Məhkəmə qərarları › İş №8(010)-654/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-654/2025

17.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-654/2025 17.09.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, X1 iştirakı ilə, X1 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3005/2019 saylı, xx.xx.2019cu il tarixli qətnaməsi üzrə icra üsulunun və qaydasının dəyişdirilməsinə dair ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizənin məzmunu X3 məhkəməyə ərizə ilə müraciət edərək Tələbkar uşaqla ünsiyyət hüququnun təmin edilməsi üçün X2n şənbə günləri saat 15:00-da görüşə gətirməyinə icazə verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3005/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, Tələbkar Sabunçu rayonu Məhəmmədli kəndi X16 küçəsində yaşayan övladları X9 ilə hər həftənin şənbə günü saat 12:00-dan 19:00-dək ünsiyyətdə olmaq hüququ verilmişdir. X2, o görüşə aparıb təqdim edir. Lakin şənbə günü qeyd edilən saatda işləyir. Buna görə də uşağı həmin saatda görüşə gətirə bilmir. Tərəflərin izahatları X4 ərizəyə uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etmişdir. Tələbkar məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar olunmağına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.2-ci maddəsinə əsasən işə borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X15 “Bakı Baş Səhiyyə Mərkəzi” X15 Zabrat Sağlamlıq Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan müəyyən olunur ki, X6 həqiqətən xx.xx.2007-ci il tarixindən hal-hazıradək Zabrat Sağlamlıq Mərkəzində həkim-kardioloq vəzifəsində çalışır. İşçi təsdiq olunmuş növbə cədvəlinə əsasən 2 növbədə çalışır. Həftənin cüt günləri: 1-ci növbə - saat 08:30saat 14:15, həftənin tək günləri: 2-ci növbə - saat 14:15-20:00. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(010)-3005/2019 saylı qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, Tələbkar 03.08 2015-ci il təvəllüdlü X9 ilə hər həftənin şənbə günü saat 12:00-dan 19:00-dək ünsiyyətdə olmaq hüququ müəyyən edilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 17. Ailə, uşaqlar və dövlət. İ. Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi. Maddə 50. Uşağın öz valideynləri və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququ. 50.1. Uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. 50.2. Valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. 50.3. Valideynlər ayrı yaşadıqda uşaq onların hər biri ilə ünsiyyət hüququna malikdir. Maddə 61. Uşaqlarından ayrı yaşayan valideynin valideynlik hüquqlarının həyata keçirilməsi 61.1. Uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 5. Uşaq mənafelərinin üstünlüyü. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Maddə 19. Valideynlərin hüquq və vəzifələri. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyası. Maddə 3.

1. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Maddə 18.

1. İştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Maddə 27.

1. İştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olan həyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər.

2. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair 7 saylı Protokol. Maddə 5. Ər-arvadın hüquq bərabərliyi. Ər-arvad nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqlara malikdirlər və bərabər mülki hüquqi cavabdehlik daşıyırlar. Bu maddə uşaqların maraqlarına riayət olunması üçün zəruri tədbirlər görməkdə dövlətlərə mane olmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 231. Qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması. 231.1. İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. 231.2. Həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmənin mövqeyi Məhkəmə qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinə dair ərizəni iş materialları ilə əlaqəli şəkildə nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, mübahisə edilən hüquq münasibəti barədə qanuni, əsaslı və ədalətli nəticəyə gəlmək üçün ilk növbədə uşağın üstün maraqları rəhbər tutulmalıdır. Uşağın “üstün maraqları” konsepsiyası – 20 noyabr 1959-cu il tarixli “Uşaq hüquqları Bəyannaməsi” nin 2-ci maddəsində nəzərdə tutulmuşdur. Bu termindən ilk dəfə 1989-cu ildə BMT-nin “Uşaq Hüquqları Konvensiyası”nın 3-cü maddəsinin 1-ci bəndində istifadə edilmişdir. Uşağın üstün maraqları məsələsi Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər beynəlxalq sənədlərdə, dövlətdaxili qanunvericilikdə, o cümlədən Avropa İnsan hüquqları presedentlərində (Pençevi Bolqarıstana qarşı, Şvitsgebel İsveçrəyə qarşı və s.) təsbit edilmişdir. Məhkəmə hesab edir ki, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmə bu məsələləri həll etdikdə həm tələbkarın, həm də borclunun, həm də uşağın mənafeyi nəzərə alınmalıdır. Hazırkı iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-3005/2019 saylı qətnaməsinə əsasən iddia qismən təmin edilərək Tələbkar 03.08 2015-ci il təvəllüdlü X9 ilə hər həftənin şənbə günü saat 12:00-dan 19:00-dək ünsiyyətdə olmaq hüququ müəyyən edilsə də, borclu həmin saatlarda uşağın atası ilə görüşünü təşkil edə bilməməsini və bunu həmin saatlarda işdə olması ilə əlaqələndirmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələbinə görə tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinin zəruriliyi qətnamənin icra prosesində baş verən hallarla bağlıdır. Yəni, elə hallar ki, o hallar qətnaməni qəbul edilən şəkildə icra etməyə imkan vermir. Lakin borclunun hazırkı tələbi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş görüş saatının azaldılması ilə bağlıdır. Məhkəmənin gəldiyi nəticə Hazırkı halda icra sənədinin borclunun təklif etdiyi şəkildə icra olunması açıq-aşkar tələbkarın və uşağın mənafeyinə zidd olduğundan və tələbkarın bununla bağlı olaraq hər hansı razılığı mövcud olmadığından təmin oluna bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin qeyd edilən maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı:

X1 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3005/2019 saylı, xx.xx.2019cu il tarixli qətnaməsinə üzrə icra üsulunun və qaydasının dəyişdirilməsinə dair ərizəsi təmin olunmasın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar