Məhkəmə qərarları › İş №8(010)-82/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-82/2025

10.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-82/2025 10.02.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Allahyarlı Eltac Rauf oğlunun katibliyi ilə, Tələbkar iştirakı ilə, Tələbkar Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(010)- 1551/2024 saylı qətnaməsinə əsasən müəyyən olunmuş sabit pul məbləğində alimentin indeksasiya olunmasına dair ərizəsinə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1551/2024 saylı, xx.xx.2024-cü il qətnaməsinin icra üsulu və qaydasının dəyişdirilərək, xx.xx.2010-cu il təvəllüdlü X2, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Borclu Tələbkar Hafıs qızının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 misli həddində sabit pul məbləğində alimentin tutulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 1551/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Borclu ilə aralarında bağlanılmış rəsmi nikah qeydi pozulmuş və onunla birgə nikahdan doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X2, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 235 manat olmaqla, cəmi 705 (yeddi yüz beş) manat sabit pul məbləğində aliment Borclu tutularaq iddiaçıya ödilməsini qət edilmişdir. Hər üç uşağın saxlanması, sağlamlığı, təhsili ilə bağlı bütün məsələlər tələbkarın öhdəsindədir və tələbkar uşaqların bütün xərclərini təkaşına ödəməkdə maddi çətinlik çəkir. Halbuki Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında Qanunun 1-ci maddəsinə əsasən yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 (iki yüz qırx altı) manat məbləğində müəyyən edilmişdir. Ona görə də hesab edir ki, uşaqların saxlanması və tələbatlarının bir hissəsinin ödənilməsi üçün minimum əmək haqqı və yaşayış minimumuna uyğun olaraq alimentin sabit 246 (iki yüz qırx altı) manat məbləğində tutulması üçün qətnamənin icra qaydası və üsulu dəyişdirilməlidir. Məhkəmə iclasında dindirilən Tələbkar izahatında ərizəsinə uyğun olaraq izahat verərək, ərizəsinin təmin edilməsini xahiş etmişdir. Ərizəyə baxılması üzrə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, borclu məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə ərizəyə borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232.2-ci maddəsinə əsasən, ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə tələbkarın izahatını dinləyib, təqdim edilmiş ərizəni və iş materialarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(010)-1551/2024 saylı (hakim F.Rzayeva) qətnaməsindən görünür ki, iddiaçı Borclu cavabdeh Tələbkar qarşı “nikahın pozulması” tələbinə dair İddiası təmin edilmiş, Borclu ilə Tələbkar arasında xx.xx.2010-cu il tarixdə Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsində 153 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmalı, xx.xx.2010-cu il təvəllüdlü X2, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X1 anaları Tələbkar yanında qalmaları müəyyən edilməli, xx.xx.2010-cu il təvəllüdlü X2, xx.xx.2013cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 235 manat olmaqla, cəmi 705 (yeddi yüz beş) manat sabit pul məbləğində aliment Borclu tutularaq Tələbkar ödənilməli, alimentin tutulması xx.xx.2024-cü il tarixdən hesablanmalı, qətnamə alimentin ödənilməsinə dair hissədə dərhal icra edilməli, ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu Tələbkar tutularaq Borclu ödənilməli, ödənilməmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu Tələbkar tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən, alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarında (xx.xx.2024-cü il tarixli qərarla edilmiş dəyişikliklərdən sonra) qeyd edildiyi kimi, istinad edilən maddənin tələbindən görünür ki, məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əməkhaqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Ali Məhkəmə Plenumunun əlaqəli qərarında, həmçinin qeyd edilir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əməkhaqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, sabit pul məbləğində alimentin tutulmasına dair qətnamə 2024-cü ildə qəbul edildiyindən və həmin il ölkə üzrə müəyyən edilmiş minimum əməkhaqqı 345 manat məbləğində təşkil etdiyindən qətnamə üzrə tutulan 235 manat sabit pul məbləğində aliment ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 0.68 (235/345) misli həddində indeksasiya olunmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulduğundan bu qərardadla indeksasiya olunmuş alimentin tutulmasının əvvəli müvafiq ərizənin məhkəmənin icraatına daxil olduğu xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 232. Ödənilməli pul məbləğlərinin indeksasiyası. 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 232.2. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. 232.3. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi xx.xx.2024-cü il tarixli 2(010)-1551/2024 saylı qətnaməsi ilə sabit pul məbləğində tutulan aliment ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 0.68 misli həddində indeksasiya edilməli, xx.xx.2025-ci il tarixindən hesablanmaqla, xx.xx.2010-cu il təvəllüdlü X2, xx.xx.2013- cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 0.68 misli həddində olmaqla, üç uşağa görə cəmi 2,04 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi xx.xx.2024-cü il tarixli 2(010)-1551/2024 saylı qətnaməsi ilə üç uşağın hər birinə görə sabit pul məbləğində tutulan aliment ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 0.68 misli həddində indeksasiya edilsin. xx.xx.2025-ci il tarixindən hesablanmaqla, xx.xx.2010-cu il təvəllüdlü X2, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Borclu Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 0.68 misli həddində olmaqla, üç uşağa görə cəmi 2,04 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar