra tədbirləri kimi borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən icra sənədi üzrə Borclu təqdimatla razılaşmayaraq bildirdi ki, İcra məmuru tərəfindən müvafiq icra sənədinin könüllü icra müddətində icra edilməsi ilə bağlı onun ünvanına bildiriş göndərilməmiş və hər hansı zəng olunmamışdır. Həmçinin, icra məmuru tərəfindən onun evinə baxış keçirilməmişdir. Təqdimat təmin edilməzsə, icra sənədi üzrə borcun qalan hissəsini ödəyəcəkdir. Odur ki, təqdimatın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş icra məmuru və tələbkar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə icra məmuru və tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İşin faktiki halları Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş e- 2(010)-1811/2025 nömrəli icra vərəqəsindən müəyyən olunur ki, Borclu xx.xx.2019-cu il tarixli, M-6294 nömrəli alğı-satqı müqaviləsi üzrə borcuna görə 950 manat və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun Tələbkar MMC-nin xeyrinə tutulması qət edilmişdir. xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərardan müəyyən olunur ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(010)-1811/2025 nömrəli icra sənədi üzrə icraata başlanılmış və tələbin könüllü icrası barədə bildiriş icra sənədi üzrə borclunun icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. “Elektron icra” informasiya sistemindən xx.xx.2025-ci il tarixli elektron çıxarışdan müəyyən olunur ki, buraxılış ili 2006-cı il olan, “Range Rover” minik markalı, **-GZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Borclu adına qeydə alınmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 43.1. Məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; Maddə 45.1. Tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. Maddə 45.2. İcra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında, elektron pul təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Məcburi icra tədbirləri nəticəsində borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür və bu vəsaitin 1 iş günü müddətində icra xidmətinin depozit hesabına köçürülməsi təmin edilir. 45.6. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. 45.7. Tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında, elektron pul təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Maddə 50.2. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Məhkəmənin mövqeyi Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməməlidir. İlk növbədə məhkəmə qeyd edir ki, icra sənədinin icrası ilə bağlı məcburi icra tədbirlərinə keçilməsi üçün qanunla müəyyən edilmiş əsasların mövcudluğu yoxlanılmalı və bu kateqoriyadan olan tədbirlərin tətbiq edilməsi üçün həmin əsasların eyni vaxtda mövcud olması tələbi diqqətdə saxlanılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1-ci maddəsində məcburi icra tədbirlərinin tətbiqi əsasları sadalanmış (44.1.1. bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; 44.1.2. icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; 44.1.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi) və həmin əsaslardan hər hansı birinin mövcud olmadığı təqdirdə məcburi icra tədbirlərinin tətbiqi imkanı istisna edilmişdir. Qanunun mənasına görə borclu icra sənədini könüllü icra etmədikdə məcburi icra tədbirləri həyata keçirilir. Həmin icra hərəkətləri həyata keçirilmə ardıcıllığına uyğun icra edilməlidir. Məcburi icra tədbirlərindən biri də borclunun əmlakının üzərinə həbs qoyulmasından ibarətdir. Təqdimat və ona əlavə edilmiş sənədlərin araşdırılması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş e- 2(010)-1811/2025 nömrəli icra vərəqəsinə əsasən, Borclu xx.xx.2019-cu il tarixli, M-6294 nömrəli alğı-satqı müqaviləsi üzrə borcuna görə 950 manat və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun Tələbkar MMC-nin xeyrinə tutulması qət edilmişdir. Qanunvericiliyin tələblərinə uyğun formada tərtib edilmiş icra vərəqəsi “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə ötürülmüş və aidiyyəti üzrə Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin müvafiq icra məmurunun icraatına təqdim edilmişdir. İcra məmuru tərəfindən xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(010)- 1811/2025 nömrəli icra sənədi üzrə icraata başlanılmış və tələbin könüllü icrası barədə bildiriş tərtib olunmuşdur. İcra məmuru təqdimatında borclunun könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyini, borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilməsini, Borclu məxsus “Range Rover” minik markalı, **-GZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin olmasının müəyyən edilməsini və icra sənədinin icrasını təmin etmək məqsədilə həmin nəqliyyat vasitəsinin üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməli olmasını qeyd etmişdir. İcra məmuru iş üzrə borclunun icra sənədi üzrə tələbi təmin etmədiyini təqdimatda qeyd etsə də, iş üzrə borclunun çağırış vərəqələrini rəsmi qaydada almasını təsdiq edən sənədləri məhkəməyə təqdim etməmiş, borclunun icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınması halı öz təsdiqini tapmamışdır. Məhkəmə iclasında iştirak edən borclu bildirişin ona təqdim edilmədiyini, icra məmuru tərəfindən ona hər hansı məlumatın verilmədiyini izahatında qeyd etmişdir. Məhkəmə iclasında icra məmurunun iştirakının təmin edilməsi və icra işinin məhkəməyə təqdim edilməsi üçün icra orqanına məktub göndərilsə də, icra məmuru məhkəmə iclasında iştirak etməmiş və icra işini məhkəməyə təqdim etməmişdir. Təqdimata əlavə edilmiş sənədlərdən isə borclunun tələbi könüllü icra etməsindən yayınması faktı təsdiqini tapmır. Məhkəmə qeyd edir ki, icra qanunvericiliyində icra sənədlərinin icrasını təmin etmək üçün tətbiq edilməli olan məcburi icra tədbirlərinin tam və dəqiq siyahısı təsbit edilmiş, həmçinin icra sənədi üzrə tələbin icrasını təmin edən bu və ya digər tədbirlərin tətbiqinin mümkünlüyü qeyd olunmuşdur. Qanunla icra sənədinin icrasını təmin edən məcburi icra tədbirlərinin tətbiqi ardıcıllığı birbaşa göstərilməsə də, icra hərəkətlərinin həyata keçirilməsi zamanı mütənasiblik prinsipi gözlənilməli və əlverişsiz icra tədbirlərinin tətbiqinə yol verilməməlidir. Belə ki, pul vəsaitinin tutulmasına dair icra sənədinin məcburi icrası zamanı icra məmuru tərəfindən əvvəlcə tələbin borcluya məxsus əmlaka, əmək haqqına, pensiyaya, təqaüdünə və sair gəlirlərinə, borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi imkanı yoxlanılmalı və bu zaman “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş imperativ icra qaydasına riayət edilməlidir. Göstərilən tədbirlərin tətbiqi edilməsi üçün icra məmuru tərəfindən müvafiq orqan və təşkilatlara sorğu ilə müraciət edilməli, müsbət nəticə əldə olunmadıqda digər tədbirlərin tətbiqi məsələsinə baxılmalıdır. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsini icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur. Məhkəmə qeyd edir ki, tələbin könüllü icrası barədə bildirişin icra sənədi üzrə borcluya çatdırılmaması borclunu tələbin ona məxsus əmlaka yönəldilməsi zamanı bu yönəlmənin birinci növbədə hansı əmlaka və əşyalara aid edilməsini bildirməkdən ibarət hüququndan məhrum etmiş olur. Məhkəmənin gəldiyi nəticə Məhkəmə təqdimatı iş materialları ilə birlikdə araşdıraraq, tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, təqdimat təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(010)- 1811/2025 nömrəli icra sənədinin icrası ilə əlaqədar Borclu əmlakı üzərinə həbsin qoyulması barədə Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru X2 tərəfindən verilmiş təqdimat təmin edilməsin. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar