Məhkəmə qərarları › İş №8(010)-716/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-716/2025

25.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-716/2025 25.09.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X2 iclas katibliyi, icra sənədi üzrə borclu X3 iştirakı ilə İcra sənədi üzrə borclu X4 tərəfindən verilmiş əmək haqqından tutulmanın azaldılması barədə ərizəyə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Ərizənin məzmunu İcra sənədi üzrə borclu X4 əmək haqqından tutulmanın azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 2(010)-1371/2025 nömrəli icra vərəqəsi üzrə ondan və digər şəxsdən Tələbkar Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı olan 6937.36 manat məbləğində pul vəsaitinin hər ay əmək haqqından tutulan 50%-nin azaldılaraq 15%-ə endirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İcra sənədi üzrə borclu ərizəni onunla əsaslandırmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(010)-1371/2025 nömrəli icra vərəqəsinə əsasən, ondan və digər şəxsdən Tələbkar QSC-nin xeyrinə 6937.36 manat məbləğində pul vəsaiti tutulmalıdır. Həmin icra vərəqəsi icra edilməsi üçün Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icraatına verildikdən sonra icra məmuru həmin pul vəsaitini onun əmək haqqına yönəltmişdir. Belə ki, icra məmuru onun işlədiyi "xxxx" MMC-yə məktub ünvanlayaraq, ondan Tələbkar QSC-nin xeyrinə tutulmalı olan 6937.36 manat məbləğində pul vəsaitinin hər ay onun əmək haqqının 50%-i məbləğində tutularaq Suraxanı rayon İcra şöbəsinin depozit hesabına ödənilməsini tələb etmişdir. O, "xxxx" MMC-də işləyir və aylıq əmək haqqı 1100 manat təşkil edir. Bu məbləğdən əlavə onun gəliri yoxdur və həmin məbləğin isə 50%-nin tutulması onun aylıq gəlirinin 550 manata düşməsinə səbəb olacaqdır ki, bu məbləğdə pul vəsaiti ilə o, ailəsini dolandırmaqda çətinlik çəkəcəkdir. Belə ki, o, ailəlidir və iki azyaşlı uşağı var. Anası və atası da onun himayəsində olmaqla ailəsi 6 nəfər şəxsdən ibarətdir ki, ailənin əsas gəliri onun əmək haqqından ibarətdir. Bir aylıq kommunal xərclərə - işıq, qaz və suya 250 manatdan çox xərci çıxır ki, uşaqların minimum saxlanması üçün hər uşağa 286 manat hesablanarsa, əmək haqqının 50%-i çıxıldıqdan sonra əmək haqqından qalan 550 manat məbləğdə pul vəsaiti ilə o, bu işlərin heç birini görə bilməyəcək, nəticədə isə azyaşlı uşaqları əziyyət çəkəcəkdir. Borcun onun əmək haqqının yarısına yönəldilməsi onun uşaqlarının minimum yaşayış səviyyəsindən də aşağı saxlanılmasına gətirib çıxaracaqdır ki, bu halda da əsas zərər azyaşlı uşaqlara dəyəcəkdir. O, həmin iş üzrə zamin olmuş və əsas borclu isə özü həmin pul vəsaitini hissə-hissə ödəyir. Yəni, hər bir halda icra vərəqəsi icrasız qalmır, lakin həmin icra vərəqəsinin icra edilməsi üçün onun əmək haqqının 50%-nin tutulması onun üçün çəkilməz yük olmuşdur. O, həmin tutulmanın azaldılmasını icra məmurundan xahiş etsə də, icra məmuru bunu yalnız məhkəmə yolu ilə azaltmalı olmasını ona bildirmişdir. Ərizənin dəqiqləşdirilməsi İcra sənədi üzrə borclu ərizə ilə məhkəməyə müraciət edərək, barəsində olan icra sənədi üzrə borcun tutulması zamanı əmək haqqının 30% hissəsinin tutulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən icra sənədi üzrə borclu ərizəni müdafiə edərək bildirdi ki, icra sənədi üzrə digər borclu onun dostudur. O, kredit müqaviləsi üzrə dostuna zamin durmuşdur. Dostu isə hazırda reabilitasiya mərkəzindədir. Hazırda imkanı çox pis haldadır. Əvvəlcə 200 manatı özü aparıb vermiş, 1 həftə sonra isə tələb onun maaşının 50% hissəsinə yönəlmişdir. Özünün də 263 manat aylıq kredit ödənişi var. Bundan əlavə, himayəsində iki azyaşlı uşağı var. Odur ki, ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş icra sənədi üzrə tələbkar, icra sənədi üzrə digər borclu və icra məmuru məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən, işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materialları Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş e- 2(010)-1371/2025 nömrəli icra vərəqəsindən müəyyən olunur ki, cavabdehlər Borclu Yusif oğlu və X1 birgə qaydada xx.xx.2023-cü il tarixli kredit sifarişi üzrə 6092.04 manat əsas borc, 636.58 manat faiz borcu, 120.25 manat cərimə borcu, cəmi 6848.87 manat məbləğində borc və 88.49 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı Tələbkar QSC-yə ödənilməlidir. xx.xx.2025-ci il tarixli qərardan müəyyən olunur ki, icra sənədi üzrə borclu X1 485.61 manat məbləğində icra ödənişinin tutulması qərara alınmışdır. Bakı şəhəri Suraxanı rayon İcra şöbəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan müəyyən olunur ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 65-ci maddəsinə əsasən, icra sənədi üzrə cəmi 6937.36 manat məbləğində borc pulun hər ay X3 əmək haqqının 50% həcmində tutularaq məktuba əlavə edilmiş Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin depozit hesabına, 485.61 (ümumi məbləğin 7%-i) manat məbləğində icra ödənişinin isə icra ödənişinin alınması haqqında qərarda göstərilən Suraxanı rayon İcra şöbəsinin hesabına köçürülməsi xahiş edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 231. Qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması. 231.1. İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 63. Tələbin borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsi. 63.1. Tələbin borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsinə aşağıdakı hallarda yol verilir: 63.1.1. vaxtaşırı ödəmələrin tutulması haqqında icra sənədləri icra edildikdə; 63.1.2. icra sənədində göstərilən tələb üzrə tutulmalı olan məbləğin həcmi bu Qanunun 65-ci maddəsində müəyyən edilmiş miqdardan artıq olmadıqda; 63.1.3. tələbin tam ödənilməsi üçün borclunun əmlakı olmadıqda və ya onun əmlakı kifayət etmədikdə. Məhkəmənin mövqeyi Məhkəmə icra sənədi üzrə borclunun izahatını dinləyib, ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. Ərizədə qeyd edilən halların tam, obyektiv, hərtərəfli və qərəzsiz tədqiqi məqsədi ilə icra işinin materialları tələb edilmiş, lakin müvafiq icra qurumu tərəfindən həmin materiallar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş e-2(010)-1371/2025 nömrəli icra vərəqəsinə əsasən, cavabdehlər Borclu Yusif oğlu və X1 birgə qaydada xx.xx.2023-cü il tarixli kredit sifarişi üzrə 6092.04 manat əsas borc, 636.58 manat faiz borcu, 120.25 manat cərimə borcu, cəmi 6848.87 manat məbləğində borc və 88.49 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı Tələbkar QSC-yə ödənilməlidir. İcra sənədi üzrə icraata başlanılmış və tələbin könüllü icrası barədə məlumatı, həmçinin icra icraatı çərçivəsində müvafiq hüquq və vəzifələri əhatə edən bildiriş icra sənədi üzrə borclulara göndərilmiş, lakin tələb könüllü icra müddətində təmin edilməmişdir. Qanunla həmin tədbirlərin tətbiqinə əsas verən şərtlər təmin olunduğu üçün icra məmuru tərəfindən məcburi icra tədbirlərinin tətbiqinə başlanmış və tələbin icra sənədi üzrə borclu X3 aylıq əmək haqqına yönəldilməsi qərara alınmışdır. İlk növbədə məhkəmə qeyd edir ki, icra sənədinin icrası ilə bağlı məcburi icra tədbirlərinə keçilməsi üçün qanunla müəyyən edilmiş əsasların mövcudluğu yoxlanılmalı və bu kateqoriyadan olan tədbirlərin tətbiq edilməsi üçün həmin əsasların eyni vaxtda mövcud olması tələbi diqqətdə saxlanılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1-ci maddəsində məcburi icra tədbirlərinin tətbiqi əsasları sadalanmış (44.1.1. bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; 44.1.2. icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; 44.1.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi) və həmin əsaslardan hər hansı birinin mövcud olmadığı təqdirdə məcburi icra tədbirlərinin tətbiqi imkanı istisna edilmişdir. Məhkəmə qeyd edir ki, icra qanunvericiliyində icra sənədlərinin icrasını təmin etmək üçün tətbiq edilməli olan məcburi icra tədbirlərinin tam və dəqiq siyahısı təsbit edilmiş, həmçinin icra sənədi üzrə tələbin icrasını təmin edən bu və ya digər tədbirlərin tətbiqinin mümkünlüyü qeyd olunmuşdur. Qanunla icra sənədinin icrasını təmin edən məcburi icra tədbirlərinin tətbiqi ardıcıllığı birbaşa göstərilməsə də, icra hərəkətlərinin həyata keçirilməsi zamanı mütənasiblik prinsipi gözlənilməli və əlverişsiz icra tədbirlərinin tətbiqinə yol verilməməlidir. Belə ki, pul vəsaitinin (kredit borcunun) tutulmasına dair icra sənədinin məcburi icrası zamanı icra məmuru tərəfindən əvvəlcə tələbin üzərinə həbs qoymaq və onu satmaq yolu ilə borcluya məxsus əmlaka, borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə, borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi imkanı yoxlanılmalı və bu zaman “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş imperativ icra qaydasına riayət edilməlidir. Göstərilən tədbirlərin tətbiqi edilməsi üçün icra məmuru tərəfindən müvafiq orqan və təşkilatlara sorğu ilə müraciət edilməli, müsbət nəticə əldə olunmadıqda digər tədbirlərin tətbiqi məsələsinə baxılmalıdır. Nəzərə alınmalıdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş e-2(010)-1371/2025 nömrəli icra vərəqəsi üzrə icra olunmalı tələb yalnız bir borcluya qarşı deyil, müştərək qaydada hər iki borcluya qarşı yönəlmişdir. Yəni, hər iki borclu icra sənədinin icrası ilə bağlı eyni qaydada və həcmdə məsuliyyət daşıyır. O da nəzərə alınmalıdır ki, icra sənədi üzrə borclunun əmək haqqına yönəldilən tutmanın faiz nisbətinin azaldılması icra sənədinin icrası üçün çətinlik yaratmamalı, hazırkı şəraitdə icra sənədinin tam icrasına hesablanan müddətlə azalma nəticəsində icra sənədinin yekun icra ediləcəyi müddət arasında əhəmiyyətli fərqə gətirib çıxarmamalı və ən əsası icra sənədi üzrə tələbkarın mülkiyyət maraqlarını pozmamalıdır. Belə olan halda, hazırda icra sənədi üzrə tutulmalı olan borc məbləğinin ümumilikdə 6848.87 manat məbləğində olması, icra sənədi üzrə borcluların sayının birdən artıq olması, həmçinin borcun müştərək qaydada tutulmasının qət edilməsi, eləcə də borclunun əmək haqqından tutulmanın 50%-dən 30%ə endirilməsinin icra sənədinin icrasına maneə yaratmaması nəzərə alınmalı və ərizə təmin edilməlidir. Məhkəmənin gəldiyi nəticə Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, e-2(010)-1371/2025 nömrəli icra sənədi üzrə tələb icra sənədi üzrə borclu X3 əmək haqqının 30%-nə yönəldilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizə təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, e- 2(010)-1371/2025 nömrəli icra sənədi üzrə borclu X3 əmək haqqına yönəldilən tutmanın faiz nisbəti azaldılsın və icra sənədi üzrə tələb icra sənədi üzrə borclunun əmək haqqının 30%-nə yönəldilsin. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar