Məhkəmə qərarları › İş №8(010)-55/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-55/2025

19.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-55/2025 19.02.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi ilə, Tələbkar "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X3, X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdeh X6 qarşı “kreditin, ona hesablanmış faiz və cərimə borcunun qaytarılması” tələbinə dair mülki iş üzrə X1 qətnamənin hissə-hissə icra olunmasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3951/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddia təmin edilərək X4 xx.xx.2022-ci il tarixli, CP/48692/88/10 saylı kredit sazişi üzrə 12753.65 manat əsas, 1842 manat faiz borcu, 327.75 manat cərimə borcu olmaqla, cəmi 14923.40 (on dörd min doqquz yüz iyirmi üç manat, qırx qəpik) manat məbləğində borc və 137 (bir yüz otuz yeddi) manat dövlət rüsumu tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. X2 ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsini rəhbər tutaraq qətnamənin hissə-hissə ayda 500 manat olmaqla 29 ay ərzində icra edilməsi (möhlət verilməsi) barədə qərardad qəbul edilməsini xahiş etmişdir. X2 ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ondan iddiaçı "xxxx" ASC-nin xeyrinə 12753,65 manat əsas, 1842 manat faiz borcu, 327,75 manat cərimə borcu olmaqla, cəmi 14923,40 manat məbləğində borcun və ödənilmiş 137 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Suraxanı rayon məhkəməsi tərəfindən 09 oktyabr 2024-cü il tarixdə mülki işə baxılaraq iddianın təmin edilməsi barədə çıxarılmış e-2(010)-3951/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək cavabdeh X4 xx.xx.2022-ci il tarixli, CP/48692/88/10 saylı kredit sazişi üzrə 127523,65 manat əsas, 1842 manat faiz borcu, 327.75 manat cərimə borcu olmaqla, cəmi 14923,40 manat məbləğində borc və 137 manat dövlət rüsumu tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İcra qrupu tərəfindən məhkəmənin qətnaməsinin icrası ilə əlaqədar müvafiq bildirişlər göndərilmiş, xəbərdarlıqlar edilmişdir. Ərizəçi, icra məmuru tərəfindən qətnamə ilə təmin edilmiş pulun birdəfəlik ödənilməsi, ödənilmədiyi təqdirdə onun barəsində protokol tərtib edilib məhkəmə önünə çıxaracağı ilə hədələnmişdir. Ərizəçinin qətnaməyə əsasən tutulacaq pul tələbini birdəfəlik ödəməyə imkanı yoxdur. O, ailəlidir, bir azyaşlı övladı vardır. Kirayədə qalır, başqa kredit öhdəlikləri və bundan əlavə dörd problemli krediti vardır. Əmək haqqı 977 manat təşkil etdiyindən ərizəçi tərəfindən icra məmurdan tələbi əmək haqqının 50%-nə yönəldilməsi xahiş edilsə də, icra məmuru tərəfindən razılıq verilməmişdir. Tələb olunan məbləğ ərizəçi tərəfindən hissə-hissə ayda 500 manat olmaqla 29 ay ərzində ödənilə bilər. Qeyd olunanlara əsasən ərizənin təmin olunmasını xahiş etmişdir. Bakı şəhər Suraxanı rayon İcra Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. X2 ərizəyə uyğun izahat verərək bildirmişdir ki, "xxxx" ASC-yə mövcud olan borcla bağlı müraciət etmiş, lakin bank tərəfindən ona bununla bağlı hər hansı müsbət cavab verilməmişdir. Qeyd olunanlara əsasən hal-hazırda ailəli olmasını, himayəsində bir azyaşlı övladının olduğunu və başqa banklar qarşısında da öhdəliyinin olmasını əsas gətirərək ərizənin təmin olunmasını xahiş etmişdir. Tələbkar "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X7 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3951/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin olunsa da, bu müddət ərzində cavabdeh tərəfindən hər hansı məbləğ banka ödənilməmiş və nəticədə icra vərəqəsi icrasız qalmışdır. Qeyd olunanlara əsasən borcun 29 ay ərzində hissə-hissə ödənilməsi tələbkarın mənafeyinə xidmət etmir. Qeyd olunanlara əsasən ərizənin rədd olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib və ərizəni araşdırıb hesab edir ki, ərizə rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafıəsi haqqında” Avropa konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, onun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Hüquqi cəhətdən dəyərləndirilməsi vacib olan məsələlərdən biri də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra olunmamasıdır. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası «məhkəmə baxışının tərkib hissəsi» kimi qiymətləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Homsbi Yunanıstana qarşı” işdə (19 mart 1997-ci il) qeyd etmişdir ki, iştirakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasını və beləliklə tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan "məhkəmə baxışına hüquq" xəyali xarakter alacaqdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Burdov Rusiyaya qarşı» işdə (7 may 2002-ci il) eyni xarakterli məsələlərə bir daha toxunaraq qeyd etmişdir ki, məhkəmə qərarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1-ci bəndində ifadəsini tapmış müddəanın faydalılıq qüvvəsindən məhrum etmiş olur. Məhkəmə həmin fikirlərini "xxxx" MMC Rusiya Federasiyasına qarşı» işdə (14 iyun 2005-ci il) də təkrarlamış, cavabdehin dövlətin məhkəmə qətnaməsinin icra olunmamasında vəsait çatışmazlığına istinad etməsini əsaslı hesab etməmişdir. "Roseltrans” ASC Rusiya Federasiyasına qarşı" (21 iyul 2005-ci il) işdə məhkəmə belə nəticəyə gəlmişdir ki, ağlabatan müddətdə ədalətli, açıq məhkəmə baxışının keçirilməsini nəzərdə tutan Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin məhkəmə qətnaməsinin icrasına təminat verməməsini təsəvvür etmək çətindir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında da qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrası xüsusilə vurğulanmışdır. Həmin qərarda qeyd olunur ki, “məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Məhkəmə hesab edir ki, qeyd olunan qanunvericiliyin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyinə görə heç bir yerdə işləməmək, az gəlir etmək, yaxud hər hansı digər əsaslar borclunun iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra etmək vəzifəsindən azad etmir. Borclu ondan tutulmuş pulu ödəməyə maddi imkanının olmadığını göstərsə də, bunun təsdiqi olaraq borcun ödənilməsi ilə bağlı yaranmış hər hansı əlverişsiz hal barəsində heç bir sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, iş üzrə qətnamə xx.xx.2024-cü il tarixdə qəbul olunduğundan və hal-hazıra kimi borclu tərəfindən icra olunmadığından, bundan əlavə tələbkarın borcun hissə-hissə ödənilməsinə etirazı olduğundan X5 ondan tutulmuş məbləğin hissə-hissə icra olunması barədə ərizəsi təmin oluna bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : X1 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3951/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsinin hissə-hissə icra olunmasına dair ərizəsi təmin edilməsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar