Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-605/2025 22.12.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi ilə İcra sənədi üzrə tələbkar X7 tərəfindən verilmiş ödənilməli pul məbləğinin indeksasiyasına dair ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizənin məzmunu İcra sənədi üzrə tələbkar X7 ödənilməli pul məbləğinin indeksasiyasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 2286/2012 saylı, xx.xx.2012-ci il tarixli məhkəmə qərarı ilə müəyyən edilmiş və icra müddəti ərzində borclular tərəfindən tələbkara ödənilməyən əsas 1830,86 manat məbləğ indeksləşdirilərək 2012-ci il tarixdən - 2025-ci ilin aprel ayınadək 212,2 faiz artımı (1830,86 AZN x 212,2 % = 3885,08 AZN) nəzərə alaraq cəmi 5715,94 manat məbləğində indeksləşdirilmənin müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2286/2012 saylı, xx.xx.2012-ci il tarixli məhkəmə qərarına əsasən, borclular Borclu1 və Borclu2 cəmi 1830,86 manat məbləğində pul müştərək qaydada tutularaq X3 xeyrinə tutulması ödənilməsi qərara alınmışdır. Hazırda qəbul olunmuş məhkəmə qərarı qanuni qüvvəsini almasını və həmçinin icra məmuru tərəfindən məcburi icra tədbirlərinin görülməsinə baxmayaraq, məhkəmə qərarı icra olunmamışdır (ödənilməmişdir). Borclular məhkəmə qərarı üzrə qəbul olunmuş məbləği zamanında ödəyərək icra etsəydilər tələbkar, başqa sahədə istifadə etməklə gəlir əldə edə bilərdi. Lakin, borcluların məhkəmə qərarı üzrə öhdəliyinin icra etməməsi səbəbindən və həmin məbləğ vaxtında geri qaytarılmadığına görə tələbkar, həmin pulu dəyərləndirə bilməmişdir. Buna görə də, məhkəmə qərarı üzrə tələbkara ödəlinıməli olan 1830,86 manat məbləğində borca görə məhkəmə qərarı üzrə tələb olunan pul vəsaiti inflyasiyaya uğradığından indeksləşdirmə tətbiq edilməsi zərurəti yaranmışdır. Belə ki, indeksasiya institutu pulun alıcılıq qabiliyyətinin məhz məhkəmə aktı qəbul edilən an mövcud olan səviyyədə bərpasına yönəldiyindən, eləcə də bu hüquqi alət sanksiya xarakteri daşımadığına görə, onun tətbiqi məhkəmə aktının qanuni qüvvəyə minməsi və ya məhkəmə aktının icrasından yayınma ilə əlaqələndirilə bilməz. Bu səbəbdən indeksasiya məhz məhkəmə aktının qəbul edildiyi (elan edildiyi) gündən onun tam icra edildiyi günədək olan müddəti əhatə etməlidir. İndeksasiya institutu da qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icra edilməməsi nəticəsində baş verən inflyasiya itkilərinin kompensasiyasını, pulun alıcılıq qabiliyyətinin bərpasını təmin edən səmərəli hüquqi vasitə olmaqla məhkəmə müdafiəsi hüququnun realizəsinin effektivliyi baxımından xüsusi əhəmiyyət kəsb edir. Tərəflərin izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş icra sənədi üzrə borclu, tələbkar və icra qurumunun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.2-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. “Elektron məhkəmə” İnformasiya Sistemində yaradılmış proses iştirakçısı haqqında olan və “şəxsi məlumatlar” bölməsindən görünür ki, Borclu2 xx.xx.2025-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2286/2012 saylı, 22 avqust 2012-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, iddia təmin olunmuş, əsas borc kimi 1.278 manat, cərimə kimi 482,86 manat, cəmi 1.760,86 manat Borclu1 və Borclu2 müştərək qaydada tutularaq X4 verilməsi, nümayəndənin göstərdiyi yardıma görə xərc kimi 50 manat məbləğində pul Borclu1 və Borclu2 müştərək qaydada tutularaq X5 verilməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 20 (iyirmi) manat məbləğində pul Borclu1 və Borclu2 müştərək qaydada tutularaq X4 verilməsi qət olunmuşdur. xx.xx.2025-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Bakı şəhəri Suraxanı Məhkəməsinin 2(010)-2286/2012 saylı, 22 avqust 2012-ci il tarixli məhkəmə qərarına əsasən, borclular Borclu1 və X1 cəmi 1830,86 manat məbləğində pul tutularaq tələbkar X3 xeyrinə ödənilməsi qərara alınmış, məhkəmə qərarından sonra 950 manat ödəniş olunub, qalıq borc isə 880,86 manat təşkil edir. İstehlak qiymətləri indeksinin hesablanmasına dair məlumatdan müəyyən olunur ki, 2025-ci ildə aprel ayında 2012-ci ilin oktyabr ayına nisbətən istehlak qiymətləri indeksi 212.2 faiz təşkil etmiş, yəni qiymətlərin səviyyəsi 2.1 dəfə artmışdır. Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktuba əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2286/2012 saylı, 22 avqust 2012-ci il tarixli icra sənədi şöbənin icraatına daxil olmamışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı Şəhəri Suraxanı Rayon İcra Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktuba əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 2286/2012 nömrəli, xx.xx.2012-ci il tarixli icra sənədi xx.xx/2012-ci il tarixdə şöbənin icraatına daxil olmuş və müvafiq qaydada icraata başlanılmışdır. İcra sənədinin icrası ilə bağlı Borclu1 məxsus nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması üçün təqdimatla məhkəməyə müraciət olunmuş, həmin avtomobilin üzərinə həbs qoyulmuşdur. Avtomobil Samux rayonu, Tatılı kəndində X2 tərəfindən etibarnamə ilə idarə edildiyindən icra sənədi xx.xx.2013-cü il tarixdə aidiyyəti üzrə Samux Rayon icra qrupuna göndərilmişdir. Tətbiq edilən hüquq. “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1. İndeksləşdirmə Azərbaycan Respublikasının ərazisində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədilə vətəndaşların pul gəlirlərini və əmanətlərini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmdir. Maddə 2. İndeksləşdirmənin əsası və qaydası. Vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsinin əsasını istehlak qiymətlərinin indeksi təşkil edir. Azərbaycan Respublikasında istehlak qiymətlərinin indeksi əhalinin yaşayış minimumunu hesablamaq üçün qəbul edilmiş minimum istehlak səbətinə uyğun olaraq dövlət, kooperativ ticarətində və xüsusi ticarətdə qiymətlərin, habelə mülkiyyət formasından asılı olmayaraq bütün xidmət sahəsi obyektlərində pullu xidmət tariflərinin dəyişilməsinin müşahidəsi nəticəsində əldə edilmiş statistika məlumatı əsasında hesablanır. İstehlak qiymətlərinin dəyişməsini respublikanın statistika orqanları tərkibində fəaliyyət göstərən xüsusi dövlət xidməti müşahidə edir. İstehlak qiymətlərinin indeksinə və pul gəlirlərinin (əmək haqqının, pensiyaların, müavinətlərin, təqaüdlərin) artımındakı dəyişikliklərə dair məlumat, habelə Azərbaycan Respublikasında müəyyən olunmuş minimum əmək haqqı səviyyəsi və indeksləşdirmə üçün zəruri olan digər ilkin məlumat hər kvartal mətbuatda dərc edilir. İndeksləşdirmə o halda həyata keçirilir ki, əvvəlki indeksləşdirmə anından artan yekunla hesablanmış istehlak qiymətlərinin indeksi 5 faizlik həddi keçsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Maddə 232.2. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 60 və 129-cu maddələrinin İ hissələri baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinin şərh edilməsinə dair xx.xx.2025-ci il tarixli Qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60 və 129-cu maddələrinin İ hissələrindən irəli gələrək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232ci maddəsi üzrə tərəflər məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamə üzrə tutulmalı olan pul məbləğinin, onun tam ödənilməsinədək olan müddət ərzində indeksasiyası ilə bağlı ərizə ilə məhkəməyə müraciət edə bilərlər. Məhkəmə qətnaməsinin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyası qanunun analogiyası üzrə “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən olunan indeksasiya qaydalarına uyğun olaraq həyata keçirilməlidir. Məhkəmənin mövqeyi Məhkəmə ödənilməli pul məbləğinin indeksasiya edilməsi barədə ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, ödənilməli pul məbləğinin indeksləşdirilməsi barədə ərizədə qeyd edilən halların tam, obyektiv, hərtərəfli və qərəzsiz şəkildə araşdırılması məqsədilə (hazırkı ərizənin bilavasitə icra icraatı çərçivəsində həll edilməli məsələ olması nəzərə alınmaqla) müvafiq icra işinin materialları icra qurumundan tələb edilmiş, lakin icra işinin materialları məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında ərizə və ona əlavə edilmiş sənədlərin bilavasitə tədqiqi nəticəsində müəyyən edildi ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 2286/2012 saylı, 22 avqust 2012-ci il tarixli qətnaməsinə əsasən, iddia təmin olunmuş, əsas borc kimi 1.278 manat, cərimə kimi 482,86 manat, cəmi 1.760,86 manat Borclu1 və Borclu2 müştərək qaydada tutularaq X4 verilməsi, nümayəndənin göstərdiyi yardıma görə xərc kimi 50 manat məbləğində pul Borclu1 və Borclu2 müştərək qaydada tutularaq X5 verilməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 20 (iyirmi) manat məbləğində pul Borclu1 və Borclu2 müştərək qaydada tutularaq X4 verilməsi qət olunmuşdur. Lakin Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktuba əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 2286/2012 saylı, 22 avqust 2012-ci il tarixli icra sənədi şöbənin icraatına daxil olmamış və Bakı .əhəri Suraxanı Rayon İcra Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktuba əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 2286/2012 nömrəli, xx.xx.2012-ci il tarixli icra sənədi 28.09,2012-ci il tarixdə şöbənin icraatına daxil olmuş və müvafiq qaydada icraata başlanılmışdır. İcra sənədinin icrası ilə bağlı Borclu1 məxsus nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması üçün təqdimatla məhkəməyə müraciət olunmuş, həmin avtomobilin üzərinə həbs qoyulmuşdur. Avtomobil Samux rayonu, Tatılı kəndində X2 tərəfindən etibarnamə ilə idarə edildiyindən icra sənədi xx.xx.2013-cü il tarixdə aidiyyəti üzrə Samux Rayon icra qrupuna göndərilmişdir. Məhkəmə hesab edir ki, tələbkar icra sənədi üzrə borclu tərəfindən ödənilməli pul məbləğinin indeksləşdirilməsini tələb etsə də, həmin icra sənədi şöbənin icraatında mövcud olmadığından borclunun həmin icra sənədi üzrə borcun ödənilməsindən yayınması hazırkı təqdim olunmuş sübutlarla təsdiq olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” 04 iyul 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, Konstitusiyanın 60-cı maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququ məhkəmə tərəfindən yalnız qanuni və əsaslandırılmış qərarın qəbul edilməsini deyil, həmçinin onun vaxtında icra edilməsini nəzərdə tutur. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 10 oktyabr 2017-ci il tarixli qərarında göstərilmişdir ki, konstitusiya və beynəlxalq-hüquqi aktların tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli bərpa olunmasını təmin etməlidir. Qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qovulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, "İcra haqqında" Qanunun 26- cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir". “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarında qeyd edilir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bu vəzifələr (qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi, əlavə qətnamənin çıxarılması, qətnamənin izah edilməsi, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, ödənilməli pul məbləğlərinin indeksasiyası) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. “Azərbaycan Respublikası Konstitusiyasının 60 və 129-cu maddələrinin İ hissələri baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2025-ci il tarixli qərarında qeyd edilir ki, indeksasiya institutu da qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icra edilməməsi nəticəsində baş verən inflyasiya itkilərinin kompensasiyasını, pulun alıcılıq qabiliyyətinin bərpasını təmin edən səmərəli hüquqi vasitə olmaqla məhkəmə müdafiəsi hüququnun realizəsinin effektivliyi baxımından xüsusi əhəmiyyət kəsb edir. Qeyd edilməlidir ki, bu təsisat borclu tərəfindən məhkəmə qətnaməsinin qanunla müəyyən edilmiş müddət ərzində icra edilməməsinə görə mülkihüquqi məsuliyyət tədbiri olmamaqla, qətnamənin qanuni qüvvəyə mindiyi tarixlə müqayisədə məhkəmə aktının icrası anı üçün həmin akt üzrə tutulmalı olan pulun dəyərində yaranmış olan azalmanın kompensasiyasına, bununla da kreditorun məruz qaldığı itkiləri aradan qaldırmaqla onun mənafelərinin təmin edilməsinə yönəlmiş hüquqi mexanizmdir. İndeksasiyanın iqtisadi meyarı və hesablanma qaydasına gəldikdə isə qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin 232.1-ci maddəsində bu qaydalar nəzərdə tutulmadığı halda, “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” qanunla bu tənzimetmə qaydaları müəyyən edilmişdir. Məhkəmə qətnamələri üzrə tutulmalı olan pul məbləğlərinin qanunun analogiyası üzrə “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Qanunda müəyyən olunan meyarlara və hesablanma qaydalarına əsasən həyata keçirilməlidir. Həmin Qanunun 2-ci maddəsində vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsinin əsası kimi istehlak qiymətlərinin indeksi nəzərdə tutulmuşdur. İstehlak qiymətlərinin indeksi isə əhalinin yaşayış minimumunu hesablamaq üçün qəbul edilmiş minimum istehlak səbətinə uyğun olaraq dövlət, kooperativ ticarətində və xüsusi ticarətdə qiymətlərin, habelə mülkiyyət formasından asılı olmayaraq bütün xidmət sahəsi obyektlərində pullu xidmət tariflərinin dəyişilməsinin müşahidəsi nəticəsində əldə edilmiş statistika məlumatı əsasında hesablanır. Yuxarıda istinad edilmiş hüquqi mövqelərə əsasən məhkəmə qeyd edir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2286/2012 saylı, 22 avqust 2012-ci il tarixli icra sənədi pul məbləğinin indeksasiyası tələb olunan dövr ərzində şöbənin icraatında mövcud olmamış və borcluların isə qəbul edilmiş qərarla bağlı mövcud borc məbləğindən məlumatları olmamışdır. Bundan əlavə borclulardan biri hal-hazırda ölmüş, digər borcluya məxsus avtomobil üzərinə isə həbs qoyulmuşdur. Tələbkarın özü tərəfindən verilmiş arayışa əsasən məhkəmə qərarından sonra 950 manat ödəniş olmuş, qalıq borc isə 880.86 manat təşkil etmişdir. Tələbkar isə icra sənədinin yenidən icra olunması ilə bağlı təşəbbüs göstərməyərək borcluların həmin pul vəsaitinin ödənilməsindən yayınmasını sübut etmədən pul məbləğinin indeksasiyasını tələb edir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, icra sənədi üzrə tələbkar X7 tərəfindən verilmiş ödənilməli pul məbləğinin indeksasiyasına dair ərizəsi təmin edilməməlidir. Məhkəmənin gəldiyi nəticə Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İcra sənədi üzrə tələbkar X7 tərəfindən verilmiş ödənilməli pul məbləğinin indeksasiyasına dair ərizəsi təmin edilməsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Talıbova
Məhkəmə qərarları › İş №8(010)-605/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-605/2025
22.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver