Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-533/2025 01.08.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X1 iclas katibliyi, icra sənədi üzrə tələbkarın nümayəndəsi X3, icra sənədi üzrə borclu X14 iştirakları ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(103)-4739/2024 nömrəli icra sənədi üzrə icra məmurunun hərəkətsizliyinin qanunsuz hesab edilməsi və icra sənədi üzrə icraatın dayandırılması barədə icra sənədi üzrə borclu X23 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Şikayətin məzmunu İcra sənədi üzrə borclu X23 icra məmurunun hərəkətsizliyindən şikayətlə məhkəməyə müraciət edərək, icra orqanının hərəkətlərinə hüquqi qiymətin verilməsi və məcburi çıxarılmanın dayandırılması üçün müvafiq tədbirlərin görülməsi barədə göstəriş və ya təqdimat verilməsini xahiş etmişdir. Şikayətin əsaslandırıldığı hallar Şikayət onunla əsaslandırılmışdır ki, icra sənədi üzrə borclu uzun illərdir ki, ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Lakin, hal-hazırda RX ******* seriyalı saxta çıxarış əsasında qəbul edilmiş 2(103)-4739/2024 nömrəli qətnaməyə əsasən, Suraxanı rayon İcra və Probasiya şöbəsi tərəfindən icra sənədi üzrə borclunun yaşadığı ünvandan çıxarılması barədə məcburi icra tədbirləri görülür. Həmin məhkəmə qətnaməsinin könüllü icrası ilə bağlı bildirişlə bağlı Bakı İnzibati Məhkəməsində 2-1(112)-12358/2025 nömrəli iş üzrə iddia qaldırmışdır və bu iş hazırda məhkəmənin icraatındadır. Ərizə ilə birlikdə bu faktı təsdiq edən sənədlər – icra bildirişi, iddia ərizəsi və şəxsiyyət vəsiqəsinin surətini icra şöbəsinə təqdim etsə də, icra tədbirləri dayandırılmamışdır. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən icra sənədi üzrə tələbkar şikayəti qəbul etməyərək bildirdi ki, hazırda icra sənədi üzrə icraatın dayandırılması üçün zərurət və əsaslar yoxdur. Belə ki, iş üzrə tərəflər arasında uzun illər davam edən məhkəmə çəkişmələri olmuş, cavabdehlərin ona məxsus ərazidən çıxarılmaları qət edilmiş və qərar qanuni qüvvəsini almışdır. Lakin, hazırkı iş üzrə borclular icra sənədinin icrasını ləngitmək məqsədi ilə müxtəlif məhkəmələrdə iddia qaldıraraq, şikayət edərək icranı yubandırmağa çalışırlar. Hesab edir ki, qarşı tərəfin bu kimi hərəkətlərinə son qoyulmalı və icra sənədi üzrə icraat dayandırılmamalıdır. Məhkəmə iclasında iştirak edən icra sənədi üzrə borclu şikayəti müdafiə edərək bildirdi ki, icra sənədində göstərilən ərazinin bir hissəsi tələbkara məxsus olsa da, həmin ərazidə yerləşən müəyyən ərazi daxilində ona və ailə üzvlərinə məxsus tikililər inşa edilmişdir. Məhz icra sənədində bu kimi hallara aydınlıq gətirilmədiyi üçün Bakı Apellyasiya Məhkəməsinə də qətnaməyə izah verilməsi üçün müraciət edilmişdir. Bundan əlavə, tələbkarın həmin əraziyə hansı yolla çıxarış aldığının müəyyən edilməsi, çıxarışın etibarlı sənəd olub-olmamasının aydınlaşdırılması üçün Bakı İnzibati Məhkəməsində də iddia qaldırılmışdır. Hesab edir ki, bu kimi hərəkətlər yekunlaşanadək icra üzrə icraat dayandırılmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş icra məmuru məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən, şikayətə icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İcra işinin materialları Bakı Apellyasiya Məhkəməsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 2(103)- 4739/2024 nömrəli icra sənədindən müəyyən olunur ki, iddiaçı Tələbkar apellyasiya şikayəti təmin edilmiş, hazırkı iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qətnamənin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçı Tələbkar cavabdehlər X7 və başqalarına qarşı irəli sürdüyü “qeyriyaşayış sahəsindən çıxarılma tələbi barədə” iddiasının təmin edilməsi, iş üzrə cavabdehlər X7, X15, X23, X10, X8, X4, X5, X2, X11, X12, X6, X16 və cavabdehlərin yetkinlik yaşına çatmamış uşaqlarının iddiaçı Tələbkar ("xxxx" Firmasının hüquqi varisi) mülkiyyətində olan və ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən çıxarılmaları qət edilmişdir. xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərardan müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(103)-4739/2024-013 nömrəli icra sənədi üzrə icraata başlanmış və tələbin könüllü icrası barədə bildiriş borcluların icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. xx.xx.2025-ci il tarixli məktubdan müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(103)-4739/2024-013 nömrəli icra sənədinin icrası ilə əlaqədar məcburi icra hərəkətlərinin həyata keçirilməsi xx.xx.2025-ci il tarixə təyin edilmiş və bu barədə müvafiq orqanlara məlumat verilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 129. Məhkəmə qərarları və onların icrası. İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Maddə 15.3. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 3.1. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Maddə 8.1. İcra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. Maddə 21.1. Bu Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının məcburi olduğu hallarda icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırılır. Maddə 21.2. Bu Qanunun 18-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının mümkün olduğu hallarda icra məmuru tərəfindən icraatın dayandırılması barədə müvafiq məhkəməyə əsaslandırılmış və icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş təqdimat verilir. Maddə 26. İcra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Məhkəmənin mövqeyi Məhkəmə şikayətin dəlillərini icra işinin materialları ilə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, şikayət təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, şikayətdə qeyd edilən halların tam, obyektiv və hərtərəfli şəkildə araşdırılması məqsədilə icra işinin materiallarının məhkəməyə təqdim edilməsi xahiş edilmiş və müvafiq materiallar məhkəməyə təqdim edilmişdir. İcra sənədi üzrə borclu X23 tərəfindən edilmiş şikayət 2 hissədən – 1) icra sənədinin icrası ilə əlaqədar icra məmurunun hərəkətsizliyinin qanunsuz hesab edilməsindən və 2) icra üzrə icraatın dayandırılmasından ibarətdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-4739/2024 nömrəli qətnaməsinə əsasən, iddiaçı Tələbkar apellyasiya şikayəti təmin edilmiş, hazırkı iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qətnamənin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçı Tələbkar cavabdehlər X7 və başqalarına qarşı irəli sürdüyü “qeyri-yaşayış sahəsindən çıxarılma tələbi barədə” iddiasının təmin edilməsi, iş üzrə cavabdehlər X7, X15, X23, X10, X8, X4, X5, X2, X11, X12, X6, X16 və cavabdehlərin yetkinlik yaşına çatmamış uşaqlarının iddiaçı Tələbkar ("xxxx" Firmasının hüquqi varisi) mülkiyyətində olan və ünvan 3 ünvanında yerləşən qeyriyaşayış sahəsindən çıxarılmaları qət edilmişdir. İcra sənədi aidiyyəti üzrə icra edilməsi üçün Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə göndərilmiş və xx.xx.2025-ci il tarixli qərarla icra sənədi üzrə icraata başlanılmışdır. Daha sonra icra sənədi üzrə tələbin könüllü icra müddətində icrasının təmin edilməsi məqsədilə icra sənədi üzrə borclulara bildiriş göndərilmiş və tələbin könüllü icrası təklif olunmuşdur. Könüllü icra müddətində tələb icra edilməmiş və qanunla məcburi icra tədbirlərinin tətbiqinə əsas verən şərtlər təmin edildiyi üçün həmin tədbirlərin tətbiqinə başlanmışdır. Bu qisimdə borcluların qeyri-yaşayış sahəsindən çıxarılmaları ilə bağlı məcburi icra hərəkətlərinin həyata keçirilməsi vaxtı xx.xx.2025-ci il tarixə təyin edilmişdir. Göründüyü kimi, məhkəmə tərəfindən verilmiş icra sənədlərinin icrası ilə bağlı səlahiyyətli şəxs – icra məmuru tərəfindən icra sənədinin icrası istiqamətində qanunla müəyyən edilmiş və qanunla yol verilən hərəkətlər vaxtında həyata keçirilmiş, bu hərəkətlərin həyata keçirilməsində hər hansı nöqsana və ya səhvə yol verilməmiş, eləcə də icra sənədinin icrası ilə əlaqədar icra məmuru tərəfindən hər hansı hərəkətsizliyə yol verilməmişdir. Şikayət - pozulmuş hüquq və azadlıqların bərpası və müdafiəsi ilə bağlı tələbləri nəzərdə tutan müraciət olsa da, həmin şikayət hüquq və azadlıqların həyata keçirilməsi ilə bağlı tələbləri nəzərdə tutan müraciət formasında məhkəməyə təqdim edilmiş, icra məmurunun hərəkətlərindən şikayətdən savayı, müəyyən fəaliyyətinin nəticəsinin – icra üzrə icraatın dayandırılmasından ibarət xahişi özündə əks etdirmişdir. İcra sənədinin icra olunmasının təmin edilməsinə yönəlmiş fəaliyyət - icra məmuru tərəfindən qəbul edilən qərarlar və edilən hərəkətlərdən ibarətdir, həmin fəaliyyətin, yəni icra məmurunun hərəkətlərinin (hərəkətsizliyinin) qanuniliyinin və əsaslılığının qiymətləndirilməsi icra sənədinin icrasının təmin edilməsi baxımından zəruri olubolmaması meyarı üzrə yoxlanılır. Hazırkı iş üzrə müəyyən olunmuş hallardan göründüyü kimi icra sənədinin icrası məqsədilə icra məmuru tərəfindən edilən hərəkətlərin qanunsuz hesab edilməsinə əsas verən hallar mövcud deyildir. Nəticədə icra məmuru tərəfindən qəbul edilən qərarların və edilən hərəkətlərin qanuniliyi, icra sənədinin icrasının təmin edilməsi zamanı icra orqanı tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) yol verilməməsi, bu istiqamətdə zəruri və mümkün olan tədbirlərin görülməsi halları müəyyən edilir. Belə ki, icra sənədi üzrə icraatın dayandırılmasının mümkün və məcburi olduğu halların siyahısı “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu ilə dəqiq müəyyən edilmişdir ki, qanunla nəzərdə tutulmayan bu və ya digər halların həmin siyahıya daxil edilməsi və nəticədə həmin siyahının genişləndirilməsi imkanı istisna edilmişdir. İlk növbədə qeyd edilməlidir ki, həmin qanunun 21.2-ci maddəsinə əsasən, bu Qanunun 18-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının mümkün olduğu hallarda icra məmuru tərəfindən icraatın dayandırılması barədə müvafiq məhkəməyə əsaslandırılmış və icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş təqdimat verilir. Göründüyü kimi icra sənədi üzrə icraatın məhz məhkəmələr tərəfindən dayandırılmalı olduğu halların mövcudluğunda (18.1.2. borclu üzrlü səbəblərdən icra hərəkətlərinin həyata keçirildiyi yerin hüdudlarından kənarda olduqda; 18.1.3. borclu ağır xəstəliyinə görə stasionar müalicə müəssisəsində müalicə olunduqda; 18.1.4. icra məmuruna etirazın təmin edilməməsindən və ya icra məmurunun hərəkətlərindən şikayət verildikdə; 18.1.5. borclu, onun əmlakı axtarışda olduqda və ya onun uşağı axtarışda olduqda;) icra məmuru tərəfindən bu barədə məhkəməyə əsaslandırılmış və icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş təqdimat verilməli və həmin əsasların olması halında icra icraatı çərçivəsində müvafiq icraat dayandırılmalıdır. Lakin, icra sənədi üzrə borclu icra sənədi üzrə icraatın məhz məhkəmə tərəfindən dayandırılmasının mümkün olduğu hər hansı hala istinad etməmişdir. Digər tərəfdən, həmin qanunun 21.1-ci maddəsinə əsasən, bu Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının məcburi olduğu hallarda icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırılır. İcra sənədi üzrə borclu icra sənədi üzrə icraatın dayandırılması ilə bağlı mövqeyini müvafiq icra sənədinin verilməsinə əsas olan sənədin – hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın digər məhkəmənin icraatında iddia icraatı qaydasında mübahisələndirməsi ilə əsaslandırmış və bu barədə icra məmuruna müraciət etmişdir. Lakin, nəzərə alınmalıdır ki, həmin qanunun 17.1.4-ci maddəsinə əsasən, bu qanunun 6.1.3–6.1.8-ci maddələrində göstərilən icra sənədləri və ya onun verilməsinə əsas olan həmin icra sənədlərinin verilməsinin birbaşa hüquqi əsası olan sənədə (“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan həmin icra sənədlərinin verilməsinin birbaşa hüquqi əsası olan sənəd istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Göründüyü kimi, icra qanunvericiliyi yalnız “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.3 – 6.1.8-ci maddələrində göstərilən icra sənədləri və ya onların verilməsinə əsas olan həmin icra sənədlərinin verilməsinin birbaşa hüquqi əsası olan sənədə dair borclu tərəfindən iddia qaydasında mübahisə edilməsi halında icra sənədi üzrə icraatın dayandırılmasını məcburi olaraq təsbit etmiş, digər hallarda bu qaydanın tətbiqini istisna etmişdir. Odur ki, icra məmuru qanunvericiliklə ona verilmiş vəzifə səlahiyyətlərindən düzgün istifadə edərək icra sənədi üzrə icraatın məhz həmin əsasla – icra sənədinin verilməsinə əsas olan sənədin digər məhkəmələrdə mübahisə edilməsinə görə dayandırılması kimi pozuntuya yol verməmişdir. Əksinə, icra sənədi üzrə tələb könüllü icra müddətində icra edilmədiyi üçün bu barədə müvafiq orqanlara və icra sənədi üzrə borclulara bildiriş göndərməklə məcburi icra tədbirlərinin tətbiqinə başlamışdır. Məhkəmənin gəldiyi nəticə Məhkəmə bilavasitə məhkəmə iclasında şikayəti icra işinin materialları ilə birlikdə araşdıraraq, tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(103)-4739/2024 nömrəli icra sənədi üzrə icra məmurunun hərəkətsizliyinin qanunsuz hesab edilməsi və icra sənədi üzrə icraatın dayandırılması barədə icra sənədi üzrə borclu X23 tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(103)-4739/2024 nömrəli icra sənədi üzrə icra məmurunun hərəkətsizliyinin qanunsuz hesab edilməsi və icra sənədi üzrə icraatın dayandırılması barədə icra sənədi üzrə borclu X23 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Fəridə Rzayeva
Məhkəmə qərarları › İş №8(010)-533/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-533/2025
01.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver