Məhkəmə qərarları › İş №8(010)-789/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-789/2025

27.10.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-789/2025 27.10.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi X1 iclas katibliyi İcra sənədi üzrə Borclu2 və İcra sənədi üzrə Borclu1 iştirakları ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(010)-71/2025 nömrəli qətnaməsinin hissə-hissə icra edilməsi barədə icra sənədi üzrə borclular Borclu2 və Borclu1 tərəfindən verilmiş ərizəyə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(010)-71/2025 nömrəli qətnaməsi ilə iddiaçı Tələbkar cavabdehlər Borclu2 və X3 qarşı pul tələbinə dair iddiası təmin edilmiş, cavabdeh Borclu2 5250 manat pul vəsaitinin tutularaq iddiaçı Tələbkar ödənilməsi, cavabdeh X2 6780 manat pul vəsaitinin tutularaq iddiaçı Tələbkar ödənilməsi, iş üzrə ödənilmiş 130 manat dövlət rüsumu, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 100 manat və etibarnamənin verilməsi üçün ödənilmiş 17.25 manat olmaqla, cəmi 247.25 manat pul vəsaitinin cavabdehlər Borclu2 və X2 müştərək qaydada tutularaq iddiaçı Tələbkar ödənilməsi, iş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının dəyəri olan 110 manat pul vəsaitinin cavabdehlər Borclu2 və X2 müştərək qaydada tutularaq AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. İcra sənədi üzrə borclular Borclu2 və Borclu1 qətnamənin hissə-hissə icra edilməsi barədə ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-71/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən Borclu2 tutularaq iddiaçı Tələbkar ödənilməli olan 5250 manat, X2 tutularaq iddiaçı Tələbkar ödənilməli olan 6780 manat və müştərək qaydada tutularaq iddiaçı Tələbkar ödənilməli olan 247.25 manat pul vəsaitlərinin hər birindən ayrı-ayrılıqda aylıq 200 manat olmaqla hissə-hissə icra edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər. İcra sənədi üzrə borclular ərizəni onunla əsaslandırmışlar ki, qətnamədə qeyd edilən pul məbləğini birdəfəyə ödəməyə maddi imkanları çatmır. Belə ki, Borclu2 aylıq 400 manat əmək haqqı alır. Digər borcu X4 isə işsizdir. Onun maddi tələbatlarını ödəməyi üçün qohumları yardım edir. Belə bir vəziyyətdə onların qətnamədə qeyd edilən pul məbləğini hər ay adama 200 manat ödəniş etməklə ödəməyə gücləri çatır. Onlar borclarını ödəməkdən yayınmırlar, əgər imkanları olarsa, həmin borcu daha tez bir zamanda ödəməyə çalışacaqlar. Məhkəmə iclasında icra sənədi üzrə borclular Borclu2 və Borclu1 ərizənin məzmununa uyğun izahat verərək, məhkəmədən ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə tələbkara və icra orqanına müvafiq qaydada məlumat verilmişdir. Buna baxmayaraq, tələbkar və icra qurumunun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən, ərizəyə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, həmin maddəyə əsasən həmin (qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi) ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə, ərizəni ona əlavə edilmiş sənədlərlə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, qanunvericilik məhkəmə icraatı tərəflərinin hüquqlarını və qanuni maraqlarını nəzərə alaraq, məhkəmə aktlarının icrasının hissə-hissə həyata keçirilməsi, həmçinin onların icrasına möhlət verilməsi institutlarını nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları bütün şəxslər üçün məcburidir və Azərbaycan Respublikası ərazisində hökmən icra olunmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında göstərildiyi kimi, “Konstitusiyanın 60-cı maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququ məhkəmə tərəfindən yalnız qanuni və əsaslandırılmış qərarın qəbul edilməsini deyil, həmçinin onun vaxtında icra edilməsini nəzərdə tutur. Qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir.” Həmin Qərarda daha sonra qeyd edilmişdir ki, “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir.” “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” işdə bu prinsipi belə vurğulamışdır: “....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı”. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 12-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr qətnamənin hissə-hissə icra edilməsi məsələsini həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Məhkəmə ilk növbədə qeyd edir ki, borclular məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə qətnaməsinin hissə-hissə ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etsələr də, borclular qətnaməni icra edə bilməməsinin səbəbləri, əmlak vəziyyəti barədə, bir sözlə borcunu bir dəfəyə ödəmək imkanının olmamasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin məhkəmə hesab edir ki, qətnamənin ərizədə qeyd edildiyi kimi hər ay 200 manat hissələrlə icra edilməsi onun icrasının qeyri-müəyyən müddətə uzanmasına gətirib çıxaracaqdır ki, bu hal tələbkarın mənafeyinə uyğun deyil. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 231, 263-264, 266-269 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(010)-71/2025 nömrəli qətnaməsinin hissə-hissə icra edilməsi barədə icra sənədi üzrə borclular Borclu2 və Borclu1 tərəfindən verilmiş ərizə təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar