Məhkəmə qərarları › İş №8(010)-66/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-66/2023

31.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-66/2023 31.03.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi ilə Suraxanı Rayon Məhkəməsinin 2(010)-2899/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Suraxanı rayon İcra şöbəsinin icra məmuru Mirzəyev Elşənin təqdimatına məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Suraxanı rayon İcra şöbəsinin icra məmuru Mirzəyev Elşən təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)-2899/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Borclu xx.xx.2020-ci il tarixindən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 170 manat,cəmi 340 manat məbləğində aliment tutularaq Tələbkar verilməlidir. Sözü gedən icra sənədi xx.xx.2020-ci il tarixində Bakı şəhəri Suraxanı rayon icra şöbəsinin icraatına daxil olmuşdur. Elə həmin tarixdə müvafiq qaydada icraata qəbul edilərək tərəflərə məlumat üçün göndərilmişdir. Borclu icra sənədinin icrasını təmin etmədiyi üçün xx.xx.2023-cü il tarixində şöbəyə dəvət olunmuş,ona təkrarən icra sənədinin mahiyyəti və tələbi izah olunaraq aliment üzrə borcunu ödəməsi təklif olunmuşdur. Lakin verilmiş müddət ərzində borclu tələbkarın xeyrinə heç bir ödəniş aparmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbər verilməsinə baxmayaraq tələbkar, borclu və icra məmuru məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə təqdimatı, ona əlavə olunmuş sənədləri və icra işini nəzərdən keçirib hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, işə əlavə olunmuş Suraxanı Rayon Məhkəməsinin 2(010)-2899/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədindən görünür ki, xx.xx.2020-ci il tarixindən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 170 manat,cəmi 340 manat məbləğində aliment tutularaq Tələbkar verilməlidir. İş materiallarından görünür ki, Suraxanı Rayon İcra Şöbəsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Suraxanı Rayon Məhkəməsinin 2(010)-2899/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış və tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. Təqdimata əlavə olunmuş sənədlərdən görünür ki, Borclu adına hər hansı daşınar və daşınmaz əmlak olduğu müəyyən edilməmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 44.1.3-cü maddəsinin tələbinə görə, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarından biri hesab olunur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinin tələbinə görə, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icrası üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Həmin Qanunun 84-1.2-ci maddəsinə görə isə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Odur ki, məhkəmə icra sənədənin icrasını təmin etmək məqsədilə Borclu müvəqqəti olaraq ölkədən getmək hüququnun məhdudlaşdırılmasını əsaslı sayıb, təqdimatın təmin olunması qənaətinə gəlir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin sadalanan maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqdimat təmin edilsin. Suraxanı Rayon Məhkəməsinin 2(010)-2899/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan 10 (on) gün müddətində Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar