Məhkəmə qərarları › İş №8(010)-780/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-780/2025

17.10.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-780/2025 17.10.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2(010)-3391/2024 nömrəli icra sənədinin icrası ilə əlaqədar borclunun əmlakının üzərinə həbs qoyulması barədə Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin böyük icra məmuru X2 tərəfindən verilmiş təqdimata məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təqdimatın məzmunu Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin böyük icra məmuru X2 məhkəməyə təqdimatla müraciət edərək, icra sənədi üzrə Borclu məxsus əmlakın üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3391/2024-003 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən, cavabdeh Borclu 2856 manat əsas borc, 278.48 manat faiz borcu və 36.4 manat cərimə olmaqla, cəmi 3170.88 manat məbləğində borc və 51.71 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə icra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə edilmiş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan “Mercedes Benz 190” minik markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobil müəyyən edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə məcburi icra tədbirləri kimi borclunun əmlakın üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Tərəflərin izahatları Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru, tələbkar və borclu təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. İcra məmuru, tələbkar və borclunun məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilən sənədlər və onlar əsasında müəyyən edilən hallar Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)-3391/2024 nömrəli icra vərəqəsindən müəyyən olunur ki, cavabdeh Borclu 2856 manat əsas borc, 278.48 manat faiz borcu və 36.4 manat cərimə olmaqla, cəmi 3170.88 manat məbləğində borc və 51.71 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməlidir. xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərardan müəyyən olunur ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 2(010)- 3391/2024 nömrəli icra sənədi üzrə icraata başlanılmış və tələbin könüllü icrası barədə bildiriş icra sənədi üzrə borclunun icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. “Elektron icra” informasiya sistemindən xx.xx.2025-ci il tarixli elektron çıxarışdan müəyyən olunur ki, “Mercedes Benz 190” minik markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi icra sənədi üzrə Borclu mülkiyyətindədir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 129. Məhkəmə qərarları və onların icrası İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 15. Məhkəmə aktlarının məcburiliyi 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 15.3. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 43.1. Məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi. Maddə 44.1. Məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: 44.1.1.bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; 44.1.2.icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; 44.1.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. Maddə 44.2. Bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. Maddə 45.1. Tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Maddə 50.2. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Məhkəmənin mövqeyi və gəldiyi nəticə Məhkəmə təqdimat və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Təqdimatda qeyd edilən halların tam, obyektiv, hərtərəfli və qərəzsiz şəkildə araşdırılması məqsədi ilə icra işinin materialları tələb edilmiş və lakin müvafiq materiallar icra qurumu tərəfindən məhkəməyə təqdim edilməmişdir. İlk növbədə məhkəmə qeyd edir ki, icra sənədinin icrası ilə bağlı məcburi icra tədbirlərinə keçilməsi üçün qanunla müəyyən edilmiş əsasların mövcudluğu yoxlanılmalı və bu kateqoriyadan olan tədbirlərin tətbiq edilməsi üçün həmin əsasların eyni vaxtda mövcud olması tələbi diqqətdə saxlanılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1-ci maddəsində məcburi icra tədbirlərinin tətbiqi əsasları sadalanmış (44.1.1. bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; 44.1.2. icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; 44.1.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi) və həmin əsaslardan hər hansı birinin mövcud olmadığı təqdirdə məcburi icra tədbirlərinin tətbiqi imkanı istisna edilmişdir. Məhkəmə iclasında təqdimata əlavə edilmiş sənədlərin bilavasitə tədqiqi nəticəsində müəyyən edildi ki, icra sənədi üzrə icraata başlama üçün əsas hesab edilən 2(010)- 3391/2024 nömrəli icra sənədi Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə tərtib edilmiş və icra məmurunun icraatına təqdim edilmişdir. İcra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilərək könüllü icra üçün bildiriş borclunun ünvanına göndərilmişdir. Lakin, borclu tərəfindən könüllü icra üçün müəyyənləşdirilmiş müddət ərzində hər hansı ödəniş həyata keçirilməmiş və icra məmuru məcburi icra tədbiri kimi borcluya məxsus əmlakın üzərinə həbs qoyulmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. “Elektron icra” informasiya sistemindən xx.xx.2025-ci il tarixli elektron çıxarışdan müəyyən olunur ki, “Mercedes Benz 190” minik markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi icra sənədi üzrə Borclu mülkiyyətindədir. Belə olan halda, məhkəmə məcburi icra tədbiri qismində borclunun əmlakı üzərinə həbs qoyulmasından ibarət tədbirin tətbiqinə qanunla müəyyən edilmiş əsasların yaranmasını, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasının məcburiliyini və müvafiq aktların icra edilməməsinə görə məsuliyyət müəyyən edən hüquq normalarının tələblərini, həmçinin tələbkarın mülkiyyət maraqlarının qorunmasını nəzərə alaraq hesab edir ki, təqdimat təmin edilməli və borclunun mülkiyyətində olan nəqliyyat vasitəsi üzərinə həbs qoyulmalı, müvafiq nəqliyyat vasitəsi götürülməli və əmlakın satışı ilə bağlı imperativ qaydalar riayət edilməklə tələbin icrasına yönəlməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan Hüquqlarının və X1 Haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun (Avropa Məhkəməsinin Burdov Rusiyaya qarşı, Tarverdiyev Azərbaycana qarşı iş üzrə qərarları və sair qərarlar). Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)-3391/2024 nömrəli icra sənədi üzrə Borclu məxsus nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə təqdimat təmin edilməli və icra sənədi üzrə Borclu məxsus “Mercedes Benz 190” minik markalı, **- SP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsasən, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23-cü maddəsini və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2(010)-3391/2024 nömrəli icra sənədi üzrə Borclu məxsus “Mercedes Benz 190” minik markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərinə həbs qoyulsun. Qərardadın icrası Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar