Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-72/2024 28.03.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi, icra sənədi üzrə borclu X2 iştirakı ilə, İcra sənədi üzrə borclu X4 tərəfindən verilmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-5424/2023 nömrəli qətnaməsinin hissə-hissə icra edilməsinə dair ərizəyə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Ərizənin məzmunu İcra sənədi üzrə borclu X4 ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən vəziyyətini və xəstəliyini nəzərə alaraq, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-5424/2023 nömrəli qətnaməsi üzrə "xxxx" X5 Səhmdar Cəmiyyətinə olan borcunun hər ay 25 manat ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-5424/2023 saylı qətnaməsi ilə ondan xx.xx.2021-ci il tarixli, 2414sAHMb/21 saylı kredit müqaviləsi üzrə 463.61 manat əsas, 91.9 manat faiz, 9.48 manat cərimə və 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 564.99 manat borc və 30 manat dövlət rüsumunun tutularaq "xxxx" KB ASC-yə ödənilməsi qət edilmişdir. Xəstəliyi, işsiz olmağı və maddi vəziyyəti nəzərə alınmaqla həmin qətnamə ilə tutulan borcun hər ay 25 manat məbləğində müəyyən edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında borclu X4 ərizəni müdafiə edərək, ərizədə göstərilənlərə uyğun izahat verərək bildirmişdir ki, hazırda işləmədiyi üçün qeyd edilən qətnamə ilə ondan tutulan borcu ödəməyə gücü çatmır. Belə ki, o, həmin qətnamə əsasında tutulan borc məbləğinin ödənilməsindən yayınmır, lakin 2 ildir ki, işləmədiyinə görə maddi vəziyyəti pisləşmişdir. Eyni zamanda ailəlidir və 1 uşağı var. Hazırda atası ona maddi yardım göstərir. Odur ki, məhkəmədən ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş icra sənədi üzrə tələbkar və icra məmuru məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Belə olan halda, məhkəmə işə tələbkarın və icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikası MPM-nin 231.2-ci madəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. İşin faktiki halları Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5424/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək, X1 xx.xx.2021-ci il tarixli, 2414sAHMb/21 saylı kredit müqaviləsi üzrə 463.61 manat əsas, 91.9 manat faiz, 9.48 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 564.99 (beş yüz altmış dörd manat doxsan doqquz qəpik) manat borc və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq "xxxx" X5 Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsinin icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu Əliyev Rövşən tərəfindən xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərara qəbul edilmiş və həmin tarixdə icra sənədi üzrə borclu X3 tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 129. Məhkəmə qərarları və onların icrası I. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. II. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Maddə 15.3. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Maddə 231.1. İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Maddə 231.2. Həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 15.Tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Məhkəmənin mövqeyi və gəldiyi nəticə Məhkəmə ərizəni, tərəflərin izahatlarını, ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, qətnamənin hissə-hissə icra edilməsi müstəsna hal olub, borclunun ağır əmlak vəziyyəti və yaxud qətnamənin icrası üçün çətinlik törədən, borclu tərəfindən qətnamənin icrasına mane olan əlverişsiz hallar yarandıqda tətbiq oluna bilər. Bu halda qanunvericiliyinə əsasən borclunun əmlak vəziyyətinin və digər halların borcun birdəfəlik ödənilməsinə imkan verməməsini sübut etmək vəzifəsi belə ərizə ilə məhkəməyə müraciət etmiş borclunun üzərinə düşür. Lakin borclununu ərizədə göstərdiyi dəlillər yalnız yazılı mülahizələrdən ibarət olmaqla, sübutetmə yükünun onun üzərində olmasına baxmayaraq, zəruri sübutları ərizəyə əlavə etməmişdir. Məhkəmə iclasında borclunun izahatı əsasında müəyyən edilmişdir ki, o qətnamədə göstərilən məbləği aylıq 25 manat ödəməklə qətnamənin icrasını təmin edə bilər. Məhkəmə hesab edir ki, borclunun təklif etdiyi həmin ödəniş qaydası və məbləği tələbkarın mənafeyinə ziddir, eyni zamanda, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasından yayınmaq və qətnamənin icrası müddətinin uzadılması məqsədini daşımaqdadır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 12-ci bəndində qeyd olunmuşdur ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 22 may 2015-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, qətnamənin icra qaydasının dəyişdirilməsi işdə iştirak edən şəxslərin məhkəmə müdafiəsi hüququnun səmərəliliyini təmin edən vasitə kimi qiymətləndirilir və belə yanaşma Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin tələblərinə cavab verir. Burada bir daha nəzərə almaq lazımdır ki, möhlət verilməsi nəticəsində qanuni qüvvəyə minmiş qətnamə üzrə icra hərəkətlərinin uzun müddət ərzində başlaya bilməməsi məhkəməyə müraciət etmək hüququnun, habelə məhkəmə müdafiəsi təminatının ağlabatan müddətdə həyata keçirilməsi tələbinin pozulmasına gətirib çıxara bilər. Belə ki, artıq qeyd edildiyi kimi, məhkəməyə müraciət etmək hüququ, həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Yuxarıda göstərilən səbəbdən icra üzrə icraatın uzun müddət ərzində başlanmaması məhkəməyə müraciət etmək hüququnu əhəmiyyətsiz edə bilər. Məhkəmə qeyd edir ki, məhkəmə qətnaməsinin icra edilməsi tələbkarın “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması hüququnun tərkib hissəsini təşkil edir. Ədalət mühakiməsi isə cəmiyyətin fundamental dəyərlərinin qorunub saxlanması və bərpa olunmasına, insan toplumunun hüquq və azadlıqlardan yararlanmasına xidmət edən əhəmiyyətli bir mexanizmdir. Ədalət mühakiməsi dövlət adından çıxarılan konkret qərarlarda öz əksini tapır. Məhkəmə qərarlarının icra olunmaması isə ədalət mühakiməsinin nüfuzuna zərbə vurmaqla, onun insan hüquq və azadlıqlarının qorunması və bərpa olunmasında yerinə yetirdiyi etibarlı mexanizm rolunu aşağı salır və nəticədə insanların bu mexanizmdən yararlanmasının real mahiyyəti heçə enir. Bu nüfuzun bərpa olunması isə insan hüquq və azadlıqlarının deklarativ deyil, real mahiyyət kəsb etməsi üçün son dərəcə vacibdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Avropa Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar, §40). Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir (Burdov Rusiyaya qarşı iş üzrə 7 may 2002-ci il tarixli Qərar, §35). Konvensiyanın 6-ci maddəsində ifadəsini tapan “ədalətli məhkəmə baxışına olan hüquq” qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin dövlət tərəfindən icra edilməsi vəzifəsini özündə ehtiva edir. Bu hüququn pozulması icranın tam yerinə yetirilməməsində, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin gecikdiriməsində də təzahür edə bilər. Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsinin məzmunundan, həmçinin yuxarıda qeyd olunan hüquq normalarından və həmin hüquq normalarının şərhi və tətbiqi praktikasından görünür ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası və icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında məsələ həll edilərkən, ilk növbədə tərəflərin əmlak vəziyyəti, borclu üçün əlverişli olmayan və qətnamənin icrası üçün çətinlik yaradan müxtəlif hallar, xüsusilə də borclunun əmlak vəziyyətinin ağırlığı nəzərə alınmalı, həmçinin bu zaman tələbkarın da mənafeyi nəzərə alınmalı və onun qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş hüquqlarının pozulmasına yol verilməməlidir. Qeyd olunanlara əsasən belə nəticəyə gəlmək olar ki, qətnamənin hissə-hissə icra edilməsi məhkəmə uduşundan və bununla da mülkiyyət sayılan icra sənədində göstərilən məbləğdən yararlanmaqla ədalətli məhkəmə araşdırması hüququ və mülkiyyət hüquqlarının təmin olunmasında ifadə olunan tələbkarın marağını əhəmiyyətli dərəcədə pozacaq, tələbkarın mənafeyi ilə borclunun mənafeyi arasında ədalətli tarazlıq prinsipi pozulmuş olacaqdır. Məhkəmə aktının hissə-hissə icra edilməsinə icazə verilməsi bunu xahiş edən şəxsin əmlak vəziyyətinin həmin aktın icrasına maneə törədəcək şəkildə aşağı olmasının müəyyən edilməsindən asılı olduğu qədər, həm də onun təklif etdiyi icra qaydası tələbkarın da hüquqlarını pozmamalı və məhkəmə aktının real icrasını təmin etməli, tələbkarın həmin aktın icrasının qısa müddət ərzində təmin olunmasına dair qanuni mənafeyi mütləq nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, icra sənədi üzrə borclu X4 tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi üzrə hissə-hissə, yəni aylıq 25 manat məbləğində ödəniş edilməklə qətnamənin icrasının həddindən artıq uzun müddət davam edəcəyini, bununla da tələbkarın dövlət tərəfindən təminat verilən ədalətli məhkəmə baxışına olan hüququnun pozulacağını, yəni qətnamənin hissə-hissə icra edilməsi ilə bağlı ərizənin təmin edilməsinin tələbkarın mənafeyinə uyğun olmadığını nəzərə alaraq, ərizə əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 231, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İcra sənədi üzrə borclu X4 tərəfindən verilmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-5424/2023 nömrəli qətnaməsinin hissə-hissə icra edilməsinə dair ərizə təmin edilməsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Fəridə Rzayeva
Məhkəmə qərarları › İş №8(010)-72/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-72/2024
28.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver