Məhkəmə qərarları › İş №8(010)-721/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-721/2025

16.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-721/2025 16.09.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, İbrahimli Turan İqbal qızının katibliyi ilə, Tələbkar iştirakı ilə, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-3481/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyasına dair icra sənədi üzrə Tələbkar tərəfindən verilmiş ərizəyə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-3481/2021 saylı xx.xx.2021-ci il tarixli (hakim R.Qafarova) qətnaməsi ilə iddiaçı X2 cavabdeh Borclu qarşı "nikahın pozulması, azyaşlı uşaqların himayədə saxlanılması və aliment" tələbinə dair iddiası qismən təmin edilmiş, X3 ilə Borclu arasında bağlanmış və Suraxanı rayon VVADQ şöbəsində 164 sayla qeydə alınmış xx.xx.2004-cü il tarixli nikahın pozulması, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2003-cü il təvəllüdlü X6 və xx.xx.2009-cu il təvəllüdlü X7 nikah pozulduqdan sonra X2 yanında qalması, Borclu xx.xx.2003-cü il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X5 xx.xx.2021-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatanadək saxlanılması üçün X2 xeyrinə hər ay hər uşağa görə 175 (bir yüz yetmiş beş) manat olmaqla cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimentin tutulması, qətnamənin aliment tələbi hissəsində dərhal icra edilməsi, Borclu 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilmədiyi qət edilmişdir. Hazırda müvafiq qətnamə əsasında verilmiş icra sənədi üzrə Tələbkar məhkəməyə ərizə ilə müraciət edərək, övladı xx.xx.2009-cu il təvəllüdlü X1 üçün Borclu Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(010)-3481/2021 saylı qətnaməsi ilə hər ay övladımıza görə 175 manat məbləğində tutulan alimentin məbləği müəyyən edilmiş minimum əmək haqqı məbləğinin və əmək haqqınm 0.74 misli həddində sabit pul məbləğində aliment sonrakı artımlara da münasib olaraq indeksasiya edilməklə hesablanması və hər ay övladımıza görə həmin məbləğin borcludan tutularaq iddiaçıya ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)- 3481/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə nikahın pozulması uşağların ananın yanında qalması və aliment tələbinə dair iddia tələbi təmin edilərək qətnamə qəbul olunmuşdu. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə başlayaraq hər bir uşaqa üçün təyin olunmuş 175 manat aliment az miqdarda olduğundan həmin pul hal-hazırda övladlarının aylıq təlabatını ödəmir, 175 manat pula 1 uşaq saxlamaq olmur, bütün ərzaq və geyim əşyalarının qiymətləri qalxmışdır. Hesab edir ki, qətnamənin icrası qaydası müəyyən olunmalıdır, alimentin indeksasiyası aparılmalıdır. Məhkəmə iclasında dindirilən Tələbkar ərizəsini müdafiə edərək, izahatında ərizəsinin təmin edilməsini xahiş etmişdir. Borclu ərizəyə baxılması üzrə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə ərizəyə borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232.2-ci maddəsinə əsasən, ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə borclunun izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, ərizəyə əlavə edilmiş Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)- 3481/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, tərəflərin birgə nikahından doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 175 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən, alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarında (xx.xx.2024-cü il tarixli qərarla edilmiş dəyişikliklərdən sonra) qeyd edildiyi kimi, istinad edilən maddənin tələbindən görünür ki, məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əməkhaqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Ali Məhkəmə Plenumunun əlaqəli qərarında, həmçinin qeyd edilir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, sabit pul məbləğində alimentin tutulmasına dair qətnamə 2021-ci ildə qəbul edildiyindən və həmin il ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı 250 manat məbləğində təşkil etdiyindən qətnamə üzrə tutulan 175 manat sabit pul məbləğində aliment ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,70 (175/250) misli həddində indeksasiya olunmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulduğundan bu qərardadla indeksasiya olunmuş alimentin tutulmasının əvvəli müvafiq ərizənin məhkəmənin icraatına daxil olduğu xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 232. Ödənilməli pul məbləğlərinin indeksasiyası. 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 232.2. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. 232.3. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3481/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə sabit pul məbləğində tutulan aliment ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,70 misli həddində indeksasiya edilməli, xx.xx.2025-ci il tarixindən hesablanmaqla, xx.xx.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu Tələbkar xeyrinə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,70 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Ərizə qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və MPM-in 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3481/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə sabit pul məbləğində tutulan aliment ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,70 misli həddində indeksasiya edilsin. xx.xx.2025-ci il tarixindən hesablanmaqla, xx.xx.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu Tələbkar xeyrinə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,70 misli həddində sabit pul məbləğində aliment tutulsun. Ərizə qalan hissədə təmin ediməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar