Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-83/2025 13.02.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, Tələbkar (ərizəçi) Tələbkar və onun vəkili X3 iştirakı ilə, Tələbkar (ərizəçi) Tələbkar alimentin indeksasiya edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tələbkar (ərizəçi) Tələbkar alimentin indeksasiya edilməsi barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(010)-3393/2020 saylı qətnaməsinə əsasən, borclu ilə (cavabdehlə) birgə nikahdan doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün müəyyən edilmiş alimentin indeksasiya edilərək miqdarının dəyişdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, tələbkar (iddiaçı) Tələbkar borcu (cavabdeh) Borclu qarşı “nikahın pozulması, uşağın yaşayış yerinin müəyyən olunması və aliment tələbi ilə məhkəməyə müraciət edərək cavabdehlə aralarında Füzuli rayon Qeydiyyat şöbəsində 15 nömrə ilə, 18 yanvar 2013-cü il tarixdə qeydə alınmış nikahın bağlanması haqqında akt qeydinin pozulması, cavabdehlə birgə nikahdan anadan olmuş xx.xx.2014-cü il təvəllüdlü X6, xx.xx.2016-cı il təvəllüdlü X2 onunla qalması və xx.xx.2014-cü il təvəllüdlü X6, xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən onun xeyrinə hər ay hər uşağa sabit pul məbləğində 200 manat olmaqla, cəmi 400 manat məbləğində alimentin tutulmasını xahiş etmişdir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(010)- 3393/2020 saylı qətnaməsinə Tələbkar ilə cavabdeh Borclu arasında xx.xx.2013-cü il tarixdə Füzuli rayon Qeydiyyat şöbəsində bağlanmış 15 nömrəli nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X4 iddiaçı anaları Tələbkar yanında saxlanılmış, cavabdeh Borclu xx.xx.2020-ci ildən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi hər ay 340 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. Məhkəmənin nəzərinə çatdırılır ki, birgə nikahdan doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X4 böyüdüyündən onun qayğıları da artır. Onların qidalanması, geyimi, istirahəti, təhsili və s. pul tələb edir. Cavabdehin ödədiyi aliment isə həmin məsrəfləri tam qarşılaya bilmir. Bu səbəbdən də yetkinlik yaşına çatmamış övladlarının qanunla qorunan hüquq və mənafeyi nəzərə alınaraq aliment indeksasiya edilərək məbləği artırılmalıdır. Məhkəmə iclasında tələbkar (ərizəçi) Tələbkar ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkarın (ərizəçi) vəkili X5 izahat verərək bildirmişdir ki, tərəflər 18 yanvar 2013-cü il tarixdə nikaha daxil olmuşlar. Birgə nikahdan 2 övladları dünyaya gəlmişdir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(010)-3393/2020 saylı qətnaməsinə əsasən tərəflər arasındakı nikah pozulmuş, hər uşağın saxlanması üçün 170 manat olmaqla, cəmi hər ay 340 manat sabit pul məbləğində aliment tutulmuşdur. Hazırda uşaqlar böyüyür, maddi tələblər çoxalır. Bu səbəbdən alimentin indeksasiya olmasını istəyirlər. Qeyd edir ki, 2020-ci ildən sonra alimentin artırılması barədə məhkəməyə müraciət etməmişdirlər. Cavabdeh Borclu məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə tərəfi dinləyib, iş materiallarına nəzər salaraq, hesab edir ki, aliment məbləğinin indeksasiyası barədə ərizə təmin edilməlidir. Suraxanı rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(010)-3393/2020 saylı qətnaməsi ilə iddiaçı Tələbkar ilə cavabdeh Borclu arasında xx.xx.2013-cü il tarixdə Füzuli rayon Qeydiyyat şöbəsində bağlanmış 15 nömrəli nikah pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X4 iddiaçı - anaları Tələbkar yanında saxlanılması, cavabdeh Borclu xx.xx.2020-ci ildən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi hər ay 340 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.1 və 110.2-ci maddələrinə əsasən, məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232.1.-ci maddəsinə görə, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 18 iyun 2019-cu il tarixli “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2019-cu il sentyabrın 1-dən 250 manat müəyyən edilmişdir. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Məhkəmə qeyd edir ki, tələb “alimentin artırılması” formasında deyil, “tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyası” formasında olmalıdır. Həmin tələb iddia icraatı qaydasında deyil, icra icraatı qaydasında icraya nəzarət edən məhkəmədə baxılmalıdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, alimetin tutulması ilə bağlı məhkəmənin qətnaməsi 2020-ci ildə qüvvəyə minmişdir. Həmin qətnamə ilə uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 170 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Həmin il Prezidentinin Sərəncamı ilə müəyyən edilmiş minimum aylıq əməkhaqqının məbləği 250 manat idi. Belə ki, mislini hesabladıqda – təyin olunmuş alimentin məbləği (170 manat) minimum əmək haqqına (250 manat) bölünməlidir (170/250=0.68). Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Suraxanı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(010)-3393/2020 saylı qətnaməsi ilə təyin edilmiş alimentin məbləği indeksasiya edilərək, aliment tutularkən hesablaşma qaydası – hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının müvafiq misli həddində olmaqla aparılmalıdır. Belə ki, xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Borclu sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.68 misli həddində sabit pul məbləğində aliment Tələbkar xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Borclu sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.68 misli həddində sabit pul məbləğində aliment Tələbkar xeyrinə tutulsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Firuzə Mirzəyeva
Məhkəmə qərarları › İş №8(010)-83/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-83/2025
13.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver